2025-ci ildə Azərbaycanda elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Dayanıqlı maliyyə hesabatı"nda bildirilir.
Sənədə əsasən, ötən il elektrik və hibrid avtomobil kreditinin ümumi avtomobil portfelində payı kreditlərin sayı üzrə illik müqayisədə 13 faiz bəndi artaraq 61 %-ə, kreditlərin məbləği üzrə isə 6 faiz bəndi artaraq 71 %-ə çatıb.
"Elektrik avtobuslarının yerli istehsalı istiqamətində yeni zavod qurulması təşəbbüsü nəqliyyat parkının daha sürətli yenilənməsi, idxaldan asılılığın azaldılması və aşağı emissiyalı nəqliyyat vasitələrinin genişləndirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir. Aşağı emissiyalı nəqliyyat vasitələrinə keçid bankların avtomobil kredit portfelində də əksini tapıb", - deyə hesabatda qeyd olunub.
Bundan başqa, AMB bəyan edib ki, ötən il hibrid avtomobillərin idxaldakı payı 31 faiz bəndi artaraq 60 %-ə yüksəlib. Kəskin artım hibrid avtomobillərin bazarda daha geniş yayılması və istehlakçılar tərəfindən daha çox üstünlük verilməsi ilə izah oluna bilər. Bu tendensiya infrastruktur, qiymət fərqləri, enerji təminatı və istehlakçı davranışı kimi amillərlə əlaqəli ola bilər. Əvəzində elektrik avtomobillərinin idxaldakı payı 1 faiz bəndi azalaraq 2 %-ə düşüb.
.
