İran və ABŞ arasındakı razılaşma dünyanın gündəmində hələ də ön sıradadırlar. Dünya mediası hər gün əldə edilən razılaşmaya müxtəlif aspektlərdən yanaşır, bunun Yaxın Şərqdə baş verəcək müsbət dəyişikliklərə, dünya iqtisadiyyatında canlanmaya yozurlar. Amma nədənsə dünənə qədər yazdıqlarını, səpdikləri toxumları unudurlar. Görünür bu da əldə edilən razılaşmanın tərkib hissəsidir.
Gəlin birlikdə xatırlayaq, görək nədir dünən deyiləcək qədər yaxında yazılanlar? Necə oldu birdən-birə ABŞ İrana tətbiq etdiyi otuz illik embarqonu başa çatdırmaq qərarına gəldi? Necə oldu ki, İsrail ilə göbək-kəsdi olan ABŞ, bu gün sabah İrana hücum edəcəyini tez-tez açıqladığı halda, qəfildən körpüləri yenidən qurmağa başladı?
Hadisələri ölkəmiz və bölgə təhlükəsizliyi baxımından yaxşı analiz etmək lazımdır.
Bu gün Azərbaycan mediasında olduqca dayaz açıqlamaların edildiyini görürük. Guya bu danışıqlar bölgədə sülhə yardım edəcək, ölkəmizin iqtisadiyyatına da faydası olacaq. Bəziləri isə birjada artımın olacağı və neft qiymətlərinin enəcəyi üzərində ssenarilər irəli sürürlər.
Amma unudulan bir məsələ var: ABŞ-ın çoxistiqamətli siyasəti. Baş verən dəyişikliyin köklü səbəbi ABŞ-ın Suriyada Rusiya maneəsinə ilişməsindən qaynaqlanır. ABŞ-ın həyata keçirdikləri və atdığı addım Rusiya-İran ittifaqı maneəsini keçmək üçün yeni bir taktikadır.
Son zamanlar İranın Rusiya ilə birlikdə hərəkət etməsi ABŞ-ın oyunlarını pozduğu üçün sünni İslam dünyası ilə deyil, şiələrlə birlikdə hərəkət etmək, daha sonra isə Rusiyanı siyasi və diplomatik olaraq təkləmək istəyidir.
Bu razılaşmadan əvvəl ABŞ-ın strateji ortağı olan Türkiyə hökumətinin də İraqla danışıqları, İraqdakı şiə liderlərlə görüşləri, tətbiq olunan xarici siyasətdə cizilən "U” fiquru da eyni taktikanın nəticəsidir.
İran ilə Türkiyənin Suriyada sülhün bərqərar olması yönündə birgə hərəkətə başlamaları da əhəmiyyətlidir. Görünən odur ki, hər çıxışında Suriyaya hərbi müdaxilənin olmasını istəyən Ərdoğanın Suriya mövzusunda da geri addım atacağı, siyasətini dəyişəcəyi planın tərkib hissəsidir.
Mənzərəyə diqqət etdikdə isə müşahidə edilən budur: yağış yağdıqda yağışa, günəş çıxdıqda günəşə sitayiş edən bir siyasət anlayışına sahib olanlar və sabit siyasət yürüdən, 30 ildir eyni şeyi deyən İran. Birincilər üçün fərqi yoxdur; bu gün düşmən olduqlarına sabah qucaq açacaqlar, eləcə də əksinə. Amma ikincilərə fərq var: İsrail və onu dəstəkləyən ABŞ düşməndir, danışıqlar masası hər zaman hazırdır, nüvə haqqından da imtina etmək fikrində deyil.
ABŞ-ın da strategiyası dəyişməyib, dəyişən yalnız taktikadır. ABŞ-ın Orta Şərq coğrafiyasındakı hədəfi müəyyəndir, Böyük Orta Şərq layihəsini necə olursa olsun həyata keçirmək niyyətindədir. Bir misalı qeyd etmək yerinə düşərdi; əgər ABŞ-ın İrana qarşı strategiyası dəyişibsə, onda bu danışıqlardan öncə Türkiyə ərazisində qurulan RƏM sistemləri fəaliyyətini dayandırmalı və ya bu barədə açıqlama verilməliydi. Çünki elə dünənə qədər RƏM sisteminin əsas hədəfinin birincisinin İran olduğu deyilirdi. Bu razılaşmadan sonra belə, raket sisteminin fəaliyyəti dayandırılmadı, əksinə, NATO-nun müdafiə sisteminin, başqa adı ilə desək hücum cihazlarının qalacağı bildirilir. Hadisələrin bu cür gedişi əvvəla onu göstərir ki, razılaşmada əldə edilən 6 aylıq müddət bitdikdən sonra da bu proses baş tutmayacaq. Yəni əvvəllər olduğu kimi yenə də həmin zaman kəsimi başa çatdıqdan sonra bir bəhanə ilə "şərtlərə əməl edilmədi” deyiləcək. Embarqolar, sanksiyalar qüvvəsində qalacaq. Çünki bu, bir siyasətdir, necə ki, 60 ildir Fələstində sürdürülür. Danışıqlar masasında əldə edilmiş atəşkəs razılaşması və göstərilən müddətin başa çatmasına bir neçə gün qalmış təxribatçı bir raket hər şeyi sıfır nöqtəsinə gətirir.
Digər bir yön isə ondan ibarətdir ki, uzunmüddətli təzyiq siyasəti heç nəyi dəyişmədiyi üçün yaxınlaşma yolunu tutmaq. Çünki təzyiq siyasətinin sonu müharibədir ki, 16 trilyonluq dövlət borcu, İraq, Əfqanıstan müharibələri, Suriya və Liviyadakı mübarizəyə edilən yardımlar, iqtisadi tənəzzül bunu mümkünsüz edir. Bu mümkünsüzlükdən çıxış yolu isə yaxınlaşma ilə narazı İran xalqının könlünü almaq, perspektiv siyasətdə müqavilələr bağlamaq, Avropanı Rusiyanın qaz asılılığından xilas etmək, Rusiya-İran-Çin əlaqələrini qırmaq və getdikcə İran daxilinə nüfuz edərək, istəyinə nail olmaqdır.
Qısası, ABŞ-ın Böyük Orta Şərq layihəsi sərf təbii ehtiyatların mənimsənilməsinə yönəldilib və bu siyasətdə sülh deyil, işğal edib mənimsəmə öndədir. Ya tabe olmalısan, ya da uzun illər mübarizə aparıb haqqını, mövcudluğunu qorumalısan./FaktXeber/
.
