
Lütfi Zadənin məsləkdaşı, dünya şöhrətli zəka sahibi Rafiq Əliyevə böyük məhəbbət və ehtiramla
Səttar Bəhlulzadənin rənglərin arxasınca baş alıb gedən məntiqsizliyində bir məntiq vardı.
«Mənim anam» tablosu.
1972 – 1973-cü illərdə çəkilib.
Tablonun sol tərəfində, orta planda iki sərv ağacı var. Sərvin biri sərt küləkdən əlilmiş kimi sağa, digər sola sərt şəkildə meyllənib.
Rəsamın bu əsərin üzərində işlədiyinin bir neçə dəfə şahidi olmuşam.
Növbəti emalatxana ziyarətimdə kətilin üstünə çıxıb tablonu işləyən Səttar mənə dedi ki, çayı qızıdır, düşüm çaylıyaq.
Elektrik plitəsində qəhvədandakı çayı qızdırdım. Qara meşin sumkasından əncir mürəbbəsi çıxardıb süfrəyə qoydum...
Ayaqsız, söykənəcəksiz, sınıq-sılxaq divan oturacağının üstündə bardaş qurub iştahla çay içirdi. Çayı içə-içə başı ilə molbertdəki yarımçıq işə işarə edib mənə sual verdi:
– Necədir?
İstədim deyəm ki «əladır», özü verdiyi suala cavab gözləməyib dedi:
– Anam Azərbaycandı, Azərbaycan da anam.
Hələ mən çay dəstgahını hazırlayanacan hərdən tabloya baxmışdım və gözüm sərvlərin əyriliyini tutmuşdu. Təəccüblənmişdim. Buna görə də fikirləşmədən dedim:
– Ay dədə, niyə bu sərvlərin hərəsi bir tərəfə əyilib. Elə şey olmur axı…
– Alə, sən nə köntöy sual verdin, alə... Qoşa rəqs edən qızları görmüsən?
– Belə də…
– Bəs görməmisən ki, onlar qarşı-qarşıya durunda rəqs edə-edə arxaya əyilirlər… Heç olmasa Füzulidən, Vaqifdən sərvi boylu gözəllərin vəsfini yadına sal...
Bu hadisənin üstündən 43 il keçib.
Düşünürəm: o vaxt mənə görünən məntiqsizlikdə Səttarın fəlsəfi-psixoloji duyğularının məntiqindən şirə çəkən qeyri-səlist məntiqi vardı.
Bu qeyri-səlist məntiq rəssamın iç dünaysına işıq saçan rənglər poeziyası idi...
Bu qeyri-səlist məntiq Azərbaycana, onun təbiətinə aşiqliyin idrak işığı idi...
Bu qeyri-səlist məntiq Səttarla tanrı arasında mənim görə bilmədiyim ilahi ünsiyyət idi...
* * *
«Qoca ağac» tablosu.
1965-ci ildə çəkilib.
Abşerona xas olan ağac...
Bu ağac həm xar tutdur, həm əncirdir, həm də qarağacdır...
Səttarın çoxsaylı Məcnun, Füzuli qrafiklərini, etüdlərini, tablolarını xatırlayaq...
Xatırlayıb qyeri-səlist məntiqdə məntiq axtaraq...
Axtarsaq, Səttar ruhu ilə düşünsək, Səttar qəlbinidən duyğumuza işıq düşsə bir həqiqəti anlayıb dərk edəcəyik.
Dərk edəcəyik ki, bu tabloda Bəhlulzadə ilə Füzuli baş-başa veriblər...
Onlar Azərbaycan torpağının əbədiyyət ağaclarıdır...
Əlvan rəngli çiçəklərin ətri... xəfif ləpəli suların duruluğu... kökü açıqda olan, pərişan saçaqları yer süpürən ağaca nəğmə pıçıldayır...
Tablonu baş-ayaq çevirib tərsinə baxsaq, əllərini yana açan azman varlıq görəcəyik.
Bu, Səttarın özüdür.
Səttarın fırçası idrakın məntiqi və emosiyanın qeyri-səlist məntiqi ilə rənglər simfoniyası yaradırdı...
* * *
«Dədəgünəş» tablosu.
1970-ci ildə çəkilib.
Səmadan baxılanda Dədəgünəş adlanan məkan Şamaxının başının tacı kimi görünür.
Səlist məntiq: Dədəgünəşin dörd bir yanına fırlanıb baxsan belə mənzərə görməyəcəksən.
Təkcə buludlardan yaxasız köynək geyinmiş Dədəgünəş zirvəsindən başqa...
Qeyri-səlist məntiq: Günəş Dədəgünəşə çox yaxındır. Sanki o da bu ulu məkanı ziyarətə gəlib...
Günəşin Şirvan torpağına bəxş etdiyi füsunkar gözəlliyi Səttarın fırçası bir kətanda toplayaraq çələng hörüb. Burada bütün rənglər var və həmin rənglərin, onların çalarlarının (hətta qara rəngin də) ruhunda Günəş istiliyi, Günəş nuru, Günəş ecazkarlığı duyulur.
Səttarın fikirləşmədiyi, ancaq emosiya yağışından şirələnən ruhunun «gözündə» Günəş bütün sonsuzluğun başlanğıcı, torpaq isə Günəş başlanğıcının sonsuzluğa yol alan əbədiyyət nəğməsidir...
* * *
Səttar Bəhlulzadənin qrafik janrda, müxtəlif illərdə işlənmiş onlarla Füzuli və Məcnun portreti var. Şairin portretlərinin aşağısında «Füzuli», aşiqin portretlərinin imza yerində «Məcnun» yazılıb.
Səlist məntiqlə biz də həmin əsərləri təqdim olunan kimi qavramağa çalışırıq.
Səttarı yaxından tanıyanlar bilirdilər ki, du rəng nəğməkarının qyeri-səlist məntiqində Füzuli Məcnunun eşq qüdsiyyətinin filosofu, Məcnun isə Füzulinin idrak işığının səhralarda həqiqət axtaran aşiqidir.
Qeyri-səlist məntiqlə tabloların adlarındakı «Füzuli» və «Məcnun» sözlərinin yerini dəyişsək həmin əsərləri tamam yeni idrak işığında görəcəyik...
Qeyri-səlist məntiq işığında onu da görəcəyik ki, şair Füzuli ilə aşiq Məcnunun arasında hər ikisinin boynua sarılan Səttar sevgisinin həqiqəti var...
* * *
«Laza kəndinin şəlaləri» tablosu.
1965-ci ildə çəkilib.
Bu adda kənd, dağ, şəlalə Qəbələdə də var, Qusarda da.
Görənlər şəlalələrin hüsnünə heyran olur, mat qalırlar.
Şəlalənin dilimizdə uçan su anlamı da var.
Səlis məntiq: Şəlalə yuxarıdan aşağı tökülür. Və yaxud zirvədən ətəyə uçur.
«Laza kəndinin şəlaləri» tablosunu bir anlığa divardan tərsinə asaq. Assaq qyeri-səlist rəssam məntiqinin möcüzəli səlistliyini və bu səlistliyin cazibəsini görəcəyik...
Rəssamın qeyri-səlist məntiqində su göydən yerə, yerdən də göylərə yağır, hər iki məkana şəlalə kimi axır...
İlham Əzizoğlu