Musa Ağayev: “Ziyalının, deputatın ümumi cəmiyyət haqqında belə fikirlər deməyə ixtiyarı yoxdur”
 

Bu gün ölkənin ictimai-siyasi, geopolitik mənzərəsi yeni münasibətlər sisteminin qurulması tələbi ilə meydana çıxır. Pandemiyanın fəsadlarının öyrənilməsi ilə yanaşı, mövcud yeni düzənə hazırlanan cəmiyyətin “nəbzi” də yoxlanılır. Görünən odur ki, pandemiyanın sürətləndirdiyi “ictimai impuls” dünyanın həyat sistemndə, eləcə regionda öz təsirlərini göstərməkdədir. Müəyyən mənada “çərçivəyə salınan” sosial davranışlarının sərgilədiyi psixoloji münasibət, eləcə də ictimai-siyasi camiyənin belə bir vəziyyətdə özünü ifadəsi birmənalı qarşılanmır. Belə bir şəraitdə, xüsusilə də siyasi təşkilatların atdığı addımlar maraqla izlənir. Siyasi partiyaların buna sadəcə izləyici qalması doğrudurmu?

 Yeni Zaman Partiyasının (YZP) sədri Musa Ağayev bu və ya digər məsələlərlə bağlı Versus.az-a müsahibəsində maraqlı nüanslara diqqət çəkib.

“Ümummilli maraqlarının qorunması istiqamətində  birgə hərəkət etməlidir”

- Musa müəllim, məlumdur ki, bu gün ölkənin ictimai-siyasi həyatında çox ciddi hadisələr müşahidə olunur. Aparılan islahatlar, məmur özbaşınalığına qarşı atılan addımlar, pandemiya ilə bağlı tətbiq olunan karantin və vətəndaş-polis münasibətləri və digər məsələlərlə bağlı ortaya çıxan ziddiyyətləri müxtəlif aspektlərdə təzahür etdirir. Bütün bunlar ölkədə yaranan hansı mərhələdən xəbər verir və bu hal siyasi partiyaların qarşısında hansı vəzifələri qoyur?

- Korrupsiya və rüşvətxorluq  xərçəng xəstəliyidir və cəmiyyətin böyük bəlasıdır. O da məlumdur ki, ölkəmizdə Prezident tərəfindən bu bəlaya qarşı ciddi mübarizəyə başlanılıb. Düşünürəm ki, bu islahatlar iqtisadi, sosial, siyasi, mədəniyyət və məhkəmə islahatları ilə paralel şəkildə aparılmalı, davamlı xarakter almalıdır. Artıq islahatların sonrakı gedişi ilə bağlı verilən proqnozlar onu deməyə əsas yaradır ki, proses müsbət məcrada inkişaf etdirilməkdədir.  Biz son aylarda icra hakimiyyətləri, nazirlik və digər dövlət qurumları ilə bağlı ortaya çıxarılan korrupsiya və rüşvətin ifşa olunmasını əsas götürərək, ölkədə korrupsiyanın kökünün, yaxud aparılan əməliyyatların sona çatdığını deyə bilmərik.  Düzdür, bundan “dərs” alanlar çox olacaq. Lakin o da aydındır ki, hazırki mövcud vəziyyət, baş verən özbaşınalıqlar kadr, məhkəmə islahatların davam etdirilməsini zəruri edir. Ölkədə Korrupsiya və rüşvətxorluğa yol açan bütün idarələrdə bütün işlər qanunla həyata keçirilməli, o cümlədən, elan olunan tenderlər, dövlət satınalmaları və sair sahələr üzrə aparılan islahatlar şəffaf aparılmalıdır. Hər bir məmur vəzifəyə rüşvətlə deyil, bilik və bacarığına görə təyin olunduğunu bilməlidir. Və o dövlət məmuru kimi xalqa işləməlidir. İqtisadi, siyasi, sosial, mədəni və ilk növbədə də məhkəmə islahatları aparılarkən qanunun aliliyi qorunmalıdır. Əgər demokratiya qanunun aliliyidirsə, ilk növbədə onun təminatı öz yerini tutmalıdır. Hətta, qanunun diktaturası olmalıdır ki, ölkədə Şahın Qanun olduğunu nəhayət anlasınlar.

Eləcə də hesab edirəm ki, bu gün Azərbaycanda dünyanın bəlasına çevrilən pandemiyaya qarşı ölkə rəhbərliyi, dövlət tərəfindən müəyyən işlər görüldü. Azərbaycan qabaqlayıcı tədbirlər həyata keçirilməklə xəstəliyin geniş yayılmasının qarşısı ala bildi. Lakin belə bir ümumbəşəri bəla bütün ictimai -siyasi təşkilatların, partiyaların, siyasi qüvvələrin qarşısında böyük bir vəzifə qoyur. İstər ümumbəşəri, istər ümummilli məsələmiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın işğaldan azad olunması istiqamərində birlik nümayiş etdirməliyik. Bu gün epimdemiya dünya düzəninə, eləcə də hər birimizin həyatımıza  təsirini göstərir. Təbii ki, dünya gücləri artıq pandemiyanın harda, hansı maraqlarla yaradılmasının araşdırılması aparır və kimlərsə bu işdə təqsirli bilinir. Lakin bu bəlanın hansı şəraitdə baş verməsindən asılı olmayaraq, dünyanı idarə etməkdə marağı olan dövlətlər vəziyyətdən öz xeyirlərinə istifadə etmək iqtidarındadırlar. Hesab edirəm ki, bu proseslərin alt qatında dünyanın bölüşdürülməsi prosesi gedir və pandemiyadan sonrakı dövr yeni bir geopolitik mənzərəni yaradacaq. Bilirsiz ki, hələ pandemiyadan da qabaq dünyanın məhşur iqtisadçıları, belə xəbərlər verirdilər ki, dünya iqtisadiyyatı böyük tənəzzülə gedir, maliyyə sistemi pozulur. Ona görə də bütün bu proseslər hər bir dövlətə, millətə, xalqa özünün birbaşa təsirini göstərəcək. Vaxt keçdikcə post-pondemiya dövrü  yeni siyasi yanaşma tələb edən geosiyasi mənzərənin ortaya çıxaracaq.

Ona görə də hesab edirəm ki, xalq, hakimiyyət, siyasi partiyalar dövlətin ümummilli maraqlarının qorunması istiqamətində  birgə hərəkət etməlidir.

“...Niyə separatçı rejimin terroruna qarşı reaksiya vermədi?!."
 

- Sizin də qeyd etdiyiniz kimi, dünya gücləri pandemiya dövründən də öz maraqları üçün istifadə edəcək. Necə hesab edirsiniz, pandemiyanın fonunda maraqlı güclərin “region davası” bu gün özünü nədə göstərir?

 - Hazırda Ermənistanda vəziyyət həddən artıq gərgindir. Bir tərəfdən Rusiyadan, bir tərəfdən Qərb və Avropadan asılılığı olan Ermənistanın baş naziri Paşinyan, müəyyən qütblərin əlində sərsəm qalıb. Məlumdur ki, Paşinyan Qərbin müxtəlif dairələri tərəfindən hakimiyyətə gətirilib. Keçmiş baş nazir Qrant Arutunyan da məlum “Azərbaycanın yerində olsaydım, 3-4 aya Qarabağa hücum edərdim” deməsi ilə ölkəsində olan ağır durumla bağlı  vəziyyəti sızdırmş olub. Təbii ki, bunu düşünülmüş şəkildə ediblər və heç şübhəsiz ki, Azərbaycana qarşı təxribatlarından əl çəkməyəcəklər. Amma kimin nə deməsindən, hansı niyyətdə olmasından asılı olmayaraq, Azərbaycan xalqının vətənpərvərlik ruhu, dövlətinin hərbi, iqtisadi gücü torpaqlarımızı tez bir zamanda işğaldan azad etməyə imkan verir. Amma müharibəni başlayıb onu qazanmaq üçün tək fürsətin yaranması, müasir silahların, güclü ordunun olması ilə bitmir. Bəzən bizim bəzi partiya sədrləri çıxıb deyirlər ki,  biz 3-5 aya torpağı ala bilərik. Boş sözlərdir. Ya bu insanın siyasi dərrakəsi yoxdur, ya da  ağlı. Bu adamlar anlamırlar ki, beynəlxalq şərtləri öz xeyrimizə dəyişmədən müharibəni aparmaq bizə hansı zərbəni vura bilər.

Biz bu müharibəyə hərtərəfli hazır olmalıyıq. Biz eyni zamanda strateji müttəfiqlərimizi, beynəlxalq ictimaiyyəti bizim haqlı mövqeyimizə inandırmalıyıq. Bizim torpaqlarımızı işğaldan azad etməyə qüdrətimiz var. Hətta Azərbaycan İrəvana qədər gedib, tarixi torpaqlarını azad edə bilər. Amma bunun üçün beynəlxalq  şərtləri öz xeyrimizə dəyişməliyik.

Bu günlər Avropa Şurası Parlament Assambleyasının işğalçının Azərbaycan torpağında - Qarabağda keçirdiyi qanunsuz seçkiyə reaksiya verməsi onu göstərdi ki, bizə qarşı ikilistandartlı yanaşmalar qalır. Necə ola bilir ki, insan və hüquq azadlıqlarını üstün tutduğunu iddia edən Avropa Şurası müstəqil dövlətin 20 faiz torpağının işğalda qaldığı faktı bilərək separatçı rejimin terroruna qarşı reaksiya vermir?!. Ona görə yox ki, erməniləri sevir, erməni lobbisini dəstəkləyir. Sadəcə aydın məsələdir ki, onların da burda özünün siyasi məqsədləri var. Ona görə də  məsələni bu dərəcədə gərginləşdirir və həllini istəmirlər.

- Beynəlxalq hüququn işləmədiyi bu günlər Avropa Parlamentinin (AP) Azərbaycan, Ermənistan üzrə məruzəçiləri, AP-nin region dövlətləri üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Ermənistan və Dağlıq Qarabağı birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı bəyanat verdi. Bu bəyanatda Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinə dair çağırışın olduğu bildirilir. Bu cür növbəti yumşaq bəyanatla beynəlxalq hüquqa məhəl qoymayan Ermənistanın terrorçu siyasətinə təsir etmək olarmı və belə situasiyada Azərbaycan siyasi camiyəsinin sərgilədiyi mövqeyi necə olmalıdır və biz harda zəiflik göstəririk?

- Bizə də məlumdur ki, Azərbaycan bu gün Qərb, Avropa üçün istənilən dəstəyini verir. Biz Avropaya uzanan neft boru kəmərləri ilə dünya bazarlarına çıxırıq. Biz bu kəmərlərlə Rusiyaya da çıxa bilərdik. Lakin Avropa bu əməkdaşlığı təmin etməklə özünün enerji təhlükəsizliyini qoruyur. Amma bunun müqabilində Azərbaycan üçün heç nə eləmədilər və nəsə etmək istəmirlər. Artıq sübut olunub və maraqlı budur ki, bəziləri anlamaq istəmirlər ki, Qərb dairlərinin, yeri gələndə Türkiyənin də burda özünün geopolitik maraqları var. Həmin maraqların arxasında o durur ki, bütün Qafqazı, Ermənistanı, Qərbin, NATO-nun  siyasi təsir dairəsinə salsınlar. Ona görə də Qarabağ məsələlsinin həllində  nə beynəlxalq təşkilatlar, nə qədrb dövlətləri  maraqlı  deyil. Qərb Ermənistanı da öz təsiri altına salaraq Rusiyaya qarşı əzələ göstərmək imkanı qazanmaq istəyir. Ona görə də sovet ittifaqı dağılandan sonra belə bir münaqişə yaradıldı ki, regiona nüfuz etmək üçün bu prosesdən istifadə eləsinlər. Bu münaqişənin qalması ən çox Qərbə lazımdır. Bir xalq kimi bizim də səylərimiz ondan ibarət olmalıdır ki,  siyasi əqidəsindən, mənsubiyyətindən, tutduğu vəzifəsindən asılı olmayaraq  hamı bir olmalıdır. Və bu “hamı bir olmalıdır”ı əməldə sübut etməliyik. Bu hər kəsə aiddir, hakimiyyətə də, müxalifətə də, ümumilikdə cəmiyyətə də...

- Məsələ də budur ki, siz də dediyiniz sadalanan problemlərə, güc dövlətlərin regiondakı öz maraqları naminə Qarabağ münaqişəssinin həllinə barmaqarası yanaşmalarına və sair neqativlərə nəzər salsaq, bizim siyasi müxalifətin rolu indiki vəziyyətə nə dərəcədə adekvat görünür. Niyə siyasi partiyalarımız dünyanı silkələyən mövqe ortaya qoya bilmir, belə hallarda səsi çıxmır?

- Bu məsələnin çox dərin aspektləri var. Yəqin ki, müəyyən Qərb dairələrindən, Qərbin qeyri-hökumət təşkilatlarından asılılıqları var. Hər bir siyasi partiyanın yalnız bir yönü olmalıdır - Azərbaycançılıq, milli maraqlar, dövlət maraqlarıdır.  Bəzən bir çoxları “dövlətçilik”, deyiləndə, bunu hakimiyyətlə səhv salır. Dövlət, dövlətdir, hakmiyyət  isə idarəediciləri nəzərdə tutur ki, dəyişir. Ona görə də dövlətçilik qorunmalı, inkişaf etməlidir. Həmişə qeyd etmişəm və hesab edirəm ki, bu məsələ daim qabardılmalıdır. Axı nəyə görə, Amerikadan Türkiyəyə “Ermənisatnla sərhədi aç” hədələri veriləndə, yaxud ermənilərin xeyrinə, Dağlıq Qarabağa yardım ayıranda, yaxud başqa dövlətlər yardım edəndə Azərbaycandan heç bir siyasi müxalifət  partiyası, siyasətçilər söz demək istəmirlər. Axı nəyə görə, nədən asılıdırlar? Yəqin kimsə qorxur ki, danışsa Qərbin hansısa xarici dairələrində ona pis baxacaqlar, ona görə də söz demir. Amma hətta nədənsə asılı olsalar da susmamalıdırlar. Bu ümumi milli maraqlara ziddir. Bu yolverilməzdir...

Sözsüz ki, burda “5-ci kolon” məsələsi öz rolunu oynayır. Qərb, Amerika illərdir hakimiyyətlərin “5-ci kolon”- “yumşaq sülh”lə” dəyişdirilməsində istifadə ediblər. Sadəcə bir şeyi bilmək lazımdır ki, bunlar millətə, dövlətə heç bir xeyir gətirmir. Heç kəs bizə nə qanunun aliliyini, nə də demokratiya gətirməyəcək. Bu bizim özümüzə, xalqa, dövlətə, hakimiyyətə lazımdır. Hamımız bu yöndə çalışmalıyıq. Susanların hamısının öz məqsədləri var.

 

“Radikallıq başqa anlamı ifadə edir, bunların adı isə biabırçılıqdır”
 

- Musa müəllim, “milli birliyin və həmrəyliyin xilas yolu  olduğunu dediniz. Amma bu günlərdə Milli Şuranın “maraqlı” onlayn tədbirində Cəmil Həsənli iqtidarla dialoqa gedənləri "tryabka" adlandırdı. Siz nə etdiniz ki, siyasi müxalifətin radikal qanadı bu cür təhqiramiz çıxışlara yol verdi. Müxalifət daxilindəki gücləri parçalayan, bu dərəcədə nifrət nədən qaynaqlanır?

- Hesab edirəm ki, bu biabırçılıqdır, rəzalətdir. Mən bu siyasətçiləri 88-90-cı illərdən yaxşı tanıyıram, onlar da məni tanıyır. Bu davranış nə siyasətçiyə, nə kişiliyə, nə qadınlığa, heç bir əndaziyə sığmır. Birincisi hansı dövr olursa olsun, hansı dövlət olursa olsun, hakimiyyətlə müxalifət arasında olan diqloqu çox normal yanaşmalıdır. Dialoq, satqınlıq demək deyil. Mən bu barədə danışmaq istəmirəm, çevrilib baxsınlar gösünlər 90-92-93-cü ildən bu yana kimlər satqınçılıq ediblər. Yaxud, əgər hakimiyyətlə iş birliyindən danışırlarsa, dialoq heç kimlə işbirliyi deyil. Dialoq ümumi məsələlərdə ölkə üçün nələrin edilməsinin mümkünlüyünün müzakirə olunmasıdır. Mən onları radikal qüvvələr də hesab eləmirəm. Radikallıq başqa anlamı ifadə edir, bunun adı isə biabırçılıqdır. Əgər bu məsələlər davam etsə, üzərinə gedib, kim olduqlarını açmağa məcbur qalacağıq.

 

“Belə hadisələr cəmiyyətin dövlətlə münasibətlərində aşınmaya səbəb olur”
 

-Məlumdur ki, Pandemiya ilə bağlı tətbiq olunan iki günlük sərtləşdirilmiş şənbə-bazar karantini zamanı polislə vətəndaşlar arasında yaşanan xoşagəlməz insident ictimaiyyət tərəfindən müxtəlif şəkildə müzakirə və tənqid olundu. Necə hesab edirsiniz, polis belə bir şəraitdə necə davranış sərgiləməli idi? Bu məsələ cəmiyyətdə hansı psixoloji aşınmanı yaratmış oldu?

 - Polis doğurdan da karantini rejimini pozan vətəndaşa qarşı etikadan kənar hərəkət elədi. Təbii ki, polis öz borcunu yerinə yetirməlidir, amma bunu qanun çərçivəsində etməlidir. Əgər vətəndaş məsuliyyətsizlik etmişdisə, polisə qarşı pis davranış göstərmişdisə də, polisin buna etikadan kənar reaksiya yox, hadisəni protokollaşdırmaqla, bölməyə çağırmaqla, cərimələməklə intizama dəvət edə bilərdi. Amma davranışını bilməyən vətəndaşa qarşı bu cür publik formada hücum çəkib, aqressiv formada onu aparması düzgün deyildi. Axı polis həmin vaxt terorçu ilə davranmırdı. Qanunu pozan vətəndaşı evindən o formada çıxartmazlar. Amma təbii ki, insanların da arasında elələri var ki, qanuna tabe olmaq yox, sadəcə özlərini düzgün apara bilmirlər. Dediyim kimi bunun da yolları var. Təbii ki, belə hadisələr cəmiyyətin dövlətlə münasibətlərində aşınmaya səbəb olur. Düzdür, bunun qarşısını almaq üçün Daxili İşlər Nazirliyində bəzi tədbirlə görüldü: həmin polis işdən çıxarıldı, rəsmi qaydada həmin ailədən üzr istənildi.

Eyni zamanda cəmiyyətdə bu kimi halların, xaosun qarşısını almaq üçün bu izah olunmalıdır ki, bəli, polis hansı qanunu pozdu, vətəndaş da hansı qanuna tabe olmaldır. Bir sözlə, vətəndaş vətəndaşlıq borcunu, polis öz məmur borcunu layiqincə yerinə yetirməlidir.
 
“Elə adamlar cəmiyyətə dərs keçməyə çalışırlar ki, özünün əxlaqı yoxdur”
 
- Pandemiyanın ağır şərtləri cəmiyyətdə, sosial-psixoloji, siyasi sferada müəyyən maraqlı nüansları ortaya çıxartdı. Belə ki, bəzi deputatlar, ziyalılar bütövlükdə baş verənlərə qarşı çıxışları zamanı cəmiyyətin öz davranışlarını bilmədikləri, hazırlıqsızlığı ilə bağlı mənfi notlara söykəndilər. Bizim ziyalı və deputatların belə şikayətlər etməsi onları yaranan bu vəziyyətin məsuliyyətindən nə dərəcədə uzaqda tuta bilər?

 
- Hər bir cəmiyyətdə problemlər olub. Bizdən əvvəl İtaliyada, Avropa ölkələrində nələr baş verdiyinin şahid olduq. İnsanlar pandemiyaya laqeyd yanaşır, qanuna tabe olmurdular. Yəni belə vəziyyətlərdə ideal cəmiyyət davranışı olmur.

Bütövlükdə isə ziyalının, deputatın ümumi cəmiyyət haqında belə fikirlə deməyə ixtiyarı yoxdur. Əgər varsa, bu həmin ziyalının, həmin deputatın problemidir. Ona görə onun problemidir ki, deməli siz vəziyyəti anlamayan insanlara düzgün, yaxşı izah etməmisiniz, özünüz nümunə olmamısınız. Və indi durub cəmiyyəti ittiham eləmək, yolverilməzdir. Həmin deputat, həmin ziyalıya xalq baxır, bu da ona etimadsızlıq yaradır. Televiziyalarda da belədir: elə adamlar cəmiyyətə dərs keçməyə çalışırlar ki, özünün əxlaqı yoxdur. Axı xalq bunları yaxşı tanıyır ki, bunlar hansı nümunədirlər, hansı mənəviyyatın, əxlaqın sahibləridirlər.

 Tahirə Qafarlı

.