
Tarix Əliyevin bioqrafiyasın yazmaq fikim yoxdur bu yazıda . Onu Tolikə çevirən və Tolik kimilərini məşhur edən cibgüdən şou istehsalçıları və cılız təfəkkürə malik istehlakçıların eləcə də bunda bilavasitə maraqlı olan şəxslərin bütöv cəmiyyətə təsirini araşdırmaq istərdim. Aydın məsələdir ki,nə qədər qeyri-ciddi yanaşsaq da şou -biznes anlayışı artıq mədəniyyətin ayrılmaz hissəsinə çevrilib. Hətta KİV-lər də xəbər bülletenini çatdırarkən mədəniyyət xəbərlərini böyük ölçüdə şou adamlarının şəxsi həyatı üzərində qurur. Əyləncənin bazara çıxış mahiyyətini daşıyan şou-biznes nə dərəcədə mədəni fenomen anlamına gələ bilər bu artıq başqa söhbətin mövzusudur. Şou-biznes istehsalçıları və istehlakçıları arasındakı qarşılıqlı münasibəti araşdırsaq heç bir cəmiyyətdə nə diskdaşıyan Tolik prodüsser hesab olunar, nə də Rəqsanə şou-ulduz.Odur ki, analoqu olmayan inikaslarla zəngin olan cəmiyyətimizin şou anlayışını analiz etmək yerinə düşərdi. XX əsrdən formalaşmağa başlayan şou-biznes məfhumu günümüzdə ən çox gəlir gətirən sahələrdən biridir.Özündə əsil incəsənəti ehtiva etməyən və bir qədər yüngülməcazlığı təbliğ edən şou-biznes çərçivəsində normal təfəkkür mexanizminə malik cəmiyyətlər öz maddi və mənəvi estetik sərvətlərini də istehlakçılara çatdırmaq haqqında düşünür.Bu prossesdə də hər iki tərəfin qarşılıqlı anlaşmasının olduğunu nəzərə alsaq öz vəzifəsini anlamayan buyuruq adamlarının prodüsser adlandırıldığı, hər hansı ifası ilə yadda qalmayan,şəxsi keyfiyyətlərinə nəzər salarkən intellekt və istedaddan başqa hansı xüsusiyyət desən aşkarlanması mümkün olan müğənnilərin ali silk sayıldığı cəmiyyətimizdə bu mədəni mühafizənin mövcudluğu təbii ki,ağlabatan deyil.Yüngül məfhumunun özünü belə olduğundan yüngül qəbul edən cəmiyyətimizin şou-biznes inikası toy bazarı ilə məhdudlaşır.İstər vizual xarizma, istərsə də istedaddan kənar olan toy müğənniləri ilə zəngin olan Azərbaycan "şou-biznesi" qədər bu millətin təfəkkürünü zədələyən məfhum yoxdur.Bunda da birbaşa maraqlı olan televiziyalar sanki proletariatın başını qarışdırmaq məqsədi güdür.Gündəlik proqram bülletenləri növbə ilə Corc Oruellin "1984" romanındakı şərti ad verilən məlum personajlarla eyni funksiya icra edən müğənnilərin ixtiyarına verilir.Öz şəxsi həyatlarından sponsor və ya müştərilərindən danışaraq, məişət üslubundan kənara çıxmayan nitqləri ilə sadə xalqın diqqətini cəlb edən bu təbəqə zaman keçdikcə şüuraltı olaraq insanların gündəlik həyatında mühüm rol oynamağa başlayır.Kimisi onların geyimlərinə həsəd aparır, kimisi avtomobilllərinə, kimisi isə dəbdəbəli evlərinə.Xüsusən kənd həyatı yaşayan sosial təbəqə bu şəxsləri özlərinə kumir seçir.Mütaliədən kənar olan bu "kumirlərin" hər hansi birinin aylıq gəlirindən geri qalan və günümüzdə kitab mədəniyyətini az-çox bizlərə qaytaran adını çəkmək istəmədiyim nəşriyyatın gəlirlərini hesablayan aiddiyyatı dövlət orqanlarının məqsədi qaranlıq olduğu qədər də aydındır.Hər halda proletariatın əlinə kitab verməklə təfəkkür inqilabı təhlükəsi yaratmaqdansa Rəqsanə və Hüseyn(reper) kimilərinin timsalında canlı həyat " romanı" yaradan televiziyaların birbaşa təsir obyekti məhz bədbəxt düşüncəlilərdir.Nadirin soyuducusunu açıb professorun soyuducusu ilə müqayisə etməsində bilavasitə maraqlı olan televiyadan başqa nə gözləmək olar ki ?! Tibb universitetinin dosenti, illərini elmə vermiş Rəşid Mahmudovu açıq fikirliyinə görə efirdən məhrum edən antidemokratlardan başqa nə gözləmək olar ki ?!
Odur ki, daha rahat qəbul olunan və yüngül "həzm olunan" ,aralarındakı konfliktlərin silsilə xarakteri ilə diqqəti cəlb edən dırnaqarası şou adamları daha yaxşı alternativdir.Xüsusən keçən onilliyin əvvəlindən başlayaraq sonunadək davam edən maqazin proqramlarının reytinqi bunun əyani sübutudur.Son iki-üç ildə az-çox irəliləyiş hiss olunur ki, bunu da subyektiv olaraq fikir mübadiləsi üçün ən uğurlu variant olan sosial şəbəkə mədəniyyətinin formalaşması və bunun da nəticəsində kitab mədəniyyətinin yenidən qayıtması ilə bağlayardım...Hər halda daha Zaur kimilərinin Aygünün alt paltarlarını saxladığı siyirtməsinə əl gəzdirməsini görmək məcburiyyətində deyilik...Hələlik Markın canına sağlıq deyib mövzuya üç nöqtə qoyaq...
Sahib Əsədbəyli
.