“Müəllim vəzifəsini daşıyan adam öz fənnini bilməlidir. Müəllim öz fənnini bilmirsə, onda 9-cu sinifdə uşaqların niyə aşağı bal yığması bəllidir”.
Bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, Azərbaycan müəlliminin əməkhaqqısı son 5 ildə ən çox artan əməkhaqqılar sırasındadır: “Bu günə qədər müəllimlərin əməkhaqqı onların bilik və bacarığından asılı olmadan artıb. Əməkhaqqının artımı üçün bir neçə alətdən istifadə olunub. Yalnız müəllimlərə xas olmaqla müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilməklə əməkhaqqıları da artırılmışdı. Bu halda forma çox sadə idi. Yəni diaqnostikada iştirak edib hətta 5 bal toplayan müəllim də əməkhaqqında artım hiss edib. Biz diaqnostika nəticəsində başa düşdük ki, əksər müəllimlər öz fənlərini bilirlər. Amma bəziləri var ki, bu gün onlar məktəblərdə işləyir, amma öz fənlərini bilmir. İkinci istiqamət bu müəllimlərin həqiqətən də peşə yararlılığını yoxlamaqdır. Peşəyə yararlıdırsa, əməkhaqqısına 35 %, az yararlıdırsa, 10 % artım təyin olundu. Sertifikasiyaya həvəs müəllimlər arasında çox böyük olub. 11 mindən artıq müəllimi artıq sertifikasiyaya cəlb etmişik. Bu yalnız bir neçə bölgəni əhatə edir".
Nazir: Uşaqlar imtahanlarda arzu etdiyimiz nəticəni göstərmir, niyəsini tapmaq lazımdır
“Təhsilverənlərin setifikatlaşdırılmasını həm də əməkhaqqı islahatı kimi müzakirə etməliyik. Bu, təkcə təhsilverənlərin keyfiyyətinin yüksəldilməsi islahatı deyil”.
Bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, tənqidlər hər zaman olur: “Biz başa düşməliyik ki, niyə problemlər var. Biz deyirik ki, hər il ikirəqəmli faizlərlə uşaqlar qəbul və buraxılış imtahanlarında bizim arzu etdiyimiz nəticəni göstərmir. Bunun niyəsini tapmaq lazımdır. Biz 30 il ərzində ancaq nəticələr barəsində düşünmüşük. Uşaqlar bizim gələcəyimizdir. Ona görə də məsələnin mahiyyətinə varmağımızda böyük fayda var”.
.