Kolleclərin ali təhsil müəssisələrinin strukturuna inteqrasiyası nəzərdə tutulur.

Bunu Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman 2026/2027-ci tədris ili üzrə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə həsr olunmuş tədbirdə deyib.

O bildirib ki, 2030-cu ilədək kolleclərin müvafiq ali təhsil müəssisələrinin tabeliyinə verilməsi və həmin müəssisələrlə birgə fəaliyyət göstərməsi nəzərdə tutulur.

Şöbə müdiri qeyd edib ki, ETN tərəfindən peşə təhsili üzrə ixtisasların yenilənməsi istiqamətində də işlər aparılıb. Kolleclərdə tədris olunan ixtisasların yüksək texniki peşə təhsili səviyyəsində tədrisi imkanları nəzərdən keçirilib, təkrarlanan ixtisasların aradan qaldırılması istiqamətində addımlar atılıb. Onun sözlərinə görə, 2027–2030-cu illərdə bu sahədə müəyyən dəyişikliklərin edilməsi gözlənilir.

Turxan Süleyman əlavə edib ki, gələcəkdə 9-cu sinifdən sonra kolleclərə qəbulun məhdudlaşdırılması, 11-ci sinifdən sonra isə qəbulun davam etdirilməsi nəzərdə tutulur. 9-cu sinif bazasından qəbulun gələcəkdə yalnız peşə təhsili müəssisələrində həyata keçirilməsi planlaşdırılır.

.