Prezident İlham Əliyevin  Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsi

-Cənab Prezident, bu gün ölkəmizin neft-qaz sektorunun inkişafında növbəti mühüm hadisənin – “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasiminin şahidi oluruq. Bu layihənin əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Bu, doğrudan da çox əhəmiyyətli hadisədir. Çünki bu gün faktiki olaraq “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi başlayır və əminəm ki, bu mərhələ də uğurlu olacaq. Beləliklə, Azərbaycan öz neft-qaz strategiyasında önəmli hadisəyə, önəmli addıma imza atacaqdır.

“Abşeron” yatağının tarixi bir qədər fərqlidir. Çünki ilk dəfə “Abşeron” qaz yatağı üzrə kontrakt xarici tərəfdaşlarla hələ 1990-cı illərin sonlarında imzalanmışdır. Mən o günləri yaxşı xatırlayıram və bizim “Abşeron” yatağı ilə əlaqədar böyük ümidlərimiz var idi. Çünki bizim geoloqlarımız, xüsusilə Xoşbəxt Yusifzadə tam əmin idi ki, bu yataqda kifayət qədər böyük qaz ehtiyatları vardır. Bir də ki, “Abşeron” yatağı üzrə kontrakt “Şahdəniz” qaz-kondensat yatağı üzrə kontraktdan sonra imzalanmışdır və əslində, bu, onu göstərirdi ki, Azərbaycan artıq neft ölkəsindən qaz ölkəsinə keçid alır.

Ancaq əfsuslar olsun ki, müəyyən müddətdən sonra birinci kontrakta xitam verildi. Onun da səbəbi ondan ibarət idi ki, qazılan kəşfiyyat quyusu boş çıxdı. Xatırlayıram, o vaxt bizim görkəmli geoloqumuz Xoşbəxt Yusifzadə demişdi ki, quyunun yeri düzgün seçilməmişdir və xarici tərəfdaşları inandırmağa çalışırdı ki, onlar öz iş proqramına bir qədər düzəlişlər etsinlər. Ancaq əfsuslar olsun ki, onun sözünə baxmadılar. Halbuki, Xəzər dənizini Xoşbəxt Yusifzadə kimi tanıyan ikinci adam dünyada yoxdur. Ancaq heç bir nəticə əldə olunmadı və xarici şirkət bu yatağı tərk etdi. Yenə də deyirəm, biz tam əmin idik ki, burada çox böyük qaz ehtiyatları vardır. Şadam ki, “Total” şirkəti eyni fikrə gəldi və SOCAR-la müvafiq sənədlər imzalandı. Ondan sonra praktiki işlər aparıldı və böyük qaz-kondensat yatağı aşkarlandı. Bu önəmli hadisə - yatağın aşkarlanması ilə əlaqədar ilk xəbəri mənə Xoşbəxt müəllim vermişdir. Beləliklə, bizim neft-qaz potensialımızın inkişafı üçün çox böyük resurs əldə edildi. Bu yataqda 350-360 milyard kubmetr qaz ehtiyatları vardır. Amma mən hesab edirəm ki, daha çox olacaq. Çünki artıq bizdə olan təcrübə onu göstərir ki, ehtimal olunan resurslardan daha böyük resurslar üzə çıxır və 100 milyon ton kondensat - bu da xam neftə bərabər olan bir məhsuldur. Beləliklə, Azərbaycan bundan sonra da etibarlı qaz təchizatçısı olacaqdır. Onu da bildirməliyəm ki, “Abşeron”un birinci mərhələsində çıxarılacaq qaz daxili tələbatlara istiqamətləndiriləcək. Çünki buna da ehtiyac var. Artan əhali, artan sənaye bunu tələb edir. İkinci mərhələdə hasil olunacaq qaz isə ixrac yolu ilə dünya bazarlarına çıxarılacaq. Çünki artıq bu yatağın tam işlənməsi mərhələli yollarla öz həllini tapacaq.

Eyni zamanda, bizim neft hasilatımızın sabit qalması üçün bu yatağın böyük önəmi var. Çünki 100 milyon ton kondensat - bu da Bakı-Tbilisi-Ceyhan ixrac boru xətti ilə dünya bazarlarına çıxarılacaq. Beləliklə, “Azəri-Çıraq-Günəşli”də mövcud olan və davam edən təbii hasilat tənəzzülünü “Abşeron” yatağı bir qədər kompensasiya edəcək.

Ona görə bu, növbəti böyük hadisədir. Bütün bu qurğular Azərbaycanda istehsal olunub. Mən keçən ay burada olarkən “Qarabağ” dayaq blokunun dənizə göndərilməsini qeyd edirdim. Artıq bu blok burada bizim qarşımızdadır, dənizdədir və bu gün növbəti dayaq bloklarının dənizə göndərilməsi, əlbəttə ki, çox əhəmiyyətli hadisədir. Əminəm ki, qrafik üzrə iki ildən sonra “Abşeron” yatağından ilk qaz və kondensat çıxarılacaqdır.

-Cənab Prezident, qarşıdan neftçilərin peşə bayramı gəlir. Bu münasibətlə ürək sözlərinizi eşitmək istərdik.

-Mən neftçiləri qarşıdan gələn peşə bayramları münasibətilə təbrik etmək və onlara yeni uğurlar arzulamaq istəyirəm. Neftçilər hər zaman Azərbaycanda böyük hörmətə layiq insanlar olub. Bu gün də belədir və neftçilərin əməyi əsl qəhrəmanlıqdır. Neftçi peşəsi həm hörmətli peşədir, eyni zamanda, riskli, təhlükəli peşədir və bir daha demək istəyirəm ki, onların əməyi əsl qəhrəmanlıqdır.

Eyni zamanda, ölkəmizin uğurlu inkişafında neftçilərin çox böyük rolu vardır. Bu gün ölkə iqtisadiyyatının əsas hissəsi neft-qaz sektoru ilə bağlıdır və bu, bundan sonra uzun illər belə olacaq. Söhbət ondan getmir ki, digər sektorlar inkişaf etmir, edir, ancaq nə qədər inkişaf etsə də, yaxın gələcəkdə neft-qazdan əldə olunan gəlirlərin yerini tuta bilməyəcək. Eyni zamanda, bizim yeni layihələrimiz – bu gün “Abşeron”, bir ay əvvəl “Qarabağ”, digər layihələrin icrası bundan sonra da neft-qaz amilinin önəmli rolunu təsdiqləyəcək. Ona görə ölkəmizin uğurlu gələcəyi neftçilərin peşəsindən, onların nailiyyətlərindən böyük dərəcədə asılı olacaqdır. Çox şadam ki, mənim də həyatımın 9 ili Azərbaycan Dövlət Neft Şirkətində keçibdir. O illərdə əldə etdiyim təcrübə mənim üçün çox qiymətlidir və çox gözəl xatirələrim var. Əldə etdiyim təcrübə, biliklər bu gün mənə kömək göstərir. Mən şirkətin vitse-prezidenti kimi xarici əlaqələrə rəhbərlik edirdim və əsas kontraktların hazırlanmasında, imzalanmasında fəal rol oynayırdım. Çox şadam ki, mən bizim görkəmli neftçilərimizlə bir yerdə işləmişəm. Əfsanəvi Neftçi Qurban - Qurban Abbasov, bax bu nəhəng kran gəmisi onun adını daşıyır. Onunla birlikdə işləmişəm. O, çox prinsipial mövqeyi olan, çox bilikli, peşəkar və cəsarətli adam idi. Belə adamla, sadəcə, təmasda olmaq, bir yerdə işləmək böyük təcrübədir. Biz müntəzəm olaraq Dövlət Neft Şirkətinin şurasında görüşürdük, məsələləri müzakirə edirdik. Mən söz düşmüşkən deyə bilərəm və hesab edirəm ki, Neftçi Qurban dünyada birnömrəli neftçi sayılmalıdır.

Eyni zamanda, Xoşbəxt Yusifzadə ilə, bizim əfsanəvi neftçi-geoloqla birlikdə işləmişik. Dövlət Neft Şirkətinin köhnə binasında bizim iş otaqlarımız da yanbayan idi, ikimizin bir qəbul otağımız var idi. Ona görə hər gün görüşürdük və bu gün də görüşürük. Şadam ki, Xoşbəxt müəllim bugünkü mərasimdə iştirak edir və bizimlə birlikdə düyməni basıb. Çünki “Abşeron” yatağının işlənməsində onun çox böyük rolu var.

Bu gün neftçilər də görürlər ki, onların əməyi Azərbaycan xalqının maraqlarına xidmət edir və bu, onlar üçün də çox önəmlidir. Çünki onlar bilirlər ki, bu gün və bundan sonra ölkəmizin həm siyasi, həm iqtisadi nailiyyətləri böyük dərəcədə neft-qaz amilinə söykənir. Belə olan halda, bu, onları daha da ruhlandırır. Bir daha demək istəyirəm, mən hər zaman fəxr etmişəm ki, həyatımın 9 ili Dövlət Neft Şirkətində keçib və neftçilərin həmkarı kimi onları ürəkdən təbrik edirəm, yeni uğurlar arzulayıram.

-Cənab Prezident, Azərbaycan qədim neft diyarıdır. Ölkəmizdə uzun illər - həm çar Rusiyası dövründə, həm Sovetlər dövründə, həm də indiki müstəqillik dövründə neft hasil olunub. O dövrlərdə və müstəqillik dövründə neft amilinin rolunu necə xarakterizə edərdiniz?

-Bəli, Azərbaycan o ölkədir ki, XIX əsrin ortalarında ilk dəfə sənaye üsulu ilə neft hasil edilibdir. XX əsrin ortalarında tarixdə ilk dəfə dəniz yataqlarından neft Azərbaycanda hasil edilibdir. Ancaq əgər biz tarixə baxsaq görərik ki, o vaxt Azərbaycanda çıxarılan neft Azərbaycan xalqının maraqlarına xidmət etmirdi. Çünki çar Rusiyası dövründə varlılar varlanırdı, amma kasıblar daha da ağır vəziyyətə düşürdü, insanların əməyi çox ağır idi. Bir daha deyirəm, Azərbaycanda çıxarılan neft Azərbaycan xalqının maraqlarına xidmət etmirdi.

Əgər biz o vaxt müstəqil ölkə olsaydıq, mən tam əminəm ki, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi. Ancaq biz müstəqil deyildik. Düzdür, o vaxt zəngin neft maqnatları, onlar əldə etdikləri gəlirlərin bir hissəsini xeyriyyəçiliyə sərf edirdilər, xüsusilə Hacı Zeynalabdin Tağıyev, Muxtarov, Əsədullayev. Tağıyev, bildiyiniz kimi, Bakıya Şollar su kəmərini çəkdirmişdir, eyni zamanda, təhsilə böyük əhəmiyyət verirdi. Çünki görürdü ki, Azərbaycan gəncləri təhsildən kənarda qalırlar və beləliklə, gələcəkdə onların inkişafı və yüksək yerlərə çıxması problemli ola bilər. Ona görə hesab edirəm ki, Azərbaycanın neft maqnatları arasında onun xüsusi rolu vardır. Bizim ailəyə də onun köməyi dəymişdir. Mənim babam Əziz Əliyev qədim Azərbaycan torpağı olan İrəvan xanlığı ərazisində kasıb ailədə doğulmuşdu və oxumaq istəyirdi. Ancaq oxumaq üçün pulu yox idi. O vaxt o, Hacı Zeynalabdin Tağıyevə məktub ünvanlamışdı və xahiş etmişdi ki, ona maddi kömək göstərsin. O, həkim olmaq istəyirdi. Təbii ki, Tağıyev onu tanımırdı, ancaq bir vətənpərvər, xeyirxah insan kimi ona pul göndərdi və o pul hesabına Əziz Əliyev Sankt-Peterburq Hərbi Tibb Akademiyasına daxil oldu, orada oxudu, gözəl həkim, görkəmli dövlət xadimi oldu. Onu da bildirməliyəm ki, İkinci Dünya müharibəsi zamanında o, Dağıstana birinci katib vəzifəsinə göndərilmişdir və müharibə illərində Dağıstana rəhbərlik etmişdir. O vaxt dağıstanlıları da digər Qafqaz xalqları kimi sürgün etmək üçün planlar var idi. Demək olar ki, bu qərar artıq sovet rəhbərliyi tərəfindən verilmişdi. Məhz Əziz Əliyevin fəaliyyəti, onun çox cəsarətli addımları nəticəsində dağıstanlılar bu bəladan xilas ola bildilər. Bu gün onun xatirəsi Dağıstanda yaşayır, onun şərəfinə abidə ucaldılıb.

Yəni, o vaxt bizim bu zəngin neft maqnatlarımız bu işləri görürdülər. Ancaq əlbəttə ki, onlar hər bir insana kömək edə bilməzdilər. Bir də ki, o vaxt Bakının neft maqnatları arasında ermənilər də kifayət qədər çox idi. Onlar da Azərbaycanda qazanılan pulları bir çox hallarda Azərbaycan xalqının maraqlarına zidd işlərə yönəldirdilər. Beləliklə, çar Rusiyası dövründə Azərbaycan xalqının neftdən gəliri sıfır səviyyəsində idi.

Sovet dövründə - o vaxt əgər 1920-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini əldən verməsəydi, hesab edirəm ki, yenə də ən zəngin ölkələrin birinə çevrilərdi. Çünki o vaxt da Azərbaycanda çıxarılan neft dünya neft bazarında əksəriyyət təşkil edirdi. Ancaq 1920-ci ildə müstəqillik əldən getdi və Azərbaycan nefti yenə də Azərbaycan xalqına kömək etmirdi. O vaxt – xüsusilə müharibə illərində neft mədənlərində işləyən insanlar çox ağır şəraitdə yaşayırdılar, gecə-gündüz çalışırdılar. Bir rəqəmi gətirə bilərəm ki, müharibə zamanı Azərbaycanda rekord səviyyədə neft hasil edilmişdir – 23 milyon ton. Yəni, cəmi bir-iki il ərzində neft hasilatı təqribən iki dəfədən çox artırıldı. O vaxt müasir texnologiyalar yox idi, bu artım daha çox insan əməyinin istismarı nəticəsində baş verirdi. Deyə bilərəm ki, bizim ailədə də bu, öz təsirini göstərdi. Çünki mənim digər babam Əlirza Əliyev pul qazanmaq üçün Naxçıvandan Bakıya gəlirdi və aylarla neft mədənlərində işləyirdi. Bu, onun səhhətinə çox mənfi təsir göstərmişdi və məhz buna görə gənc yaşlarında vəfat etdi.

Yəni, o vaxt Azərbaycan nefti istismar edilirdi. İkinci Dünya müharibəsində sovet ordusunun Qələbəsində Azərbaycan neftçilərinin xüsusi, müstəsna əməyi vardır. Çünki o vaxt Sovet İttifaqında yanacağın 80 faizi, sürtkü yağlarının 90 faizi Azərbaycan tərəfindən təmin edilirdi, Azərbaycanda hərbi texnika istehsal olunurdu. Bu müharibədə 300 mindən çox Azərbaycan nümayəndəsi həlak oldu. Ancaq görün, Sovet İttifaqı dağılanda biz hansı vəziyyətlə üzləşmişdik: dağılmış neft infrastrukturu. Bu gün mənə edilən təqdimatda göstərilir ki, “Neft Daşları”na yeni həyat veriləcək. Çünki “Abşeron” yatağı “Neft Daşları” ilə bağlı olacaq. Amma “Neft Daşları” hansı vəziyyətdə idi o vaxt. Mən xatırlayıram, “Neft Daşları”na Prezident kimi ilk dəfə 2004-cü ildə gedəndə ağır vəziyyət idi. Bütün platformalar çürümüşdü, dağılmışdı. Burada işləmək böyük çətinlik, böyük təhlükə yaradırdı. Bunu biz əldə etdik. Neft hasilatı aşağı düşmüşdü, faktiki olaraq qaz hasilatı ölkəmizin tələbatını ödəmirdi. Bakının yarısı qazsız qalmışdı, o ki qaldı, rayonlara, orada ümumiyyətlə, qaz deyilən şey yox idi. Deməli, iqtisadi vəziyyət ağır idi.

Hələ Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi. Xüsusilə Azərbaycan xalqının cəlladı Qorbaçov və onun dəstəsi Azərbaycana nifrətlə yaşayırdı. Nəinki azərbaycanlılara, bütün müsəlmanlara, böyük nifrət hissi var idi, mən bunu dəqiq bilirəm. Bunun nəticəsində Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra ermənilər Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırdılar. Heydər Əliyev amili imkan vermirdi ki, onlar baş qaldırsın. Ancaq Qorbaçovun yaxın ətrafı demək olar ki, ermənilərdən ibarət idi və bu əsassız iddiaya qarşı lazımi addımlar atılmadı. Əksinə, o vaxt Qorbaçov hakimiyyəti 100 faiz ermənilərin tərəfini tutdu və Dağlıq Qarabağı Azərbaycandan ayırmaq üçün ilk addımlar məhz o vaxt atıldı. Azərbaycanda bəziləri yəqin ki, bunu xatırlamır, ya da bilmir, amma bu tarixi bilmək lazımdır. O vaxt sovet rəhbərliyi qərar qəbul etdi ki, Dağlıq Qarabağda xüsusi komitə yaradılsın və o komitəyə Qorbaçovun köməkçisi Volski təyin edildi. Volski qatı ermənipərəst insan idi və orada işlədiyi dövrdə əlindən gələni edirdi ki, Azərbaycanın tarixi irsi Dağlıq Qarabağ ərazisindən silinsin. Azərbaycanlılar o vaxt Dağlıq Qarabağın bəzi yerlərindən zorla çıxarıldı. Xankəndidə ilk etnik təmizləmə siyasətinin təzahürləri üzə çıxdı və demək olar ki, azərbaycanlılar Xankəndidən qovuldular, Volski orada otura-otura. Yəni, beləliklə, Dağlıq Qarabağın Azərbaycandan ayrılması üçün imkan yaradıldı.

Əfsuslar olsun ki, Azərbaycan rəhbərliyi o vaxt buna, sadəcə, tamaşaçı kimi yanaşırdı, öz səsini ucaltmamışdı, öz sözünü deməmişdi. Özünü çox qorxaqcasına aparırdı, mərkəzlə münasibətləri korlamaq istəmirdi. O vaxt Azərbaycana rəhbərlik edən insanlar Azərbaycan xalqına xəyanət etmişdilər. Ondan sonra Qanlı Yanvar faciəsi. Cəllad Qorbaçov dinc insanlara meydan oxudu, Azərbaycan xalqının qanı töküldü. Ondan sonra Xocalı soyqırımı. Xocalı soyqırımını vəhşi erməni dəstələri ilə birlikdə törədən Sovet İttifaqının 366-cı alayı olmuşdur. Bəli, o alayda xidmət edənlərin böyük əksəriyyəti ermənilər idi. Ancaq bu, Sovet İttifaqının alayı idi və azərbaycanlılara qarşı etnik təmizləmə işlərində, Xocalı soyqırımında, torpaqlarımızın işğal altına düşməsində onların həlledici rolu olmuşdur. Yoxsa ermənilər təkbaşına bizim torpaqlarımızı işğal edə bilməzdilər.

Yəni, biz bütün bunları gördük. Azərbaycan İkinci Dünya müharibəsində Sovet İttifaqının Qələbəsinə əvəzolunmaz töhfə vermişdir - həm burada – arxa cəbhədə, həm də ön cəbhədə. Bu yaxınlarda Rostov vilayətində Sambek yüksəkliklərinin azad edilməsi mərasimi keçirilmişdir. Mən Rostov qubernatoruna çox minnətdaram ki, bu hadisə zamanı azərbaycanlıların qəhrəman əməyi və fədakarlığı orada qeyd edilmişdir. Eyni zamanda, Rusiyanın dövlət televiziyası – “Rossiya-1” kanalı məndən bu məsələ ilə bağlı müsahibə almışdı. Çünki Sambek yüksəkliklərini və Rostov vilayətini faşistlərdən təmizləyən məhz azərbaycanlılar olub - 416-cı Taqanroq diviziyası. O diviziyada xidmət edənlərin sayı təqribən 12 minə yaxın idi. Ancaq onların mütləq əksəriyyəti – 11 mindən çoxu azərbaycanlılar idi. Diviziyanın tərkibi üç dəfə yenidən formalaşdırılırdı, çünki həlak olanlar həddindən artıq çox idi. Rostovu faşistlərdən təmizlədilər, Mozdokda faşistləri Bakı tərəfə keçməyə qoymadılar. Yoxsa ki, Bakını zəbt edəcəkdilər. Bunu biz etmişik, qəhrəman Azərbaycan xalqı. Azərbaycan zabiti Məcidov Brandenburq qapısının üstünə Qələbə bayrağını sancmışdır. Amma tarixi kitablarda bu, var? Yoxdur. Kimdən soruşsan, mütləq əksəriyyət bunu bilmir. Nə üçün? Çünki azərbaycanlıların qəhrəmanlığı tarixdən silinirdi.

O vaxt Moskvada oturanlar - Mikoyanlar və ona oxşar anti-Azərbaycan ünsürlər hər vəchlə çalışırdılar ki, azərbaycanlıların qəhrəmanlığını gizlətsinlər. Əfsanəvi partizan Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı müharibədən neçə il sonra verildi, özü də Azərbaycan tərəfinin təkidi ilə. Mən Sloveniyada olarkən onun məzarını ziyarət etdim. Orada böyük mərasim keçirdik. Orada onunla birlikdə vuruşan sloveniyalıları gördüm. Onlar göz yaşları tökürdü. Mən onlarla söhbət edirdim, çünki onların təəssüratları çox maraqlı idi. Deyirdilər ki, belə bir qəhrəman insan dünyaya gəlməmişdi. Yəni, o, gizlədilirdi, danılırdı şüurlu şəkildə.

Ona görə biz bunu Sovet İttifaqı dağılanda gördük. İndi baxın, müstəqillik dövründə, hələ 30 ili tamam olmayıb, amma biz hansı işləri görürük. Bu gün Azərbaycan nefti tam şəkildə Azərbaycan xalqının maraqlarına xidmət edir və nəinki nəhəng neft-qaz layihələri, bütün başqa sahələr də. İndi Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir. Azərbaycanda aparılan infrastruktur siyasəti, infrastruktur layihələrinin icrası nümunə kimi göstərilir. Sovet vaxtında bizim dağ rayonlarımızda qaz xətləri yox idi. Daşkəsən, Gədəbəy, Lerikə ilk qaz xətlərini biz çəkdirdik. O vaxt Azərbaycan qazı başqa respublikalara nəql edilirdi, ancaq respublikanın bəzi yerlərində qaz yox idi. İndi qazlaşdırma 96 faizdir. Bu gün biz infrastruktur layihələrinin təhlilinə verilən qiymətə görə dünyada qabaqcıl yerlərdəyik. Davos Forumu avianəqliyyat, dəmir yolu nəqliyyatı sahələrində Azərbaycanı 11-12-ci yerlərə layiq görüb. Yol infrastrukturunun keyfiyyətinə görə dünyada 27-ci yerdəyik. Bizim digər sosial infrastruktur layihələrimiz - müstəqillik dövründə 3700 məktəb tikilib və təmir edilib. Amma müstəqilliyə qədər o məktəblər nə gündə idi. 700-dən çox xəstəxana tikilib və ən müasir avadanlıqla təchiz edilib. Biz kosmik dövlətə çevrildik, biz nəhəng neft-qaz layihələri icra edirik. Təkcə iqtisadiyyat və sənaye sahəsində yox, baxın, idman sahəsində, Olimpiya Oyunlarında medalların sayına görə 14-cü yerdəyik. Sovet dövründə bunu təsəvvür etmək mümkün idimi? Əgər o vaxt kimsə desəydi ki, bunların biri mümkündür, bəlkə də ona gülərdilər. Budur, müstəqilliyin üstünlüyü. Biz azad, müstəqil ölkədə yaşayırıq, öz taleyimizin sahibiyik. Bizim təbii resurslarımız xalqımızın maraqlarına xidmət edir.

Biz neft gəlirlərini çox səmərəli yollarla yerləşdirmişik, onları qoruyuruq və ordumuzu gücləndiririk. Ona görə müstəqilliyin üstünlükləri göz qabağındadır. Əgər kimsə hansısa nostalgiyaya görə keçmiş dövrləri məhəbbətlə xatırlayırsa, biz o adamlara tutarlı cavablar verməliyik. Müstəqilliyə qarşı çıxan və onu aşağılamağa çalışan hər bir fərd dövlətimizə xəyanət edir. Müstəqillik bizim əsas dəyərimizdir və biz nə qədər güclü olsaq, nə qədər qüdrətli olsaq, müstəqilliyimiz o qədər də möhkəm olacaqdır.

-Cənab Prezident, ölkəmizdə neft hasilatı ciddi ekoloji problemlər meydana gətirmişdir. Hazırda isə Sizin göstərişinizlə ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin qorunması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Bununla bağlı nə deyə bilərsiniz?

-Bəli, tamamilə haqlısınız. Bu, doğrudan da ciddi məsələdir. Çünki o vaxt Bakı, Abşeron yarımadası, Sumqayıt şəhəri ekoloji fəlakət zonaları kimi təqdim edilirdi və faktiki olaraq ekoloji fəlakət mövcud idi. İndi bir çox hadisələr yaddan çıxır. Ancaq bizim neftlə ən çox çirklənmiş ərazimiz Bibiheybət buxtası idi. İndi Bibiheybət buxtası gözəl parklar, istirahət zonalarına çevrilib. Bibiheybət qəsəbəsi indi faktiki olaraq yenidən qurulub. Yəni, Bibiheybət buxtası ekoloji fəlakət zonası idi və o görüntülər yəqin ki, bir çoxlarının xatirindədir. Digər ekoloji fəlakət zonası Balaxanı və onun neft mədənləri idi. İndi baxın, Balaxanı gözəl bir qəsəbəyə çevrilibdir və orada işlər artıq tamamlanmaq üzrədir. Mən özüm gedib baş çəkəcəyəm və baxıb görəcəyəm ki, mənim göstərişlərim necə yerinə yetirilir. Təkcə Balaxanı yox, bütün qəsəbələr. Mən demişəm, Bakının bütün qəsəbələri abadlaşdırılmalıdır, orada insanlar üçün daha yaxşı şərait yaradılmalıdır, insanları narahat edən bütün problemlər həll olunmalıdır və bu qəsəbələr estetik cəhətdən müasir səviyyəyə uyğun olmalıdır. Qəsəbələrdə bütün tarixi abidələr bərpa edilməlidir və biz bu qəsəbələrə yeni həyat verəcəyik. Balaxanı zibilxanasını yadımıza salaq. Oradan çıxan tüstülər bütün şəhəri bürüyürdü və zəhər idi. Mən bu məsələ ilə məşğul olmağa başlayanda bəziləri deyirdilər ki, bunu söndürmək mümkün deyil. Çünki o, altdan yanır və orada qazlar əmələ gəlir, çox təhlükəli yerdir, yaxın düşmək olmaz. Bəziləri deyirdi ki, gəlin bunun üstündə sarkofat tikək. Yəni, belə cəfəng təkliflər var idi. Amma biz bunun da yolunu tapdıq. Tamamilə təmizləndi. İndi orada gözəl park salınıb və zibilyandırma zavodu fəaliyyətə başlayıb. Onun yanında növbəti ekoloji fəlakət zonası – Böyükşor gölü də, onun bir hissəsi təmizləndi. O da ekoloji fəlakət idi, çünki açıq neft rezervuarı idi, eyni zamanda, bütün kanalizasiya suları da oraya axıdılırdı. Amma indi orada bulvar salınıbdır və o gölə quşlar qonur.

Digər layihələr. İndi Qara şəhəri yadımıza salaq. Artıq o anlayış yoxdur, onun yerində Ağ şəhər var. Ağ şəhər şəhərsalma layihəsini biz icra edəndə orada təqribən ən azı iki metr torpaq layı çıxarıldı. O da bütün neft çöküntüləri idi, qudron idi, zəhər idi. Onun yanında “Azərneftyağ” neft emalı zavodu yerləşir. Artıq onun da fəaliyyəti başa çatmaq üzrədir. Çünki iki ildən sonra Heydər Əliyev neftayırma zavodunda yenidənqurma başa çatacaq, “Avro-5” benzin istehsal olunacaq. Beləliklə, havanı ən çox çirkləndirən nəqliyyat vasitələri də təmiz benzinlə təmin ediləcək və “Azərneftyağ” neft emalı zavodu söküləcək. Bütün o rezervuarlar, qurğular söküləcək, ora böyük park olacaq. Həmçinin yod-brom zavodu. Bəziləri bilmir, o da aeroport yolunda yerləşirdi, o da bir zəhər idi. Biz oranı da utilizasiya etdik, oradakı çöküntüləri poliqona daşıdıq. Yaxud da ki, Sumqayıt şəhərinin ekoloji vəziyyətinə baxın. Əvvəllər Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki, o üfunət iyi, o zəhər girməsin maşına. Amma bu gün Sumqayıt elə bil ki, kurort şəhəridir. Sənaye potensialı möhkəmləndirilməklə orada müasir təmizləyici qurğular quraşdırıldı, sənaye parkları yaradıldı. Sumqayıt Sovet İttifaqında bəlkə də ən çirklənmiş şəhər sayılırdı, bu gün ən təmiz şəhərlərdən biridir. Bütün bunları biz etmişik. Çünki bu, bizim xalqımızın həyatıdır, uşaqlarımızın, gələcək nəslin sağlamlıdır. Amma çar Rusiyası dövründə, sovet dövründə buna fikir verilirdimi? Xeyr. Ancaq plan, ancaq hasilat, ancaq istismar, neft ver, qaz ver. Bəs insanların həyatı, onların yaşayışı, onların sağlamlığı? Ona görə bizim üçün bu, ön plandadır.

Mən Prezident seçiləndən sonra demişdim, ilk bəyanatlardan biri idi ki, “qara qızıl”ı insan kapitalına çevirməliyik, insanlara xidmət etməliyik. Biz bu sahədə, ilk növbədə, insan amilini nəzərə almalıyıq. Çünki neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq, daha yaxşı şərait yaratmaq üçün vasitədir və bunu edirik.

Ekoloji layihələr hələ ki, bitməyib, hələ görüləsi işlər çoxdur. Hazırda Abşeron yarımadasında neft gölməçələrinin təmizlənməsi işi gedir. Mən tapşırıq vermişəm ki, bütün neft mədənlərində təmizləmə işləri aparılsın, orada ağaclar əkilsin, - necə ki, burada, Bibiheybətdə. Biz ekoloji fəlakət zonalarını ekoloji cənnət zonalarına çevirməliyik, bunu edirik və edəcəyik.

-Cənab Prezident, neft-qaz sektorunda ölkəmizdə həyata keçirilən layihələrin icra vəziyyəti hansı səviyyədədir?

- Layihələrin icrası uğurla gedir. Bizim əsas gəlir mənbəyimiz “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarıdır. Orada işlər plan üzrə gedir. İndi orada “Mərkəzi-Şərqi Azəri” adlanan yeni layihə icra edilir. Bu layihənin dəyəri təqribən 7 milyard dollara yaxındır. Bu layihənin icrası nəticəsində yeni mənbələrdən hasilat artacaq və təbii ki, enmənin kompensasiyasını təmin edəcəkdir.

“Azəri”, “Çıraq”, “Günəşli” yataqlarında hazırda 120-dən çox quyu fəaliyyətdədir və eyni zamanda, bu yataqların çox zəngin qaz ehtiyatları vardır. Ona şərti olaraq “dərin qaz” deyilir və indi “dərin qaz”ın işlənməsi ilə əlaqədar Dövlət Neft Şirkəti öz tərəfdaşları ilə müvafiq işlər aparır. “Şahdəniz-2” layihəsi icradadır. Artıq TANAP xətti ilə Türkiyəyə ötürülən qazın həcmi ildən-ilə artır. Əgər bir il bundan əvvəl Türkiyə bazarında Azərbaycan qazı 4-cü, 5-ci yerdə idisə, hazırda birinci yerdəyik və bu, həm bizim üçün, həm də Türkiyə üçün çox önəmlidir. Çünki qaz hər bir ölkənin enerji təhlükəsizliyini təmin edir. Bu gün Türkiyəyə qaz qardaş ölkədən gəlir və bu qazın həcminin artırılması istiqamətində əlavə addımlar atılacaq. “Abşeron” yatağında ikinci fazadan çıxarılacaq qaz da TANAP xətti ilə Türkiyəyə ötürüləcək və digər bazarlara ötürülə bilər. Eyni zamanda, “Qarabağ” yatağının işlənilməsi ilə əlaqədar işlər plan üzrə gedir. Hazırda burada gördüyümüz dayaq bloku dənizə göndəriləcək və ümid edirəm ki, bir, iki ildən sonra “Qarabağ” yatağından ilk neft hasil olunacaq. Bu yatağın özəlliyi odur ki, orada neft ehtiyatları daha çoxdur və bizim hasilatımızın sabit saxlanması üçün bunun böyük əhəmiyyəti var. Digər çox perspektivli layihə “Dayazsulu Abşeron” adlanır və bu layihənin də perspektivi çox böyükdür. Bir neçə aydan sonra o yataqlarda ilk qazma işləri aparılacaq. Ümid edirəm ki, biz orada da böyük neft ehtiyatı aşkar edəcəyik. SOCAR-ın təkbaşına iştirak etdiyi “Ümid”-“Babək” layihələrində də işlər plan üzrə gedir. Onlar da çox perspektivli layihələrdir və bizim planımızda bu layihələrin investisiya tutumunu, hasilatını artırmaqdır. Çünki yenə də deyirəm, həm daxili tələbat üçün bizə daim enerji resursları lazımdır və ixrac potensialımız da təmin ediləcək. Digər layihələr də var, hansılar ki, böyük ümidlər verir. Amma bütövlükdə deyə bilərəm ki, baxmayaraq “Əsrin kontraktı” 1994-cü ildə imzalanıb və o vaxtdan bu günə qədər bir çox kontraktlar imzalanıb və artıq 26 il keçib, Azərbaycanın neft potensialına dünyada maraq azalmır, əksinə artır.

Cənab Prezident, mənim sualım Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Danışıqların hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

-Mən danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm. Hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır. Bilirsiniz, mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir. Xalq bilməlidir nələr baş verir, hansı yerdəyik, nədir bizim siyasətimiz. Mən çıxışlarımda və media nümayəndələri ilə görüşlərimdə aktual məsələlərə aydınlıq gətirirəm və hesab edirəm ki, bu, çox vacibdir. Çünki vətəndaşlar bilməlidirlər və düzgün təhlil aparmaq üçün onlar düzgün məlumat əldə etməlidirlər. Danışıqlar faktiki olaraq getmir. Mən demişəm ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O demək deyil ki, biz danışıqlardan imtina edirik, ancaq o deməkdir ki, biz Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmirik. Bu görüntü naminə aparılan danışıqlarda iştirakımız o görüntünün mahiyyətinə uyğun olacaqdır. Faktiki olaraq Ermənistan rəhbəri danışıqlar prosesini pozub, pozur yox, pozub. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir. Əfsuslar olsun ki, Ermənistanın indiki rəhbərliyi bu məsuliyyəti dərk etmir. Onlar bu addımların nəyə gətirib çıxara biləcəyini də düzgün təhlil edə bilmirlər. Halbuki Ermənistanda rasional düşüncəli insanlar, siyasətçilər var. O siyasətçilər özləri artıq bu məsələni qaldırırlar və Ermənistan ictimaiyyətinə öz fikirlərini çatdırırlar ki, Ermənistanın bugünkü rəhbərliyi Ermənistanı uçuruma aparır. Siz bilirsiniz ki, iki il bundan əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan buna neytral qaldı. Yəni, biz vəziyyətdən istifadə edib nəyisə əldə etmək fikrində olmadıq. Biz hesab edirdik ki, bu, labüd idi. Çünki Ermənistanın bundan əvvəlki hakimiyyəti erməni xalqında ancaq nifrət hissləri doğururdu və faktiki olaraq bu hərbi-kriminal rejim Ermənistanı tamamilə bərbad vəziyyətə salmışdı. Xüsusilə nəzərə alsaq ki, yeni hakimiyyət hakimiyyətə gələndən sonra çox ümidverici bəyanatlar verməyə başlamışdır ki, bu məsələni həll etmək istəyirlər, əvvəlki hakimiyyəti tənqid edirdi, bizə qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərirdi, vaxt istəyirdi. Biz də ümidlərlə yaşayırdıq ki, bəli, yeni hakimiyyət bütün başqa sahələrdə də, bu sahədə də yenilik gətirəcək və o əvvəlki yanlış siyasətə düzəliş edəcək. Xüsusilə mənim Ermənistanın baş naziri ilə Düşənbədəki məlum görüşlərimdən sonra bu fikir daha da möhkəmləndi. O vaxt məndən xahiş olundu ki, onlara vaxt verilsin, Ermənistanda daxili vəziyyət ağırdır, çətindir, keçmiş hakimiyyətin nümayəndələri revanş almaq istəyirlər və bu da danışıqlar prosesinə çox mənfi təsir göstərəcək. Onlar danışıqlara meyillidir, məsələni həll etmək istəyirlər və xahiş edilirdi ki, atəşkəs rejimi möhkəmlənsin. Mənim isə sözüm o idi ki, biz ciddi danışıqlar aparmalıyıq və o təqdirdə, əlbəttə, atəşkəs rejimi daha da möhkəm olacaqdır. O görüşdən sonra hər iki tərəf razılıq əsasında ayrı-ayrı açıqlamalar verdi. Açıqlamaların əsas mahiyyəti ondan ibarət idi ki, biz görüşdük, yəni, qeyri-formal, qeyri-rəsmi görüş keçirdik, razılaşdıq ki, danışıqlar prosesi sürətləndirilsin və atəşkəs rejimi möhkəmləndirilsin. Çünki bu iki mövqe daim vəhdət təşkil etməlidir. Əks təqdirdə, bu, status-kvonun möhkəmləndirilməsi demək olacaqdır, buna isə biz heç vaxt razı ola bilmərik. Müəyyən müddət ərzində Minsk qrupunun həmsədrləri də ümidlərlə yaşayırdılar və gəlib gedəndə, görüşlər əsnasında ümidlərlə dolu fərziyyələr irəli sürürdülər. Ancaq keçən il Ermənistan baş nazirinin səsləndirdiyi cəfəng fikirlər danışıqlar prosesinə ciddi zərbə vurdu. “Qarabağ Ermənistandır” deməklə nəinki o yalanı bütün dünyaya yaydı və bu da davam edir, eyni zamanda, danışıqlar prosesini mənasız edir. Əgər o hesab edir ki, Qarabağ Ermənistandır, onda nə barədə danışmaq olar? Əgər o, belə hesab edir ki, Qarabağ Ermənistandır, - halbuki bütün dünya bu cəfəng fikri rədd edib, - onda hansı sülh müqaviləsindən söhbət gedə bilər. Yəni, bu, siyasi təxribat idi.

İkinci siyasi təxribat o idi ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu da formatı dəyişdirmək deməkdir və buna əlbəttə ki, biz heç vaxt razı ola bilmərik. Çünki bu oyuncaq kriminal xunta rejimi ilə heç bir təmaslarımız ola bilməz. Eyni zamanda, Minsk qrupunun həmsədrləri də buna əlbəttə ki, heç vaxt razı ola bilməzdilər. Düzdür, onlar diplomatdırlar və çalışırlar ki, diplomatik leksikonu dilə gətirsinlər, ancaq hesab edirəm, Ermənistan tərəfinə artıq deyildi ki, bu kimi açıqlamalar ziyanlıdır və onların özləri üçün də problemlər yaradır. Faktiki olaraq bu açıqlamalar onu deməyə əsas verir ki, Ermənistan danışıqlardan çıxıb, biz yox, Ermənistan. Belə olan halda, biz duraq deyək ki, gəlin danışıqlara başlayaq, yaxud da davam edək, bu, sadəcə, məsuliyyətsizlik olar. Özümüz-özümüzü aldatmamalıyıq, xalqımızı aldatmamalıyıq. Danışıqlar getmir və bu, pandemiyaya görə baş vermir. Əlbəttə, pandemiya müdaxilə edib, amma pandemiyasız da danışıqlar getmir. Siyasi cəhətdən bu qüsurlu və ziyanlı bəyanatlar danışıqlar üçün yer qoymur. İndi baxın, onların digər addımlarına. Ermənistan tərəfindən qanunsuz məskunlaşdırma aparılır. Bu, bütün beynəlxalq konvensiyalara ziddir. Onların ağlı çatmır, təcrübəsi, bilikləri yoxdur – onlar bunu nümayişkaranə göstərirlər. Bu, Cenevrə Konvensiyasına tamamilə ziddir, bu, cinayətdir. İşğal edilmiş torpaqlara haradansa insan gətirib qanunsuz məskunlaşdırmaq cinayətdir. Bunu Paşinyan rejimi şüurlu şəkildə edir. Bu, təxribatdır, bizi təxribata çəkirlər. İnternetdə göstərirlər ki, Livandan hansısa erməni ailəsi gəlibdir, orada hansısa iş görür. Ondan başqa, bizim qədim tarixi şəhərimiz Şuşada o qondarma rejimin qondarma, dırnaqarası rəhbərinin guya andiçmə mərasimini keçirirlər. Bu, növbəti təxribatdır. Bu, bizə qarşı açıq təhqirdir. Onlar hesab edirlər ki, biz buna dözəcəyik? Bunu, bu təxribatı kim edir? Onlar edir. Biz heç bir təxribat etmirik. Biz öz mövqeyimizdə dayanmışıq. Ermənistanın baş naziri bizə 7 şərt qoyur. Birincisi, sən kimsən ki, bizimlə şərt dilində danışırsan. Əgər biz onunla şərt dili ilə danışmaq istəsək, onun siyasi ömrü çox çəkməyəcək. Mən demişəm ki, biz bu cəfəng şərtləri rədd edirik. Amma bizim bir şərtimiz var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar, necə ki, bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır. Orada hansısa komediya tipli təlimlər keçirirlər. Yəni, hər bir addım bizə qarşı açıq təxribatdır. İyul təxribatı. O da artıq silahlı təxribatdır və heç kimə sirr deyil ki, bunu Ermənistan başlayıb. Artıq Minsk qrupunun həmsədr ölkələrinin birinin yüksək vəzifəli rəsmisi bunu açıq bildirib. Mən o vaxt da demişəm, bu gün də deyirəm, bizim Ermənistan ərazisində heç bir hərbi hədəfimiz yoxdur və əgər istəsəydik, biz Ermənistan ərazisinə keçə bilərdik, bizim tam hərbi imkanlarımız var idi. Amma biz bunu etmədik. Çünki bizim hərbi siyasət konsepsiyamızda bu, yoxdur, əgər bizə qarşı ciddi təxribat törədilməsə. Əgər törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq, bunu hər kəs bilsin, heç bir məhdudiyyət. Əgər onlar beynəlxalq hüququ yerə vururlarsa, biz niyə beynəlxalq hüququ gözləməliyik, biz də yerə vuracağıq, amma axırı pis olacaq onlar üçün. İyul təxribatından sonra avqust təxribatı. Mülki vətəndaşlara qarşı terror aktları, hərbçilərimizə qarşı hərbi təxribat törətmək üçün diversiya qrupu göndərildi və o diversiya qrupunun başçısı tutuldu. O, ifadələr verir, etiraf edir, adlar çəkir, kim göndərib, necə göndərib. Yəni, bu, çoban deyil, bu, yolunu azmış hansısa uşaq deyil. Yoxsa onlar bütün casuslarını çoban və dəli adlandırırlar. Bizdə onlardan artıq 5-6-sı var. Hamısı da dəli, hamısı da çoban? Belə çıxır ki, yəni, Ermənistanda çobanlar və dəlilər əksəriyyət təşkil edir? Buna da çoban demək istəyirdilər, amma daha deyə bilmirlər. Bu təxribatı kim edir? Bizmi diversiya qrupu göndərmişik? Yox, onlar göndəriblər. Bizmi iyul hadisələrini törətmişik? Yox, onlar. Bizmi onların vətəndaşlarını öldürmüşük? Yox, onlar. Ermənistan tərəfində mülki şəxslər arasında bir dənə də qurban yox idi. Amma bizim 76 yaşlı ağsaqqal həlak oldu, nə qədər ev dağıldı. Ona görə bu təxribatlar faktiki olaraq o siyasətin məntiqi nəticəsidir. Məqsəd danışıqları pozmaq, ondan sonra bizi ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır. Budur, onların məqsədi. Ona görə hesab edirlər ki, bunu edə biləcəklər, hesab edirəm ki, səhv edirlər. Nə qədər bunu tez anlasalar, onlar üçün bir o qədər yaxşı olacaqdır.

-Cənab Prezident, Ermənistan iyul ayında dövlət sərhədində hərbi təxribat törətdi və Azərbaycan Ordusu tərəfindən layiqli cavabını aldı. İşğalçının təxribatları bu gün də davam etməkdədir. Sizcə Ermənistanın bütün bunları törətməkdə məqsədi nədir?

-Hesab edirəm ki, bu təxribatın məqsədlərindən biri haqqında mən öz fikirlərimi ətraflı söylədim. Digər məqsəd ondan ibarət idi ki, Paşinyan çevriliş nəticəsində hakimiyyətə gələndən bir ay sonra uğurlu Günnüt əməliyyatı keçirildi. Günnüt əməliyyatı onların növbəti məğlubiyyəti idi. Düzdür o vaxt, sözün düzü, əməliyyat artıq keçiriləndən sonra mən göstəriş verdim ki, bu əməliyyat haqqında geniş məlumat verməyin. Çünki biz erməni rəhbərliyindən fərqli olaraq piar üçün yox, mahiyyət üçün işləyirik. Bizə mahiyyət lazımdır. Biz o əməliyyatı keçirdik. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu çox böyük məharətlə, peşəkarlıqla bir itki vermədən önəmli strateji yüksəklikləri aldı, mövqelərimizi möhkəmləndirdik. Ermənilər ayılıb gördülər ki, biz artıq oradayıq. Cürət etmədilər, qorxdular ki, bizi oradan çıxarmağa cəhd etsinlər. Artıq Ermənistandan Dağlıq Qarabağa gedən yol da bizim gözümüzün qabağındadır. Onlar bunu unutmasınlar. Biz görürük, hansı maşınlar keçir, necə keçir. Onlar bunu gizlədirdilər. Çünki Paşinyan təzə gəlmişdi və gələn kimi belə acı məğlubiyyət, alçaldıcı məğlubiyyət. Onlar da gizlədirdilər. Mən də hesab edirdim ki, gizlədirlər, biz də gizlədək. Birincisi, nəyə lazımdır? Biz istədiyimizə nail olmuşuq. İkincisi, yenə də deyirəm biz istəmədik ki, bu yolla əvvəlki hakimiyyətin əlinə bir arqument verək. Çünki o vaxt Ermənistanda vəziyyət lap ağır idi, indi də sabit deyil. Əgər o vaxt bu, dərhal bilinsəydi, ola bilər ki, hansısa daxili revanş hissləri üzə çıxa bilərdi. Amma sonra ondan əvvəlki hakimiyyətin jurnalistləri gəldilər gördülər ki, onların kəndinin başında Azərbaycan əsgərləri oturublar və onlara baxırlar. Yavaş-yavaş başladılar bu mövzunu istismar etməyə. Sonra artıq bu, üzə çıxanda mən də dedim ki, indi açıqlama verin nə etmişik, qoy, hamı bilsin. Oraya çəkiliş qrupu da getdi, çəkilişlər etdi. Siz də orada olmusunuz, görmüsünüz.

Yəni, ikinci məqsəd Paşinyan üçün hər hansı bir qələbənin qazanılması idi. İyul hadisələrini onlar məhz belə planlaşdırmışdılar. Çünki onlar bilirdilər ki, bizim dövlət sərhədinin böyük hissəsində sərhəd qoşunları yerləşib. Bu da bizim niyyətimizi göstərir. Onu göstərir ki, bizim artıq o sərhəddə ordu yox, sərhədin böyük hissəsində sərhədçilər yerləşir. Hesab edirlər ki, onlar rahatlıqla oradan keçib hansısa torpağı zəbt edə bilərlər. Ondan sonra belə raportlar verə bilərlər ki, onlar Azərbaycan torpağını işğal ediblər. Necə ki, onların müdafiə naziri demişdi ki, yeni ərazilər uğrunda yeni müharibə olacaq. O da təxribatın bir təzahürüdür. Amma o da alınmadı. Bir santimetr belə girə bilmədilər. Biz onlara sarsıdıcı zərbələr endirdik. O zərbələrin bəziləri internetdə göstərildi. Dəqiq atəşlə onların dayaq məntəqələri məhv edildi. Bir daha demək istəyirəm ki, artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur. Mənə gün ərzində dəfələrlə məlumat verilirdi. Mənim bir sözümlə Azərbaycan Ordusu keçib oturacaqdı Ermənistanın ərazisində. Amma getmədik. Biz məsuliyyətli ölkəyik. Bu, birincisi. İkincisi, bizim hələ ki, Ermənistan ərazisində hər hansı bir məqsədimiz yoxdur. Ancaq əgər bu təxribatlar davam etsə, əlbəttə ki, biz öz siyasətimizə yenidən baxacağıq.

Bu da alınmadı. İndi də onlar o məğlubiyyəti qələbə kimi qələmə vermək istəyirlər. Amma sual olunur, əgər bu, qələbədirsə, haradadır bu qələbə? Nədir onda bu qələbə? Bu, birincisi. İkincisi, əgər bu qələbədirsə, onda siz niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edirsiniz? Niyə hay-küy qaldırırsınız? Niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını cəlb etmək istəyirsiniz? Hesab edirəm ki, onların təxribatının səbəblərindən biri məhz zondaj aparmaq idi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında onların müttəfiqlərinin reaksiyası nə olacaq? Çünki onlar yeni böyük müharibəyə hazırlaşırlar. Bizdə operativ kəşfiyyat məlumatı var. Biz bilirik ətrafımızda nələr baş verir. Bilirik və bilməliyik. Bizim xüsusi xidmət orqanları çox səmərəli işləyirlər. Bu qədər deyə bilərəm. Bundan artıq deyə bilmərəm. Ona görə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, öz müttəfiqlərini bu işlərə cəlb etmək üçün zondaj aparılır. O da alınmadı. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı heç bir bəyanat da vermədi, bir şərh verdi. Ondan sonra gördülər ki, onların səyləri puça çıxdı və çəkildilər kənara. İndi yenə də əfsanələr uydururlar ki, onlar böyük qələbə qazanıblar. Amma reallıq bundan ibarətdir.

Bu, bir daha onu göstərir ki, Ermənistan təcavüzkar dövlətdir. Onların Azərbaycana, azərbaycanlılara qarşı olan nifrəti bax, bu çirkin siyasətdə də özünü göstərir. Bir daha demək istəyirəm və onlara xəbərdarlıq etmək istəyirəm ki, əgər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün nəticələr çox ağır olacaq. Onlar yeni müharibəyə hazırlaşırlar. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Biz hər şeyi görürük, hər şeyi izləyirik. Onların bütün hərəkətlərini izləyirik. Əlbəttə ki, özümüzü müdafiə edəcəyik. Necə ki, Tovuzda özümüzü müdafiə etdik, bütün başqa istiqamətlərdə özümüzü müdafiə edəcəyik. Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq.

-Cənab Prezident, iyul ayında törədilən bu təxribat zamanı və ondan sonrakı dövrdə yerli və xarici mətbuatda Rusiya və Serbiyadan Ermənistana silah göndərilməsi barədə məlumatlar yayıldı. Bu məsələ ilə bağlı bir daha Sizin münasibətinizi öyrənmək istərdik.

-Birincisi, bir daha demək istəyirəm ki, Ermənistan bizim üçün daim təhlükə mənbəyidir. Ona görə Ermənistanla əlaqədar olan bütün hadisələri biz izləməliyik və bilməliyik. Sual yarana bilər, biz haradan bilmişik ki, Serbiyadan və Rusiyadan onlara silahlar göndərildi. Xüsusilə Serbiyadan göndərildi. Bunu biz, əlbəttə ki, etibarlı mənbələrdən öyrənmişik. O ölkələrə bu məsələ ilə bağlı diplomatik kanallarla siqnallar göndərildi. Eyni zamanda, hər iki ölkənin prezidentləri ilə də mənim telefon söhbətim oldu və mən narahatlığımı ifadə etdim. Onu bildirdim ki, Azərbaycan cəmiyyətində bu, bir çox suallar doğurur. Xüsusilə bu yüklərin daşınmasının intensiv xarakter alması, eyni zamanda, toqquşmaların dayandırılmasından dərhal sonra baş verməsi və iyul ayından sentyabr ayına qədər davam etməsi. Artıq bu da faktdır. Ona görə məsuliyyətli ölkə kimi mən hesab etdim ki, bu məsələni mütləq aydınlaşdırmalıyam. Mən, ümumiyyətlə, hesab edirəm ki, əgər hansısa problem, sual, narahatlıq varsa, niyə biz bunu gizlətməliyik. Biz bunu dilə gətirməliyik və bunu da etdik. Telefon danışıqları ilə əlaqədar Prezidentin Mətbuat Xidməti müvafiq açıqlamalar dərc etdi. Hesab edirəm ki, oradakı məlumat kifayətdir.

Əlbəttə ki, bu, bizi çox narahat edir. Çünki Ermənistan Azərbaycana qarşı hərbi təcavüz edib. Ermənistan terrorizmə sponsorluq edən ölkədir. Silahların göndərilməsinin intensiv xarakter alması əlbəttə ki, bizi ciddi narahat edir. Çünki bu silahlar bizə qarşı istifadə olunur. Bu silahlarla bizim uşaqlarımız, insanlarımız vurulur, həlak olur. Ona görə bu məsələ, hər bir başqa məsələ kimi, diqqət mərkəzindədir. Biz bundan sonra da vəziyyətə nəzarət edəcəyik.

Söz düşmüşkən onu da bildirməliyəm ki, mən bu hadisələrdə Gürcüstan hökumətinin fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. Bilirsiniz ki, Gürcüstan öz ərazisindən Ermənistana silahların daşınmasına imkan vermədi. Məhz buna görə Xəzəryanı ölkələrin əraziləri və hava sahələri vasitəsilə yük təyyarələri Ermənistana silahlar daşıyır. Gürcüstan özünü çox etibarlı tərəfdaş kimi apardı. Ona görə mən Gürcüstan hökumətinə təşəkkürümü bildirirəm. Deyə bilərəm ki, Gürcüstan hökumətinin simasında biz etibarlı tərəfdaş və dost görürük. Hökumətlərarası əlaqələr gündən-günə möhkəmlənir. Bir çox önəmli layihələr icra edilir. Bu yaxınlarda bizim Xarici İşlər nazirimiz Gürcüstana rəsmi səfər edəcək. Bu, onun Xarici İşlər naziri kimi Gürcüstana ilk səfəri olacaq. İndi səfərin proqramı hazırlanır. Bir çox məsələlər var. Bizi həm tarixi əlaqələr bağlayır, həm ortaq maraqlar. Bu gün Gürcüstan və Azərbaycan arasındakı əlaqələr və inkişaf edən əməkdaşlıq hər iki ölkənin maraqlarına xidmət edir. Mən bir daha demək istəyirəm ki, Gürcüstan Hökuməti və Azərbaycan Hökuməti bir-birilə sıx təmasdadır və bu, davam edəcəkdir.

Ancaq o da həqiqətdir ki, Ermənistan və Gürcüstanda yaşayan ermənilər, eyni zamanda, gürcü familiyaları altında gizlənən etnik ermənilər hər vəchlə çalışırlar ki, Gürcüstan-Azərbaycan əlaqələrinə zərbə vursunlar. Gürcüstanda keçən il baş vermiş bəzi təxribat xarakterli hadisələrin mənbəyi də dünya erməniliyidir. Onların əsas məqsədi Gürcüstan-Azərbaycan əlaqələrini pozmaqdır. Amma buna nail olmayacaqlar. Çünki yenə də deyirəm, biz etibarlı tərəfdaşıq və bütün məsələləri açıq şəkildə müzakirə edirik. Azərbaycan hər zaman Gürcüstanın yanında olub. Mən indi bu tarixi faktları sadalamaq istəmirəm. Ancaq Azərbaycan hər zaman Gürcüstanda inkişafın, rifahın, sabitliyin tərəfdarı olubdur. Amma baxın, Ermənistan özünü necə aparır? Gürcüstanda yaşayan bəzi yerli ermənilər Ermənistan rəhbərliyinin təhriki ilə orada qızışdırıcı fəaliyyətlə məşğuldurlar. Onlar separatizmə meyil göstərirlər. Orada altdan-altdan təxribat xarakterli işlər görürlər, ideoloji iş aparırlar. Amma Ermənistan Gürcüstana qarşı səmimi münasibət göstərir? Xeyr, göstərmir. Onlar gürcü kilsələrinə əsassız iddialar edirlər. Ermənilərin yaşadıqları bölgədə tarixi abidələri erməniləşdirirlər. Orada Gürcüstanın dövlət rəmzlərinə lazımi hörmət göstərmirlər. Eyni zamanda, Ermənistan BMT və digər beynəlxalq təşkilatlarda həmişə Gürcüstanın əleyhinə səs verib. Ərazi bütövlüyü məsələlərində həmişə Gürcüstanın əleyhinə olub. Necə ola bilər? Sən bu ölkənin ərazi bütövlüyünü tanımırsan. Eyni zamanda, əminəm, gürcü xalqı unutmayıb ki, Abxaziyada gedən müharibədə erməni Baqramyan batalyonu hansı vəhşilikləri törətmişdir, kimin tərəfindən vuruşub və bu gün kimin tərəfindədir? Abxaziyada yaşayan və hakimiyyətin artıq böyük hissəsini zəbt etmiş ermənilər. Azərbaycan isə bütün dövrlərdə Gürcüstanın yanında olub. Bütün beynəlxalq təşkilatlarda Gürcüstanın ərazi bütövlüyü ilə əlaqədar birmənalı mövqe göstərib və göstərəcəkdir. Fərq bundadır. Əlbəttə, bu gün Gürcüstan xalqı hesab edirəm ki, yaxşı bilir kim onun dostudur, kim onun düşmənidir.

-Bildiyimiz kimi, Ermənistan bir sıra müsəlman ölkələri ilə sıx təmas qurmaq istiqamətində addımlar atır və bu, haqlı olaraq Azərbaycan ictimaiyyətində kəskin reaksiya doğurur. Hətta bu yaxınlarda Misir rəhbərliyi bu ölkədə səfərdə olan Ermənistanın xarici işlər nazirini də qəbul etdi. Bütün bunlar müsəlman həmrəyliyinə nə dərəcədə mənfi təsir göstərir?

-Çox mənfi təsir edir. Azərbaycan ictimaiyyəti haqlı olaraq öz narahatlığını ifadə edir. Biz dövlət səviyyəsində də bu narahatlığı ifadə edirik. Bildiyiniz kimi, Azərbaycan İslam həmrəyliyi işində həmişə çox fəal olub, ölkəmizdə bir çox tədbirlər keçirilib. Biz həmişə çalışmışıq ki, müsəlman ölkələrinə kömək göstərək, beynəlxalq təşkilatlarda həmişə müsəlman ölkələrinin maraqlarını müdafiə etmişik, həm səsvermə zamanı, eyni zamanda, əgər hansısa beynəlxalq təşkilata müsəlman ölkəsi öz namizədliyini irəli sürübsə, həmişə onu dəstəkləmişik. Yəni, bu həmrəylik sözdə yox, əməldə olmalıdır. Biz o ölkələrdənik ki, əməldə İslam həmrəyliyinə daim öz xarici siyasətimizdə böyük yer ayırmışıq. Mənim xarici siyasət istiqamətləri ilə çıxışlarımda siz bunu görə bilərsiniz. Əsas prioritetlərdən biri müsəlman ölkələri ilə əlaqələrdir. Çünki biz müsəlman dünyasının bir hissəsiyik. Bizi BMT-də ən çox dəstəkləyən ölkələr də müsəlman ölkələridir. İslam Əməkdaşlıq Təşkilatı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə düzgün mövqe sərgiləyir. Bir çox qətnamələr qəbul edilib. Tovuz təxribatı ilə əlaqədar da, həmçinin. Ona görə müsəlman ölkələrinin Ermənistanla hər hansı yaxınlaşmasına biz həmişə çox həssas yanaşırıq. Çünki Ermənistan bizim torpağımızı zəbt edib. Eyni zamanda, müsəlman ölkələri də bilməlidirlər ki, Ermənistan işğal edilmiş torpaqlarda müsəlman dini abidələrinə qarşı soyqırımı törədib. Baxın, bizim məscidlərimiz nə gündədir? Məgər müsəlman ölkələrində bilmirlər ki, ermənilər bizim yarıdağılmış məscidlərdə heyvan, donuz, inək saxlayırlar. Bu, müsəlman aləminə edilən təhqir deyilmi? Ona görə hər bir müsəlman ölkəsinin rəsmi şəxsi erməni rəsmisinin Azərbaycan xalqının qanına batmış əlini sıxanda bu görüntüləri göz önünə gətirsin. Eyni zamanda, mənə verilən məlumata görə, Ermənistanın xarici işlər naziri Misirdə hansısa dini liderlə görüşüb. Yaxşı, o dini liderə deyən olmadı ki, bu adamlar müsəlman məscidlərini təhqir edib, bütün müsəlman dünyasını təhqir edib. Biz dəqiq bilirik, erməni rəsmiləri Avropada olarkən avropalıların yenə də bunlara münasibətinin müsbət olması üçün onların əsas arqumenti o olur ki, biz müsəlmanların əhatəsində yaşayırıq. Bizim üç qonşumuz müsəlman ölkələridir. Biz burada, bu bölgədə xristianlığı qoruyan xalqıq. Bizim ətrafımızda olan müsəlman ölkələri düşməndir. Bəli, Türkiyəni və Azərbaycanı Ermənistan düşmən sayır. Ancaq İranla əlaqələrində həmişə riyakarcasına dostluq haqqında danışır. Bəs necə ola bilər? Belə də dostluq olar? Müsəlman məscidlərini dağıdırsan, sökürsən, orada inək, donuz saxlayırsan, təhqir edirsən, müsəlmanların heysiyyətinə toxunursan, sonra isə gəlib deyirsən ki, biz dost olaq? Mən belə dostluğu başa düşmürəm. Mən dəfələrlə müsəlman ölkələrinin rəhbərlərinə həm ikitərəfli formatda, həm çoxtərəfli formatda, həm də rəsmi çıxışlarımda müraciət etmişəm və demişəm ki, onlar bu məsələni nəzərə alsınlar.

Yenə də deyirəm, Ermənistan sıradan olan ölkə deyil. Ermənistan o ölkədir ki, islamofobiya onların dövlət siyasətidir. Onlar uşaqları müsəlmanlara qarşı nifrət ruhunda yetişdirirlər, bu ideologiyanı uşaqlara aşılayırlar.

Ona görə biz öz prinsipial mövqeyimizdə qalacağıq. Bu məsələni həmişə diqqətdə saxlayacağıq. Bütün müsəlman ölkələrinin rəhbərlərinə bir daha demək istəyirəm, Ermənistan sizin dostunuz deyil. İkincisi, Ermənistanda hansı maraqlar ola bilər? Bu ölkə uğursuz ölkədir. Bunun bir beynəlxalq adı da var - “Fail state”. Uğursuz ölkədir. İqtisadiyyat çöküb, bazar məhdud, əhali azalır, hər hansı bir investisiya üçün cəlbedici deyil. Heç bir ölkəyə investisiya qoymur. Nəqliyyat dalanıdır bu ölkə. Hansı marağı ola bilər? Hansısa vəziyyətə görə, kiməsə acıq vermək üçün əgər belə addımlar atılırsa, bunlar ancaq təəssüf doğurur.

-Ermənistanın Azərbaycana qarşı iyul ayında törətdiyi təxribatla bağlı Türkiyə birmənalı şəkildə haqlı mövqeyimizi müdafiə etdi və həmişə olduğu kimi, bu dəfə də Azərbaycanın yanında olduğunu bildirdi. Bundan sonra Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirildi və bu, Ermənistanda böyük qorxu, bəzi ölkələrdə isə narahatlıq doğurdu. Bununla bağlı nə deyə bilərsiniz?

-İlk növbədə, mənim əziz qardaşım Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bir daha təşəkkürümü bildirmək istəyirəm. Tovuz hadisələrindən sonra onun birmənalı, açıq və kəskin açıqlamaları bizi çox məmnun etdi, Azərbaycan xalqını sevindirdi. Bir daha göstərdi ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, növbəti Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının təzahürü idi. Eyni zamanda, digər rəsmi şəxslər - Türkiyə Böyük Millət Məclisinin sədri, Türkiyənin Müdafiə naziri, Xarici İşlər naziri, bizim digər qardaşlarımız Azərbaycana dəfələrlə həmrəylik, dəstək nümayiş etdirmişlər. Bu, bir daha onu göstərir ki, Türkiyə ədalətin, haqqın, öz qardaşlarının tərəfindədir. Biz də həmişə Türkiyənin yanındayıq və bütün məsələlərdə, - bunu artıq Türkiyədə də bilirlər, Azərbaycanda da bilirlər, dünyada da bilirlər, - Türkiyənin yanında olacağıq, bir yerdə olacağıq. Bizim birliyimiz böyük sərvətimizdir. Türkiyə ilə bizi ortaq tarix, ortaq etnik köklər, din, dil, mədəniyyət birləşdirir. Bu, böyük sərvətdir. Biz bu sərvətin təməli üzərində möhkəm əlaqələr qurmuşuq, bütün sahələrdə - siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəniyyət, hərbi sahələrdə. Məhz buna görə son vaxtlar bizim aramızda ticarət dövriyyəsi sürətlə artır. Azərbaycan xarici ölkələr arasında ən çox investisiyanı Türkiyəyə qoyub, Türkiyə də ən çox xarici investisiyanı Azərbaycana qoyub və bu proses davam etdirilir. İnsanlar arasındakı əlaqələr ən yüksək səviyyədədir. Ona görə bu hadisələr bir daha bu reallıqları bütün dünyaya göstərdi. Onsuz da həm Türkiyədə, həm də Azərbaycanda biz bunu bilirdik. Hər il bizim əlaqələrimiz möhkəmlənir, hər il bu ikitərəfli formata əlavə mövzular daxil edilir. Bu gün elə bir sahə yoxdur ki, biz orada birgə işləməyək və bir-birimizə dəstək göstərməyək.

O ki qaldı, təlimlərə, onu da deməliyəm ki, bu təlimlər müntəzəm olaraq keçirilir. Hər il Azərbaycan hərbçilərinin xarici ölkələrlə birgə keçiriləcək təlimlər planı təsdiq edilir. Bütün bu təlimlər plan əsasında həyata keçirilir. Deməliyəm ki, son illər ərzində Prezident Rəcəb Tayyib Ərdoğanın və mənim birgə göstərişimizlə təlimlərin sayı ciddi şəkildə artmışdır. Keçən il 10-dan çox birgə təlim keçirilmişdir, həm Türkiyədə, həm Azərbaycanda, o cümlədən “TurAz Qartalı” təlimi birinci dəfə keçirilmir. Hər zaman “TurAz Qartalı” keçiriləndə Türkiyədən “F16”lar Azərbaycana gəlirdi və bizim təyyarələrlə, pilotlarımızla birlikdə birgə təlimlər keçirirdik. Naxçıvanda təlimlər keçirilmişdir və təlimlərin birində Türkiyənin Müdafiə naziri iştirak etmişdir. Yəni, burada qeyri-adi bir şey yoxdur. Bəli, bu, Tovuz hadisələrinə təsadüf edib. Bu, təsadüfidir, ya təsadüfi deyil Ermənistan özü baş çıxarsın. Amma bu təlimlər bir daha birliyimizi göstərir. Əlbəttə, Ermənistan rəhbəri də yaxşı bilir ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan istiqamətindən İrəvana təqribən 70-80 kilometr məsafə var. Bunu onlar bilirlər və bu, onları qorxuya salır. Hesab edirəm ki, onlar bu qorxudan psixoloji stress keçirirlər. Çünki bizdə olan məlumata görə, daha qapı qalmayıb döyməsinlər ki, vay bunlar təlim keçirirlər, biz necə olacağıq? Yəni, öz acizliyini, necə deyərlər, öz gücsüzlüyünü göstərməklə. Prinsip etibarilə, onların siyasətinin əsas qayəsi özlərini alçaltmaqdır, özlərindən məzlum, yazıq xalq imici düzəltməkdir, ağlaşmaqdır və ondan-bundan nə isə imtiyaz, ianə, qrant, kömək qoparmaqdır. Artıq bu, insanların psixologiyasına da müdaxilə edilib. Bu da onu göstərir ki, bu ölkə müstəqil deyil, ləyaqətli siyasət apara bilmir, asılı vəziyyətdədir. Ona-buna nökərlik etmək heç kimə, necə deyərlər, yaraşıq gətirmir. Müstəqillik Ermənistanda formal xarakter daşıyır. Sən necə müstəqil ölkəsən ki, öz qərarını qəbul edə bilmirsən. Necə müstəqil ölkəsən ki, səni idarə edən Sorosdur. Paşinyan Soros rejiminin məhsuludur. Bu gün Ermənistanda söz sahibi Sorosdur. Baxın, Paşinyanın hakimiyyət komandasının tərcümeyi-halına. Hamısı ya Sorosdan, ya “Transperensy”dən, ya da ki, o biri insan hüquqları təşkilatlarındandır. Onlar bu gün Ermənistanda baş vermiş despotik hərəkətlərə göz yumurlar. Ermənistanda bir jurnalist aclıq edib həbsxanada ölüb, heç bir təşkilat məsələ qaldırmayıb. İndi Ermənistanda iki prezident məsuliyyətə cəlb edilib, cinayət işi açılıb, iki keçmiş prezident, sırf onların siyasi fəaliyyətlərinə görə, bunu hər kəs bilir, buna göz yumulur. Əsas müxalifət partiyasının liderinin deputat toxunulmazlığı götürülüb, buna heç bir reaksiya vermirlər. Avropa Şurası niyə susur? Ermənistan üzrə məruzəçilər niyə susurlar? “Freedom House”, “Human Rights Watch”, “Amnesty International” niyə susur? Sorosa görə. Soros Ermənistanın başçısıdır. Soros həmin bu dırnaqarası hüquq müdafiəsi təşkilatlarının sponsorudur. Onların sponsoru birdir.

Beləliklə, bu təlimlərə qayıdarkən bir daha demək istəyirəm ki, təlimlər keçirilir və nə qədər lazımdır keçiriləcək. Bu təlimlər bizə lazımdır, Türkiyəyə lazımdır, regional sabitliyə lazımdır. Çünki Ermənistan regional sabitlik üçün təhdiddir. Ermənistan Türkiyəyə qarşı ərazi iddiası irəli sürüb. Onların konstitusiyasında bu, öz əksini tapıb, təsbit edilibdir. Ermənistan indi Sevr müqaviləsini canlandırmaq istəyir. Halbuki ağlı başında olan hər bir tarixçi, siyasətçi qətiyyən buna imkan verməz. Çünki onların sonu olacaq. İndi sən burada səfalət içində, özü də özünə aid olmayan yerlərdə dövlət qurmuş balaca bir ölkə Türkiyə boyda ölkəyə qarşı necə iddia qaldıra bilərsən, necə ittiham edə bilərsən. Sən heç olmasa öz potensialına və Türkiyənin potensialına bax. Amma onların Azərbaycana və Türkiyəyə, bizim xalqımıza olan nifrəti, o irrasional düşüncəni, necə deyərlər, təhlükəli məcraya istiqamətləndirir.

Beləliklə, bizim Türkiyə ilə sıx əlaqələrimiz bundan sonra da inkişaf edəcək - ulu öndər Heydər Əliyev demişkən, “Bir millət, iki dövlət” prinsipi əsasında. Bütün məsələlərdə bir yerdəyik, hər bir məsələdə bir-birimizin yanındayıq.

-Cənab Prezident, Siz “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində qeyd etmişdiniz ki, “necə ki, bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq”. Əminik ki, o gün uzaqda deyil.

-Bəli, biz mütləq öz torpaqlarımıza qayıdacağıq. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır. 1990-cı illərin əvvəllərində, o vaxt Azərbaycanda hakimiyyətdə olmuş insanların xəyanəti, satqınlığı nəticəsində biz Dağlıq Qarabağı müvəqqəti olaraq itirdik. Mən bugünkü müsahibədə müstəqilliyə qədər bəzi məqamları dilə gətirdim ki, Azərbaycan ictimaiyyəti bu hadisələri unutmasın, gənc nəsil də bunu bilsin. Dağlıq Qarabağ bizim qədim, tarixi torpağımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Dağıdılmış bütün tarixi abidələri, evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq. Biz mütləq bunu edəcəyik. Çünki haqq-ədalət bizim tərəfimizdədir. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik. Bu gün mövcud olan Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. Bu haqda kifayət qədər tarixi sənədlər var. İkinci erməni dövlətinin yaradılmasına biz heç vaxt imkan verməyəcəyik. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Sağ olun.

.