Bu gün mərhum xalq şairi Məmməd Arazın doğum günüdür. Məmməd Araz  1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyiinin məşğələlərində fəal iştirak edib.
1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub. Sonra "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət” qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olub.

1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni ilə təltif edilib. 
 2004-ci ilin 1 dekabrında Bakıda vəfat edib.

Modern.az Məmməd Arazın doğüm gününü nəzərə alaraq, mərhumun xanımı Gülxanım Fətəliqızının bir neçə il öncə saytımıza verdiyi müsahibəni təkrar dərc edir.

Gülxanım Fətəliqızı: "Məmməd Arazın yazı masasına başqası əl vursaydı, aylarla ona yaxın düşməzdi”


Otağa girər-girməz gözlərim ondan yadigar qalan və onu xatırladan əşyalar axtarırdı. Çarpayısı səliqə ilə yığılmışdı. Rəfdəki öz kitabları, ona avtoqrafla hədiyyə verilən kitablar sıra ilə düzülmüşdü. Yazı masasının üstündə isə yazısı saralmış vərəqlər, bir də çalışdığı "Azərbaycan təbiəti” dərgisinin son sayı vardı. Dərginin üz qapağındakı şəkildə şairin fikirli və müdrik baxışları sezilirdi. Bu insan təbiət vurğunu, dağlar aşiqi və bütün qəlbi və ruhuyla Vətən sevdalısı, poeziyamızın görkəmli Xalq şairi, "İstiqlal” ordenli Məmməd Arazdır. 
Cismən aramızda olmasa da, hər şeiri səslənəndə ürəkləri saf və kövrək hislərlə coşduran və hər kəsi nizami Vətən əsgərinə çevirmək iqtidarına malik böyük şair ruhən bizimlə olur. O Məmməd Araz ki, bütün yaradıcılığı boyu "Vətən mənə oğul desə, nə dərdim, mamır olub qayasında bitərdim” deyiminə sadiq qaldı, nə yazdısa, nə dedisə, ürəkləri milli düşüncəyə, milli birliyə köklənməyə çağırdı.

"Qızım, bu otaq Məmmədin sağlığında necədirsə, eləcə qalıb. Kitabları, masası, hamısı olduğu kimidir. Ona gələn oxucu məktubları da rəfdə durur...” - sevimli şairin ömür-gün yoldaşı Gülxanım Fətəliqızı söhbətimizə beləcə körpü saldı. Təkcə dünyagörüşü ilə deyil, səmimiyyəti və sadəliyi ilə də məndə xoş ovqat yaradan bu ağbirçək xanımla söhbətdən onun Məmməd Arazlı acılı-şirinli günlərini dinləyirəm. 


"Beynində yazılası şeirin çox vaxt son misrası doğulurmuş” 



Həmsöhbətim deyir ki, Məmməd Arazın indiyə kimi rahat oturub işləyə biləcəyi ayrıca iş otağı olmayıb. Ailə bir neçə ev dəyişdirsə də, məişət qayğıları, ayrıca iş otağının yoxluğu onun yaradıcılığına mane ola bilməyib. Məmməd Araz şeirə özünəməxsus şəkildə yanaşıb. Onun üçün şeir digər şairlərdə olduğu kimi həyatda gördüyü hadisələrin təəssüratlarından  yaranırdı, ancaq baxış başqa idi.  

"Məmmədlə tez-tez ədəbiyyatla bağlı söhbətlər edərdik. Naxçıvana Hüseyn Cavidin məqbərəsinin açılışına getmişdik. Fikrət Qoca, Musa Yaqub, Cabir Novruz və Məmməd Arazla mən bir stol ətrafında oturmuşduq. Onda belə bir söhbət düşmüşdü ki, şeiri göydən mələklər diktə edir, şairlər də yazırlar. Bu sualı ortaya atdım. Bununla bağlı hərə bir cavab verdi. Məmməd isə deyirdi ki, şeir adicə bir baxışdan, qığılcımdan yaranır. O deyirdi ki, beynində  həmişə şeirin sonuncu misrası yaranır” – deyən Gülxanım müəllimə xəyala dalır. 
Məmməd Arazın gümrah və enerjili günlərində ailəlikcə keçirdiyi xoş günlər, xüsusilə də Kəlcəbərdə, İstisuda yaşadıqları anlar yadına düşür. Tərtərçayın yuxarısında Taxtabazar adlanan yerdə insanların alaçıq qurub dincəlməkləri, hətta bir neçə dəfə Sarıbulağın ətrafında çobanın onları qonaq çağırması bu gün də Gülxanım müəllimənin yaddaşında öz təravətini qoruyub saxlayır. O, xatırlayır  ki, 1968-ci ildə Dəlidağın ətəyindən qayıdarkən Aşıq Hüseyn Cavan şairlə görüşmək istəyir və onların maşınını alaçığa tərəf döndərirlər.  


"Aşıq Cavan üç saata yaxın saz çalıb oxudu. Qaranlıq düşürdü. Yol xatalı idi. Biz isə gecikirdik. Güclə icazə alıb xudahafizləşdik. Hava çiskin idi. Alaçığı tərk etsək də, Yanıq Kərəmin səsi hələ də qulağımdan getmirdi. Məmməd "Təbriz oxuyurdu dağlar başında şeiri”ni bu hadisənin təsiri ilə yazdı. Kəlbəcərin işğalından söz düşəndə həmişə ürək ağrısıyla deyirdi ki, Kəlbəcər kimi muzey əlimizdən getdi...”, - həmsöhbətim bir anlıq susur...

Gülxanım müəllimə Məmməd Arazın şeirlərinin  ilk oxucusu olmasa da, ilk dinləyicisi olub.

Hətta şeir üstündə gənclik illərində azacıq incikləri də olub: "O, özü mənə şeirini oxuyurdu. Ürəyimə yatanda bəyəndiyimi deyirdim. Xoşuma gəlməyəndə səsimi çıxarmırdım. İnciyərdi. Təbii ki, bu cavan vaxtları olurdu” - deyib gülür.

Şair ailəsinə, uşaqlarına da vaxt ayırırmış. Şənbə günü olanda evdə bilirdilər ki, Məmməd müəllim bu gün onlarla vaxt keçirəcək. Gülxanım müəllimə deyir ki, Məmməd Araz həm də mehriban ata idi. 
"Uşaqlarla ən çox gizlənqaç oynayırdı. Qızım İradə stolun arxasında gizlənirdi. Atası da onu axtarırdı, axtarırdı, guya tapmırdı. Birdən qızım gizləndiyi yerdən çıxırdı. Bu onlar üçün əyləncəli bir oyun idi...”.


"Öz işləri üçün heç kimdən xahiş etməzdi...”

Görkəmli şair Məmməd Araz uzun müddət "Azərbaycan təbiəti” dərgisində akademik Həsən Əliyevlə birgə çalışıb. Sovet dövründə senzura şəraitində nəşr buraxmaq üçün mütləq rəsmi Moskva və hakim dairələrin razılığını almalıydın.

""Azərbaycan təbiəti” jurnalını Məmməd Araz akademik Həsən Əliyevlə böyük zəhmət və çətinliklə ərsəyə gətiriblər. O dövrdə jurnal məsələsində Heydər Əliyev onlara çox kömək edib. Axı sovet dövründə bir vərəqi də çap eləmək üçün gərək Moskvaya müraciət edib razılıq alaydın. Baxmayaraq ki, Məmməd öz şəxsi işləri üçün heç kimə müraciət etməzdi, bu jurnalın bağlanmaması üçün demək olar ki, bütün icra strukturlarına məktub yazaraq müraciət etdi. Onların hamısını arxivdə saxlamışam. Məmməd onlara deyirdi ki,  bu jurnal "Molla Nəsrəddin” jurnalı qədər lazımlı nəşrdir. Onu bağlanmağa qoymayın” – şairin həay yoldaşı ötən günləri belə xatırlayır.

Məmməd Arazın çalışdığı jurnal onunla əbədiyyətə qovuşdu....


Gülxanım müəllimə məni rəfdəki kitab və əlyazmalarla tanış edir. İri həcmli kitabların birində şairə yazılmış nəzirə və ithafları göstərir. 
"Bu kitabların çoxu ondan sonra çap edilib. Əlimdəki bu kitabda 775 şairin Məmmədə nəzirə və ithafları var. Mənim fikrimcə, Azərbaycan ədəbiyyatı tarixində heç bir şairə bu qədər nəzirə və ithaf olmayıb” – deyə həmsöhbətim qeyd edir.

Onu da öyrənirəm ki, şairin əlyazmalarının və ona gələn məktubların bir qismi Ədəbiyyat Muzeyinə və Əlyazmalar Fonduna  verilib. 

"Ona gələn məktublarda sevgi etirafları da vardı”  


Uzun müddət "Ədəbiyyat” qəzetində redaktor müavini işləyən Məmməd Arazın poeziyası sovet dövründə getdikcə populyarlaşır, oxunur və sevilirdi. Şairə yazılan saysız-hesabsız məktublar, eləcə də həmkarlarının, dostlarının onun yaradıcılığı ilə bağlı söylədiyi fikirlər buna sübut idi.

Gülxanım müəllimə o məktubları Məmməd Araz yaradıcılığına ehtiram olaraq qoruyub saxlayır.

"Məktublarda Məmmədin şeirlərini təhlil edir, fikirlər yazırdılar. Sonradan bildim ki, ona sevgi dolu məktublar da yazılırmış. Ancaq Məmməd məndən onları gizlətmişdi. Demişdi ki, sənin ürəyində xal düşməsin deyə, həmin sevgi məktublarını əlyazmalara verdim. Ancaq indi fikrim var ki, o məktubları arxivdən tapıb üzə çıxarım. Bu həm də onun öz istəyidir” - deyə Gülxanım müəllimə etiraf edir.

Şairin xəbəri olmadan işdən çıxarılma

Yaradıcı insanların həyatında adətən onların həyat yolunu və yaradıcılığını dəyişdirən hansısa xoş və ya pis hadisələr, təsadüflər olur. Buna həyat zərbələri də demək olar. Pərətişkarlarının böyük sevgiylə yanaşdığı və həmkarlarının "ustad”, "əmi” deyə xitab etdiyi Məmməd Arazın həyatını da belə bir zərbə dəyişdirib. Şairin qəfildən "Ədəbiyyat” qəzetindən özünün xəbəri olmadan işdən çıxarılması onun sonrakı həyatına son anacan ağır təsirini göstərib.

Həyat yoldaşı deyir ki, bu qərar veriləndə  Məmməd müəllim məzuniyyətdəymiş. Onlar ikisi də Yesentukidə istirahət edirmişlər. Qayıdanda baş verənləri eşidən şairə bu ədalətsiz "sürpriz” həqiqətən ağır təsir edir.


"Xəbərimiz yox idi. Bu hadisədən sonra iki il keçdi, uzun müddət işsiz qaldı və əsəbdən sol əli, sonra isə sağ əli titrəməyə başladı. Parkenson xəstəliyinə tutuldu...” - deyə həmsöhbətim əlavə edir.

Məmməd Araz haqsızlıq və ədalətsizliyin ortasında öz ədaləti və şəxsiyyəti ilə ucalmağı və sınaqdan üzüağ çıxmağı bacardı. Kiminsə və nələrinsə güdazına qurban verilən şairi isə xalq dəstəklədi: 
"Eşitdiyimə görə Yazıçılar İttifaqında partiya iclasında təkcə Sabir Əhmədli onu müdafiə edib, qalan heç kim müdafiə eləməyib. Mərkəzi Komitəyə qalaq-qalaq məktublar göndərilirdi, kəlbəcərlilərdən məktublar gəlirdi. Bütün xalq şairi müdafiə edirdi. Orda hər kəs Məmmədi müdafiə edib, bunun haqsızlıq olduğunu yazırdı” - deyən Gülxanım müəllimə bu söhbətə yekun vurur.

"Gözü yolda idi ki, kimsə gələcək...”

Əsl sevgi və fədakarlıq odur ki, yaxşı gündə olduğu kimi, çətin gündə də sevdiyin insanın, ömür-gün yoldaşının yanında olasan. Hələ o, ruhu və varlığını, yaradıcılığını xalqının milli oyanışına həsr edən və sağlığında ürəklərdə heykəlləşən Məmməd Araz kimi bir insandırsa. 
 

Stolun üstündəki əlyazmaları nəzərdən keçirirəm. Gülxanım müəllimə təbəssümlə "oxu görüm,  oxuya bilərsən?” - deyə soruşdu. Yalnız bir neçə söz oxuya bildim. 
"Xətti çətin oxunurdu. Ancaq mən onun yazdıqlarını oxuya bilirdim”-deyə şairinin ömür-gün yoldaşı əlavə etdi...

Son vaxtlar böyük şairin yanına gələn dost-tanış da seyrəlməyə başlayıbmış. Bununla belə şair yenə də ümidini üzmürmüş: "Düzünü desəm, axır vaxtlar Məmmədin yazıçı dostlarından heç kim qapımızı açmırdı. Oturub gözləyirdi ki, kimsə gələcək. Məmməd mənə danışırdı ki, xəstəxanada yatanda Məmməd Rahim də orada müalicə olunurmuş. Ona deyib ki, "Məmməd, sənin nəslin etibarlı nəsildir, mənim nəslimsə naxələf çıxdı, yanıma gəlmədilər” - deyə təəssüflənib. Onda Məmmədin yanına bütün şair dostları gəlirdilər”.

Gülxanım müəllimə deyir ki, mərhum prezident Heydər Əliyev şairi daim diqqətdə saxlayıb, zəng edib, Məmmədin əhvalını soruşurmuş. Onun 65 yaşı olanda da zəng edib təbrik eləmişdi. Soruşanda "hansısa istəyin varmı?”, şair razılığını bildiribmiş.


"Məmməd Araz səngəri” necə yarandı...

Məmməd Araz  həm də onun şeirlərindən ruhlanan əsgərlər arasında olur, onlardan enerji alırdı. Gülxanım müəllimə şairin Murovda və Beyləqanda əsgərlərlə görüşündən danışır.

"Azərbaycan əsgərlərinin paradı keçiriləndə Məmməd çox sevinirdi. Bununla fəxr edirdi. İlk dəfə onun bu qədər sevindiyini görürdüm. Ordu generalı zəng edib dedi ki, "əsgərlər sizi görmək istəyir”. Biz də əsgərlərlə görüşə getdik. Çox qəribə idi ki, Məmmədin əsgər və zabitlər arasında sanki dili də açılmışdı, hərəkətləri canlanmışdı. Tam fərqli Məmməd vardı qarşımda. Gümrah olmasına mən mat qalmışdım”.


Şair həmin gün tankçılarla görüşür, onu fəxri döyüşçü elan edirlər. Düşmənlə yüz addımlıqda yerləşən və şairin ayağı dəyən səngərə isə "Məmməd Araz səngəri” adı verilir. Eyni zamanda Murovdağda bir bulağın üstündə bir daşa mis lövhə vurulub. Lövhədə xalq şairinin 1994-cü ildə  əsgərlərlə görüşməsi faktı əks edilib. 


"Ürəyimdə dedim ki... ”


Gülxanım müəllimə Məmməd Arazdan sevgi və səmimiyyətlə danışırdı, səs tonundan hiss edilirdi ki, bu xanım şairin həm də dərd ortağı, dostu-silahdaşı, ən çətin günlərində ona dayaq olan bir həmdəmi olub. 
"Naxçıvada şairin 60 illik yubileyi keçirilirdi. Bir qadın mənə yaxınlaşıb sevincək və fəxrlə dedi: "Sən xoşbəxtsən”. Heç nə demədim. Ürəyimdə dedim ki, hardan biləsən mən nə çəkirəm. İstəməzdim ki, o xəstələnsin. Amma bir qadın kimi onun qayğısına qalmaq borcum idi...” - o, söhbətinə ara verir. 


Öyrənirəm ki, saz havalarını, təbiətdə olmağı Məmməd Araz çox sevib. Hətta son günündə də yazı masasının üstündə Aşıq Alının dörd misralıq bir bəndini yazıbmış.

" Məmməd xoşlamazdı ki, icazəsiz onun stoluna kimsə yaxınlaşıb nəyəsə baxsın. İcazəsiz baxanda küsər, aylarla stola yaxın getməzdi. Həmin bənd şeiri də mən sonradan gördüm”.

Şairin yazdığı sonuncu "Mürgüləmə” şeirini kitabdan oxuyuram.

Mürgüləmə, millət oğlu, mürgüləmə,
Mürgü döydün yüz il belə, min il belə...
Sellər-sular coşdu daşdı oyanmadın,
Yer tərpəndi, torpaq qaçdı oyanmadın.

Həyatda bəzən fikir vermədiyimiz hadisələr qabaqcadan baş verə biləcək fəlakətlərin xəbərçisi olur. Gülxanım müəllimə nə biləydi ki, evdə üzüyünün qaşının qəfildən düşməsi onun ömür-gün yoldaşının, xalqın isə sevimli şairinin ölüm karvanının astanasında olması deməkdir!

"Həmin gün günorta yeməyi qoymuşdum ona. Qəfildən halı pisləşdi. Tez xəstəxanaya qaçırtdıq. Nəvəm Tuncay onu qucağında pillələri düşürdü. Ancaq gec idi...” - araya sükut çökür...

İndi onun otağı, hər bir əşyası qonaq otağında oturduğu divan, ev boyu divardan asılmış şəkilləri ailə və onu sevənlər üçün təsəllidir.

"Onda qərara aldım ki, xatirələrimi yazım”   


Gülxanım müəllimə indi şairin arxivində olan dərc edilməmiş əsərləri tərtib edir, onların işıq üzü görməsinə çalışır. Şairin ölümündən sonra bir sıra kitablar atıq oxuculara təqdim edilib.

"İndi dərc edilməmiş tərcümələr var, onları çapa hazırlayıram. Bir də Məmmədlə bağlı yazdığım xatirələr var ki, onlara bir sıra əlavə edirəm” - şairin həyat yoldaşı danışır.

Bir neçə il öncə Gülxanım Fətəliqızının Məmməd Arazla bağlı qələmə aldığı xatirələr "Azərbayan” jurnalında çap edilmiş, ictimaiyyətdə xeyli marağa səbəb olmuşdu.

Bəs görəsən Gülxanım müəlliməni qələmə sarılmağa hansı hiss vadar etdi?

"Məmməd Araz mükafatının təqdimat idi. Maşında radionu açdıq. Nigarın "Alagözlüm” mahnısını oxuyurduar. Mən qeyri-ixtiyari ağladım. Qərara aldım ki, nə qədər ki, Məmmədin dilini anlayıram, ondan keçmiş xatirələri yazmalıyam. İndi təəssüflənirəm ki, gərək ilk gündən yaşadıqlarımı, gördüklərimi qələmə alaydım. Məmməd yoldaşımdı deyə, demirəm. Onun kimi ikinci şair yoxdur. İndi harasa gedəndə, küçəyə çıxanda da istəyirəm məni elə Məmməd Arazın həyat yoldaşı kimi tanıyıb müraciət etsinlər”.

.