Nəsiman Yaqublu
Tarix elmləri doktoru
(Şair Ramiz Rövşənin 70 illiyinə)
Bu ifadəni tanınmış siyasi xadim M. Ə. Rəsulzadə 1936-cı ildə Parisdə rus dilində nəşr edilmiş "Çağdaş Azərbaycan Ədəbiyyatı” kitabında böyük şairimiz M. Füzuli haqqında işlədib. Düşünürəm ki, Füzuli haqqında yazanların, tədqiqat aparanların heç biri Füzulinin sənətkarlığını belə dəqiq və təsirli ifadə edə bilməyib (baxmayaraq ki, bizim çox dəyərli "füzulişünaslar”ımız var).
Ramiz Rövşənin yaradıcılığını bir daha oxuyub, bu məqaləni hazırlayanda nədənsə həmin ifadəni yazının başlığında verməyi qərara aldım. Diqqət yetirdim ki, R. Rövşənin yazdıqları adi söz nümunələri deyil, gərgin axtarışların və zəhmətin məhsuludur. Füzulidə olduğu kimi, onun da yaradıcılığında söz sirlidir, sehirlidir və insanı düşündürəndir. Beş yüz ildən çoxdur ki, Füzuli sehrinə bürünmüş poeziyamıza bir işığı da R. Rövşən gətirib (bu məsuliyyətin necə çətin olduğunu şairlər daha yaxşı bilir).
Bir neçə il əvvəl dünyanın ən şöhrətli yazıçılarından olan Qabriel Qarsia Markes dünyasını dəyişdi. Onun ölümü günündə bir kolumbiyalı ziyalının dediyi sözlər çox maraqlı idi: "Sağ ol Qabo (yəni Qabriel). Sən bizim dünyaya baxışlarımızı dəyişdin. Bizi başqa bir dünya ilə tanış etdin”.
Gözəl və düşündürücü sözlər idi. Yazıçının, sənət adamının əbədi yaşayacağına təminat verən sözlər idi.
R. Rövşənin şeirlərini oxuyanda bu fikrin elə ona da aid olduğu qənaətindəyəm. O, öz şeirləri ilə oxucunu yaşadığı həyatdan fərqlənən bir dünya ilə üz-üzə qoyur, maraqlandırır, həyata, sevgiyə, vərdiş etdiyi qaydalara baxışlarını dəyişir.
Bu sözləri ona görə vurğulayıram ki, bizim müsəlman mühitində yenilik etmək, həyatı dəyişmək və bu cəhdi edənlərə münasibət hər zaman faciəli olub. Bu fikri bir az da genişləndirib daha böyük ölçüdə elə bütün insanlığa, xalqlara da aid etmək mümkündür (Qalileyin tonqalda yandırılması, Nəsiminin dərisinin soyulması və s.)
Ramiz Rövşənin yazdığı və yaratdığı bəzi obrazlar isə mücərrəddir və oxucu onu anlamaq intizarındadır. Bu əslində elə həm də sənətin böyüklüyüdür.
Yenə Q. Markesdən nümunə gətirəcəyəm. O, yazırdı: "Yüz il tənhalıq” əsərindəki Buendia nəslində "donuz quyruqlu” uşağın dünyaya gəlməsini ədəbiyyatçılar və tənqidçilər müxtəlif formada yazırlar. 150-yə qədər izahlar olsa da, hələ heç birisi o səbəbi açıqlaya bilməyib”.
Ramiz Rövşəndə də belə məqamlar çoxdur. Bizim eşitdiyimiz "Allah”, "Sevgi”, "İlahi”, "Tanrı” "Dəniz” onun sənətində bir sehrli dünyanın sehrli kəlmələrinə çevrilir. Onun yaradıcılığında sözə o dərəcədə ehtiyatla yanaşılır ki, sanki o, sözdən "qorxur”. Sanki bu şairin söz məhdudluğu var. Ancaq onun şeirlərini dərindən oxuyanda, şairin bu söz "məhdudluğu”nun sözə sevgidən və onun qədrini bilməkdən, məsuliyyətdən irəli gəldiyini duyursan. O, istəyir ki, şeirlərindəki hər söz bir məna kəsb etsin , oxucunu düşündürsün(təəccüblənməyək. Rəssamlıq sənətində mövcud yeddi rəngin yüzlərlə çalarına rast gəlmirikmi?). Əslində bu yanaşma onun daha çox kitab çap etdirməməsinin bir cavabıdır.
Ramiz Rövşənin şeirlərində "Allah” və "Sevgi” kəlmələri ilə müqayisədə say etibarı ilə az işlənsə də, lakin "düşündürmə” və "arzulamaq”, "təlqin etmək” ölçüsünə görə "Azadlıq” sözü daha çox duyulur. Şairin yaradıcılığında "Azadlıq” yanğısı bir alov kimi ətrafa yayılmaqdadır. Və burada yenə klassiklərimizdən birinə - məşhur Cəfər Cabbarlıya müraciət edirəm. "Aydın” əsərində yanğılı bir halda demirdimi: "Mən elə bir dünya istəyirəm ki, orada millətlər azad, fərdlər azad, zəhmət azad, vicdan azad, hərəkət azad, bütün varlıq azad, istila zənciri yox, altun yox, şənə yox, dəbdəbə yox,fərman yox, hər kəs öz zəhmətinin, öz arzusunun quludur”.
Ramiz Rövşəndə "Azadlıq” necə gözəl səslənir:
Mən bir tozam, azadam göy üzündə,
Nə olsun ki,
Azad deyil bir adam yer üzündə,
Sən bu cansız azadlığı
Gəl, məndən al, ilahi.
Tez ol məni qəfəsə sal, ilahi!
Buradadkı "cansız azadlıq” ifadəsi çox yenidir və çox düşündürücüdür. Və bu ifadə xalqımızın, eləcə də digər xalqların uzun illər apardıqları "azadlıq mücadiləsi”ni nə qədər aktual edir. Azad cəmiyyət qurmaq, azad yaşamaq anlamlarını "cansız azadlıq” çox diqqətə gətirir.
Yaxud bir başqa mövzuya yanaşaq: "Sevgi”yə. Sevgi haqqında Nizamidən, Füzulidən, Müşfiqdən sonra ən təsirli vəsfi son dövrümüzdə götürsək, şair Əli Kərim etmişdi. 1960-cı illərdə yazdığı "İki sevgi” şeiri ilə təsirli lövhələr yaratmışdı ("Gözəl qız sən saf susan, iki qəlb arzususan...”). Lakin Ramiz Rövşənin "Sevgi” şeirlərində başqa yenilikləri gördük. Bu bəşəri mövzunun daha yeni çalarları ilə onun şeirlərində tanış olduq. Düşünürəm ki, o, bu mövzudakı şeirləri ilə, sanki dənizin coşqun dalğaları ilə mücadilə edən bir insanı xatırladır. Yəni istəyir ki, dalğaları yarıb irəliyə getsin (qeyd etdiyim kimi, bu dənizdə Azərbaycan poeziyasında önəmli yer tutan şairlərin "Gecə xəlvətdə bizə sevgili yar gəlmiş idi (Nizami), "Pənbeyi dağı cünün içrə nihandır bədənim” (Füzuli), "Yenə o bağ olaydı, yığışaraq sizə biz” (M. Müşfiq), "İynənin ucu boyda işığa həsrət qalan göz işıq sevən kimi (Əli Kərim) əvəzsiz nümunələri var idi). Ramiz Rövşən elə o cəsarətlə özünün "dadlı” (ifadəni belə işlədirəm), "təsirli”, "şövqlü və mənalı” sevgi şeirlərini yaratdı.
Yenə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də biz xoşbəxt ola bilərdik,
Bəlkə də xoşbəxtik,
Xəbərimiz yox...
Aradan nə qədər il keçib görən,
Tanıya bilmədim, məni bağışla.
Mən elə bilirdim sənsiz ölərəm,
Mən sənsiz ölmədim, məni bağışla.
"Ölmədim” deyirəm. Nə bilim axı,
Bəlkə də Mən sənsiz ölmüşəm elə,
Qəbirsiz kəfənsiz ölmüşəm.
Yaxud "Kölgə” şeirində də şairin ifadələri yenidir:
... Tanrı kölgəsidi bəlkə də kölgən.
... Kaş ki, vaxt bitəndə, əcəl yetəndə,
Qəbrimi kölgəndə qazalar sənin.
Şairin "Bağışla” şeiri isə az qala xalq mahnısı kimi səslənmirmi və məşhur deyilmi? (bu şeirə bəstələnmiş mahnının əvəzsiz ifaçısı isə Flora Kərimovadır).
Bir ötən sevgini unuda bilsəm,
Könlümü sevginlə ovuda bilsəm,
Bir axşam yanına qayıda bilsəm,
Bağışla, bağışla, məni bağışla.
Yenə böyük marağa səbəb olmuş "Qara paltarlı qadın” şeirindəki təravətli, təsirli misralara diqqət yetirək:
Göz yaşları yuduqca baş daşını,
Qəbrində qurcalanıb deyəcəksən: ilahi
İllər boyu ağlatdığım bu qadın,
Görən necə saxlayıbdır bu qədər göz yaşını?
Ramiz Rövşənin şeirlərindəki bəzi misralar isə xalq arasında məşhurdur. Bir təbrizli dostum deyirdi ki, Təbriz cavanları bir-biri ilə görüşəndə şairin bu sözlərini işlətməyi sevirlər: "Yenə bu şəhərdə üz-üzə gəldik”.
Azərbaycan ədəbiyyatında Vətən haqqında elə parlaq nümunələr var ki, onları sadalamaqda çətinlik çəkirəm. Təbii ki, ədəbi yazılar sırasında Almaz İldırımın "Azərbaycan” şeri çox önəmli yer tutur. 1920-ci ildə işğal edilmiş, amansız bolşevik rejimi altında qalan Azərbaycan haqqında mühacirətdə ağır həyat yaşamış şairin misraları ürəkağrıdandır:
Könlümə tək Kəbə yapdım səni mən,
Sənsiz neynim qürbət eldə günü mən.
Azərbaycan mənim tacım, taxtım oy!..
Oyanmamış kor olası baxtım oy!
Düşünmək olar ki, "Azərbaycan Problemi”ni (bu ifadənin geniş açımı M. Ə. Rəsulzadənin 1937-ci ildə Almaniyada yazdığı "Azərbaycan problemi” əsərində verilib), yəni ağrılarını, acılarını bu şeirdən sonra oxucuya yeni bir formada təqdim etmək mümkün olmayacaq. Lakin Ramiz Rövşən istedadı Vətən haqqında çox təsirli fikirləri geniş oxucu auditoriyasının marağına səbəb oldu. Bəzi məlumatlara görə, Azərbaycanda internetdə son illərdə ən çox oxunan şeir Ramiz Rövşənin Vətən haqqında yazdığı şeir oldu və bu sübut etdi ki, o, həm də "ictimai” mövzularda yaza bilən istedadlı şairdir. Əslində isə o, bunu əvvəlki yazılarında da sübut etmişdi.Həmin o şeirə diqqət edək:
Özümə bir Vətən düzəldəm gərək,
Bundan da mehriban, bundan da qəşəng.
Qoy onun nə nefti, nə qazı olsun,
Nə aradan axan Arazı olsun...
Heç Muğan düzü də olmur, olmasın,
Xəzər dənizi də olmur, olmasın...
... Özümə bir Vətən düzəldəm gərək,
O Vətən tək olsun gözəllikdə tək.
Bütün Yer üzünə sorağı düşsün,
Onu görənlərin tamahı düşsün.
Bu Vətən həm anam, həm balam,
Yəqin o Vətəndə qərib olmaram.
Ramiz Rövşənin yaradıcılığında "Allah” sözünə tez-tez rast gəlirik. Onun şeirlərində hansısa dinə, məzhəbə aid olan insan yoxdur, onun yazılarında sadəcə bir insan var: o, insan həm şərqlidir, həm qərblidir. O insan həm müsəlmandır, həm xristiandır. Şair üçün ucalarda dayanana doğru üz tutub gedən bir insan var. Onun hansı dinə və millətə mənsub olması önəmli deyil. O, təki insan olsun. "Çarmixdaki İsa” şeirinə diqqət edək:
Daha bu çarmıxdan azaddı ruhum,
Daha bu canım da ağrımır, Allah!
Ovcumda gör necə rahatdı ruhum,
Bəs niyə ovcumdan qan damır, Allah!
"Yalquzaq” şeirində isə bu ifadələri işlədir şair:
Hara qaçır, kimdən qaçır,
Ayaq açan gündən qaçır.
Nə dini var, nə məzhəbi,
Hər məzhəbdən, dindən qaçır.
... Bir tənha yalquzaq qaçır.
Əslində "Yalquzaq” adi bir şeir deyildir (bu şeirə Şahin Musaoğlu da təsirli musiqi bəstələyib). Bu yığcamlığına baxmayaraq, geniş epik lövhələri əks etdirən bir əsərdir. Müqayisəm qəribə olsa da, bu əsər (şeir və musiqi ilə birgə) mənə Motsartın "Rekviyem”ini xatırladır. Bu şeirdə (oxu əsərdə) miflər, əfsanələr, insanlar, fantasmaqoriya elementləri də çox güclü hiss olunur.
Çox şairlərin yaradıcılığında üz tutduğu dünya mövzusu da Ramiz Rövşəndə şikayət kimi səslənmir. Burada dünya necə varsa, elə də təqdim olunur. Və şair dünyanın gücünü duydurmaqla, həm də onunla hesablaşmaq vacibliyini də vurğulayır:
Mənim balam bu dünyayla oynama,
Sən cavansan, dünya qoca dünyadı.
Düşmən nədir? Dost evini dost yıxar,
Bilən bilir, dünya necə dünyadı.
Kim nə anlar bu zalımın işindən?
Çoxlarını keçiribdi dişindən...
Şeirdəki sonuncu misra isə lap elə el məsəli kimi güclü səslənmirmi: "Çoxlarını keçiribdi dişindən”.
Nəhayət sonda. ümumi hesablamalara görə bu günə qədər Yer kürəsinə 100 milyarddan çox insan gəlib gedib. Və bu insanlar 14.500-dən çox böyük müharibələr törədib. Neçə əsrlərdir ki, yazıçıların, şairlərin, rəssamların digər peşə sahiblərinin də üz tutduğu bir obyekt olub: insan. O insan ki, o hələ həm anlaşılmayan və həm də başa düşüləndir.
Şair Ramiz Rövşən də öz təkrarsız şeirləri ilə bu heyran olduğumuz, bəzən sevdiyimiz, bəzən incidiyimiz qəribə insanı, onun iç dünyasını, duyğularını məharətlə bizə təqdim etməkdədir.