"Azərbaycanda islahatlar daim davam edir və 2018-ci ildə “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafı Strategiyası (2019-2025-ci illər)” qəbul edilib".

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “XXI əsrdə dövlət qulluğunda nailiyyət əsaslı insan resurslarının idarə edilməsi” adlı beynəlxalq seminarda deyib.

O bildirib ki, dövlət qulluğu sahəsində səriştə modelinə keçid daha peşəkar, bacarıqlı, şəxsi keyfiyyətləri yüksək olan vətəndaşların dövlət qulluğuna cəlb olunmasını təmin edir. Bu da nəticədə dövlət qulluğunun səmərəliliyini və vətəndaşlara dövlət adından göstərilən xidmətlərin şəffaflığını və effektivliyini göstərir: "Bildiyiniz kimi, insan kapitalından səmərəli istifadə olunması, dövlət qulluqçularının potensialının artırılması, dövlət orqanlarında vakant vəzifələrin tutulması, eləcə də dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafı dövlət qulluğunda islahatların aparılması prosesində mövcud olan aktual məsələlərdir.
Dövlət idarəetmə sistemində start verilmiş struktur və kadr islahatları standartların dəyişməsini sübut edir.
Azərbaycanda islahatlar daim davam edir və 2018-ci ildə “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafı Strategiyası (2019-2025-ci illər)” qəbul edilib. Strategiya dövlət qulluğunun müxtəlif sahələrində, o cümlədən kadr siyasətində kompleks islahatları, dövlət qulluğu sisteminin inkişafı üçün institusional quruculuğu, dövlət qulluqçularının rotasiyasını, dövlət qulluqçularının peşəkarlığını və işinin səmərəsini artırmaq məqsədilə səriştə və motivasiya modellərinin tətbiq olunmasını, xidməti fəaliyyətin qiymətləndirilməsini və s. nəzərdə tutur”.

Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin dövlət qulluğu Strategiyasının həyata keçirilməsinə töhfə vermək və təşkilati strukturu və texniki bazanı gücləndirmək məqsədilə 2022-ci ilin iyun ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə iki illik “Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” layihəsini həyata keçirməyə başladığını diqqətə çatdırıb: “Layihə çərçivəsində dövlət qulluğuna qəbul, təlim və fəaliyyətin qiymətləndirilməsi üçün dövlət qulluğuna dair tələbləri, zəruri bacarıq və bilikləri və müvafiq qiymətləndirmə mexanizmlərini müəyyən edən yeni səriştə modelinin hazırlanması istiqamətində çoxşaxəli işlər görülüb".

.