Bakı şəhəri Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində dövlət mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, qoyuluş gücü 70 MVt olan külək elektrik stansiyasının tikintisi məqsədilə Bakı şəhəri Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 7,6154 hektar və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 1,1716 hektar olmaqla, ümumilikdə 8,7870 hektar torpaq sahəsi bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.

Energetika Nazirliyi bu Qərarla müəyyən edilmiş bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi ilə bağlı tədbirləri Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 2 avqust tarixli 2285 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”nın tələblərinə uyğun həyata keçirməlidir.

Bu Qərar qüvvəyə mindiyi tarixdən elektrik enerjisinin istehsalı məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş 8,7870 hektar torpaq sahəsində külək elektrik stansiyasının tikintisinə icazə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 6.7-ci maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq alınır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu Qərara uyğun olaraq, tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən 3 gün müddətində bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

.