Dünya mediası ABŞ prezidenti Co Baydenin Ukrayna Silahlı Qüvvələrinə Qərb silahları ilə Rusiya ərazisinin dərinliklərinə hücuma keçməsinə icazə vermə qərarını müzakirə edir. Xatırlatmaq istərdik ki, noyabrın 17-də “The New York Times”ın mötəbər mənbələrə istinadən yaydığı məlumata görə, Bayden Ukraynaya ilk dəfə olaraq Rusiya ərazisinin dərinliklərinə zərbə endirmək üçün uzun mənzilli ABŞ raketlərindən istifadə etməyə icazə verib. 
Moskvanın cavab tədbirləri də KİV-in diqqət mərkəzindədir. Bunu həm də Rusiya prezidenti Vladimir Putinin bu yaxınlarda ölkənin nüvə doktrinasının yeni variantını təsdiqləməsi ilə əlaqələndirmək olar. Bu doktrinada nüvə silahlarından istifadənin qarşısının alınmasının lehinə dövlətlərin və hərbi ittifaqların kateqoriyası genişləndirildi və nüvə silahının zərərsizləşdirilməsi üçün istifadə oluna biləcək hərbi təhdidlər siyahısına əlavələr edildi.
Rusiya liderinin bu qərarının avro-atlantikaçıların ağıllarını başına yığmağa sövq edib-etməyəcəyi məlum deyil. Bayden administrasiyası münaqişəni qəsdən gərginləşdirir. Uzun mənzilli Qərb raketləri Rusiyaya qarşı hərbi əməliyyatlara əhəmiyyətli töhfə verə bilməyəcək və onlardan istifadə cəhdləri artıq olub, lakin ABŞ-ın hazırkı rəhbərliyi şüurlu şəkildə ABŞ prezidenti seçilmiş Donald Trump komandasının həll etməli olduğu münaqişənin belə bir eskalasiyasını yarada bilər.
Qeyd edək ki, bir çox ekspert Baydenin qərarını fərqli şərh edir. Bəziləri icazənin yalnız Kursk vilayətində Rusiya mövqelərini vurmaq üçün verildiyini deyir, bəziləri isə bütün Rusiya ərazisini vurmaq üçün verildiyini iddia edir. Belə ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, noyabrın 19-na keçən gecə Ukrayna Silahlı Qüvvələri artıq Bryansk vilayətinin ərazisinə altı ATACMS raketi ilə ilk zərbəni endirib. 
Üstəlik, ABŞ-ın Rusiyanın dərinliklərinə doğru hücumlarda İngiltərə-Fransa istehsalı olan, uzun mənzilli "Storm Shadow" qanadlı raketinin istifadəsinə icazə verdiyi öyrənilib. “The Times” qəzetinin yazdığına görə, London bir neçə aydır ki, Vaşinqtondan Rusiya Federasiyasının dərinliklərini vurmaq üçün "Storm Shadow"-dan istifadə icazəsini almağa çalışır. Maraqlıdır ki, bunlar Britaniya raketləri olsa da, Amerikanın istiqamətləndirmə sistemləri olmadan onlardan uğurla istifadə etmək mümkün deyil. Böyük Britaniyanın keçmiş müdafiə naziri Ben Uolles bu raketlərin Rusiya Federasiyasına qarşı istifadəsinin “güclü siqnal” olacağı fikrində olduğunu bildirib. Eyni zamanda, onun fikrincə, Almaniyanın “Taurus” qanadlı raketlərini Kiyevə təhvil verməsi daha mühüm addım olardı.
Göründüyü kimi, ABŞ və Vaşinqtonun avropalı müttəfiqləri Ukraynanı öldürücü silahlarla təmin etmək üçün əllərindən gələni etməyə qərarlıdırlar. Sanki əmr almış kimi, bir-birinin ardınca Aİ-yə üzv ölkələr ABŞ-ın Rusiya ərazisinə zərbələrə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarına qoşulur. Başqa sözlə, Demokratik administrasiya getməzdən əvvəl Ukraynada vəziyyəti son həddə çatdırmaq qərarındadır. Bayden administrasiyasının belə bir addım atmasının müxtəlif səbəbləri var.
Burada ilk növbədə ABŞ hərbi-sənaye kompleksinin xeyrinə lobbiçilik hərəkətləri görünür. Heç kimə sirr deyil ki, Amerika hərbi şirkətləri Ukraynada münaqişənin başlamasında xüsusi maraqlı idi və indi də onlar hərbi əməliyyatları davam etdirmək marağındadır. Amerikalı maqnatlar qandan pul qazanmağa yad deyillər. 
Artıq Pentaqon və bir çox Amerika hərbi şirkəti Ukraynanın çöküşünün qaçılmaz olduğunu hiss etdikləri üçün Ukrayna silahlı qüvvələrinin əhval-ruhiyyəsini yüksəltmək adına yeni silah tədarükünü təmin etmək üçün səylərini ikiqat artırıblar. Rusiya ordusu yavaş-yavaş, lakin əminliklə Donbass, Xarkov vilayəti və Zaporojyedəki ərazilərə nəzarəti bərqərar edir. Cəbhənin bu sahələrində Ukrayna qoşunlarının ruhdan düşdüyü göz qabağındadır. Ukraynanın Rusiya ərazisinin dırinliklərinə hücum etməsinə icazə verilməsi qərarı da Ukrayna əsgərlərini ruhlandırmaq üçün qəbul edilib. Ukraynanın bu qərarı çoxdan gözlədiyi sirr deyil. Üstəlik, çoxları bunun Rusiya üzərində xəyali qələbəni daha da yaxınlaşdıracağını gözləyir.
Ancaq bu, xam xəyaldır. Üç ilə yaxındır həm Qərbdə, həm də Ukraynada səslənən Rusiyanın döyüş meydanında strateji məğlubiyyəti kontekstində bu hücumların mənasızlığını anlamaq üçün hərbi ekspert olmaq lazım deyil. Peşəkar hərbçilərin fikrincə, Ağ Evin qərarı Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki mövqeyinə ciddi təsir göstərməyəcək: təşəbbüs tamamilə Rusiya ordusuna məxsusdur. Müharibə təkcə raket zərbələri ilə qazanılmır və Rusiyanın hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərinin effektiv işləməsini nəzərə alsaq, Rusiyaya qarşı yönəlmiş raketlərin əksəriyyəti vurulacaq. 
Bayden və komandası Ukraynaya Rusiyadakı hədəfləri vurmağa icazə verərək Tramp administrasiyasının həyatını ciddi şəkildə çətinləşdirəcək. Görünür, demokratlar prezident seçkilərində biabırçı məğlubiyyətə görə respublikaçılardan qisas alırlar.
Amma daha pisi odur ki, belə təxribatçı qərar Moskva ilə Kiyev arasında inkişaf edən danışıqlar tendensiyasına zərər verə bilər. Münaqişə kəskinləşərsə danışıqlarla bağlı bütün müzakirələr mənasızlaşar. Qərb mediası Putinin Ukraynada atəşkəs üçün Trampla görüşə açıq olduğunu desə də, Kiyevin ABŞ-ın razılığı ilə Rusiya ərazisinə hücuma keçməsindən sonra Moskva-Vaşinqton danışıqlarını gözləməyə dəyməz.
Təəssüf ki, nə ABŞ, nə də Ukrayna Rusiya Federasiyasına hücum üçün uzun mənzilli raketlərdən istifadənin qaçılmaz olaraq daha çox mülki itkilərə səbəb olacağı ilə maraqlanmır. BMT mülki əhali arasında itkilərin arta biləcəyindən narahatlığını bildirsə də, bu ABŞ hərbi sənaye kompleksinin vecinə deyil. Hərbi maqnatlar müharibənin yüzlərlə və minlərlə yeni qurbanlarına məhəl qoymadan ciblərini milyardlarla dollarla doldurmağa davam edəcəkdir.

Habil Ağazadə
.