“Avropada, o cümlədən Azərbaycanda son bir ay ərzində qrip və digər tənəffüs yolu virusların yayılmasında artım müşahidə olunur”.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyindən xəbər verilib.
Bildirilib ki, həm ilkin tibbi yardım, həm də xəstəxana səviyyələrində xəstələrin sayı da artıb:
“COVID-19 və mövsümi qripin birgə sirkulyasiyası ilə həssas insanların, o cümlədən yaşlıların, immuniteti zəif olan şəxslərin, hamilə qadınların və yeni doğulmuş körpələrin sağlamlığı daha böyük risk altındadır. Biz infeksiyaların qarşısını almaq, həssas insanları qorumaq və səhiyyə sistemimizin çoxsaylı təhlükələrin qarşısını alması üçün səylərimizə davam etməliyik".
ÜST virusun yayılmasının qarşısını almaq üçün əlimizdə olan aşağıdakı vasitələrdən istifadə etməyə çağırır:
• COVID-19 və qripə qarşı peyvənd olunmaq;
• Kütləvi və ya qapalı yerlərdə maska taxmaq;
• Əlləri mütəmadi olaraq təmizləmək;
• Özünüzü pis hiss edirsinizsə, evdə qalmaq;
• Öskürərəkən və ya asqırarkən ağzı salfet və ya bükülmüş dirsəklə örtmək;
• Xüsusilə kütləvi və ictimai yerlərin yaxşı havalandırılmasını təmin etmək.
ÜST “Omikron”un yeni altvariantına görə səhiyyə tədbirlərində hər hansı dəyişikliyi məsləhət görmür
“XBB. 1.5 ştamı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaxından izlədiyi “Omikron”un alttipidir. İlk dəfə bu ştamı 22 oktyabr 2022-ci ildə “GİSAİD” şirkəti bir pasiyentdə aşkar edib”.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, bu ştama ən çox yoluxma halı Amerika Birləşmiş Ştatlarında müşahidə olunur:
”ÜST hazırda “Omikron”un ştamlarının ötürücülük və kəskinlik kimi xüsusiyyətlərini, həmçinin diaqnostika, terapevtik və peyvənd kimi müdaxilələrə təsirini qiymətləndirməkdədir. XBB. 1.5 digər “Omikron” alttiplərinin xüsusiyyətlərini özündə əks etdirir. Başqa sözlə, o, yüksək dərəcədə yoluxucu, lakin “Delta” ştamından daha az ağırdır. Digər “Omikron” alttiplərinə bənzədiyinə görə hazırda ÜST bu spesifik ştamla mübarizə aparmaq üçün ictimai səhiyyə tədbirlərində hər hansı bir dəyişiklik etməyi məsləhət görmür.
Digər “Omikron” ştamlarında olduğu kimi bu ştam üçün də eyni ehtiyat tədbirlərini tövsiyə edirik. Tövsiyələrdə hər hansı bir dəyişiklik olarsa, həmin məlumatı dərhal ictimaiyyətlə paylaşacağıq”.
Qeyd edilib ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycan da daxil olmaqla, ölkələri SARS-CoV-2 virusuna qarşı sayıq nəzarəti davam etdirməyə, reprezentativ nümunələr arasında genomik müşahidəni həyata keçirməyə və bu ardıcıllıqları ictimaiyyətə açıq platformalarda paylaşmağa təşviq edir ki, cari ştamları daha yaxşı araşdırmaq üçün təhlillər aparıla bilinsin.
.