ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanın APA-ya müsahibəsi:

- Cənab səfir, energetika naziri Natiq Əliyevlə sonuncu görüşünüzdə mayın əvvəlində keçiriləcək Hyuston Offşor Texnologiya Konfransı barədə fikir mübadiləsi aparmışdınız. Qeyd etmişdiniz ki, bu tədbir dəniz ehtiyatları və ətraf mühit məsələləri üzrə elmi-texniki biliklərini təkmilləşdirmək məqsədilə enerji mütəxəssislərinin fikir mübadiləsi apardıqları mühüm bir platformadır. Bununla yanaşı, SOCAR-ın timsalında Azərbaycanın konfransda iştirakının vacibliyini diqqətə çatdırmışdınız. Bu günə olan məlumata əsasən Azərbaycan tərəfindən konfransa maraq hansı səviyyədədir?

- Hyuston Offşor Texnologiya Konfransı dünyanın neft və qaz sənayesi baxımından ən mühüm tədbirlərdən biridir və bu baxımdan, neft və qaz sektorunda önəmli bir oyunçu (aktor) kimi Azərbaycanın bu konfransda iştirakını vacib hesab edirəm. Dünyanın aparıcı şirkətlərinin qatılacağı bu konfransda ən yeni texnologiyalar nümayiş etdiriləcək. Azərbaycanın neft-qaz sektorundakı tarixini, imkanlarını və yeniliklərini nəzərə alsaq, cənab Əliyev və Azərbaycanın 10 şirkətinin builki konfransa qatılmaq qərarını alqışlayıram. Onu da əlavə etməliyəm ki, Hyuston və Bakı qardaşlaşmış şəhərlərdir və bunun nəticəsidir ki, builki konfransda iştirakı gözlənilən 60 mindən çox insanın sırasına Azərbaycan nümayəndə heyəti də qoşulub. Səfir Süleymanov və onun Azərbaycanın Vaşinqtondakı Səfirliyində çalışan komandası nümayəndə heyətinə dəstək göstərmək üçün bizimlə işləyirdilər.
Bundan əlavə, azərbaycanlı və amerikalı iş adamlarının bir araya gəlməsi və yeni biznes razılaşmaları əldə etmələri baxımından Hyuston Offşor Texnologiya Konfransı amerikalı və digər iş adamları və sənaye liderlərinin Azərbaycanın neft-qaz sektorunda baş verənlər barədə məlumatlandırılması üçün böyük imkandır. Mən çox şadam ki, energetika naziri cənab Əliyev və aparıcı beynəlxalq enerji şirkətlərinin nümayəndələri ilə sözügedən sektor, Cənub Qaz Dəhlizi və Azərbaycanın inkişafı üçün onun əhəmiyyəti, Avropa və qlobal enerji təhlükəsizliyinin artırılması üçün son iyirmi il ərzində Amerika və Azərbaycanın birgə gördüyü işlər haqda bir sıra tədbirlərdə birlikdə fikir mübadiləsi aparmışıq. Nəticə etibarilə, dünyanın hər yanından insanları bir araya gətirən belə böyük bir tədbirdə Azərbaycanın iştirakı Amerika və Azərbaycan biznesi, Azərbaycanın bu sektordakı aparıcı rolu haqda qlobal enerji ictimaiyyətinin məlumatlandırılması və hər iki ölkədə, eləcə də qlobal enerji sənayesində əldə edilən texniki yeniliklərin müzakirəsi baxımından əhəmiyyət kəsb edir.

- Donald Tramp prezident seçildikdən sonra bəzi dairələr düşünürdü ki, ABŞ Avropa ilə bağlı siyasətinə yenidən baxacaq. Cənub Qaz Dəhlizi kimi iri enerji layihəsinin benefisiarı kimi bu məsələ Azərbaycan üçün də maraqlıdır. Sualı bu cür formalaşdırmaq istərdik: ABŞ-ın Cənub Qaz Dəhlizi layihəsinə münasibəti dəyişibmi?

- ABŞ 20 ildən artıqdır, Azərbaycanın enerji sektorunun inkişafını dəstəkləyir. Bu, hər iki dövlətin prezidentlərinin siyasəti olub. Mən dövlət katibi Tillersonun Cənub Qaz Dəhlizi Məşvərət Şurasının fevralda Bakıda keçirilən iclasına göndərdiyi müraciəti qeyd etmək istəyirəm. O bildirdi ki, Azərbaycan bizim regional enerji təminatının şaxələndirilməsi, bazar rəqabətinin artırılması və Avropa enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə dair ortaq strateji məqsədimizin həyata keçirilməsində mühüm rol oynayıb. Həmçinin qeyd etdi ki, Xəzərdən Avropanı qazla təmin edəcək Cənub Qaz Dəhlizi Avropanın enerji şaxələndirilməsi üçün ciddi bir layihədir. O bəyan etdi ki, digər ölkələr və şirkətlər kimi, ABŞ da layihənin həyata keçirilməsinə sadiqdir.

- Bir qədər öncə nazir Natiq Əliyevlə görüşünüzə toxunduq. Maraqlıdır ki, həmin görüşdə nazir sizin diqqətinizə Cənub Qaz Dəhlizi layihəsinin gedişatında yaranan müəyyən çətinlikləri çatdırıb. Konkretləşdirsək, İtaliyada TAP layihəsinin tikintisi ilə bağlı bir sıra çətinliklər hələ də qalmaqdadır. Nazirin çıxışında ən diqqətçəkən məqam odur ki, o, bu problemlərin Cənub Qaz Dəhlizi layihəsinin vaxtında yekunlaşmasına mümkün təsirlərindən narahatlığını ifadə edib. Problemlərin səbəbi və ya mənbəyi nədir və ABŞ öz nüfuzundan istifadə edərək onların həllinə kömək edə bilərmi?

– Bu, əlamətdar layihədir. Təxminən 40 milyard dollar dəyəri olan Cənub Qaz Dəhlizi layihəsi bu gün dünyanın ən böyük infrastruktur layihələrindən biridir. Bu layihə, həmçinin, bəzi texniki problemlərin həllinə yönəlib. Layihənin icrası ilə bağlı Azərbaycandakı işlər, Gürcüstandan Türkiyəyə çəkilən boru kəməri və Türkiyədə Anadoludan keçən yeni boru kəmərinin tikintisi başa çatmaq üzrədir. Yunanıstan və Albaniyada Trans-Adriatik Boru Kəmərinin (TAP) tikinti işləri davam edir və biz hal-hazırda İtaliyada da layihə ilə bağlı işlərin həyata keçirildiyini görürük.

- Azərbaycan prezidenti sonuncu çıxışlarından birində bəyan edib ki, bəzi kənar qüvvələr Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində işləri yubatmağa çalışırlar. Bu fikrə münasibətiniz maraqlı olardı. Sizcə bu qüvvələrin təsir imkanları nə qədərdir?

– Xəzərdən qazın xarici müdaxilə olmadan Avropaya çatması çox vacibdir. Təhlükəsiz enerji mənbələri ölkənin rifah və təhlükəsizliyi üçün əsas amildir. Daha əvvəl qeyd etdiyim kimi, Cənub Qaz Dəhlizi layihəsi bütün şirkətlər və hökumətlərin təcrübəsi və dəstəyi sayəsində uğurla həyata keçirilir.

.