“1944-cü ildə məşhur bir məktub məsələsi var idi. Deyilənə görə, “İldırım” təşkilatı Səməd Vurğuna bir məktub yazıb. Bunu yoldan keçən bir nəfərə verib, Səməd Vurğuna çatdırmağı tapşırıblar. Lakin məktubu Səməd Vurğunun həyətinə gəlib, bir rus oğlana veriblər. Deyiblər ki, bunu Səməd Vurğuna çatdırarsan. Məktub əlbəəl özünə verilib, yoxsa yox - müəmmalıdır. Heç kimin haqqına girə bilmərik. Əgər məktub ona çatıbsa, nəyə görə dörd il üç aydan sonra NKVD dediyimiz Xalq Daxili İşlər Komissarlığı bu məktubun izinə düşüb?”

Bu fikirləri 1940-cı illərin əvvəllərində sovet rejimi ilə ana dilimiz və əlifba uğrunda mübarizə aparmaq və Azərbaycanın müstəqilliyini bərpa etmək üçün qurulmuş “İldırım” təşkilatının təsisçisi olan səkkiz nəfərdən biri - Gülhüseyn Abdullayevin oğlu Toğrul Abdullayev Oxu.Az-a müsahibəsində dilə gətirib.

Əvvəlcə onu deyim ki, “İldırım” təşkilatı şərqşünas İsmixan Rəhimov, Hacı Zeynalov, Musa Abdullayev, Kamal Əliyev, Azər Ələsgərov, Aydın Vahidov, Kamil Rzayev, Gülhüseyn Abdullayevin təşəbbüsü ilə yaradılıb.

Mənbələrə inansaq, təşkilatın məqsədi Azərbaycanı Sovet İttifaqından ayırmaq, Azərbaycanın müstəqilliyini əldə etməklə 1937-38-ci illərdə həbs olunub xalq düşməni kimi damğalanan və Sibirə göndərilib güllələnən yazıçıların işinə yenidən baxılmasına, onlara bəraət verilməsinə nail olmaq, eləcə də Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə qaldırmaq olub.

Təşkilatın qurulmasına təkan verən səbəblər nə olub? Cəmiyyətə ildırım kimi düşüb çaxnaşma yaradan gənclər istəklərinə nail ola bildilərmi? Onları kim və niyə həbs etdi? Necə oldu ki, illər sonra bəraət aldılar?

Bu və digər sualların cavabı ilə Toğrul Abdullayevlə müsahibənin davamında tanış ola bilərsiniz:

- Bu il atanız Gülhüseyn Abdullayevin 100 illiyidir. İstərdim, bir qədər onun bilinməyən tərəfləri barədə danışasınız...

- Atam barədə qısa məlumat vermək mənə bir qədər çətindir. Gülhüseyn Abdullayevin 100 illiyi respublikamızda da qeyd olunacaq, biz də bu yubileyə hazırlaşırıq.

- Necə oldu ki, “İldırım” təşkilatı yarandı və Gülhüseyn müəllimin bu işdə rolu nə qədər olub?

- Əslində, atam bu barədə danışmağı sevmirdi. Biz uşaq vaxtından, özümüzü dərk edəndən maraqlanırdıq. Ona bu haqda çox suallar verirdik. Bəzilərinə cavab alırdıq, bəzilərinə yox. Məndə olan məlumatlara görə, iki dəfə Sovet İttifaqı Qəhrəmanımız akademik Ziya Bünyadov bu arxiv materiallarını əldə edib. Təkcə “İldırım” təşkilatı haqqında yox, indiyə qədər Azərbaycanda haqsız yerə repressiyaya uğramış, bizim azad fikirli insanların, çox mütərəqqi şəxslərin haqqında çox böyük kitab yazıb. O kitabı mən də oxumuşam. O faktlar əsasında deyə bilərəm ki, əslində, bu təşkilat 1943-cü ilin sonu, 1944-cü illərin əvvəllərində yaranıb.

Mən heç kimin haqqına girmək istəmirəm. O səkkiz nəfərin hamısına da eyni gözlə baxıram. Rəhmətlik İsmixan müəllim xatirələrində deyirdi ki, Gülhüseyn müəllim məni bu işə cəlb elədi, onun ideyası ilə birləşdik. Mən onların hər ikisini - Hacı müəllimi, İsmixan müəllimi, hətta bütün səkkizliyi təşkilatın yaradıcısı kimi görürəm. Yəni bu, bizim ailə üçün mübahisə mövzusu deyil. Biz onlar arasında fərq qoymuruq. Əsas odur ki, onlar Azərbaycanın bu günü üçün canlarından keçiblər. Gənclik illərini, həyatda var olduqları hər şeyi geridə qoyub, Vətəni üstün tutublar.

Çünki bu gənclərin hamısı əlaçı şagirdlər, fəal tələbələr olublar. Onlar universiteti fərqlənmə ilə bitiriblər, böyük amalları olub. Azərbaycan, azərbaycançılıq üçün bir ürəkdə birləşib, bir ideyaya xidmət ediblər.

- İdeyaları nə idi? Yəni bu səkkiz nəfəri bir yerə gətirən hansı amala xidmət etmək eşqi olub?

- Rəhmətlik İsmixan müəllim müsahibələrindən birində deyirdi ki, Gülhüseyn Abdullayevin bizi bir araya yığmaqda məqsədi o idi ki, nə üçün qonşu ölkələrin öz ana dili, öz əlifbası var, bizə isə bu kiril əlifbası sırınıb? Azərbaycan dili o zaman dövlət dili deyildi. Bütün sənədlər, arayışlar rus dilində yazılırdı. Hətta onlar savadlı kadrları istəmirdilər. İnsanların nəinki öz dilində oxumasını, yazmasını, hətta düşünməsini belə, istəmirdilər. Halbuki, mən mübaliğəsiz deyirəm ki, Azərbaycanın dünyaya bəxş etdiyi dahilər, yazıçılar, şairlər bizim bəzi qonşu ölkələrdə yoxdur. İndiyə qədər görürsünüz ki, bizim dahilərə - Nizamiyə, Füzuliyə, Nəsimiyə sözün yaxşı mənasında “yiyə” durmağa çalışan ölkələr var. Bizim Ali Baş Komandanımız İlham Əliyev böyük Nizami Klubunu yaratdı, ölkəmizdə “Nizami İli” elan etməklə, bir sıra dövlət başçılarına, dünyaya bir daha sübut etdi ki, Nizami Gəncəvi bizimdir. Eləcə də Nəsimi, Xurşidbanu Natəvan bizimdir. Yəni atamın və onun dostlarının əsas mübarizəsi, ideyası, amalı Azərbaycanın öz dilində danışması, öz sözünü deməsi olub.

- Belə başa düşürəm ki, “İldırım”ın ilk qığılcımları əlifbadan alovlanıb...

- Bəli, əlifba. Azərbaycanın, millətimizin öz dili, əlifbası olsun istəyirdilər. Ana dili və ədəbiyyatımız onları bir araya gətirən əsas səbəblərdən olub.

- O dövrdə Xalq Daxili İşlər Komissarlığı fəal gəncləri izləyirdi. Mənbələrə inansaq, belə demək olar ki, kütlə psixologiyasından kənara çıxan, hər hansı yeni fikir irəli sürən, yeniliklərə sövq edənlər çox da təqdir edilmirdilər. Necə oldu ki, bu səkkizlik həbs edildi?

- 1944-cü ildə məşhur bir məktub məsələsi var idi. Deyilənə görə, “İldırım” təşkilatı Səməd Vurğuna bir məktub yazıb. Ümumiyyətlə, onu deyim ki, təşkilat üzvləri Səməd Vurğundan ilham alıblar. O həmin dövrdə bizim böyük, odlu-alovlu şairimiz olub. 1944-cü ildə S.Vurğun Yazıçılar Birliyinin sədrliyindən çıxarıldı. Çünki o da bir az etiraz səsini ucaltmışdı. Ona qarşı haqsızlıq oldu və bu səbəbdən də “İldırım” təşkilatı olaraq qərara gəldilər ki, ona bir dəstək məktubu yazsınlar.

Əfsuslar olsun ki, bunu bir az başqa cür başa düşənlər oldu. Yəni bu məsələ ilə bağlı müxtəlif söhbətlər dolaşdı, amma mən sübutum olmadan heç kimin haqqına girə bilmərəm. Sizə bildiyim, araşdırıb, dəqiqləşdirdiyim məlumatı verəcəyəm. Təşkilat üzvləri Səməd Vurğuna çox gözəl bir məktub yazıblar. Məktubda yazılmışdı ki, “Nəyə görə bu qədər yazıçılar, şairlər vermiş bir ölkənin öz əlifbası, öz dili olmasın? Biz sizinlə tam razıyıq, həmfikirik”. Necə olubsa, bu məktub dörd il üç ay sonra həmin o NKVD dediyimiz Xalq Daxili İşlər Komissarlığının əlinə keçib. Bu məktub atamın diktəsi ilə, elə atamın evində rəhmətlik İsmixan müəllim tərəfindən yazılıb. O, solaxay olmasa da, məktubu sol əli ilə yazıb. Bunu iz itirmək üçün ediblər.

- Sizcə, o məktubun NKVD-nin əlinə düşməsi təsadüf idi, yoxsa oxları məhz onlara çevirən bir əl olub?

- Allaha şükür, hamı bilir ki, mənim atam heç Stalindən də qorxmayıb. Mən də onun davamçısıyam. Yəni hər şeyi olduğu kimi deyirəm. Əlimdə bu sualı cavablandıracaq heç bir sübut yoxdur. İsbatı olmayan heç nəyi deyə bilmərəm.

- Bəs o məktub Səməd Vurğuna çatmışdımı?

- O da müəmmalıdır. Əslində, bəzi mənbələr yazırdı ki, məktub Səməd Vurğuna çatıb. Amma mən bunu tam araşdırdım. Öyrəndim ki, məktubu Səməd Vurğunun həyətinə gətirib, bir rus oğlana veriblər. Deyiblər ki, bunu Səməd Vurğuna çatdırarsan. Məktub əlbəəl özünə verilməyib. Bu məktub ona çatmadığı üçün heç kimin haqqına girə bilmərik. Əgər məktub ona çatıbsa, nəyə görə dörd il üç aydan sonra bu məktubun izinə düşüblər?

- Məktubu S.Vurğuna çatdırmaq üçün verdikləri şəxs niyə tapşırığı yerinə yetirməyib? Ümumiyyətlə, o kim olub?

- Heç o adamı da tanımırdılar. O dövrdə o məktubu yazmaq, S.Vurğuna dəstək olmaq böyük cəsarət tələb edirdi. Məktubu yazıb heç tanımadıqları, yoldan keçən bir şəxsə veriblər. Bir kəlmə deyiblər ki, məktubu Səməd Vurğuna çatdırsın. Tanımadıqları üçün heç nəyi dəqiqləşdirmək də mümkün olmayıb.

- Bayaq dediniz ki, İsmixan Rəhimov məktubu sol əli ilə yazmışdı. Məktubun izi ilə onu necə aşkarladılar?

- Araşdırma zamanı öyrəndim ki, bu məktubu yazanları tapmaq da çətin məsələ olub. Məktubu yazanı tapmaq üçün bütün Azərbaycan üzrə orta məktəblərdə və ali təhsil ocaqlarında inşa yazdırılıb. Təsəvvür edin, SSRİ-nin xəttatlıq üzrə ekspertləri Moskvadan dəvət ediliblər. Ən məşhur ekspertlər bütün inşaları bir-bir incələyiblər. Bu da bir-iki günün işi deyildi, müəyyən bir zaman aparıb. Amma nəhayət neçə milyon yazının içərisindən o məktubu yazanı, yəni İsmixan müəllimi tapıblar. 1948-ci ildə, yəni məktub yazılandan dörd il üç ay sonra ilk olaraq İsmixan Rəhimovu həbs ediblər.

- Ziya Bünyadov bu barədə “Qırmızı terror” adlı kitab yazıb. Arxiv məlumatları əsasında qələmə alınan kitabda İsmixan müəllimin dindirilməsi zamanı dedikləri varmı?

- Bəli, “Qırmızı terror” kitabında o barədə qeydlər var. Yazılıb ki, İsmixan Rəhimov ilk dindirmə zamanı deyib ki, “bizim heç bir antisovet fəaliyyətimiz yoxdur”. Bu cümləni kitabdan oxumaq cəmi iki dəqiqəmizi alır. Amma biz o dindirilmə günlərini, Stalinin dövründə verilən işgəncələri düşünsək, asan deyil. Filmlərdə gördüyümüz superqəhrəmanlar bu işgəncələrə dözə bilərlər, ya yox, o da müəmmalıdır. Ondan sonra şərqşünas Hacı Abdullayevi, daha sonra isə atamı - Gülhüseyn Abdullayevi həbs ediblər. Protokollarda əks edilib ki, dindirmə zamanı İsmixan Rəhimov bildirib ki, ideyanı verən Gülhüseyn Abdullayev olub. Yəni ilk dindirmədən onlar dürüst olublar, məqsəd və məramlarını bildiriblər.

- Səkkiz nəfərin hamısı həbs edilib?

- Əslində, səkkiz nəfərin hamısına güllələnmə əmri çıxarılıb. O zaman ən ağır cəza növü məhz güllələnmə idi. Təşkilata sonradan qoşulanlara bir qədər yüngül cəza veriblər. Heç kimin haqqına girmək istəmirəm, amma məndə olan məlumata görə, beş il, on il həbs cəzası verilən şəxslər məhkəmədə etiraz ediblər. Etiraz ediblər ki, niyə onlara güllələnmə, bizə həbs verirsiniz? Hamımıza eyni qədər cəza kəsin. Yəni o həyati qərar anında belə, onlar birlik sərgiləyiblər. Ona görə mən onları bir-birindən ayırmaq istəmirəm. Hamısı mərd insanlar olub. Heç kim öz yaxasını kənara çəkməyib.

Sadəcə, həmin il Sovet İttifaqında güllələnmə hökmü ləğv olunduğuna görə ən yüksək cəza 25 il olub. Atam və yaxın dostlarına 25 il veriblər, digərlərinə isə 10-15 il.

- Sibirdə sürgündə olduqları dövrə aid hər hansı sənəd, foto varmı?

- Xeyr, təəssüf ki, yoxdur. Onların hər hansı qeyd aparmalarına icazə yox idi. Ailələrinə məktub yazmaqları belə, qadağan idi. Əslində, onların heç bir ziyanları yox idi. Çünki təşkilatın fəaliyyəti hələ 1946-cı ildən dayanmışdı. Heç bir aktiv fəaliyyət olmamışdı. Onların arasında fikir ayrılıqları olduğuna görə bu “İldırım” təşkilatı dağılmışdı. Cəmiyyətə, sadəcə, ibrət olsun deyə onları sürgünə göndərdilər. Mən belə düşünürəm. Hətta onların məhkəməsi indiki Zərgərpalan küçəsində keçirilib. Onları  məhkəmədən çıxaranda üstüaçıq yük maşınında aparıblar. Qaçmasınlar deyə səkkiz nəfərin əlləri bir-birinə qandallanıb. Atam danışırdı ki, onları maşına qoyub aparanda Hacı Abdullayev əlini qaldırıb ki, “biz qayıdacağıq”, o an digər yeddi nəfərin də əli qeyri-ixtiyari göyə qalxıb (gülür). Hamının əli bir-birinə bağlı olduğundan belə alınıb, insanlar bunun da şüurlu şəkildə edildiyini zənn ediblər. O məhkəmənin qarşısına o qədər insan toplaşıb, elə izdiham olub ki, o dövr üçün bu, sadəcə, inanılmaz idi. Deyilənlərə inansaq, o dövrün insanları çox cəsarətli olublar. Mən, həqiqətən də, fikirləşəndə belə, çox təəccüb edirəm ki, repressiya illərində hətta məhkəmənin qabağına gəlmək də böyük cəsarət tələb edirdi. Biz onların yerinə ola bilmərik. O vaxt belə demokratiya, söz azadlığı yox idi.

- Sibirdə sürgün həyatları eyni yerdə olub, yoxsa ayrı-ayrı lagerlərə düşüblər? Eşitdiklərinizdən, oxuduqlarınızdan yadınızda qalanlar varmı?

- Ayrı-ayrı yerlərə göndəriliblər. Atam Sibirin Tayşan adlı lagerinə düşüb. Mən Rusiyanın “Memorial” təşkilatı ilə danışıqlar aparmışam. Onlar bizi ölkəmizdə aidiyyəti qurumlara yönləndirdilər. Sadəcə, mən o arxiv materiallarını akademik Ziya Bünyadov kimi incələyə bilməyəcəyimi düşündüm. O, çox böyük əziyyət çəkib, sənədləri götürüb. Həm də düşündüm ki, görəsən, mən o materialların içərisində özümü necə hiss eləyərəm?

- Dövlət Sərhəd Xidmətinin (DSX) Repressiya muzeyi var. Orada sizin təklifinizlə bir guşə də açılıb, doğrudurmu?

- Bəli, mən şəxsən DSX-nin rəisi general-polkovnik Elçin Quliyevə bir məktub yazdım. 1937-ci ilin repressiya qurbanları olan Hüseyn Cavid, Mikayıl Müşfiq və digərlərinin xatirəsinə yaradılan muzeydə  1940-48-ci illərdə repressiya qurbanı olan dahi, ziyalı şəxsiyyətlərin də yad edilməsini rica etdim. Çox sağ olsun, diqqətə aldı və zəruri məlumatların əks edildiyi guşənin hazırlanmasına tapşırıq verdi. Muzeyin rəhbəri Mirabbas müəllimə də bu məsələyə həssas yanaşdığı üçün təşəkkür edirəm. Mən uşaqlarımı da o muzeyə aparmışam. Tarixi unutmamaq üçün hər kəs bu muzeyi ziyarət etməlidir. Çünki keçmişi bilməsən, gələcəyə çata bilməzsən. Biz gərək öz tariximizi bilək, bu insanları tanıyaq.

- Necə oldu ki, “İldırım” təşkilatının üzvləri bəraət aldılar?

- O da, bilirsiniz, çox gülməli olub. İosif Stalin öləndən sonra onları amnistiyaya saldılar. Atamın saxlanıldığı baraka girən rus serjant ona deyib ki, amnistiya çıxıb sənə, azadsan. Atam isə çıxmayıb. Hətta deyib ki, “mən heç nə eləməmişəm ki, mənə amnistiya versinlər”. Mübahisə etməsinə rəğmən, bir bilet alıb onları yola salıblar. Onu qardaşları qarşılayıblar. Qayıtdıqdan sonra atamın bir nömrəli məqsədi tam bəraət qazanmaq olub.

- Toğrul müəllim, atanızın sürgündə olduğu dövrlərdə təzyiqlər olurdu? Qayıtdığı dövrlə müqayisə etsək, nələr dəyişdi?

- Mən bir məqamı qeyd edim ki, atam gedəndə universitetdə aspirant idi və rəhmətlik Mir Cəlal Paşayevin kafedrasında olub. Sizə deyim ki, bəraət almamışdan qabaq, sürgündən gələn kimi Mir Cəlal Paşayev atamı işə dəvət etmişdi. Atama qayğı göstərirdi, onun evinə də çox vaxt gedib-gəlib. Bir neçə ildən sonra bəraət qazandı. O vaxtdan da elə Bakı Dövlət Universitetində işləyib. Yəni BDU-da ən çox stajı olan insanlardan biri olub Gülhüseyn Abdullayev.

Sürgün dövründə bizə “xalq düşməninin ailəsi” deyirdilər. Gülçin bacım böyük idi, o danışır bizə ki, arada sıxışdırırdılar, psixoloji təzyiqlər olurdu. Amma atam gələndən sonra bizi heç kim incitməyib. Təzyiqlər qətiyyən olmayıb. Bir dəfə adını çəkmək istəmədiyim bir vəzifəli şəxs atama demişdi ki, “elə eləmə ki, səni yenidən oraya göndərim (sürgünü nəzərdə tutub). Atam da ona çox ağır cavab vermişdi və o adam həmin yerdə qala bilməyib, qaçmışdı. Atam sözünü deyən, haqqını müdafiə edən adam olub. Yəni biz bir mənfi münasibət görməmişik deyə heç nədən şikayət edə bilmərəm. Atam kristal kimi təmiz idi, maaşı və kitablarından gələn gəlirlə ailə saxlayıb. Bizim boğazımızdan haram tikə keçirməyib.

- Gülhüseyn Abdullayev pedaqoq kimi kimlərin müəllimi olub?

- Sabir Rüstəmxanlının, Nizami Cəfərovun, Rafael Hüseynovun və digərlərinin müəllimi olub. Siz onların özlərindən də soruşa bilərsiniz. Hətta atamın tədbirlərini keçirəndə bir mesajla dəvətimi qəbul edib gəlirdilər. Gələ bilməyəndə, səfərdə olanda üzrxahlıq edirdilər. Tanınmışlar, millət vəkilləri, ictimai xadimlər sevinə-sevinə o tədbirlərə gəlirdilər.

- Toğrul müəllim, təşkilatın adı niyə “İldırım” olub? Bunun bir tarixçəsi varmı?

- Həmin illər ən kəskin bir dövr olduğu üçün cəmiyyətdə ajiotaj yaradacaq, diqqət çəkəcək ad olub. Yəqin, belə düşünüblər. İldırım çox maraqlı səslənib deyə, yəqin, belə qoyublar. Adı İsmixan müəllimlə atam birgə seçiblər. Belə bir qeyri-adi tarixçəsi yoxdur. Düşünürəm ki, xoşlarına gəlib. Amma dediyim kimi, onlar daha çox azərbaycançılıq ideyasına xidmət ediblər.

- 1956-cı ildə səkkiz nəfər bəraət alır. Bəs bu həbsdə keçən dövr üçün hər hansı kompensasiya olub?

- Onu bilirəm ki, heç bir kompensasiya olmayıb. Amma mən Mikayıl Müşfiq haqqında dəqiq deyə bilərəm ki, atam ömrünü ona həsr edib. Mikayıl Müşfiqə görə ailəsinə, yəni bacısına kompensasiya təklif ediblər. Ona çox böyük bir miqdarda, təxminən deyim ki, o məbləğə bir neçə “Volqa” markalı avtomobil almaq olardı. Bacısı qardaşının qanpulundan imtina edib və Mikayıl Müşfiqə heykəl ucaldılmasını istəyib. Amma heykəl də qoymayıblar. Mənim atamın çox sonra M.Müşfiqin heykəlinin qoyulması məsələsinin gündəmə gətirilməsində çox böyük rolu olub.

- Səkkiz qəhrəmanın, həmin o azad ruhlu gənclərin övladlarını bu gün nə birləşdirir?

- Bəli, əlaqələrimiz var. Biz artıq universitetdə oxuyan ərəfələrdə tanış olmuşduq. Hacı müəllimin ailəsi ilə bir dəfə, yadıma gəlir, görüşdük. Onun qızları Maral və Məhfuzə xanımla, İsmixan müəllimin uşaqları ilə dost-qardaş münasibətlərimiz var. Məhfuzə xanımla son görüşümüzdə Tarix Muzeyində bir guşə yaratmaq istədiyini demişdi. Məndən bu guşə üçün məktub da istəmişdi, amma təəssüf ki, elə bir məktub yoxdur. O vaxt məktub yazmayıblar deyə, mən də belə bir material tapa bilmədim. Olan sənədlər də arxivlərdədir. Kifayət qədər arxiv materialları var.

- Akademik Ziya Bünyadovun “Qırmızı terror” kitabındakı məqamlar, eləcə də araşdırma zamanı qarşınıza çıxan materiallarda, eşitdikləriniz məlumatlar arasında sizdə sual doğuran məqam olub? Atanız sağ olsaydı, ondan nəyi soruşardınız?

- Soruşacağım çox məqam var. Mən yenə qayıdardım Səməd Vurğun məsələsinə. Mən özüm stomatoloqam. S.Vurğunun oğlu Vaqif Səmədoğlu bir gün pasiyent kimi mənim qəbuluma gəldi. Bu məsələlərdən dolayı onunla necə davranacağımı bilmədim. Evə gələndə atama dedim ki, bəs bu gün V.Səmədoğlu ilə tanış oldum, pasiyent kimi qəbul etdim. Həyəcanla, təşviş içərisində dedim ki, ata, mən necə davranmalıyam? Atam dedi ki, sən ona öz ağsaqqalın kimi baxmalısan, öz ağsaqqalın kimi hörmət etməlisən. Dedim, axı bəs belə söhbətlər olub? O zaman atam mənə dedi ki, birincisi, məktubun əlbəəl S.Vurğuna verildiyinin sübutu yoxdur. İkincisi də ki, o zaman üzdə olan insanlardan elə ən cəsarətlisi Səməd Vurğun idi. Hamı bilir ki, odlu-alovlu çıxışları vardı. Atam dedi ki, hətta məktub S.Vurğuna çatsaydı belə, imzasız idi, o necə bilərdi ki?

Həm də o dövr çox çətin olub. İmzasız məktubu qəsdən də göndərə bilərdilər ki, reaksiyasını yoxlasınlar. Kim olsa, fikirləşərdi ki, bəlkə, məni izləyirlər, bəlkə, yoxlayırlar, bəlkə, qəsdən göndəriblər? Yəni məktubun NKVD-nin əlinə necə, nə zaman və kimin vasitəsi ilə çatdığı elə sirr olaraq da qalacaq... Amma dörd il az müddət deyil. SSRİ-nin işi-gücü yox idi, dörd il bir adamı axtarsın? Əsas odur ki, atam sürgün dövründə də Hüseyn Cavidin, Mikayıl Müşfiqin izlərini axtarıb. Bu ağır dövrdə sevindiyim odur ki, atam siyasi dustaq olub. O, cibgir, oğru, quldur olmayıb. Onlarla birgə sürgündə çox mütəfəkkir insanlar olublar. Onların arasında yaponlar, almanlar da olub.

- Gülhüseyn Abdullayev qayıtdıqdan sonra bu barədə heç qeydlər aparmayıb? Mətbuata açıqlama necə, vermişdimi?

- Atam bu barədə nə yazıb, nə danışıb. Heç vaxt bu məsələ ilə bağlı suallara cavab verməzdi. Bizim Xalq yazıçımız Anar həmişə atamdan xahiş edirdi ki, bunların hamısını memuar kimi yazsın. Amma atam yazmadı. Yəqin ki, bildiyi bir şey var idi ki, yazmaq istəmirdi.

- Sizə görə, Gülhüseyn müəllimin ən yaxşı xarakteri nə olub? 

- Çox sərt adam idi. Heç vaxt heç kimin qabağında sözünü deməkdən çəkinməzdi. Haqq-ədalət adamı idi, davakar xarakteri var idi. Hətta bir əhvalat danışım. O vaxt avtobuslara xuliqanlar tez-tez hücum edirdilər. Yadıma gəlir, uşaq vaxtı bir gün çimərlikdən gəlirdik. Mərdəkandan avtobusa minib qayıdanda xuliqanlar avtobusda camaatı soymaq istəyirdilər. Qorxusundan heç kim səs çıxara bilməmişdi. Atam isə üç dələduzu elə döydü ki, mat-məəttəl qaldılar. Dalaşqan idi. O, uşaq yaşlarından İçərişəhərdə böyüyüb.

Atam yaxşı üzgüçü idi. Dənizdə o qədər uzağa üzürdü ki, hamı həyəcanla gözləyirdi ki, görək haradan çıxacaq. Bir gün dostları ilə üzməyə gedib. Qayıqla Xəzərdə gəzəndə sahildən xeyli aralıda atam üzməyə başlayıb.

Dostları qayığı sürüb sahilə gəliblər. Bilmirəm, bunu zarafatla, yoxsa qəsdən ediblər, amma atam sahilə üzərək gəlib çıxıb. Çox qəribə və möhkəm adam olub. Onu heç ağlayan görməzdik.

- Hər bir insanın həssas nöqtəsi mütləq vardır...

- Mikayıl Müşfiq...

- Gülhüseyn Abdullayevi Mikayıl Müşfiqə bu qədər bağlayan nə idi?

- Atamın ən zəif, kövrək yeri Mikayıl Müşfiq idi. Müşfiqdən danışanda onun gözləri yaşarırdı. Atamı başqa  heç vaxt heç kim ağlayan görməmişdi. O, Müşfiqi hətta ailəsindən də çox istəyirdi. Bəlkə də, onun gənc yaşında yazdığını, yaratdıqlarını görüb, repressiya qurbanı olmasına heyfsilənirdi. Düşünürəm ki, yaradacağı gözəlliklərdən məhrum edilməsi atamı kövrəldirdi.

Atamın yazdıqları əsasında sənədli film çəkmək istəyirəm. Gülhüseyn Abdullayev 1944-cü ildə ilk “Ana” hekayəsini yazıb. Təxminən 21 yaşında ilk hekayəsini yazıb. Amma o hekayəni oxuyanda elə bildim ki, bugünkü günü əks etdirib. Nə zaman sənədli film çəkiləsi olsa, mən bu hekayəni çəkəcəyəm...

Hekayə sanki bizim 44 günlük Vətən müharibəsindən sonrakı dövrü əhatə edir. Bu mənim üçün ən həssas dövrdür. Hekayədə ana uşağının həsrətindədir. Əsgərlikdən gələn qonşusu isə ona oğlunun qollarında həlak olduğunu deyə bilmir... Ümid edirəm ki, atamın da, digərlərinin də ruhları şaddır. Atam Qarabağı azad görmək istəyirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 günlük Vətən müharibəsində qazandığı zəfərlə xalqımızı sevindirdi. Ona görə də əminəm ki, atam bizi görür. Qələbəmizə sevinir...

.