Almaniyanın avtomobil istehsalçısı "Mercedes-Benz" şirkətdən könüllü şəkildə ayrılmaq istəyən əməkdaşlarına 422 min avroyadək təzminat ödəməyi təklif edib.

Bu barədə "Bild" qəzeti məlumat yayıb.

Bildirilir ki, əməkdaşlar "Mercedes-Benz"in daxili şəbəkəsində yerləşdirilən kompensasiya kalkulyatorundan istifadə edərək heç bir öhdəlik götürmədən ala biləcəkləri təzminatın məbləğini hesablaya bilərlər. İlk əməkdaşların konkret təklifləri dekabrın əvvəlində elektron poçt vasitəsilə alacaqları gözlənilir.

"Handelsblatt" nəşrinin hesablamalarına görə, aylıq əməkhaqqı 5 500-6 900 avro arasında dəyişən 52 yaşlı mühəndis 2027-ci il martın sonunadək işdən çıxmaq üçün ərizə təqdim edərsə, 422 min avroyadək təzminat ala bilər. Bu tarixdən sonra isə kompensasiyanın məbləği 340 min avroyadək azalacaq.

İnzibati heyətin əməkdaşlarına da 253 min avroyadək təzminat ödənilməsi nəzərdə tutulub. Ümumilikdə şirkət birbaşa istehsalatda çalışmayan 30 min əməkdaşına təzminat müqabilində işdən ayrılmağı təklif etməyi planlaşdırır.

.