Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının hədəflərindən, eyni zamanda dövlət başçısının VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki strateji xarakterli nitqindən irəli gələrək yaradıcı intellektuallarımız qarşısında mühüm vəzifələr müəyyən edilmişdir.
Mədəniyyət siyasətimizi əhatə edənhəmin strateji sənəd və çağırışlar bütövlükdə incəsənətimiz, o cümlədən milli teatr sənətimiz qarşısında müasir dünya tendensiyaları ilə ayaqlaşmaq və mədəni diplomatiyaya xidmət etmək məqsədi qoyur – burada mədəniyyət üstünlük aləti (“yumşaq güc”) kimi deyil, məhz dünya səviyyəsinə çıxarıla bilən, qlobal mədəni məkanda bərabərhüquqlu və rəqabətqabiliyyətli yaradıcı məhsul kimi mövqelənmə vasitəsi rolunda çıxış edir. Müasir Azərbaycan teatrı gündən-günə ədəbi mətnin sadə illüstrativ təcəssüm məcrasını aşaraq,klassik süjeti daha çox ekzistensial ölçüdə təqdim edən canlı performativ hadisə məkanına çevrilir. Bu gün milli səhnə sənəti xadimlərinin dünya klassiklərinin zirvəsinə müraciət etməsi mürəkkəb mədəniyyətlərarası əlaqələrin, mental kodların və mənəvi-əxlaqi sistemlərindialoqunun təzahürüdür.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı da bu strateji prosesdən kənarda qalmayaraq “Azərbaycan Mədəniyyəti – 2040” Dövlət Konsepsiyasından irəli gələn vəzifələrin icrasına töhfə verir. Belə ki, teatr sənətinin inkişafı, gənc rejissorların peşəkar fəaliyyətinə dəstək vəyaradıcılıq potensialının stimullaşdırılmasıməqsədilə “Bölgə teatrlarının Bakı premyeraları” layihəsinin II mərhələsi çərçivəsində gənc nəslin istedadını nümayiş etdirməsinə şərait yaratmışdır.
Gənc azərbaycanlı rejissor Mirzə Nicatın akademik səhnədə quruluş verdiyi Lev Tolstoyun eyni adlı əsəri əsasında “İvan İliçin ölümü” tamaşası (səhnələşdirmənin müəllifi Cavid Zeynallı, quruluşçu rəssamı Anar Əliyev, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Nərmin Həsənova) insan taleyinin ekzistensial süqutu mövzusuna həsr olunub. Qeyd edək ki, L.Tolstoyun “İvan İliçin ölümü” povestinin dünya səhnələrindəki quruluşlarını ekzistensial fokus və məişət illüstrativliyindən imtina cəhdi birləşdirir. Onları fərqləndirən cəhət isə ifadə vasitələrinin seçimində və mədəni- fəlsəfi vurğularda öz əksini tapmışdır. Belə ki, bu əsərə 2017-ci ildə Conatan Hamfris (Attic Theatre Company) və 2018-ci ildə Leo Layon(Phoenix Theatre Ensemble)tragikomediya, 2021-ci ildə David Veber-Krebs performans (Wunder der Prariefestivalı), 2025-ci ildə Valeri Fokin (Государственный театр наций) ekzistensial psixoloji dram, nəhayət, 2026-ci ildə isə gəncrejissorMirzə Nicat (Akademik Milli Dram Teatrı, Abbas Mirzə Şərifzadə adına səhnəsi, premyera 18 noyabr 2026-ci il) ekspressionist faciə üslubunda müraciət etmişdir.
Gənc rejissor Mirzə Nicatın rus ədəbiyyatının dahi siması Lev Tolstoyun yetkin dövr yaradıcılığına məxsus fəlsəfi məzmunlu əsərə müraciət etməsininAzərbaycan cəmiyyəti və mədəni mühiti üçün rezonansı müəyyən mənada mənəvi-sosial özünüdərk və milli teatr estetikasının yenilənməsi ilə üzvü şəkildə bağlıdır.
Rejissorun məişət dramaturgiyası pafosundan uzaqlaşaraq ekspressionist faciə janrına müraciət etməsi təsadüfi deyildir. İlk növbədə bu janra istinad tamaşanın, ümumilikdə isə Azərbaycan teatrının beynəlxalq festival və qastrol mühitinə inteqrasiyası baxımından böyük əhəmiyyət daşıyır: güclü plastika, simvolik səhnə tərtibatı və əsərin gündəmə gətirdiyi ümumbəşəri problematika bu tamaşanı qlobal mədəni məkana çıxış potensialını sərgiləyir.
Müasir Azərbaycan cəmiyyətində sürətli urbanizasiya, karyera yüksəlişi, sosial status və maddi rifah meyilləri bir çox mənəvi dəyərləri üstələyir. L.Tolstoyun əsəri cəmiyyətimizdə “hamıdan yaxşı yaşamaq” həyat modelinin bizə diktə etdiyi qaydaları, zahiri dəbdəbəni müəyyən mənada saxta dəyərlər kimi ifşa edir. Əsərdə ailə üzvlərinin, dostlarının, həmkarlarının, hətta həkimin ölüm ayağında mənəvi tənhalıqla üzləşən baş qəhrəmana qarşı laqeydliyinimüasir tamaşaçıya insanlararası münasibətlərdə səmimiyyətin böhranına işarət edən mesajdır.
Adətən cəmiyyətimizdə ölüm mövzusu ənənəvi olaraq dini mərasim çərçivəsində qavranılır; həyatımızda bu mövzuya müraciət mentalitetimizə görə gündəlik şüurumuzdan sıxışdırılan qorxu obyekti kimi qəbul edilir. Lakin Mirzə Nicatın quruluşunda tamaşanın ilk dəqiqələriizləyicilərdəbu qorxu hissini aradan qaldırır. Tamaşaya gələnlərin zala dar dəhlizdən keçərək daxil olması artıq onları Tolstoyun əsər boyu təsvir etdiyi “qara torba”nın içində hiss etməyə vadar edir, bundan əlavə, onlarımüşahidəçidən birbaşa oyunun iştirakçısına çevirir. Məkanda yayılan buxur (ladan) qoxusu, “Ana Məryəm” ikonası önündə titrəyən şam işıqları, gözlərini qara vual altında gizlədən təsəllisiz dul qadının donmuş heykəli, mərhumun ömrü boyu daşıdığı ağır mənəvi yükü simvolizə edən iri xaçlı tabut və aktyor Ramin Şıxəliyevin ifasında keşişin oxuduğu “Ruhun bədəndən ayrılmasıduası”nın kədərli sədaları dərin matəm atmosferi yaradaraq tamaşaçını daha səhnə əsəri başlamadan bədii mətnin məzmununa çəkir.
“Ey Məsih, dünyasını dəyişmiş qulunun ruhunu müqəddəslərlə birlikdə rahatlığa qovuşdur. Orada nə ağrı var, nə kədər, nə ah-nalə. Yalnız sonsuz həyat var!” – keşişin səsləndirdiyi duanın bu sözlərindən sonra Əməkdar artist Elşən Rüstəmovun ifasında baş qəhrəmanİvan İliçin həyatla ölüm arasındakı çırpıntılarınıvə onu həqiqətə doğru aparan mənəvi yolunu kinematoqrafik kadrlar tək bir-birini əvəz edən səhnələrdə görürük. Bu kadr dəyişmələrində İvan İliçin cəmiyyətin qəbul etdiyi qaydalarauyğun “düzgün” həyat tərzi, pillə-pillə karyera yüksəlişi, statusuna yaraşan ailə qurması, hətta evini belə “hamıdan bir qədər üstün zövqlə”bəzəmək həvəsi göz önündən keçir. Lakin bütün ömrünü zahiri gözəlliyə və mükəmməlliyə həsr edən qəhrəman ilk ciddi itki – övladlarının ölümü qarşısında həyatın mənəvi sınağından üzüağ çıxa bilmir və ailədə soyuq münasibətlər hökm sürməyə başlayır. Üstəlik, onun pərdə asarkən yıxılaraq ölümcül xəsarət alması təkcə məişət təsadüfü deyil, həm də həyat yoldaşına qarşı göstərdiyi soyuq və kobud rəftarın mənəvi cəzası kimi oxunur.
Dünya ədəbiyyatşünaslığında bu povest ənənəvi olaraq ölüm astanasında həyatın mənası və yanlış yaşanmış ömür haqqında düşünən insanın dramı kimi qəbul edilsə də, rejissorun yozumunda biz İvan İliçin qəfil bəlalarının arxasında dayanan başqa bir dramaturji xəttidə – qəlbi sındırılmış qadının, həyat yoldaşı Praskovya Fyodoravnanın incikliyində kəşf edirik. Əməkdar artist Şəlalə Şəhvələdqızının ifasındaPraskovyanın daxili incikliyini aktrisanın ikrah hissi dolu baxışlarında, mimikasında, jestlərində, nitqində və hərəkət plastikasında bütün çılpaqlığı ilə oxunurdu. Bu emosional soyuqluğun səbəbi İvan İliç özü idi. O, bu davranışları ilə Praskovyanı bir qadın və ailə ocağının qoruyucusu kimi lazımınca qiymətləndirmirdi; əksinə onu hər şeydə – yeməyin dadsızlığında, süfrə tərtibatındakı diqqətsizliyində, uşaqların düzgün tərbiyə olunmamasında belə günahlandırırdı. Bir-birlərinin üzünə baxaraq, sanki aralarında qalın divar varmış kimi ayrı-ayrılıqda etiraf etdikləri səhnəsində isəqəhrəmanlar paralel gedən monoloqlarında onlar münasibətlərinin ən ağrılı məqamına toxunurlar. İvan İliç etiraf edir ki, bu iradları hər bir ailə üçün müqəddəs sayılan məhz yemək süfrəsi arxasında dilə gətirir. Praskovya da öz növbəsində etiraf edir ki, bu alçaldıcı münasibət onun qəlbində geridönüşü olmayan dərin ikrah hissi doğurur. Praskovyanın dilə gətirilməyən emosional soyuqluğu İvan İliçin ən ağır cəza hökmünə çevrilir.
Hələ antik yunan faciələrindən – Evripidin “Medeya”sından başlayaraq dünya ədəbiyyatında ailə ocağı başındaalçaldılmış qadının incikliyi qaçılmaz ilahi cəzanın başlanğıcı kimi təqdim olunur.İngilis dramaturqu Uilyam Konqrivin qanadlı ifadəyə çevrilmiş məşhur kəlamında deyildiyi kimi: “Cəhənnəmdə belə qəlbi sındırılmış qadının incikliyindən və qəzəbindən daha dəhşətli heç nə yoxdur”. Tamaşada İvan İliçin başına gələn qəfil fəlakətlər də məhz qəlbi sındırılmış qadının səssiz ahının əks-sədası kimi canlandırılır.Həyat yoldaşı ilə yaşadığı şəxsi dramın təsiri altında Lev Tolstoy sözügedən əsərdən üç il sonra, 1889-cu ildə qələmə aldığı “Kreyser sonatası” povestində yazacaqdı: “Biz bir-birinə zəncirlənmiş, lakin tamamilə yad olan və bir-birinin həyatını zəhərləyən iki insan idik... Daxili yadlaşma fonunda yalnız zahiri bağlarla bir-birinə bağlı olan insanların yaratdığı cəhənnəmdən daha dəhşətli cəhənnəm yoxdur”.
İvan İliçin və Praskovya Fyodorovnanın faciəsi də məhz ondan qaynaqlanırdı ki, onların nikahı əvvəldən sevgi üzərində deyil, maddi rifah və “cəmiyyətin ədəb qaydalarına uyğunlaşmaq”istəyi üzərində qurulmuşdu. Lakin həyatın ən ağır sınağı – ölüm qarşısında bir-birinə tamamilə yad insanlar olduqlarını dərk etmişlər. Onların münasibətlərini məhv edən təkcə xəstəlik deyil, həm də bir-birinə həqiqəti söyləməyə cəsarət etmədikləri o böyük səssiz yalandır.
İvan İliçin ekzistensial faciəsi yalnız təmənna üzərində qurulan nikah ilə bitmir. Tamaşada onun ailə dramının miqyası ümumbəşəri və sosial faciə səviyyəsinə yüksəlir. Yalan onu təkcə şəxsi münasibətlərində deyil, həm də karyerasının ən pik zirvəsində qarabaqara izləyir. Ətrafdakıların hamısı – istisnasız olaraq hər biri onun ölümünü gözləyir. Hər birinin də öz məqsədi var: həmkarları boşalacaq vəzifə kürsüsünü tutmaq, dostları və qohumları xəstə bir yoldaşın ağır yükündən xilas olmaq, övladları isə vərdiş etdikləri rahatlıq mühitinin pozulmasından qurtulmaq üçün bu sonu səbirsizliklə arzulayırlar.
Burada tamaşaçı qarşısında haqlı və düşündürücü suallar yaranır: nə üçün İvan İliç canvermə aqoniyasında uşaq kimi acizləşərək məhz xidmətçisi Gerasimin təmənnasız nəvazişində illərdir həsrət qaldığı ana və qadın qayğısını və istiliyini axtarır? Nə üçünməhz Gerasimə nişanlısı ilə sevgi dolu anlarda onun məzarına söykənməyi vəsiyyət edir? Gənc aktyor Elsevər Rəhimovun ifasında Gerasim obrazının həmin istəyə cavab olaraq yönəltdiyi təəccüb dolu baxışları tamaşaçıya belə bir sualı ünvanlayırdı: “Məgər bir insanın əzabları üzərində başqalarının xoşbəxtliyini qurmaq mümkündürmü?” Rejissor Mirzə Nicat bu gözlənilməz və dərin simvolik səhnədə baş qəhrəmanının eqoizmdən xilas olaraq ruhani təmizlənməyə – katarsisə çatan mənəvi təkamülünü açır. İlk baxışdan paradoksal görünən bu vəsiyyət əslində mərhumun öz əzabları bahasına saf, həqiqi sevgiyə xeyir-dua verməsidir. Bütün ömrünü saxta dəyərlər və təmənna ilə qurulan soyuq nikah içində xərcləyən İvan İliç ölüm astanasında anlayır ki, həyatın yeganə mənası təmənnasız sevgivəmərhəmətdir.
Mirzə Nicatın təqdim etdiyi tamaşada Tolstoy nəsrini ekzistensial metaforalar dilinə çevirərək öz plastik və janr kodunu ekspressionist faciə estetikasında təcəssüm etdirir. Gənc rejissorun məhz bu əsərə müraciəti sadəcə klassik süjetin seçimi deyil, mədəni kodların dialoqa daxil olmasını şərtləndirən addımdır. Belə ki, səhnədə XIX əsr rus cəmiyyətindəhəqiqətin ekzistensial axtarışları XXI əsrdə azərbaycanlıların ənənəvi Şərq təfəkküründən qaynaqlanan ailəmüqəddəsliyinə, qadın ləyaqətinə və insan qəlbinin sevgi ilə mərhəmətə açıqlığı kimi ali dəyərinə olan münasibəti ilə üzvi şəkildə qovuşaraq ümumbəşəri mənəvi sintez yaradır.
Bu fonda rejissor Mirzə Nicatın Bakı quruluşu qlobal kontekstə daxil olur. Ekspressionist faciə estetikasını seçən rejissor bir məmurun ailə dramının, ölüm ayağında olarkən həyat lövhələri üzərindən təhkiyədən uzaqlaşaraq, müasir Avropa teatr axtarışları ilə səsləşən dolğun səhnə bəyanatı yarada bilir. Səhnədə sosial ayinin süqutunu, ədəb-ərkan qaydalarının mükəmməl “sosial performans”ının (İvan İliç)ifşasını, eləcə də qadın soyuqluğunun fenomenologiyasının açılmasını (Praskovya), postdramatik teatra xas fraqmental montajın (kadrların kinematoqrafik dəyişməsinin) tətbiqi vasitəsilə baş qəhrəmanın ölümqabağı iztirablarının təsviri, insanın bir sosial statusdan digərinə keçidini əks etdirən “liminallıq nəzəriyyəsi”ni və nəhayət, daxili hayqırtı və çarəsizliyinin energetik basqısı altında səhnəni “insan ruhunun landşaftı”na çevirən ekspressionist estetikanı (Valter Hazenklever) birləşdirməyə müvəffəq olan rejissor incəsənətin universal dili vasitəsilə dünyanın istənilən səhnəsində tamaşaçı ilə interaktiv dialoqa girmək imkanı qazanır. Beləliklə, Mirzə Nicatın quruluşunda “İvan İliçin ölümü” tamaşasının ayin-liturgik ab-havası onu daha çox mənəvi misteriya teatrına yaxınlaşdıran, Azərbaycanın mədəni koduna uyğun olaraq ekspressionizmin daha təmkinli və ruhani variantını təqdim edən nadir səhnə hadisəsidir.
Tamaşanın finalına yaxınlaşırıq. Yenə də dərin sükut, məkanda yayılan buxur (ladan) qoxusu, “Ana Məryəm” ikonası önündə titrəyən şam işıqları, gözlərini qara vual altında gizlədən təsəllisiz dul qadının donmuş heykəli, mərhumun ömrü boyu daşıdığı ağır mənəvi yükü simvolizə edən iri xaçlı tabut və keşiş tamaşanın əvvəlində səhnənin dayandığı həmin nöqtəsindən duanın davamını oxuyur: “Ya Rəbb, qulunu mühakiməyə çəkmə,çünki sənin qarşında heç bir canlı özünü doğrulda bilməz.Qoy günahları onu əsir etməsin, xətaları onu qaranlığa endirməsin. Qoy sənin mərhəmətin ondan əvvəl gəlsin”.Keşiş qaranlığa qərq olur.
Tamaşa bitir, zalda işıq yanır, aktyorlar təzimə çıxır, tamaşaçılar ifaçıları alqışlayıb onlarla təəssüratlarını bölüşməyə tələsir... .Teatrdan uzaqlaşsaq da, soyuq noyabr axşamında Bakı işıqları belə içindən keçdiyimiz o “qara torba” ab-havasını tamamilə dağıda bilmir. Qoy gec olmadan yolumuzu həqiqətin nuru işıqlandırsın –daha İvan İliç kimi ömrünün son anında yox. Arzu edirik ki, bu tamaşa Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində uzunömürlü olsun və gənc rejissorların yeni yaradıcılıq axtarışlarına yol açsın.
Yeganə A.Əliyeva
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi,
kulturologiya üzrə fəlsəfə doktoru,dosent,
art-kritik, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
https://yeganaaliyeva.journoportfolio.com/
