Polşa Baş Prokurorluğu 2010-cu ildə Smolensk yaxınlığında baş vermiş və Polşanın keçmiş prezidenti Lex Kaçınskinin ölümü ilə nəticələnmiş təyyarə qəzası ilə bağlı araşdırmanın yaxın zamanda başa çatacağını açıqlayıb.

Bunu qurumun sözçüsü Pşemıslav Novak bildirib.

Onun sözlərinə görə, araşdırmanın əsas səbəbləri qeyri-sabit eniş cəhdi, təyyarənin faktiki hündürlüyünün yanlış qiymətləndirilməsi, minimum hündürlükdən aşağı enmənin davam etdirilməsi və ikinci dövrəyə qalxmaq qərarının gec qəbul edilməsi olub.

Novak əsas amil kimi təyyarənin minimum 120 metr hündürlükdən aşağı endirilməsinin davam etdirilməsini göstərib. Onun sözlərinə görə, qəza günü ərazidə duman da olub və faciədən təxminən 20 saniyə əvvəl sistem ən yüksək səviyyəli xəbərdarlıq siqnalı verib.

Qeyd edək ki, 10 aprel 2010-cu ildə Polşa Prezidentinə məxsus təyyarə Smolensk vilayətində qəzaya uğrayıb. Təyyarədə, Lex Kaçınski, həyat yoldaşı və yüksək vəzifəli şəxslər də daxil olmaqla, 96 nəfər olub və onların hamısı həlak olub.

.