Gürcüstanın Batumi şəhərində “Beşiktaş” və İsrailin “Hapoel Beer-Sheva” komandaları arasındakı oyun zamanı Türkiyə futbol klubunun azarkeşləri ilə polis arasında baş verən qarşıdurma zamanı 3 polis əməkdaşı xəsarət alıb, 16 nəfər saxlanılıb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik qeyd edib ki, azarkeşlərin bir hissəsinin təxribatçı və zorakı hərəkətləri zamanı stadionun infrastrukturuna, o cümlədən oturacaqlara ziyan dəyib, həmin oturacaqları polis əməkdaşlarına atıblar.
Bildirilib ki, qarşıdurmanın qarşısını almaq, vəziyyəti sakitləşdirmək və ictimai təhlükəsizliyi təmin etmək məqsədilə polis xüsusi vasitələrdən istifadə edib. Nəticədə 3 polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb, qanunsuz hərəkətlərdə iştirak edən 16 nəfər saxlanılıb.
Qeyd edək ki, “Beşiktaş” və “Hapoel Beer-Sheva” arasında keçirilən qarşılaşma tribunada baş verən insidentlər səbəbindən təxminən 30 dəqiqə dayandırılıb. Oyun sonradan bərpa olunub və Türkiyə təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.
.
