Medianın İnkişafı Agentliyinin 2022-ci ilin yekunlarına dair hesabat konfransı keçirilib.
Konfransda Agentliyin icraçı direktoru Əhməd İsmayılov 2022-ci ildə görülən işlər barədə məlumat verib.
O bildirib ki, “Media haqqında” Qanun 8 fevral tarixində təsdiqlənib, MEDİA Agentliyi tərəfindən hazırlanmış 8 normativ hüquqi akt layihəsi imzalanıb, qəzet, xəbər saytı və jurnalistlərin məlumatlarının sistemləşdirilməsi məqsədilə Media Reyestri fəaliyyətə başlayıb.
“Jurnalistlərə güzəştli ipoteka kreditindən istifadə etmək hüququ tanınıb, media məhsullarının və həmin məhsulların istehsalı (nəşri) ilə bağlı kağızın idxalı və satışı ƏDV-dən azad olunub” - deyə İcraçı direktor vurğulayıb.
Çap mediasının rəqəmsal transformasiyasının dəstəklənməsi məqsədilə “E-köşk” qəzet və jurnalların rəqəmsal abunə və satış platforması, həmçinin Azərbaycanın ilk milli rəqəmsal media təhlil platforması “Metrix” proqramı istifadəyə verilib.
Qeyd edilib ki, beynəlxalq əməkdaşlığın qurulması çərçivəsində ümumilikdə 14 görüş keçirilib, xarici və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə 4 tədbir təşkil edilib, Agentlik media ilə bağlı 11 beynəlxalq tədbirdə təmsil olunub. Milli Mətbuat Günündə 20-dək ölkədən olan xarici media nümayəndələri, ekspertlər və yerli media nümayəndələri daxil olmaqla ümumilikdə 200 nəfərin iştirakı ilə Şuşa şəhərində “Mediada qlobal trendlər, yeni çağırışlar” Beynəlxalq Media Forum keçirilib.
Əhməd İsmayılov bildirib ki, MEDİA Agentliyində 500-ə yaxın jurnalist və media subyekti ilə görüşlər keçirilib, 60-dan çox dövlət qurumunun mediaya məsul əməkdaşları üçün seminarlar təşkil edilib, media menecerlərin və jurnalistlərin peşəkarlığının artırılması məqsədilə yerli və xarici mütəxəssislərin iştirakı ilə 800 nəfəri əhatə edən təlimlər keçirilib. Anadolu Agentliyi ilə birgə jurnalistlər üçün hazırlanan onlayn videotəlim platformasına dair işlər yekunlaşmaq üzrədir.
Daha sonra konfransda MEDİA-nın İcraçı direktoru jurnalistləri maraqlandıran sualları cavablandırıb.
.