Tarixən qədim, məzmunca zəngin ədəbiyyatımızın qüdrətli tərbiyə vasitəsi olması barədə az danışlımamışdır. Bu zəngin ədəbiyyatdan seçilərək ümumtəhsil məktəblrinin ədəbiyyat dərslklərinə daxil edilmiş nümuələrin tərbiyəvi imkanlarının açıqlanmasından və mənmsədilməsi yollarından isə, təəssüf ki, metodik ədəbiyyatımızda qədərincə danışılmamışdır. Belə qiymətli bədii nümunələrdən biri “Kitabi-Dədə Qorqud” eposudur. Oğuz türklərinin bu ulu və möhtəşəm abidəsinin Azərbaycan ümumtəhsil məktəblərində öyrədilməsi tarixi qədim deyildir. Bunun obyektiv səbəbləri vardır. Ümumiyyətlə, SSRİ-nin tərkibində olan xalqların tarixinə, keçdikləri inkişaf yoluna həmin dönəmdə qısqanc, əslində, düşmən münasibət hökm sürürdü. Bu xalqların xoşbəxt, firavan həyat yoluna yalnız sovet dövründə düşdüyünə insanları inandırmaq, yeni tipli sovet adamı tərbiyə etmək kommunist ideologiyasının əsas prinsipi idi.
Türk xalqlarının birliyini, vahid soy-kökünü, qəhrəmanlıqla dolu keçmişini əks etdirən “Kitabi-Dədə Qorqud” abidəsi belə bir quruluşda yaşaya bilməzdi və o, yasaq edilmişdi. Eposun araşdırılması, öyrənilməsi Azərbaycanda, ümumən SSRİ-də qadağan olunmuşdu. Eposa düşmən münasibətin dərin və davamlı olmasına Stalin və Mikoyan cütlüyünün mənfur mövqeyini xüsusi qeyd etmək lazımdır.
Bu dastan ötən yüzilliyin ikinci yarısından başlayaraq məktəb proqramlarına daxil edilmişdir; sonuncu sinifdə dastan haqqında ümumi məlumat verilmiş, bir boyun əhatəli tədrisi həyata keçirilmişdir. Ölkəmizdə dövlət müstəqilliyi bərpa olunandan sonra dastanın orta məktəblərdə öyrənilməsinə daha çox diqqət yetirilmişdir. Belə ki ədəbiyyatın məktəbdə tədrisinin hər iki mərhələsində – V-IX və X-XI siniflərdə dastandan nümunələrin öyrənilməsinə imkan yaradılmışdır. Dəqiq deyilsə, VI sinifdə “Basatın Təpəgözü öldürdüyü boy”, VIII sinifdə “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”, XI sinifdə isə “Salur Qazanın evinin yağmalandığı boy” tədris olunmağa başlanmışdır. Təbii ki, XI sinifdə yalnız bir boyun tədrisi ilə kifaytlənilmir. Bu sinifdə dastanın öyrənilməsinə ayrılmış beş saatın biri epos haqqında ümumi məlumatın mənimsənilməsinə həsr edilir.
Aydındır ki, boyların ayrı-ayrı siniflərdə tədrisi şagirdlərin yaş və bilik səviyyəsi nəzərə alınmaqla həyata keçirilir. Buna təhsil proqramının – kurikulumun tələbləri (məzmun standartları) istiqamət verir. Lakin hər üç boyun tədrisində nəzərə alınmalı olan ümumi cəhətlərin olduğunu unutmaq olmaz. Bunlar ilk növbədə bütün boylarda əksini tapmış mühüm xətlərin nəzərə alınmasıdır. Bu xətlərin daha əsas olanları aşağıdakılardır.
–Dastanda qədim oğuzların birliyi, yurd sevgisi geniş bədii lövhələrlə əks etdirilmişdir.
–Dastanda oğuzların adət-ənənələri, inam və görüşləri ifadəsini tapmışdır.
–Eposda oğuz türklərinin məişəti, həyatı barədə çağdaş oxucuda aydın təsəvvür yaradan əhatəli təsvirlər vardır.
–Boylarda oğuzların ailə dəyərləri, ata-anaya, qadına münasibətləri barədə qiymətli məlumatlara yer verilmişdir.
–Boylarda oğuz insanlarının nəcib sifətləri, igidliyi maraqlı bədii boyalarla əks olunmuşdur.
Tədris prosesində bu xətlərin üzərində dayanılması, onlarla bağlı hər üç boydakı təsvirlərin müqayisə edilməsi həm təlimi, həm də tərbiyəvi baxımdan əhəmiyyətlidir. Həmin işin gerçəkləşdirilməsinin səciyyəvi məqamlarını bir xəttin (Dastanda qədim oğuzların birliyi, yurd sevgisi geniş bədii lövhələrlə əks etdirilmişdir) timsalında nəzərdən keçirək. Altıncı sinifdə “Basatın Təpəgözü öldürdüyü boy”un öyrədilməsində həmin xətlə bağlı kifayət qədər material vardır. Oğuz elinin başının üstünü təhlükə alır. Təpəgöz oğuz elinə qənim kəsilir. Oğuzlar bunu ümumi bəla, hamı üçün fəlakət sayırlar. Maraqlıdır ki, yurdlarını tərk etmək heç onların ağlına belə gəlmir. Təpəgözə qarşı birlikdə mübarizə aparmağı qərarlaşdırırlar. Boyda deyildiyi kimi, “oğuzlar yığışıb onun üstünə gəldilər”. Bu xətt VIII sinifdə “Qazan bəyin oğlu Uruz bəyn dustaq olduğu boy”da da özünü qabarıq göstərir. Əsir düşmüş övladını xilas etmək üçün düşmən üstünə getmiş Qazan bəyin köməyinə oğuz eli yetişir. Say-seçmə igidlər “Çal qılıncını, xanım Qazan, çatdım!” sözləri ilə döyüşə qatılırlar.
Oxşar vəziyyət X sinfdə tədris olunan “Salur qazanın evinin yağmalandığı boy”da da müşahidə edilir. Namərd düşmənin qəfil hücumu Oğuz elinə ağır zərbə vurur: yurd dağıdılır, var-dövlət talan edilir, insanlar əsir aparılır. Qazan xan yalnız bir nəfərlə – Qaraca çobanla düşmən üzərinə gedir. Lakin oğuzlar onu bu dəfə də köməksiz qoymur, elliklə onun kömyinə gəlirlər. Boyda onların çoxunun adı bircə-bircə çəkilir. Bu qəhrəmanların təqdimi də maraqlıdır:
– Qaradərə ağzında qara buğa dərisindən beşiyinin yerliyi olan, acığı tutanda qara daşı kül eləyən bığını boynu dalında yeddi dəfə düyünləyən, igidlər igidi, Qazan bəyin qardaşı Qaragünə çaparaq yetişdi: “Çal qılıncını, qardaşım Qazan,yetdim!”– dedi.
–Dəmir qapı Dərbənddəki dəmir qapını hücumla alan, altmış tutamlı böyük nizənin ucunda igidləri böyürdən Qıyan Səlcik oğlu Dəli Dondaz çaparaq yetişdi: “Çal qılıncın, ağam Qazan, yetdim!”– dedi.
–Amidlə Mərdin qalasını vurub-yıxan, Dəmir yaylı Qıpçaq Məliyə qan qusduran, gələrək Qazanın qızını mərdliklə alan, oğuzun ağ saqqallı qocaları görəndə o igidə “əhsən” deyən, al məxmər şalvarlı, atı mavi qotazlı Qaragünə oğlu Qarabudaq çaparaq yetişdi: “Çal qılıncını, ağam Qazan, yetdim!”– dedi...
Müxtəlif siniflərdə boyların tədrisinə, məlumdur ki, məzmun standartları istiqamət verir. Standartların tələbləri isə müxtəlif və rəngarəng olub, fərqli bilik və bacarıqların mənimsənilməsinə yönəlikdir. VI sinifdə – “Təpəgöz” boyunun öyrənilməsində ilk növbədə “dastan” janrı haqqında təsəvvürün yaradılması vacibdir. Bu, məzmun standartının tələbidir. Əsərin elə ilk oxusundan şagirdlərin diqqəti janrın özəlliyinə cəlb olunur. Başqa sözlə, şagirdlərin diqqəti daha çox aşağıdakı cəhətlərin üzərində cəmləşdirilir:
–dilin şirinliyi, aydınlığı;
–məcazların, xüsusən mübaliğənin bol-bol işlənməsi;
–nəsrlə nəzmun bir-birini izləməsi.
Oxu və məzmun üzrə iş prosesində janrla bağlı mənimsənilənlər təhlil mərhələsində daha da dərinləşdirilir. Bu, ayrıca məzmun standartının (1.2.1. Bədii nümunələri – əfsanə, nağıl, dastan, təmsil, hekayə – janr xüsusiyyətləri baxımından müqayisə edir) tələbinə əsasən gerçəkləşdirilir. Boyun təhlilində obrazların səciyyələndirilməsinə, ideya-bədii xüsusiyyətlərin araşdırılmasına ayrıca diqqət yetirilir. Bu sinifdə ədəbi qəhrəmanların səciyyələndirilməsində onların davranış və əməllərinə xüsusi diqqət yetirilir. Standartın obrazlarla bağlı bu tələbi VIII sinifdə – “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”un tədrisində fərqli və daha dərinləşmiş məzmunda olur. Başqa sözlə, obrazların sinifdə təhlilində nitqlərinə və bağlı olduqları məişət təsvirlərinə daha çox diqqət yetirilir. Bunun gerçəkləşdirilməsinə isə həmin boyun məzmunu zəngin material verir.
Dastan haqqında geniş məlumatın mənimsənilməsinə, təbiidir ki, X sinifdə daha əlverişli imkan yaranır: aşağı siniflərdə dastanla bağlı öyrənilənlərin bu sinifdə dərinləşdirilməsi, ümumiləşdirilməsi və yekunlaşdırılması mümkün olur. İkinci tərəfdən şagirdlərin qavrama səviyyəsi dastanın tarixi-ədəbi əhəmiyyəti barədə daha əhatəli iş aparmağa imkan verir. Təsadüfi deyildir ki, epos haqqında ümumi məlumatın öyrənilməsinə həmin sinfədək mənimsənilənlərin müzakirəsi ilə başlanılır. Bu məqsədlə dərsin başlanğıcında yığcam müzkirənin aparılması məqsədəuyğundur. Sinfə ilk suallarını ünvanlayan müəllim şagirdləri dastanla bağlı bildiklərini xatırlamağa yönləndirir. Öyrənilmiş boyların mövzusu, onlarda əksini tapmış mühüm problemlər, obrazların səciyyəsi və s. əhatə olunur.
Mövzunun öyrənilməsində növbəti addım şagirdlərin müstəqil işləmələri üçün tapşırıqların təqdim edilməsi ola bilər. Müstəqil iş üçün tapşırığın bir variantını aşağıdakı məzmunda müəyyənləşdirmək mümkündür.
1.Eposun yaranması hansı dövrə təsadüf edir? Fikrinizi faktlarla əsaslandırın.
2.Eposda diqqəti çəkən başlıca mövzuları müəyyənləşdirin.
3.Dastanda əksini tapmış başlıca problemlər hansılardır?
4.Dastanın qəhrəmanlar üçün səciyyəvi olan cəhətlər hansılardır?
5.Dastanın bədii gözəlliyini təmin edən başlıca vasitələri müəyyənləşdirin. Fikrinizi nümunələrlə əsaslandırın.
Göründüyü kimi, suallar dastan haqqında ümumi təsəvvürün qazanılmasına imkan yaradır. Bu təsəvvürün dərinləşdirilməsi və zənginləşdirilməsi üçün şagirdlərin əhatəli araşdırma aparmaları məqsədəuyğundur. Doğrudur, tapşırığın icrasına dərslikdəki material tutarlı istiqamət versə də, araşdırma üçün bu, kifayət deyildir. Deməli, şagirdlər zəruri ədəbiyyatla təmin olunmalıdırlar. Dastanın sadələşdirlmiş variantı da şagirdlərin əlinin altında olmalıdır.
İşin kiçik qruplarda icra olunması faydalıdır. Lakin şagirdlərin hər biri cavabın hazırlanmasına öz töhfəsini verməlidir. İşin yerinə yetirilməsi prosesində şagirdlərdə müxtəlif məlumat mənbələri ilə işləmək bacarığının inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir.
Hazırlanmış cavabların məzmununda hansı cəhətlərə önəm verilməlidir?
Dərslikdəki materialın öyrənilməsi, eləcə də digər mənbələrin araşdırılması şagirdlərə eposun yaranma tarixi ilə bağlı fərqli fikirlərin olduğunu müəyyənləşdirməyə imkan verir. Əlavə mənbələrdən aydınlaşır ki, eposun yaranma tarixinin islamiyyətdən əvvələ aid olduğunu deməyə əsas var. Eləcə də dastanın VI-VII yüzilliklərdə yaranıb formalaşdığını əsaslandırmağa çalışan tədqiqatçılar da az deyildir.
Tapşırıqdakı ikinci sualın cavabı ilə bağlı mənbələrin araşdırılması dolğun cavabın hazırlanmasına imkan verir. Eposda əksini tapmış məsələlər çoxdur: oğuz türklərinin həyatı, məişəti, adətləri, ənənələri, inancı, həyata baxışı, dünyagörüşü, yaşatdıqları dəyərlər, yurd sevgisi, birliyi, düşmənə münasibətləri, mənəvi aləmləri və s. Bəzən bu və ya digər boyda ayrı-ayrı oğuz igidi ilə bağlı hadisə aparıcı olur – onun mövzusu kimi ön plana çıxır. Yaxud oğuz elinin başının üstünü təhlükə alır, bu ayrıca boyun mövzusu qismində özünü göstərir.
Beləliklə, tapşırıqdakı hər bir sualın tutarlı cavabını dərslik və mənbələr əsasında hazırlamaq mümkün olur.
Qeyd olunduğu kimi, X sinifdə dastanın “Salur Qazanın evinin yağmalandığı boy” geniş tədris olunur. Onun öyrənilməsinə dörd saat ayrılmışdır. Boyun oxusuna, məzmununun öyrənilməsinə ayrılmış iki saatın səmərəli təşkili təhlilin effektli olmasına imkan yaradır. Boydan müəyyənləşdirilmiş hissə ilə şagirdlər birinci dərs saatında fasilələrlə oxunun tətbiqi əsasında tanış olurlar. Fasilələrlə oxunun təbiqi qaydalarını bilən şagirdlər ilk parçanı (başlanğıcdan “Qazan dedi: “Oğlum Uruz üç yüz igidlə evimin keşiyində dursun” cümləsinədək) yoldaşlarından birinin ifasında dinləyirlər. Parça ilə bağlı suallara cavab verəcəklərini bilən şagirdlər oxunu diqqətlə dinləyirlər. Parçanın oxusu tamamlandıqdan sonra müəllim aşağıdakı suallarla şagirdlərə müraciət edir:
1.Salur Qazan oxuculara necə təqdim edilir?
2.Bu təqdimatın əhatəli olmasıının səbəbini necə izah edərsiniz?
3.Onun təşkil etdiyi məclis necə təsvir edilir?
4.Qonaqlığın belə dəbdəbəli təşkilinin səbəbini necə izah edərsiniz?
5.Salur Qazan bəylərə nə təklif etdi?
6.Onun təklifinə kimlər münasibət bildirdilər?
Göründüyü kimi, sualların bir qismi yalnız məzmunun əhatəli öyrənilməsi ilə məhdudlaşmır, ilkin təhlil elementlərini də özünə daxil edir. Bu, boyun tədrisinin sonrakı mərhələlərinin, xüsusən təhlilin səmərəliliyinə əhəmiyyətli dərəcədə təsir edir. Bu mərhələnin mühüm cəhətlərindən biri müəllimin suallarının cavablandırılmasında mümkün qədər çox şagirdin iştirak etməsidir.
Boyun ikinci hissəsi (“Endilər” cümləsindən “Bilmədik, hansıdır” cümləsinədək olan parça) ilə tanışlıq proqnozlaşdırılmış oxunun tətbiqi ilə reallaşdırılır. Hadisələrin necə davam edəcəyi ilə bağlı ehtimallar söyləyəcəklərini bilən şagirdlər oxuda daha diqqətli olurlar.
Təcrübə göstərir ki, oxu nə qədər səmərəli təşkil edilsə də, məzmunun dərindən dərk edilməsi üçün əlavə işlərin aparılmasına ehtiyac duyulur. Məhz buna görə də oxu tamamlandıqdan sonra aşağıdakı məzmunda işlərin aparılması məqsədəuyğundur:
–tanış olmayan sözlər və məcazlarla bağlı qənaətlərin müzakirəsi;
–boyun ayrı-ayrı parçalarındakı mühüm fikirlərlərin müəyyənləşdirilməsi və onlara münasibət bildirilməsi;
–obrazların nitqi üçün səciyyəvi olanların müəyyən edilməsi və qeyd olunması.
İcra olunan bütün bu işlər təhlilə həsr olunmş dərsin keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir edir. Təhlil üzrə işi fərqli variantlarda təşkil etmək olar. Məsələn, müəyyənləşdirilmiş tədqiqat sualının kiçik qruplarda araşdırılması, nəticə ilə bağlı məlumat mübadiləsi və müzakirənin aparılması şagirdlərin fəallığının və əməkdaşlığının təmin edilməsi baxımından faydalıdır. Əlbəttə, təhlilin necə təşkil edilməsi, hansı təlim metodlarından iş formalarından istifadə olunması dərsin məqsədindən, seçilmiş məzmun standartlarından xeyli dərəcədə asılıdır. Deməli, təhlil üzrə dərsi fərqli variantlarda təşkil etmək mümkündür. Məntiqi təfəkkürün inkişaf etdirilməsi məqsədilə hazırlanmış variantlardan birinə nəzər salaq. Dərslikdəki materialın və mətnkənarı sualların əsasında hazırlanan bu variant işə bütün sinfin cəlb edilməsinə imkan yaratması baxımından faydalıdır.
Dərslikdəki təhlil materialı aşağıdakı qaydalara əməl edilməklə oxunur.
–şagirdlərdən biri ilk mətnkənarı sualın cavabını – dərslikdəki mətni aramla, ucadan oxuyur;
–o, mətndəki əsas fikri bir neçə cümlə ilə ifadə edir – ümumiləşdirir.
–sonra şagirdlərə mətnlə bağlı sullar verir;
–suallar əsasında aparılan müzakirədə çətin, izahına ehtiyac duyulan məsələlərə bütün sinfin iştirakı ilə aydınlıq gətirilir;
–sonda mətnə hansı məzmunda əlavələrin edilməsinin vacib olması barədə nəticə çıxarılır və bəndlərlə yazılır;
–digər mətnkənarı suallarla bağlı cavabların – mətnin oxusu da bu qayda ilə həyata keçirilir;
–işin yekunlaşdırılması və nəticənin çıxarılması üzrə təqdimatlar dinlənilir və müzkirə edilir.
Göründüyü kimi, bu variant oxunun diqqətlə dinlənilməsini təmin etməklə bərabər, mətnin məzmununun mənimsənilməsinə, ona münasibət bildirilməsinə də imkan yaradır. Əlbəttə, bu prosesi müəllimin necə idarə etməsindən çox şey asılıdır. Mətnin aydın, anlaşıqlı oxusu, onda ifadə olunmuş başlıca fikirlərin bacarıqla ümumiləşdirilməsi, müzakirədə bütün sinfin iştirakının təmin edilməsi, təqdimatların məzmunca dolğun olması və diqqətlə dinlənilməsi, müzkirənin səmərəli keçməsi müəllimin diqqət yetirməli olduğu başlıca məsələlərdir.
Şagirdlərin tədqiqatçı mövqeyinin üstünlük təşkil etdiyi digər bir variantın səciyyəvi məqamlarına nəzər salaq. Şagirdlər boyun mətni, dərslikdəki material və mənbələr əsasında aşağıdakı tapşırıqların üzərində işləyirlər. Tapşırıqlar kiçik qrupların arasında bölüşdürülür.
1.Salur Qazanın xarakterindəki başlıca cəhətləri müəyyənləşdirin. Onun nitqindən, davranış və əməllərindən nümunələr göstərməklə fikirlərinizi əsaslandırın.
2Burla xatun obrazı hansı xüsusiyyətləri ilə diqqətinizi çəkdi?
3.Boyda ifadəsini tapmış problemlərdən hansılarını daha mühüm hesab edirsiniz?
4.Dastanda oğuz türklərinin hansı əxlaqi-mənəvi dəyərləri əksini tapmışdır?
5.Əsərdə işlənmiş bədii təsvir və ifadə vasitələrinin fikrin təsir gücünün artmasındakı rolunu aydınlaşdırın.
Dərslikdəki təhlil materialı, eləcə də mənbələrdəki məlumatlar tapşırığa tamamlanmış, əhatəli cavabların hazırlanması üçün kifayət deyildir. Ən mühüm olan bədii mətnin özünə müraciət edilməsi, tutarlı nümunələrin seçilməsidir.
Bu qəbildən dərsdə qruplararası məlumat mübadiləsinin səmərəli təşkilinə xüsusi diqqət yetirilməlidir. Bu, digər suallar üzrə əldə edilmiş nəticələrlə – boyun təhlili ilə şagirdlərin əhatəli tanış olmalarına imkanı yaradır. Eləcə də müzakirənin canlı keçməsinə, daha çox şagirdi əhatə etməsinə səy göstərilməlidir.
Dastandan ümumtəhsil məktəblərundə öyrədilən boyların sayı az deyil. Bu onların tədrisi ilə bağlı xüsusi tədqiqatın aparılmasına imkan verir. Yaxud qəhrəmanlıq dastanlarının məktəbdə müqayisəli öyrədilməsi üzrə xüsusi tədqiqatın aparılması mümkündür. Hər iki halda “Kitabi-Dədə Qorqud” dastanının gənc nəslə öyrədilməsinin səmərəli yollarının müəyyənləşdirilməsinə şərait yaranır.
Soltan Hüseynoğlu
Azərbaycan Dövlət Pedaqoji Universitetin dosenti