"Hormonal, qastroenteroloji, revmatizmal, infeksion və digər xroniki xəstəliklər, həmçinin zəngin qidaların kifayət qədər qəbul edilməməsi uşağın boyunun uzanmasına mənfi təsir göstərir".
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə deyib.
Onun sözlərinə görə, uşaq orqanizmi fizioloji xüsusiyyət etibarı ilə böyüməyə proqramlaşıb: "Buna görə də deyə bilərik ki, boyun uzanmasına müsbət təsir edən amillərin çatışmazlığı elə özü əsas mənfi təsirdir. Hormonal, qastroenteroloji, revmatizmal, infeksion və digər xroniki xəstəliklər, həmçinin zəngin qidaların kifayət qədər qəbul edilməməsi uşağın boyunun uzanmasına mənfi təsir göstərir".
Həkim qidalanma və idmanın boy uzanmasına təsiri ilə bağlı suala cavab olaraq bildirib ki, qeyri-sağlam qidalanma uşağın böyüməsinə və bədənin ümumi inkişafına mənfi təsir göstərir: "Bir tərəfdən həddindən artıq şirniyyat yemək qida rasionunda digər zəruri qidaların yerini tutduğu üçün inkişaf problemləri əmələ gətirə bilər. Digər tərəfdən, tərkibində qeyri-sağlam doymuş yağlar olan qidalar (məsələn, "fast food") uşaqlarda piylənmə kimi xəstəliklərin yaranmasına səbəb olur. Normadan artıq şəkərin qəbulu, zülal baxımından zəif qidalar, həmçinin vitamin çatışmazlığı uşağın fiziki inkişafına mənfi təsir göstərir. Bəzi fiziki fəaliyyət növləri uşağın boyuna müsbət təsir edir. Basketbol, voleybol, tennis, badminton kimi idman növləri ilə məşğul olan uşaqların boyu yaşıdlarına görə bir neçə santimetr artıq olur. Amma bu idmanlardan boy uzatma baxımından fantastik nəticə gözləmək düzgün deyil".
A.Əkbərzadə vurğulayıb ki, əgər uşağın boyu həmyaşıdlarından geri qalırsa, o zaman pediatr və uşaq endokrinoloqu ilə əlaqə saxlamaq lazımdır: "Əks təqdirdə yanlış ümidlər bizi gecikdirə bilər. Eyni zamanda, professional idmanla məşğul olan uşağın düzgün dietoloq konsultasiyası alması məsləhətdir. Əks təqdirdə bu şəkildə kontrolsuz professional idman boya mənfi təsir göstərə bilər".
Səhiyyə Nazirliyi uşaqların yuxu rejimi ilə bağlı valideynlərə çağırış edib
"Böyümə hormonunun ifrazı uşaqların yuxu rejimi ilə birbaşa bağlıdır".
Bunu da Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə deyib.
Onun sözlərinə görə, boy hormonu əsasən gecə saat 22:00-02:00 arasında və uşaq yuxuda olarkən ən yüksək ifraz olunma həddinə çatır: "Əlbəttə ki, bu saatlarda oyaq olan uşaqlar öz boy potensialından geri qalır. Xüsusilə, mobil telefon, planşet, televizor ilə çox vaxt keçirənlər daha çox oyaq qalmalı olurlar, bu da onların sinir sisteminin inkişafına mənfi təsir göstərə bilər. Bu o demək deyil ki, hər vaxtında yatan uşaq uzun boylu olacaq. Amma vaxtında yatan uşaqlar öz genetik potensialının maksimum həddinə çata bilirlər".
Həkim vurğulayıb ki, uzun müddət yaşıdlarından geri qalan uşaqlar qrupu var: "Amma məktəbin son siniflərində boyları sürətlə uzanır və gəlib yaşıdlarına çatırlar, hətta onları keçirlər. Elə buna görə də, valideynlər bəzən qısaboylu uşaqlarını bu ümidlə həkimə gətirməkdə səhlənkarlıq edirlər. Artıq böyümə zonaları tamamilə bağlandıqda, boyun heç uzanmadığını hiss etdikləri zaman həkimə müraciət edirlər ki, o zaman da bir şey etmək mümkün olmur".
"Qeyd edim ki, boyları sonradan uzanan uşaqlar həkim tərəfindən müəyyən edilməlidir. Əgər uşaqlarda boy qısalığı varsa, yaşıdlarından geri qaldığı hiss olunursa, bu təqdirdə həkim müayinəsində olmalı və vaxtında müdaxilə edilməlidir", - uşaq endokrinoloqu A.Əkbərzadə əlavə edib.