Yanğınlar, daşqınlar, istilik dalğaları və bina yanğınları artıq uzaq anlayışlar deyil, şəhər həyatının reallığına çevrilir.
Bunu 2014-2019-cu illərdə Avropa Komissiyasının Miqrasiya, Daxili İşlər və Vətəndaşlıq məsələləri üzrə komissarı Dimitris Avramopulos WUF13 çərçivəsində keçirilən "Erkən xəbərdarlıq sistemləri və iqlim dayanıqlı şəhərlər" adlı tədbirdə bildirib.
O qeyd edib ki, dayanıqlılıq əvvəlcədən proqnozlaşdırma və planlaşdırma ilə formalaşır:
"Erkən xəbərdarlıq sistemi təkcə texnologiya ilə deyil, həm də idarəetmə ilə bağlıdır. Texnologiya təkbaşına kifayət etmir, siyasi iradə və insanyönümlü idarəetmə də vacibdir.
Dünya əhalisinin yarısı şəhərlərdə yaşayır və bu göstərici getdikcə artır. İnsanlar şəhərlərə daha çox meyl etdikcə şəhərlər qlobal çağırışların əsas mərkəzinə çevrilir. Enerji, texnoloji məhdudiyyətlər və sosial bərabərsizlik kimi ciddi problemlər ortaya çıxır".
Sabiq komissar qeyd edib ki, iqlim dəyişikliyini yalnız ətraf mühit problemi kimi deyil, həm də sosial və iqtisadi təsirləri olan kompleks bir məsələ kimi qəbul etmək lazımdır:
"Mal-qara və kənd təsərrüfatı sahələri, eləcə də xidmət sektoru bu dəyişikliklərdən təsirlənir, sosial tarazlıq pozulur. Fəlakətlərdən ən çox həssas qruplar - zəif mənzil təminatı olan insanlar, uşaqlar, yaşlılar və məcburi köçkünlər əziyyət çəkir. Erkən xəbərdarlıq sistemləri və iqlimə dayanıqlılıq məsələləri birgə nəzərdən keçirilməlidir. Şəhərlərlə bağlı siyasətlərdə dayanıqlılığın inkişafı, infrastrukturun gücləndirilməsi və şəhər ilə təbiət arasında tarazlığın qorunması mühümdür. Yaşıl dəhlizlər, dayanıqlı su sistemləri və karbon emissiyalarının azaldılması əsas istiqamətlərdəndir. Elm əsaslı siyasət yürüdülməli, uzunmüddətli beynəlxalq əməkdaşlıq gücləndirilməlidir. Heç bir ölkə bu çağırışların öhdəsindən təkbaşına gələ bilməz".
.
