Tanınmış suriyalı jurnalist-yazar Hüsnü Mahallinin APA-ya müsahibəsi
- Əvvəlcə Suriyada Rusiya hərbi təyyarəsinin vurulmasından başlayaq. Kim vurmuşdu, hansı məqsədlə vurmuşdu?..
- Rusiya təyyarəsini vuran raket Türkiyənin nəzarətində olan bölgədən atıldığına görə Moskva buna çox əsəbiləşdi. Çünki Türkiyə "Azad Suriya Ordusu” və onunla birlikdə hərəkət edən 30 qrupa cavabdehdir, Astanada və Soçidə bunun üçün imza qoyub. Telefon diplomatiyasından sonra Türkiyə ölən pilotun meyitini alıb ruslara verdi. Bilirsiz ki, orada Cerablus-əl-Bab və Azaza qədər ərazi türk ordusunun nəzarəti altındadır. Problem orada deyil, İdlibdədir və "əl-Nusra” ilə bağlıdır. Rusları da, hər şeydən əvvəl, İdlib maraqlandırır. Çünki orada çoxlu əcnəbi terrorçu var. Orada olan təxminən 50 min terrorçunun yarıdan çoxu əcnəbidir. Onların içindəki iki böyük qrupdan birincisi uyğur türkləri (Çini yaxından maraqlandırır), ikinci isə çeçenlər, dağıstanlılar, krımlılar, azərbaycanlılar, özbəklər, qırğızlar, taciklərdir. (Rusiyanı maraqlandırır.) Ümumi sayın yarısı bunlardan ibarətdir. Əgər onlar İdlibdən xilas olub, yenidən Rusiyaya və digər keçmiş sovet ölkələrinə qayıtsalar, istər-istəməz potensial təhlükə kimi qalacaqlar. Ona görə də Putinin Ərdoğanla olan razılaşması bir qovluqdan ibarətdirsə, o qovluğun 60%-i "əl-Nusra” problemindən ibarətdir. Türkiyənin sıxıntısı da buradadır. Çünki ideoloji səbəblərə görə onlarla münaqişə etmək istəmir. Ona görə də bu proses işləmir. Bu qəribə durum etimadsızlıq mühiti yaradır. Rusiyaya görə İdlib məsələsi əsasdır. Suriyaya görə türk ordusu bölgəyə girsə, bir daha çıxmayacaq. Bu etimadsızlıq Türkiyə-İran münasibətlərində də öz əksini tapır. İran Türkiyənin bölgədə güclü olmasını istəmir. Mövcud mənzərənin ümumi təsviri bundan ibarətdir.
- İki ay əvvəlki dövrlə müqayisədə Suriyada vəziyyətin tamamilə dəyişdiyindən bəhs edilir. Bu fikirlə razısınızmı?
- Hər şey Türkiyəyə bağlıdır. Yəni Suriyadakı böhranın müsbət və ya mənfi istiqamətə getməsinin əsas faktoru Türkiyədir. Prezidentin sözçüsü İbrahim Kalın dedi ki, kəşfiyyat baxımından Əsəd iqtidarı ilə görüşə bilərik-filan. Bu cümlə "görüşürük” mənasını daşıyır. Bu görüşlər sürətlə siyasi iradənin atacağı addımlar halına gələrsə, onda qısa müddətdə çox şey dəyişəcək.
MİT rəhbəri Hakan Fidan Suriya dövləti tərəfindən tanınan adamdır. Bir vaxtlar Ərdoğan tərəfindən xüsusi tapşırıqlarla Dəməşqə gedb Əsədlə görüşürdü. Hakan Fidan Rusiya ilə Türkiyə arasındakı böhranlı dönəmdə də çox önəmli işlər görmüşdü: hələ heç kim heç nə bilmədən Hakan Fidan Moskva ilə münasibətlərin düzəlməsində çox mühüm rol oynamışdı. Əgər bu görüşlər siyasi iradənin atacağı addımlar səviyyəsinə gələrsə, Afrin məsələsi 2 dəqiqədə həll edilər. Türkiyə Afrində nə istəyir? Oradan PKK-PYD terror təşkilatının təmizlənməsini istəyir. "Bəşər Əsəd, gəl, bu məsələyə birlikdə baxaq” deyəndən və Əsəd bu işə müsbət yanaşandan sonra Türkiyənin bu qədər pul və vaxt sərf etməsinə, ordumuzun bu qədər şəhid verməsinə gərək qalacaqmı? Siz də yaxşı xatırlayırsınız, 1998-ci ildə o dönəmin Quru Qüvvələri komandanı Atilla Atəş paşa sərhədə gedib "Aponu qovun!” - deyəndən 10 gün sonra o vaxtkı prezident Hafiz Əsəd onu Suriyadan çıxardı. Sonra iki ölkə arasında çox yaxşı münasibət quruldu. Belə bir variant varkən niyə istifadə etmirsən? Onda Dəməşq də deyir ki, Türkiyə səmimi deyil. Türkiyə daima "Afrin” desə də, Fərat çayının şərq sahilindəki 600 kilometrlik bölgə ilə bağlı heç nə demir. Dəməşq deyir ki, Türkiyə səmimidirsə, Fəratın şərq sahilində qalan bölgələri də bu işin içinə daxil edib hamısını bir yerdə həll edək, bu torpaqlar mənimdir, hansı əşirətlərin mənə dəstək verəcəyini mən bilirəm. PYD-nin zəif nöqtələrini, Kobanenin küçələrini, Deyr-əz Zoru mən tanıyıram və s... Şimaldan Türkiyə, cənubdan və qərbdən mən, şərqdən isə İraq girsin, bu işi tamamilə həll edək. Burada ABŞ kimdir? Əgər Türkiyə, Suriya və İraq orada genişmiqyaslı əməliyyat keçirsə, orada nə PYD/PKK, nə də ABŞ bir şey edə bilər. Oradakı ərəb əşirətləri də Suriya dövlətinin tərəfindədirlər, yəni, bu işin etnik tərəfini ön plana çıxarsan, ərəb əşirətləri orada PYD/PKK-nın kökünü qazarlar. Afrin məsələsində, Fəratı çayının şərq sahili məsələsində və Əsədlə dialoq məsələsində Türkiyə səmimi və qərarlı davransa, bölgədəki məsələlərin həllində heç bir problem olmayacaq. Bundan başqa, problemi heç bir şəkildə həll etmək mümkün deyil. Ona görə deyirəm: əgər Türkiyə istəsə, hər şey həll edilər, Türkiyə istəməsə, heç bir şey həll edilməz. Türkiyə isə bu cür real variantı bir tərəfə qoyub, fərqli qruplarla hərəkət etməyə çalışır. Biz bunları deyəndə əsəbiləşirlər.
- Əsas maddi dəstəyi Səudiyyə Ərəbistanı vermirmi?
- Yox, yox. Səudiyyə Ərəbistanı indi 5 quruş da vermir. Təkcə Qətər maddi dəstək verir. Qətərdən başqa Suriya məsələsində Türkiyənin dostu qalmayıb. Səudiyyə Ərəbistanın özünün dəstəklədiyi qrup var.
- Riyad qrupu?
- Bəli, onlar. İndi zaman Türkiyə üçün çox dəyərlidir. Ancaq qəribə vəziyyət var. Biz hamımız bu ölkənin vətəndaşlarıyıq, Türkiyənin yaxşılığı üçün bunları danışırıq. Hörmətli prezident Ərdoğana kimlər məsləhət verir, bunları anlaya bilmirəm. Bir neçə gün əvvəl prezident Ərdoğan dedi ki, suriyalı qruplar Afrinə girmək istədi, biz isə onları vurub geri qaytardıq. Onu dediyi anlarda Suriya qüvvələrinin Afrinə girməsiylə bağlı Afrin meydanından canlı yayım verilirdi. Bunları görəndə həqiqətən mənim əhvalım pozulur. Hörmətli Ərdoğan kimi güclü siyasi liderə bu şəkildə açıqlama verməsi lazım olduğunu kim deyir? Mən bunları deyəndə əsəbiləşirlər.
- Rusiyanın xarici işlər naziri Lavrov da bir neçə gün əvvəl ünvan kimi Türkiyəyə birbaşa Dəməşqi göstərdi. Bunu necə dəyərləndirmək lazımdır?
- Bir neçə gün əvvəl ingilis dilli rus mətbuatında da oxumuşdum ki, Suriya dövlət qüvvələrinin Afrinə girməsi üçün Türkiyənin razılığı alınıb. Bu çərçivədə dəyərləndirəndə Lavrovun sözlərinin həqiqəti əks etdirdiyini görürük.
- Bəs ABŞ dövlət katibi Ankaraya nə üçün gəlmişdi?
- Türkiyənin ABŞ-dakı imici yaxşı deyil, Avropada da eyni şəkildədir.
Tillerson birbaşa Türkiyə ilə danışmağa gəlməmişdi, Orta Şərq və Körfəz ölkələrini gəzəndən sonra Türkiyəyə gəlmişdi. Livanda onu necə gözlətdiklərini gördün. Bunun səbəbini Livandan soruşdum, dedilər ki, o adam görüşə vaxtından əvvəl gəlmişdi. (Gülür – M.Ə.) Halbuki bu cür işlərin hamısı dəqiq protokola tabedir. ABŞ dövlət katibinə su da verməyiblər. Türkiyə öz narazılığını yüksək səslə ifadə edirdi, Afrindən sonra Menbiçə mütləq gedəcəyini deyirdi. Təbii ki, biz Tillersonla hörmətli prezident Ərdoğanın 3,5 saat - həm də tərcüməçisiz - nə danışdıqlarını bilə bilmərik. Ancaq müştərək açıqlamaya baxanda bir çox şeyin ABŞ-ın istədiyi şəkildə olduğunu görürük. ABŞ bölgədəki heç bir iddiasından geri addım atmadı, əvvəllər olduğu kimi, yenə də bir çox məsələnin həllində "müştərək iradə”nin olduğundan bəhs edildi. ABŞ açıq şəkildə deyir ki, mənim ortağım PYD-dir. Tillerson ümumilikdə Türkiyənin Suriya siyasəti ilə bağlı addımlarını müzakirə etmək üçün gəlməmişdi. Ümumi şeylər danışmaq üçün gəlmişdi. Hətta Dövlət Departamentinin saytındakı açıqlamada Tillersonun "insan haqları, həbsdə olan jurnalistlər” və s. məsələlərdə Türkiyəyə xəbərdarlıq etdiyi də yazılmışdı. Nəticə etibarilə Tillersonun Ankaraya gəlməsi Türkiyə-ABŞ münasibətlərində müsbət istiqamətdə sıfır təsirə malik olub. Bunlar imperialist ölkələrdir: bir səfərlə, bir qərarla münasibətləri pisləşdirməz və ya yaxşılaşdırmazlar, öz mənafeləri üçün böyük sahədə manevr edərlər. Burada ən önəmli şey-vaxt məsələsidir və vaxt ABŞ imperializminin lehinə işləyir. Əgər Türkiyə dövləti Suriya ilə razılığa gəlmirsə, İranla razılığa gəlmirsə, onda ABŞ-ın kefi yerində olacaq. Suriyanın şimalına ağır silahlar göndərir, orada özünə müttəfiq hesab etdiyi qruplara təlim verməyə davam edir və s. İndi bunlar təfərrüat kimi görünür, hansı kəşfiyyat təşkilatlarının bu gün bölgədə hansı oyunlar çıxardığını biz 15 ildən sonra öyrənə biləcəyik və onda çox şey gec olacaq. Siz şahidsiniz, hələ 2004-cü ildə mən yazırdım ki, Orta Şərqdə hər şey bir-birinə qarışacaq. Yeddi il hazırlıq aparandan sonra 2011-ci ildə "Ərəb baharı” adlı bir şey yapdılar. Dedim ki, bunun adı "Ərəb baharı” deyil, bu coğrafiyanın anasını ağladacaqlar. Bu barədə kitab da yazdım. Yeddi il də keçəndən sonra bu gün gəldiyimiz nöqtəyə bax... Burada ABŞ nə itirdi? Ən ağır itkiyə bizlər məruz qalırıq. İnsana elə gəlir ki, Qərb ölkələri bizim çəkdiyimiz bu əzablardan həzz alır. Son 7 ildə 2 milyon insan öldü. Zərərin həddi-hesabı yoxdur. Təkcə Suriyada 300 milyard dollar zərər var. İraqdakı vəziyyət məlumdur. Yəmən tamamilə yox oldu, Liviya tamamilə getdi, Misirin yarısı darmadağın olub, orada hələ davam edir. Bütün hallarda Türkiyə dövlətinin və iqtidarlarının ideologiyaları ABŞ-dan qopmağa uyğun deyil. Qərb bunu bildiyinə görə, öz siyasətindən vaz keçmir. Türkiyə və xüsusilə, bugünkü iqtidar qətiyyən Rusiyanın strateji müttəfiqi ola bilməz, bunun tarixi və ideoloji səbəbləri var. İranla strateji müttəfiq olması heç mümkün deyil. Bir an əvvəl oyanmalı, bölgədəki qorxulu planları görməli və onların qabağını almaq üçün qəti addımlar atmalıyıq. Yoxsa, bizi də yaxşı aqibət gözləməz...
- İndi zamanın Türkiyə üçün çox önəmli olduğunu vurğuladınız. Bu işləri sahmana salmaq üçün nə qədər vaxt var?
- Maksimum bu ilin axırında hər şey dəqiqləşəcək. Türkiyə Suriya ilə birbaşa dialoq yaratsa və ya Rusiya-Suriya-İran ilə birlikdə razılaşmalar əldə edilərsə, hər şey müsbət şəkildə həll ediləcək. Və sürətlə həll olunacaq. Məncə, bir an əvvəl 2011-ci ildən əvvələ qayıtmaq lazımdır. İndi Türkiyəni çox məşğul edən Afrin məsələsinin su kimi həll edildiyini onda görəcəksiniz.