Azərbaycana ATƏT-in sədrliyinə namizədliyini irəli sürmək təklif olunub.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə birgə mətbuat konfransında Azərbaycanın ATƏT-ə sədrliyinin mümkünlüyünə münasibət bildirərkən deyib.
“Konkret ölkələrin adlarını çəkmək istəməzdim. Müxtəlif yanaşmalar və təkliflər mövcuddur. ATƏT məkanında kifayət qədər gərgin mühitin olması hər kəs üçün məqbul olan təklifin irəli sürülməsini çətinləşdirir. Azərbaycanın mövqeyi ondan ibarət idi ki, biz konsensus əsasında razılaşdırılmış istənilən namizədliyi dəstəkləməyə hazırıq. Lakin son həftələr ərzində bu məsələ ilə bağlı məsləhətləşmələrə başlanılıb. O cümlədən ölkəmizə də namizədliyini irəli sürmək təklif olunub. Yeni yanaşmalardan biri də ondan ibarətdir ki, konsensusun əldə olunması məqsədilə bir namizəd əvəzinə, növbəti illəri əhatə edən vahid paket şəklində təklif irəli sürülsün. Bizə də belə bir təklif təqdim olunub. Bildirmişik ki, Azərbaycan təşkilatın gələcəyinə öz müsbət töhfəsini verməyə hazırdır. Belə bir paket çərçivəsində ölkəmizin adı da yer alıb. Nəticənin necə olacağı ilə bağlı isə indidən fikir bildirmək istəməzdim”, - nazir qeyd edib.
.
