Oktyabrın 5-i və 6-sı tarixlərində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdam və Bakı şəhərlərində “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – post-münaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda ilk Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən xəbərə görə, foruma 45 ölkədən yerli və xarici hökumət rəsmiləri, müvafiq beynəlxalq təşkilatların nümayəndələri, sahə mütəxəssisləri, elm adamları, habelə Azərbaycanın müvafiq şəhər və rayonları ilə qardaşlaşma əlaqələri olan xarici tərəfdaşlar və digər maraqlı tərəflər daxil olmaqla, ümumilikdə 400-dən çox iştirakçı qatılıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər. Dövlət başçısı Forumda çıxışı zamanı işğaldan azad edilmiş ərazilərdə törədilmiş urbisiddən, burada aparılan geniş bərpa-quruculuq işlərindən, insanların doğma topraqlarına geri qayıdışından danışaraq davamlı sülhün əldə edilməsi istiqamətində mühüm məsələlərə toxunub.

Milli Şəhərsalma Forumu BMT-nin Məskunlaşma Proqramını tərəfindən 2022-ci ilin oktyabr ayı üzrə elan edilmiş Şəhərsalma məsələlərinə dair tədbirlər planı çərçivəsində keçirilir. BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərif çıxış edərək Forumu dayanıqlı şəhərsalma sahəsində təcrübə mübadiləsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından unikal və uğurlu platforma olaraq dəyərləndirib. Rəhbərlik etdiyi təşkilatın sülh və əmin-amanlığın təmin edilməsi məqsədi ilə Azərbaycan ərazilərində bərpa və yenidənqurma işlərinin aparılmasına, bu ərazilərə həyatın qaytarılmasına dəstək verməyə hazır olduqlarını bildirib.

Sonra xüsusi sessiya ilə Forumun işinə start verilib, işğaldan azad edilmiş ərazilərdə görülən yenidənqurma işlərindən bəhs edən qısametrajlı sənədli film nümayiş olunub. Sessiyada məruzəçilər tərəfindən post-münaqişə dövründə dağıdılmış ərazilərin minalardan təmizlənməsi, yenidənqurması və reabilitasiyası, eləcə də bərpa işlərinin əhəmiyyəti qeyd edilib, şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərdən danışılıb. İştirakçılara Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının ərazisində görülən geniş həcmli işlər, layihələndirmə sənədləri haqqında məlumatlar verilib.

Azərbaycan Milli Şəhərsalma Forumunun növbəti ikinci günü ADA Universitetində sessiyalarla davam etdirilib. Məruzəçilər tərəfindən ekoloji cəhətdən davamlı və dayanıqlı şəhər inkişafı, mədəni və tarixi irsin post-münaqişə dövründə bərpası, daha ağıllı, daha yaşıl insan məskənləri, dairəvi yaşıl iqtisadiyyat mövzularında təqdimatlar keçirilib, ən müasir şəhərsalma yanaşmaları, insanyönümlü yaşayış məntəqələrinin yaradılması və inklüzivliyin təmin edilməsi ətrafında fikir mübadiləsi aparılıb. Panel müzakirə zamanı “BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) lokallaşdırılması və davamlı məskunlaşma imkanlarına dair təkliflər səsləndirilib.
Sonda iştirakçılar ölkəmizdə keçirilən Milli Şəhərsalma Forumunun yüksək səviyyədə təşkilinə görə razılıqlarını bildiriblər. Hər il keçirilməsi nəzərdə tutulan Azərbaycan Milli Şəhərsalma Forumunun nəticələrinə dair yekun Bəyannamə qəbul olunub. Bəyannamədə Forumun məqsədi və əhəmiyyəti qeyd edilərək mövcud əməkdaşlıq əlaqələrinin qorunub saxlanılması və yeni tərəfdaşlıqların qurulmasının vacibliyi önə çəkilib, tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Prezidentin Xüsusi Nümayəndəliyinə və ADA Universitetinə, Ağdam və Bakı şəhərlərinə, həmçinin BMT Məskunlaşma Proqramına təşəkkür edilib.

.