Keçən il doğrudan da tarixi il sayıla bilər. Çünki məhz keçən 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib.

“Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik”, - deyən dövlətimizin başçısı Azərbaycanın döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və dünyanın bir nömrəli ofisində siyasi möhür vurulduğunu bildirib. “Bu, təbii ki, müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri olacaq, bəlkə də birincilər sırasında olacaq. Bu nöqteyi-nəzərdən keçən ili ölkəmiz üçün, xalqımız üçün çox uğurlu və tarixi il saymaq olar və əminəm ki, bundan sonra Azərbaycan xalqı sülh şəraitində yaşayacaq”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

2025-ci il Azərbaycan-Amerika münasibətlərinin kontekstində də tarixi il sayıla bilər

Azərbaycan-Amerika münasibətlərinin kontekstində də 2025-ci il tarixi il sayıla bilər.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Amerikadakı anti-Azərbaycan qüvvələrin, erməni lobbisinin fəaliyyəti nəticəsində qəbul olunan 907-ci düzəlişin ABŞ ilə Azərbaycan arasında genişmiqyaslı münasibətlərin qurulmasına imkan vermədiyini qeyd edən dövlətimizin başçısı artıq bu məhdudiyyətin aradan qaldırıldığını vurğulayaraq deyib: “Bunun təbii ki, iki əsas səbəbi var: Birincisi, Ermənistan-Azərbaycan müharibəsinin rəsmən sona çatması, ikincisi, Amerikada Prezident Tramp administrasiyasının hakimiyyətdə olması. Bu administrasiya çox praqmatik, çox peşəkar və Amerikanın milli maraqlarının nə olduğunu çox yaxşı bilən üzvlərdən ibarətdir, Prezident başda olmaq şərti ilə”.

Prezident İlham Əliyev özünün də iştirakı ilə Ağ Evdə keçirilən mərasimdə Prezident Donald Trampın 907-ci düzəlişə son qoymasının rəmzi məna daşıdığını ifadə edib.

Co Bayden 907-ci düzəlişin qəbul edilməsində çox böyük fəallıq göstərib

Co Bayden 907-ci düzəlişin qəbul edilməsində çox böyük fəallıq göstərib. Təkcə bu fakt kifayətdir ki, hər kəs anlasın, nə üçün bizim, həm Obama-Bayden, həm Bayden-Blinken administrasiyası ilə münasibətlərimiz istənilən səviyyədə deyildi.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.

“Obama-Bayden administrasiyası ilə əlaqələr kifayət qədər məsafəli idi, Bayden-Blinken administrasiyası isə bizim əlaqələrimizi faktiki olaraq böhrana salmışdı”, - deyə dövlətimizin başçısı bildirib.

907-ci düzəlişin aradan qaldırılmasını dayandırması Bayden-Blinken administrasiyasının nə qədər naşükür və nankor olmasını göstərir

Biz uzun illər çalışırdıq ki, bu 907-ci düzəlişi ləğv etdirək. Ancaq bu, çox çətin proses idi və sadəcə olaraq, 11 sentyabr 2001-ci il hadisələrindən sonra Amerika Prezidenti bu düzəlişi öz imzası ilə aradan qaldırdı və bu, 2024-cü ilə qədər davam edirdi.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib.

Amerikanın Əfqanıstandakı missiyası başa çatandan sonra Bayden administrasiyasının bu düzəlişin aradan qaldırılmasını dayandırdığını vurğulayan Azərbaycan Prezidenti qeyd edib: “Yəni artıq Azərbaycan onlara lazım deyildi, Əfqanıstandakı missiya başa çatmışdı və beləliklə, bu düzəliş yenidən tətbiq edilmişdi. Əlbəttə, bunun bizim iqtisadi inkişafımıza heç bir təsiri yoxdur və ola da bilməz. Ancaq bu, Bayden-Blinken administrasiyasının nə qədər naşükür və nankor olmasını bir daha göstərir”.

Biz Konqresin tamamilə absurd sayılan 907-ci düzəlişi aradan qaldıracağını gözləyirik

Tramp administrasiyasının hakimiyyətə gəlməsi ilə vəziyyət tamamilə dəyişib. İndi Amerika-Azərbaycan münasibətləri yeni səviyyəyə qalxıb və biz gözləyirik ki, Konqres bu ədalətsiz, keçmişdən qalan, bu gün tamamilə absurd sayılan düzəlişi aradan qaldıracaq.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi zamanı 907-ci düzəlişlə bağlı suala cavabında bildirib.

Bu gün Azərbaycan ərazisindən Ermənistana müxtəlif yerlərdən yüklərin getdiyini, yolların açıldığını və hətta Azərbaycanın neft məhsullarının Ermənistana ixrac edildiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Əgər 907-ci düzəlişin formal səbəbi blokada idisə, bu gün bu yoxdur. Ona görə əlbəttə, biz gözləyirik ki, Tramp administrasiyası öz imkanlarından istifadə edərək Konqres üzvlərini, xüsusilə Respublikaçılar partiyasının üzvlərini inandıra biləcək ki, bu düzəliş tamamilə aradan qaldırılmalıdır və buna ümid etmək üçün bizim kifayət qədər səbəblərimiz var”.

D-8 təşkilatına üzv olmağımızı çox böyük nailiyyət kimi qiymətləndirirəm

D-8 təşkilatına üzv olmağımızı çox böyük nailiyyət kimi qiymətləndirirəm. Çünki bu təşkilat 30 ilə yaxındır ki, yaradılmışdır və yarandığı gündən yeni üzv qəbul etməmişdir.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib.

Müsəlman dünyasının ən böyük ölkələrini birləşdirən D-8 təşkilatın yeganə yeni üzvünün Azərbaycan olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Bu təşkilatda birləşən ölkələrin ümumi əhalisi bir milyarddan, ümumi iqtisadiyyatı dörd trilyondan çoxdur. Azərbaycan nə əhali, nə iqtisadiyyat baxımından böyük ölkə sayıla bilməz. Bizim orada artıq rəsmən iştirakımız, əlbəttə ki, bizə olan hörmətin əlamətidir və bizim apardığımız müstəqil siyasətin nəticəsidir və dərhal biz fəal işlərə başladıq”.

Mərkəzi Asiyanı Qərblə coğrafi nöqteyi-nəzərdən birləşdirə biləcək yeganə etibarlı ölkə Azərbaycandır

Mərkəzi Asiya-Azərbaycan birliyi və C5-in C6-ya çevrilməsi bu gün təkcə bizim bölgəmiz üçün yox, dünya üçün böyük əhəmiyyət daşıyır. Çünki bağlantılar, nəqliyyat, logistika bu gün bir çox aparıcı beynəlxalq aktor üçün böyük önəm daşıyır və burada Mərkəzi Asiyanı Qərblə coğrafi nöqteyi-nəzərdən birləşdirə biləcək yeganə etibarlı ölkə Azərbaycandır.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib.

“Təbii ki, coğrafi nöqteyi-nəzərdən digər marşrutlardan da istifadə oluna bilər. Ancaq mövcud geosiyasi vəziyyəti nəzərə alaraq tam qətiyyətlə deyə bilərik ki, Qərb üçün alternativ marşrutlar məqbul sayıla bilməz. Ona görə bizim rolumuz, yəni canlı körpü və etibarlı tərəfdaş kimi, artıq böyük layihələri icra edə bilən ölkə kimi təbii ki, artacaq və biz bunu artıq praktik həyatda görürük”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

 Dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur, güc var, əməkdaşlıq var, müttəfiqlik var

Dünyadakı proseslər o istiqamətdə gedir ki, hər bir ölkə ilk növbədə öz hərbi potensialını, təhlükəsizliyini gücləndirməlidir.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib.

Türk Dövlətləri Təşkilatının Qəbələdəki Zirvə Görüşündə Azərbaycanda üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi təklifini xatırladan dövlətimizin başçısı deyib: “Hesab edirəm ki, buna da ehtiyac var. Biz üzv ölkələrlə ikitərəfli formatda hərbi təlimlər keçiririk. Təbii ki, ən çox Türkiyə ilə, amma digər ölkələrlə də. Ancaq birgə hərbi təlimlərin keçirilməsində həm böyük rəmzi məna ola bilər, eyni zamanda, praktik nöqteyi-nəzərdən buna ehtiyac var”.

Prezident İlham Əliyev qeyd edib ki, bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var.

Böyük əhəmiyyət daşıyan hadisələrdən biri də Çinlə strateji tərəfdaşlığımızdır 

Azərbaycan ilə Çin arasında bir il ərzində strateji, sonra isə hərtərəfli strateji tərəfdaşlıq haqqında iki sənədin imzalanması ikitərəfli iqtisadi əlaqələrin inkişafına böyük təkan verib.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib.

Ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcminin 4 milyard dolları keçdiyini vurğulayan Prezident İlham Əliyev Çin şirkətlərinin Azərbaycanda bərpaolunan enerji, nəqliyyat və digər sahələrə fəal şəkildə investisiyalar qoymağa başladığını qeyd edib.

Azərbaycanın bu regionda Çin üçün prioritet tərəfdaş olduğunu deyən dövlətimizin başçısı əldə olunmuş siyasi razılaşmalar çərçivəsində hərbi-texniki əməkdaşlığa başlandığını qeyd edib. “Bu əməkdaşlığın bir hissəsi hərbi paradda nümayiş etdirilib, amma bu, yalnız başlanğıcdır. Biz bu halda böyük qarşılıqlı maraq görürük. Bundan əlavə, hərbi texnikanın əldə olunması ilə kifayətlənməyərək, biz müştərək müəssisələrin yaradılması üzərində işləyirik və bu sahədə işlər artıq başlayıb”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Azərbaycanın hədəflərindən biri də regional Süni Zəka qovşağına çevrilməkdir

Azərbaycanın hədəflərindən biri də regional Süni Zəka qovşağına, İT mərkəzinə çevrilməkdir və hesab edirəm ki, bizim buna nail olmaq üçün potensialımız var.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib.

Azərbaycanın tərəfdaşlarla məlumat mərkəzlərinin yaradılması üzərində çalışdığını qeyd edən dövlətimizin başçısı bildirib: “Kibertəhlükəsizlik mərkəzinin yaradılması, mütəxəssislərimizin təlimi ilə bağlı planlarımız və artıq icra olunmuş layihələrimiz var - biz bir çox mütəxəssislərimizi xaricə təlimlərə göndəririk və eyni zamanda, Azərbaycanda təlimlər təşkil edirik - hədəfimiz, bağlılıqla yanaşı, Süni Zəka və İT üçün bir haba çevrilməkdir. Potensial mövcuddur. Güclü siyasi iradə mövcuddur. Əlbəttə ki, biz Amerika şirkətlərini əsas tərəfdaşlarımız hesab edirik”.

Qızıl ehtiyatlarımızı artıraraq Dövlət Neft Fondu yalnız buna görə 10 milyard ABŞ dollarından artıq vəsait qazandı

Ötən il biz həm də qızıl ehtiyatlarımızı artırmaq üçün strateji qərar qəbul etdik. Biz geosiyasi müstəvidə cərəyan edən hadisələri açıq-aydın görürdük və mən tamamilə əmin idim ki, qızılın qiyməti artacaq və qiymət kəllə-çarxa çıxdı.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Bu qərarın Azərbaycana çoxlu gəlir gətirdiyini vurğulayan dövlətimizin başçısı qeyd edib: “Qızıl ehtiyatlarımızı artıraraq Dövlət Neft Fondu yalnız buna görə 10 milyard ABŞ dollarından artıq vəsait qazandı. Lakin qızılın qiyməti aşağı düşərsə, əlbəttə ki, bizim ehtiyatlarımız da azalacaq. Beləliklə, bu gün bizim ehtiyatlarımız hər gün dəyişir. Bu gün ola bilsin 84 və ya 83 milyarddır. Sabah 85 olacaq. Buna baxmayaraq, bu, dünyada adambaşına düşən ehtiyatlar nöqteyi-nəzərindən istənilən ölkədə olan ən yüksək göstəricilərdən biridir”.

Bizim bütün siyasətimiz həm sosialyönümlü, həm də investisiyayönümlüdür

Bizim bütün siyasətimiz həm sosialyönümlüdür, həm də ki, investisiyayönümlüdür. Hər ikisi arasında çox həssas balans, tarazlıq olmalıdır.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib.

Azərbaycanın iqtisadi islahatlar həyata keçirərək, neft-qaz layihələrini icra edərək əldə edilən gəlirləri sosial sahəyə yönəltdiyini vurğulayan dövlətimizin başçısı deyib: “İşğal dövründə bizim əsas xərclərimiz hərbi təyinatlı xərclər idi, ondan sonra təhsil xərcləri idi, ondan sonra məcburi köçkünlər üçün nəzərdə tutulan xərclər idi. Biz işğal dövründə 300 mindən çox köçkünü yeni evlərlə, mənzillərlə təmin etmişdik, 100-dən çox şəhərcik inşa olunmuşdur”.

Vaxtilə bu sahədə olan pozuntuların, ədalətsizliklərin aradan qaldırıldığını, şəffaf mexanizmin tətbiq olunduğu qeyd edən Azərbaycan Prezidenti bildirib: “Bu, bizə imkan verib ki, biz bir neçə ciddi sosial islahat paketi icra etmişik, daha doğrusu, son yeddi il ərzində 5 sosial islahat paketi icra edilmişdir. Bu islahatların əhatə dairəsi 4 milyon insandır və təqribən 8 milyard manata yaxın olan vəsaitdir”.

İşğaldan azad edilən bölgələri bir-biri ilə bağlamaq bizim əsas vəzifəmizdir

İşğaldan azad edilən bölgəni bir-biri ilə bağlamaq bizim əsas vəzifəmizdir və bu bölgəni Azərbaycanın digər bölgələri ilə - Kəlbəcər vasitəsilə Gəncə-Qərb istiqaməti, Tərtər-Bərdə-Bakı istiqaməti, Füzuli-Biləsuvar-Cənub istiqaməti, beləliklə, ölkədə bağlantılar daha etibarlı olacaq, yola sərf edilən məsafə qısa olacaq.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib.

Dəmir yolu, avtomobil yolları, gələcəkdə hava yollarının istifadəsinin insanların ölkə daxilində miqrasiyasını gücləndirəcəyini vurğulayan dövlətimizin başçısı bildirib: “Şərt deyil ki, hamı Bakıya gəlsin. Əksinə, bu gün misalçün Xankəndi kimi şəhərə Bakıdan, Naxçıvandan, başqa yerlərdən gəlirlər. Xankəndi və Ağdam azad edilmiş bölgələrin əsas şəhərləri olacaq”.

Azərbaycan Prezidenti azad edilmiş ərazilərdə artıq 70 min insanın yaşadığını qeyd edərək deyib: “Ola bilər 120, 130, 140 min əhali bu ilin sonuna qədər orada yaşayacaq, çalışacaq”.

Naxçıvanı Türkiyə ilə də birləşdirə biləcək dəmir yolu mütləq olmalıdır

Naxçıvanı Türkiyə ilə də birləşdirə biləcək dəmir yolu mütləq olmalıdır və bütün bu layihələr təbii ki, koordinasiya şəklində aparılmalıdır.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib.

Azərbaycanda bütün yolların daha tez həll oluna biləcəyini vurğulayan dövlətimizin başçısı ölkəmizin ərazisində Zəngəzur dəhlizi ilə bağlı artıq heç bir problemin qalmadığını qeyd edib.

Azərbaycanın təşəbbüsü ilə Ağbənd qəsəbəsində Arazın üzərindən körpünün də inşa edildiyini deyən Prezident İlham Əliyev bildirib: “Hazırda Azərbaycanın əsas hissəsindən Naxçıvana getmək üçün Biləsuvardan uzun yol qət edilməlidir. İndi isə İran ərazisindən Naxçıvana cəmi 45-50 kilometr gediş olacaq. Beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında iki bağlantı olacaq, biri Ermənistan üzərindən, biri isə İran üzərindən. Biz faktiki olaraq, Naxçıvanı, Şərqi Zəngəzuru və Qarabağı bir bölgə kimi birləşdirəcəyik.

“Qarabağda və Şərqi Zəngəzurda gedən quruculuq işlərinə paralel olaraq Naxçıvan Muxtar Respublikasında da istər yaşıl enerji olsun, istər kənd təsərrüfatı, istər suvarma, - indi orada böyük suvarma layihələri icra ediləcək, - istər turizm, bu bölgəni biz birləşdirəcəyik. Mən bunu bir daha demək istəyirəm, biz bunu onsuz da edəcəkdik, amma yaxşı ki, bunu sülh yolu ilə edirik”, - Azərbaycan Prezidenti deyib.

Ermənistanın da bundan ancaq fayda görəcəyini qeyd edən Prezident İlham Əliyev vurğulayıb: “Çünki Ermənistan indiki dalan vəziyyətindən çıxa bilər və çıxacaq. Azərbaycanla Ermənistan arasında yollar açılacaq. Türkiyə ilə Ermənistan arasında yollar açılacaq. Ermənistan Naxçıvan vasitəsilə İranın dəmir yollarına, Azərbaycan vasitəsilə Rusiyanın dəmir yollarına çıxış əldə edəcək. Yəni bu, Ermənistan üçün də faydalıdır. Burada uduzan tərəflər olmamalıdır. Hər halda iqtisadi və nəqliyyat nöqteyi-nəzərindən uduzan tərəf olmayacaq. Əgər kimsə özünü siyasi cəhətdən uduzmuş hesab edirsə, bu, necə deyərlər, onun problemidir. Amma əgər hər kəs bu məsələyə praqmatizm nöqteyi-nəzərindən baxsa, burada özü üçün xeyirli bir iş görə bilər”.

Beş il ərzində ordu quruculuğu ilə fəal şəkildə məşğul olmuşuq

Bu beş il ərzində biz ordu quruculuğu ilə fəal şəkildə məşğul olmuşuq və necə deyərlər, qazandığımız uğurlardan arxayınlaşmamışıq.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Dövlətimizin başçısı diqqətə çatdırıb ki, şanlı Zəfərimizdən sonra arxayınlaşmamalıyıq: “Xüsusilə İkinci Qarabağ müharibəsi həm güclü tərəflərimizi, həm də daha yaxşı nəticələr əldə etmək də daxil olmaqla, idarəetməni təkmilləşdirmək üçün fəal şəkildə işləməli olduğumuz sahələri açıq şəkildə nümayiş etdirdi. Çünki hətta Zəfərlə nəticələnsə və bizimki kimi müzəffər olsa belə, nəticə çıxarmaq üçün həmişə əvəzsiz bir təcrübədir. Mən məhz bunu əsas götürdüm”.

Bir çoxları bizim uğurumuzu təkrar etmək istərdi, amma bu, heç kimə müyəssər olmayıb

Zənnimcə, bizim İkinci Qarabağ müharibəsindəki Qələbəmiz həm siyasi, həm də xarakterli çox böyük layları yerindən oynadıb. Yəqin ki, bir çoxları bizim uğurumuzu təkrar etmək istərdi, amma bu, heç kimə müyəssər olmayıb.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Dövlətimizin başçısı qeyd edib: “Ümidvaram ki, bu gün hələ də döyüşən tərəflər anlayacaqlar ki, müharibə bir ölkə və yaxud insanın başına gələcək ən pis şeydir. Mən bunu tam məsuliyyətlə deyirəm. Bu, ən pis sayılmalıdır. Ən yaxşı isə sülhdür. Amma sülh olması üçün güclü olmalısan, beləliklə, bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”.

Artıq 7 özəl şirkət hərbi təyinatlı məhsulun istehsalına başlayıb

Mənim Sərəncamımla hələ 20 il bundan əvvəl Müdafiə Sənayesi Nazirliyi yaradılanda, o vaxt biz bunu dövlət inhisarında olan sahə kimi qiymətləndirirdik. Ancaq illər keçdikcə və xüsusilə beynəlxalq təcrübəyə baxdıqda gördük ki, bir çox ölkələrdə aparıcı rollarda özəl şirkətlərdir. Bir də ki, özəl şirkətləri bu işə cəlb etməklə biz dövlət üzərinə düşən yükü də, maliyyə yükünü də azaltmış ola bilərik. Ona görə son iki il ərzində dövlət şirkəti ilə bərabər özəl şirkətlərə də imkanlar verildi.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.

“Bu günə qədər 15 şirkətə lisenziya verilib, təbii ki, bu sahə lisenziya tələb edən sahədir. Artıq 7 özəl şirkət hərbi təyinatlı məhsulun istehsalına başlayıb. Əgər biz qoyulan sərmayənin həcminə baxsaq görərik ki, yeni istehsal sahələri yaratmaq və mövcud olanları genişləndirmək üçün 2024-2025-ci illərdə bir milyard manat dəyərində sərmayə qoyulub. Bunun da yarısı özəl sektor tərəfindən qoyulubdur. Yenə də bu sahə ictimaiyyət üçün bir qədər qapalı olduğu üçün geniş məlumat verilmir. Ancaq bu proses çox geniş vüsət alıb”, - deyə dövlətimizin başçısı əlavə edib.

Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir

Biz keçən il 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal etmişik. Onun böyük hissəsi Azərbaycan Silahlı Qüvvələrinə verilib, bir hissəsi isə ixrac olunub. Bu gün Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.

“Yeniliklərdən biri də odur ki, biz böyük, dünyanın aparıcı müdafiə sənayesi şirkətləri ilə Azərbaycanda birgə müəssisələr yaratmışıq. Burada həm pilotsuz uçuş aparatları, artilleriya qurğuları, digər vasitələr, silah-sursat istehsalı nəzərdə tutulur”, - deyə dövlətimizin başçısı bildirib.

Biz BMT Nizamnaməsi üzərində olan dünyada yaşamırıq, torpaq üzərində yaşayırıq, ona görə də güclü olmalıyıq

Təəssüf ki, beynəlxalq hüququn norma və prinsipləri faktiki olaraq işləmir. Azərbaycan isə beynəlxalq hüququn işləməməsinin ilk qurbanlarından biri olmuşdur.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib.

BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsinin 27 il ərzində kağız üzərində qaldığını deyən dövlətimizin başçısı vurğulayıb ki, əgər biz öz torpaqlarımızı güc yolu ilə azad etməsəydik, onlar əbədi olaraq icrasız qalacaqdı.

İkinci Qarabağ müharibəsindən ötən beş ildə yeni reallıqların bütün dünya, beynəlxalq ictimaiyyət, o cümlədən aparıcı ölkələr və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul olunduğunu xatırladan Azərbaycan Prezidenti qeyd edib: “Biz kağız - BMT Nizamnaməsi üzərində olan dünyada yaşamırıq, torpaq üzərində yaşayırıq. Ona görə də, güclü olmalıyıq, biz də bunu etməyə çalışırıq. Mən hər bir ölkəyə bunu tövsiyə edirəm”.

Biz kiminsə naminə azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində deyilik

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Qəzza zolağında mümkün beynəlxalq missiyalarda Azərbaycanın iştirakı ilə bağlı yayılan məlumatlara da münasibət bildirib.

Dövlətimizin başçısı bu məsələdə kimin mandat verəcəyi və onun necə olacağının indiyədək aydın olmadığını qeyd edərək, Azərbaycanın “peace enforcement” əməliyyatlarında iştirak etməyi nəzərdə tutmadığını vurğulayıb.

“Azərbaycanın hüdudlarından kənarda döyüşlərdə iştirak etmək mənim tərəfimdən, ümumiyyətlə, nəzərdə tutulmur”, - deyən dövlətimizin başçısı bildirib ki, biz kiminsə naminə azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində deyilik. “Bizim başımız bəlada olanda öz taleyimizin hökmünə buraxılmışdıq. Heç kim bizi müdafiə etmirdi. O cümlədən Fələstinə bütün hörmətimə və dərdlərinə şərik olmağıma rəğmən. Axı, Fələstin də bizi elə də müdafiə etmirdi. Bəli, İslam Əməkdaşlıq Təşkilatının hamının dəstəklədiyi qətnamələri var idi. Biz buna görə bütün ölkələrə minnətdarıq, eynilə Azərbaycan da həm BMT-də, həm Qoşulmama Hərəkatında, həm də İslam Əməkdaşlıq Təşkilatında həmişə Fələstini və Fələstin dövlətinin yaradılmasını dəstəkləyib. Azərbaycanda Fələstinin səfirliyi də fəaliyyət göstərir, həm də Azərbaycanın maliyyə yardımı sayəsində. Ona görə də mənim mövqeyim həmişə ondan ibarət olub ki, ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özləri həll etməlidir”.

Bizim qısamüddətli planlarımız 8 giqavat enerji əldə etməkdir

Günəş və külək elektrik stansiyalarının xəritəsi təsdiqlənib, həm quruda, həm də dənizdə, o cümlədən azad edilmiş torpaqlarda.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.

“Hazırda bizim əsas vəzifəmiz enerji mənbələrini qəbuletmə imkanlarını genişləndirməkdir. Çünki mövcud olan planlara görə, 2030-cu ilə qədər 6000 meqavat, 2032-ci ilə qədər isə 8000 meqavat Günəş, külək və su enerjisi bizim sistemimizə daxil ediləcək. Yəni bunu qəbul etmək, həzm etmək üçün biz enerji sistemimizi gücləndirməliyik. Buna “Energy Grid” deyirlər”, - deyə dövlətimizin başçısı qeyd edib.

Prezident İlham Əliyev bildirib ki, bununla paralel olaraq batareya saxlanc sistemləri də qurulmalıdır: “Biz ilkin mərhələdə xarici şirkətlərə müraciət etdik ki, onlar investor kimi bu işi görsünlər. Amma gördük ki, böyük maraq yoxdur. Yəni dövlət xətti ilə təxminən 250 meqavat gücündə birinci batareyalar artıq quraşdırılır, amma daha da çox olacaq. Çünki bizim, yenə də deyirəm, qısamüddətli planlarımız 8 giqavat enerji əldə etməkdir”.

Həcm və coğrafiya baxımından qaz ixracımız artır

Həcm və coğrafiya baxımından bizim qaz ixracımız artır. Biz indiyədək 11-i müntəzəm əsasda olmaqla, 14 ölkəni qazla təchiz etmişik.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.

“Elə ölkələr var ki, onlar 2024-cü ildə bizdən qaz əldə edib, lakin sonra başqa mənbələrlə əlaqədar dayandırıb. Bu, bir növ tələbata əsaslanır, onların ehtiyacı olanda biz təchizata başlayırıq, ehtiyacı olmayanda dayandırırıq. Lakin ümumilikdə Azərbaycanın boru kəməri vasitəsilə qaz nəqlinin coğrafi əhatə dairəsi 14 ölkədən ibarətdir. Bu il onlara daha iki Avropa ölkəsi əlavə olunacaq. Ümumilikdə 16 ölkə olacaq, bu, boru kəməri qazı ilə bağlı ən böyük rəqəmdir. Dünyada heç bir ölkə Azərbaycan kimi bu qədər ölkəni boru kəməri vasitəsilə qazla təchiz etmir. Ötən il bizim ixracımız artım potensialına malik olmaqla, 25 milyard kubmetrdən çox olub”, - deyə dövlətimizin başçısı bildirib.

Azərbaycan Prezidenti: Biz bütün dövrlərdə dilimizi qorumuşuq

Biz bütün dövrlər ərzində dilimizi qorumuşuq və bu gün danışdığımız Azərbaycan dili bizim ulu babalarımızın danışdığı Azərbaycan dilindən fərqlənmir. Bu, böyük nailiyyətdir. Mən hesab edirəm ki, xalqımızın böyüklüyüdür ki, biz başqa dillərin təsirinə düşməmişik.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.

“Düzdür, sovet vaxtında bizim leksikonumuza bəzi kəlmələr daxil olmuşdur. Mən beynəlxalq leksikondan gələn kəlmələri nəzərdə tutmuram. Amma prinsip etibarilə müstəqillik dövründə biz özümüzü onlardan təmizləyə bildik”, - deyə dövlətimizin başçısı əlavə edib.

Prezident İlham Əliyev daha sonra Azərbaycan dilini qorumağın hər bir şəxsin vəzifəsi olduğunu bildirib.

"Əgər biz müstəmləkəçilik illərində dilimizi qoruya bilmişiksə və bizim əcdadlarımız onu bizə əmanət veriblərsə, necə ola bilər ki, biz bu gün dilimizi qorumayaq? Bəzən bilərəkdən, bəzən bilməyərəkdən dilimizə daxil olan xarici kəlmələr - onlar dilimizi zənginləşdirmir və o kəlmələri istifadə edənləri daha ağıllı etmir. Çox dil bilmək yaxşıdır, mən də onun tərəfdarıyam. Amma sən xarici dillərdə lazım olan vaxtda danış, biz öz dilimizi qorumalıyıq. Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş. Bəlkə də özümüz heç buna fikir vermirik, damcı-damcı sarsıdır. Dil əldən gedəndən sonra, yaxud da ki, pozulandan sonra, ya da başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək, ondan sonra, Allah eləməsin, ölkəmiz də, necə deyərlər, böyük fəlakətlə üzləşə bilər. Ona görə Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir. Bunu mən tam əminliklə deyirəm və hamını bu mübarizəyə dəvət edirəm”, - deyə dövlətimizin başçısı bildirib.

Elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik

Əgər biz doğrudan da elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik. Bu, qaçılmazdır. Biz bunu etməsək, onda inkişafın da müəyyən məhdudiyyətləri olacaq.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.

İnkişaf etmiş ölkələrin inkişafının neftlə, qazla yox, ancaq zəka, ağıl, təhsil və elmlə bağlı olduğunu vurğulayan dövlətimizin başçısı son 20 ildə Azərbaycanda yeni ali təhsil müəssisəsinin yaradıldığını qeyd edərək deyib: “Bu, dövlətin niyyətidir, dövlətin siyasətidir. Təhsilin keyfiyyətinin, müəllimlərin sosial təminatının və peşəkarlığın artırılması, test sistemi və sair. Bütün bu amillər bir məqsəd güdür ki, cəmiyyət savadlı və bilikli olsun. Ancaq o halda biz uzunmüddətli inkişafa nail ola bilərik. Yox, olmazsa, neftimiz, qazımız qurtarandan sonra biz çox ağır vəziyyətə düşə bilərik”.

Azərbaycan qlobal səviyyədə ən təhlükəsiz məkanlardan biri hesab edilə bilər

Azərbaycan qlobal səviyyədə ən təhlükəsiz məkanlardan biri hesab edilə bilər.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Azərbaycanı turistlər üçün cəlb edən meyarlardan söz açan dövlətimizin başçısı, həmçinin qeyd edib ki, iki aydan sonra Şahdağda ilk dəfə Xizəksürmə üzrə dünya çempionatı olacaq. “Dünya çempionatı Şahdağda ilk dəfə keçiriləcək. Ölkəmiz Beynəlxalq Xizək Federasiyasının təqviminə artıq daxil edilib. Azərbaycan cənub ölkəsidir. Çimərliklər buradan uzaqda deyil. Öz həcminə, miqyasına və gözəlliyinə görə nadir olan “Sea Breeze” böyük tikinti layihəsi həyata keçirilir. Dünyanın heç bir yerində buna oxşar layihə yoxdur. Bir məkanda həm mehmanxana, həm əyləncə, həm yaşayış yerləri və digər imkanlar mövcuddur”, - deyə Prezident əlavə edib.

Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bəlkə də bütövlükdə ölkəyə tətbiq edilə bilər

Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bir gün ölkənin müxtəlif yerlərinə, bəlkə də bütövlükdə ölkəyə tətbiq oluna bilər. Çünki bu da operativ, çevik və daha az məmurun iştirakını tələb edən üsuli-idarə metodudur.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Ümumi inkişafımız üçün hər bir insanın, xüsusilə vəzifə sahibinin ürəklə işləməli olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Xüsusilə belə möhtəşəm və tarixi Zəfərdən sonra cəmiyyətdə indi bu qədər xoş əhvali-ruhiyyə var. Biz hamımız son beş ili, necə deyərlər, qürurlu, xoşbəxt insanlar kimi yaşayırıq. Ona görə biz hamımız cəmiyyətdə olan problemlərə, kadrlarla bağlı məmur özbaşınalığına daha dözülməz olmalıyıq, mən başda olmaqla, hamımız daha dözülməz olmalıyıq”.

.