Bismilləhir-Rahmənir-Rahim!

Salam olsun Hüseynə (ə)!

Salam olsun Əba Əbdillahın (ə) izzətli məsləkdaşlarına!

Salam olsun Kərbəla çölündə Aşura günü o səhnələri müşahidə edən və yaşadan Kərbəladakı ailələrə!

Salam olsun Zeynəbə (s.ə)!

Salam olsun Aşura günü orada o həqiqətləri yaşayan və görən məsum körpələrə!

Artıq 1 aya yaxındır ki, dünyanın hər bir yerində Hüseynsevərlər, Əba Əbdillaha (ə) məhəbbəti olanlar məclislər qurarlar, əzadarlıq edərlər, Aşura günü baş verənləri əqli müstəvidə, zövqlər müstəvisində, rövzələrlə, növhələrlə, mərsiyələrlə, əzadarlıqlarla xatırlayarlar. Çünki Aşura məktəbini anlamaq üçün gərək insanın bütün tutumları işə düşsün. Aşura günü o qədər tutumlu, o qədər dərin bir gündür ki, əql, qəlb, zövq - bunlar hamısı gərək bir yerə yığışsın ki, bəlkə insan Aşura gününün gerçəkliyindən bir şey anlasın.

Üç fenomeni birləşdirən amillər

Keçən bəhslərimizdə vurğuladıq ki, Aşuranın içərisində baş verənləri ayrılıqda təhlil etmək çətindir. Aşura günü baş verənləri tam anlamaq üçün öncə Əba Əbdillahın (ə) kim olduğunu gərək anlayaq. Əba Əbdillahın (ə) kim olduğunu bilmədən, İslam ümmətində yerini anlamadan, Əhli-beytin (ə) məqamını dərk etmədən Aşura günü Kərbəla çölündə baş verənləri yalnız tarixi anlamdan izah etmək olar.
Günümüzdə də bəzən Aşura gününü yalnız tarixi anlamda çatdırmağa cəhdlər olur. Düşmənin istəyi də budur ki, Aşura yalnız bu cür dar kontekstdə təqdim edilsin. Əgər Aşura bu cür təqdim olunar və çatdırılarsa, bu, özü böyük bir müsibət olar. Bu çatdırışda İmam Hüseynin (ə) kimliyi, Əhli-beytin (ə) məqamı, Aşura günü Əba Əbdillahın (ə) öz ailəsi ilə Kərbəlaya niyə gəlməsi bəlli olmur. Aşuranı tam şəkildə dərk etmək üçün gərək Aşuradan öncəni və Aşuradan sonranı təhlil edək.
Qədir-Xum, Aşura və Zühur - İslamın və xüsusilə Əhli-beyt (ə) məktəbinin bu üç sütunu birlikdə təhlil edilməlidir. Qədir-Xum günündə Həzrət Peyğəmbər (s) İmam Əlini (ə) özündən sonra ümmətin rəhbəri olaraq təqdim etdi. Burada İmam Əlini (ə) təbrik edən onminlərin içində sonradan tək-tük adam qaldı ki, beyətinə sadiq qaldı, İlahi seçimə, Peyğəmbər (s) vəsiyyətinə sayğı göstərdi.
Bəli, Qədir-Xuma işıq salmadan Aşuranı təhlil etmək - yarımçıqdır. Qədir-Xum və Aşuranı, Aşuradan sonrakı prosesləri nəzərə almadan təhlil etmək də yarımçıqdır. Bunu tam anlamaq üçün Zəmanə Sahibinin (ə.f) zühuru məsələsi də gərək diqqətə alınsın və bunlar kompleks şəklində təhlil edilsin. 12-ci İmamın (ə.f) qeybdə olması və zühurunun təxirə salınması, Qədir-Xum və Aşura ilə vücudən bağlıdır. İstər Qədir-Xumdan sonrakı sürəclərdə, istər Aşurada baş verən müsibətdə, istərsə də Həzrət Mehdinin (ə.f) qeybə çəkilməsində eyni amillər rol oynayır - ümmətin ümumi laqeydliyi, böyük hissəsinin dünyapərəstlyi, bəsirətsizliyi, qeyri-prinsipiallığı və s. Və Həzrət Mehdinin (ə.f) davam edən qeybi, o Həzrətin (ə.f) zühurunun təxirə salınması - məhz bu amilllərin ümmətin içində kök salmasının davam etməsi ilə sıx bağlıdır.
Biz artıq bir neçə bəhsdir ki, Aşuranı məhz bu kontekstdən təhlil edirik.

Rəsulallah (s) İmam Huseynə (ə) Zəmanə Sahibini (ə.f) necə tanıtdırır?

Bəhsimizdə bu xüsusda iki mühüm nöqtəyə toxunacağıq. Birincisi İmam Huseynin (ə) dilindən Zəmanə Sahibi (ə.f) haqqında olan buyuruşlar, ikinsici isə zühur müntəzirlərinin vəziyyəti və halı haqqında nöqtələrdir. Bir çox buyuruşlarda Həzrət İmam Huseynin (ə) dilindən on ikinci İmama (ə.f) işarə var. Həzrət Əba Əbdillah (ə) buyurur: "Cəddim Rəsulallahın (s) yanına gəlmişdim. O, məni dizinin üstündə otuzdurub buyurdu: ”Ey Huseyn! Allah sənin nəslindən doqquz İmam seçmişdir. Onların doqquzuncusu qiyam edəndir (Qaimdir). Allah dərgahında onların hamısı fəzilət və mövqe baxımından bərabərdirlər"".
Əziz Rəsulallah (s) Həzrət İmam Huseynə (ə) uşaqlıqdan kimliyini anladır və onu da çatdırır ki, nəslindən doqquz İmam olacaq (12 İmamın digər üçü - İmam Əli (ə), İmam Həsən (ə) və İmam Hüseynin (ə) özüdür) və qiyam edəcək 12-ci İmam (ə) da onun nəslindən olacaq. Həzrət (s) bildirir ki, bütün İmamların (ə) kimliyi bərabərdir, hərəsi öz zamanına görə bir vəziyyətdə təzahür tapır.
Digər bir buyuruşa diqqət edək: "Peyğəmbərin (s) xidmətinə gəlmişdik. Gördüm ki, Hüseyni (ə) dizinin üstündə əyləşdirib, gözlərini və dodaqlarını öpür. Sonra buyurdu: ”Sən ağa olanın oğlusan. Sən İmam olacaq gəncin oğlusan. Sən hüccət olacaq övladımın hüccətisən. Sən doqquz hüccətin atasısan. Sənin nəslindən doqquzuncu hüccət qiyam edəcəkdir"".
Yenə də əziz Peyğəmbərimiz (s) İmam Huseynə (ə) Zəmanə Sahibinin (ə.f) qiyamı, Zühurla bağlı məlumat verir.
Həzrət Rəsulallah (s) buyurur: "Allah İmam Huseynin (ə) övladlarından bir İmam (ə) qərar verəcəkdir ki, Mənim əmrimi, dinimi yerinə yetirəcəkdir. Onların doqquzuncusu ümmətimin Mehdisi (ə.f) olacaqdır. O, simasında, rəftar və danışığında ən çox mənə oxşayan bir insan olacaqdır. Uzun qeybdən və insanların sərgərdanlığından sonra zühur edəcəkdir. O zaman Allahın əmrini aşkar edəcəkdir, zülmə bürünmüş Yer üzərini ədalətə bürüyəcəkdir”.
Əslində Peyğəmbərimizin (s) zamanından bəşəriyyət, müsəlmanlar, iman əhli zühura hazırlaşdırılıb.

Əba Əbdillahın (ə) mübarək dilindən Həzrət Mehdi (ə.f) haqqında

Həzrət İmam Huseynin (ə) dilindən bu mövzuya diqqət edək. Əba Əbdillah (ə) buyurur: "Əgər dünyanın ömrünə bir gün qalsa belə, Allah həmin günü o qədər uzun edər ki, mənim nəslimdən olan qiyam edər. Zülm bürümüş dünyada ədaləti bərqərar edər. Mən bu sözləri Allahın Rəsulundan (s) eşitmişəm”. İmam Huseyn (ə) bildirir ki, onlar Məhdəviyyət dərsini Peyğəmbərdən (s) alıblar. Onlar Zəmanə Sahibinin (ə.f) zühurunun dərsini Allahın Elçisinin (s) özündən alıblar.
Əba Əbdillah (ə) digər mübarək bir hədisində buyurur: "Biz Əhli-beytin (ə) arasında on iki Mehdi vardır. Onların birincisi - Əmirəlmöminin Əli ibni Əbutalibdir (ə). Axırıncısı isə, mənim doqquzuncu övladımdır. O, haqq yolunda qiyam edəcəkdir. Allah onun vasitəsilə ölmüş Yer üzünü dirildəcəkdir. Haqq din onun əli ilə bütün dinlərə qələbə çalacaqdır. Baxmayaraq ki, müşriklər qəbul etməyəcəklər. O, uzun qeybdə olacaqdır və insanların bir qrupu dindən üz döndərəcəklər. Başqa bir qrup isə dinində sabit qalacaqdır. Bu qrupa əziyyət verərək, deyərlər: ”Əgər düz deyirsinizsə, bu vədə bəs nə oldu?".
Agah olun ki, kim ki, qeyb zamanında əziyyət və inkarlara səbir edər, sanki, Allahın Rəsulu (s) ilə burgə əlində qılınc, cihada qalxmış kimi olar". Axirəzzaman dövrünün müsəlmanının belə bir şərəfli lütflə yaşama imkanı var. Belə bir ağır, çətin şəraitdə insan özünü toparlayar, səbir edərsə, Məkkə dövrünün, Mədinə dövrünün sədaqətli müsəlmanları kimi olar. Necə ki, onlar İslam həqiqətini çatdırmaq üçün Rəsulallahın (s) yanında idilər və cihada qalxmışdılar, qılınc vururdular, axirəz-zaman dövründə də əgər insanlar Zəmanə Sahibini (ə.f) tanıyar, etiqadları olar və buna görə də əziyyət çəkərlərsə, həqiqi dinin bərpasında Mövlanın (ə.f) köməkçiləri olarlar. Bu, həqiqi müntəzirlərə aid olan məsələdir. O insanlara aiddir ki, gününün əvvəli, ortası və sonu intizar ruhiyyəsindədir. Bu, o kəsə aiddir ki, yaşayışının hədəfini, məntiqini Zəmanə Sahibinin (ə.f) xidmətində durmaqda görür. O kəsə aiddir ki, bütün işlərində, bütün məsələlərində hesab-kitabı Zəmanə Sahibi (ə.f) ilədir. Əgər bu cür olar, əziyyətlə qarşılaşar, onlara səbir edərsə, Peyğəmbərin (s) yanında qılıncı ilə mübarizəyə qalxmış kimi olar. Həqiqi müntəzirin belə bir yüksək məqamı var.

Zəmanə Sahibində (ə.f) peyğəmbərlərdən (ə) nişanə olacaq

Həzrət Əba Əbdillah (ə) buyurur: "Bizim Qaimimizdə (ə.f) İlahi peyğəmbərlərin (ə) sünnəti mövcuddur. Nuhun (ə), Həzrət İbrahimin (ə), Həzrət Musanın (ə), Həzrət İsanın (ə), Həzrət Əyyubun (ə), Həzrət Muhəmmədin (s) ənənəsi mövcuddur. Nuhdan (ə) - uzun ömür, Həzrət İbrahimdən (ə) - insanlardan uzaq qalmaq, Musadan (ə) - cəmiyyətdən çəkinmək və qeyb, Həzrət İsadan (ə) - insanların onun haqqında münaqişədə olması, Həzrət Əyyubdan (ə) - bəla və çətinliklərdən sonra rahatlığa çıxmaq, Həzrət Muhəmməddən (s) - qılıncla qiyam etmək mövcuddur”. Buradan başa düşülən məsələ budur ki, bütün bəşəriyyətin ən yaxşıları ki, peyğəmbərlərdir (ə), onların ən üstünlərindən də Zəmanə Sahibində (ə.f) bir xüsusiyyət olacaqdır.
Zühur dövrünün əziyyətləri Peyğəmbər (s) dövrünün əziyyətlərindən daha çətin olacaq
Fəzl ibni Yəsar deyir: "Həzrət İmam Sadiqin (ə) belə buyurduğunu eşitdim: ”Bizim Qaimimizin (ə.f) zühur etdikdə axirəzzaman camaatının cəhlindən görəcəyi azar-əziyyətləri, Rəsulallahın (s) İslamdan qabaq gördüyü ərəblərin cahiliyyətindən daha çətin olacaq"". Biz öncəki bəhslərimizdə bu mövzuya bir az toxunduq. İki növ cahiliyyət var. Birinci cahiliyyət ilə Peyğəmbərimiz (s) qarşılaşdı və onu aradan apardı. İkinci cahiliyyət ilə əziz Zəmanə Sahibi (ə.f) üz-üzə gələcək və o, aradan aparacaq. Zəmanə Sahibinin (ə.f) qarşılaşdığı cahiliyyət Peyğəmbərimizin (s) qarşılaşdığı cahiliyyətdən daha ağır və daha əziyyətlidir. Səbəb çox sadədir. Peyğəmbər (s) dövrünün cahiliyyəti o cahiliyyətdir ki, onun sitayiş etdiyi bütlər sıradan çıxır və bununla cahiliyyətin bütün bünövrəsi sıradan çıxmış olur. Amma Zəmanə Sahibinin (ə.f) üzləşəcəyi cahiliyyətin bütləri diri, canlı, təşkilatlanmış bütlərdir. Zamanımızda da onların nümunələri göz qabağındadır. Bu bütlər təşkilatlanmalarına, təsisatlanmalarına, xidmətlərində duran növbənöv vasitələrə görə birinci cahiliyyət dövrünün bütlərindən xeyli fərqlənir. Bunların ən parlaq nümunələri - təkfirçilər, sionistlərdir.
Həzrət İmam Baqir (ə) Peyğəmbərimizin (s) belə buyurduğunu nəql edir: "Xoş olsun o kəsin halına ki, mənim xanədanımdan olan Qaimin (ə.f) əvvəl ona tabe olan, onun dostları ilə dost, düşmənləri ilə düşmənçilik edən bir halda olsun. Onlar mənim dostlarım, məhəbbət əhli və Qiyamət günündə mənim ümmətim içində ən əziz şəxslər olacaqlar”. Kimlər ki, bu vilayəti dərk edər, yaşayar və yaşadarlarsa, Peyğəmbərin (s) dostu olar, məhəbbət əhli olar və Qiyamət günündə də ümmət içərisində ən əziz şəxslərdən olarlar.

Aşura ilə Zühurun ən ciddi bağlantılarından biri - qarşıya qoyulmuş hədəfdir

Peyğəmbərimizdən (s) buyurulur: "Əlbəttə, bu ümmətin sonunda axirəzzaman dövründə elə bir qrup olacaqdır ki, onların mükafatları İslamın əvvəllərindəki ümmətin savabı qədərdir. Onlar əmr-be-məruf və nəhy-əz-münkər edərək, fitnə və fəsad ilə mübarizə apararlar”. Zəmanə Sahibinin (ə.f) müntəzirləri əmr-be-məruf (yaxşılıqlara dəvət) və nəhy-əz-münkər (pisliklərdən çəkindirmə) edərlər. Onlar bunu etsələr, Peyğəmbərin (s) ətrafında olan səmimi insanların savabına şərik olarlar. Çünki, həmin işi ki, Peyğəmbər (s) Məkkədə və Mədinədə görərdi, o işi müntəzirlər axirəz-zaman dövründə görərlər.
Buradan aydın olur ki, Zühur dövrünün ən önəmli vəzifələri - əmr-be-məruf və nəhy-əz-münkərdir. Aşuranın da əsas hədəflərindən biri budur. Bu mənada Aşura ilə Zühurun ciddi bağlantısı var.
Həzrət İmam Səccad (ə) buyurur: "Qaimimizin (ə.f) qeybi dövründə bizim vilayətimizdə sabitqədəm qalan şəxsə Allah Təala Bədr və Uhud müharibəsinin şəhidlərindən olan min şəhidin əcr və savabını verəcəkdir”. Bizim dövrə aid məsələdir. Kimlər ki, bu dövrdə vilayət yolunda sabitqədəm olacaq, bu insanların belə böyük məqamı var. Təbii ki, bu, o şəxslərə aiddir ki, yaşayışı, həyatı ilə Mövlaya (ə.f) xidmətdə olan insanlardırlar. Yalnız dildə Mövlanı (ə.f) tanıyanlara deyil, əməli xidmətləri ilə Mövlanı (ə.f) tanıyanlara aiddir. Buna görə də, bizlər öz hallarımıza nəzər salmalıyıq. Məhərrəm-Səfər əyyamının yaşadılmasının ən əsas hədəflərindən biri bizlərdə intizar ruhiyyəsinin inkişafıdır. Məhərrəm-Səfər əyyamının yaşadılmasının əsas qayələrindən biri - zamanında İmamına (ə) sahib çıxan, o yolda şəhadətə qədər gedən qəhrəmanlar kimi Zəmanə Sahibinin (ə.f) xidmətçisi olmağı öyrənməkdir.
Allahım, bizlərə Aşura məktəbindən dərs alaraq, həqiqi müntəzir olmaq ləyaqətini nəsib et!
Allahım, bizləri axirəz-zaman dövrünün fitnə və fəsadından uzaqda olub, yaxşılığa dəvət edənlərdən və pisliklərdən çəkindirənlərdən olmağa yönəlt!
Allahım, aqibətimizi xeyirli et! Amin!
.