“Azərbaycanın yekdilliklə bu ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasına ev sahibliyi edəcək ölkə seçilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə göstərilən dəstəyin, böyük hörmət və etimadın əlamətidir”.
Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu 28 May Müstəqillik Günü münasibəti ilə Moskvada keçirilən təntənəli qəbulda çıxışında bildirib.
Səfir qeyd edib ki, Azərbaycan bunu inamlı, müstəqil və ədalətli siyasətin nəticəsi kimi, qətiyyətli addımlar, prinsipial mövqeyinə və beynəlxalq hüquqa sadiqliyinə görə qazanıb:
“İlk dəfə deyil ki, biz irimiqyaslı beynəlxalq tədbirlər keçiririk. Azərbaycan uzun illərdir ki, qlobal məsələlərin müzakirə olunduğu platformaya çevrilib. Bunun göstəricilərindən biri, ölkəmizin Qoşulmama Hərəkatındakı sədrliyi və zirvə toplantılarının, forumlarının və digər mühüm tədbirlərinin uğurla keçirilməsidir. COP29-a gəlincə, əlbəttə ki, bu tədbir qarşımıza iqlim dəyişiklikləri ilə mübarizənin aktual aspektlərini müzakirə etmək üçün müxtəlif inkişaf səviyyələrinə malik ölkələri, hökumətlərarası təşkilatları, beynəlxalq maliyyə institutlarını və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirən vahid platforma yaradılması kimi böyük məsuliyyətli vəzifə qoyur. Onu da xatırladım ki, 2024-cü il Azərbaycanda “Yaşıl Dünya üçün Həmrəylik İli” elan edilib. Biz qlobal istiləşmənin dayandırılmasında irəliləyiş əldə etmək məqsədilə beynəlxalq ictimaiyyəti səfərbər etmək üçün hər cür səy göstərəcəyik. Eyni zamanda, bizim COP29-a ev sahibliyi etmək şərəfinə nail olmamışdan çox əvvəl işə salınmış öz yaşıl gündəliyimiz var. Azərbaycanda yaşıl enerjiyə keçid məqsəd kimi qarşıya qoyulub və bunun üçün beynəlxalq tərəfdaşların iştirakı ilə ölkəmizdə müvafiq ixrac potensialı təşviq edilir. Əminəm ki, Rusiya, ekoloji gündəmə böyük diqqət yetirən və bu istiqamətdə müxtəlif proqram və layihələri həyata keçirən bir ölkə olaraq, bu ayın əvvəlində Bakıda keçirilmiş və fikir mübadiləsi, mədəni-humanitar əlaqələrin möhkəmləndirilməsi platformasına çevrilmiş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda olduğu kimi, COP29-da da ən yüksək səviyyədə təmsil olunacaq”.
P. Bülbüloğlu bu yaxınlarda Şuşada təşkil olunmuş daha bir əlamətdar hadisə - mədəni müxtəlifliyin və tolerantlığın təntənəsi kimi keçirilən “VII Xarıbülbül festivalı” barədə danışıb. Bildirib ki, Şuşanın 2024-cü ildə “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi festivala xüsusi əhəmiyyət verib:
“Əziz dostlar, bu şəhəri qeyd etməyim səbəbsiz deyil. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Vətənimizin işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində gördüyümüz mühüm nailiyyətləri sizinlə bölüşməyə bilmərəm. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa, tikinti və yenidənqurma işləri davam etdirilir. Bura məktəblər, uşaq bağçaları, xəstəxanalar, mədəniyyət müəssisələri və turizm obyektləri kimi sosial əhəmiyyətli obyektlərin tikintisi daxildir. Bundan əlavə, yolların, tunellərin, körpülərin, dəmir yollarının, hava limanlarının, qaz kəmərlərinin, su elektrik stansiyalarının və su anbarlarının tikintisi davam etdirilir, məscidlər, tarixi abidələr bərpa olunur.
Xüsusilə qeyd etmək istərdim ki, son bir il ərzində Füzuli şəhərində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Mirzə Uluqbek adına orta məktəb istifadəyə verilmiş, Qazaxıstan Respublikasının dövlət başçısı Kasım-Jomart Tokayevin təşəbbüsü ilə isə Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzi açılıb. Həmçinin, ötən ay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Qubadlı rayonunun Xıdırlı kəndində gələcək orta məktəbin təməlini qoydular. Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Cəbrayılda KAMAZ PSC və Gəncə Avtomobil Müəssisəsinin iştirakı ilə yaradılmış “Avtolizinq Azərbaycan” xidmət mərkəzinin açılışında iştirak ediblər.
Xüsusilə əlamətdar haldır ki, 32 il sonra, mayın 10-da Ulu Öndər Heydər Əliyevin doğum günündə 20 ailə, yəni 88 nəfər uzun illər köçkünlük həyatından sonra doğma Şuşaya qayıtdılar. Ümumilikdə, bu ilin sonuna kimi 27 yaşayış məntəqəsində 25 mindən çox insanın işğaldan azad edilmiş ərazilərə qayıtması nəzərdə tutulur və sonrakı illərdə bu rəqəm daha da artacaq. 2026-cı ilin sonunadək 40 minə yaxın keçmiş məcburi köçkün tədricən azad edilmiş ərazilərə qayıdacaq”.
Səfir tədbir iştirakçılarının diqqətini azad edilmiş ərazilərin minalarla çirkləndirilməsi probleminə yönəldib: “Bununla belə, biz daha bir mühüm problemlə - azad edilmiş ərazilərin minalarla çirkləndirilməsi ilə üzləşirik. Ərazilərimizin kütləvi və məqsədyönlü şəkildə minalanması Azərbaycan vətəndaşlarının həyatına təhlükə yaratmaqda davam edir. Müharibə başa çatdıqdan sonra, 4 ildən az müddətdə 212 mina partlayışı baş verib, 357 nəfər, o cümlədən uşaqlar və qadınlar həlak olub. Azərbaycan beynəlxalq ictimaiyyətin mina terroruna son qoymaqda həmrəylik əlaməti göstərərək adekvat siyasi və praktiki dəstəyinə inanır”.
.