Kulis.Az Ayxan Ayvazın şair Əlisəmid Kürlə müsahibəsini təqdim edib. Yenizaman.az həmin müsahibəni öz səhifəsində tirajlayır:
- Əlisəmid müəllim, istəyirəm sizə "əmi” deyə müraciət edim. Söhbətimiz daha səmimi olsun...
- Əlbəttə, oğlum. Əminəm də.
- Siz 80-ci illərdə ədəbiyyata gəldiniz...
- Açığını deyim ki, mənə ədəbiyyatda qayğı göstərənlər çox olub. Qismət... Bizdən qabaq Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Vaqif Bayatlı var idi...
- Akulalar...
- Hə... Bu insanlarla mənim ünsiyyətim çox rahat alınmışdı. Həm çap olunmağıma, həm də işə düzəlməyimə köməklik etmişdilər. O vaxtı mən həbsdən çıxmışdım. Birinci həbsim idi. Nüsrət Kəsəmənli düşdü qabağa, mənim kinostudiyada işləməyimə kömək göstərdi. Daha sonra kitabıma ön söz yazdı.
- "İlk kitablar” seriyasını nəzərdə tutursunuz yəqin...
- Bəli. Sabir Rüstəmxanlı baş redaktor idi. Bu, ilk dəfə olmuşdu. Adətən həmin seriyadan çıxan kitablara ön söz yazılmırdı.
- O zaman sizin kitabınız istisna olmuşdu...
- Hə, istisna idi. Heç bir gəncin ilk kitabına ön söz yazılmırdı. Bir mənə yazılmışdı. "Açılan qaranlıq” adında ön söz idi. Nüsrət Kəsəmənli bir də Vaqif Bayatlının ikinci kitabına ön söz yazmışdı.
- Maraqlıdır...
- Hə... Mən ilk dəfə kitabsız SSRİ Yazıçılar Birliyinə qəbul olunmuşam. Belə bir-iki nəfər olurdu. O vaxt gərək iki-üç kitabın çıxaydı, zəmanət verəydilər. Üç-dörd adamın zəmanəti olmalıydı. Mənə Məmməd Araz, Vaqif Nəsib, Fikrət Sadıq zəmanət vermişdi. Yəni, ədəbiyyata gəlişim tez oldu, qəfil oldu.
- Öz nəsildaşlarınızdan daha tez...
- Bilirsən, o vaxt bir almanax çıxmışdı, orda 50-dən çox müəllif çap olunmuşdu, özü də zülmlə. Mən danışıram 1988-ci ildən. Kitaba baxıram indi, görürəm bir mən qalmışam. Rəhmətə gedəni gedib, ədəbiyyatda qala bilməyib çoxusu...
- Əlisəmid əmi, sonra sizin baş redaktorluğunuz olan "Yol”... O vaxt çox ciddi bir mətbu orqan sayılırdı...
- Mən iki il baş redaktor olmuşam bu qəzetdə. Əvvəllər çap çətinliyi görmədiyim üçün azad mühit yaratmışam. Yaxşı yazılar çap etmişik "Yol”da. İndi imzası olan əksər qələm adamını mən çap eləmişəm.
- Məktəb demək olar "Yol”a?
- Oranın özünün havası var idi. Xalq yazıçıları olurdu ki, yazı gətirməyə qorxurdu. Yazı gətirmirdilər e... qorxurdular ki, qayıdar. Mənim indiyəcən heyfsiləndiyim bir hadisəni danışım. Bir dəfə Xəlil Rza Zəlimxan Yaqubdan yazı gətirmişdi. İndi də fikirləşirəm ki, o yazını niyə vermədim.
- Zəif idi?
- Hə, zəif idi. Mənim dövrümdə bir dənə də olsun zəif yazı getməyib. Heç kim də bunu deyə bilməz ki, burda zəif yazılar olub. Zəlimxan Yaqubla biz yaxın idik. O yazını vermədiyimə görə heç vaxt mənimlə üz-göz olmadı. Üzümə vurmadı ölənə qədər.
- Əlisəmid əmi, dediniz indi imzası tanınanlar "Yol”dan çıxdılar. Kimlər var idi sizin çap elədiklərinizdən?
- Məsələn, Salam Sarvanı çap eləmişdim. Sonra Qulu Ağsəs, Elçin Hüseynbəyli. Onlar ilk dəfə orda gözəl çap olunublar. Qapı açılmışdı da... Şərait yaranmışdı. Həm də bir şey var, biz müəlliflərə qonorar verirdik.
- Əsl şair sizin üçün kimdir?
- Mən düşünürəm ki, şair öz şeirlərinin heç olmasa 30 faizini əzbərdən deyə bilməlidir. Əgər deyə bilmirsə, icazə versin mən onun şairliyindən şübhələnim. Şeirin oxunması önəmlidir. Sizin saytda şeirim çıxmışdı, baxdım gördüm ki, xeyli oxunub. Zəif şeir oxunmur, qardaş, oxunmur...
- Hə, sizin şeirləriniz oxunur. Sevilir...
- Məsələn, mənim şeirimi Rövşən Lənkəranskinin dəfnində oxumuşdular.
- Necə olmuşdu bu?
- Dəfndə oxuyublar. Mənə məlumat verdilər. Mən 2000-ci ildə Rövşənlə həbsxanada olmuşam. Dost olmamışıq, ancaq ona bir şeir ithaf etmişdim.
- Çap olunmayıb o zaman o şeir. Hansı şeir idi?
- Rövşən Canıyev haqqında beş il qabaq kitab çıxıb. "Uzaq səfərə çıxıram” adlı şeirimi Rövşən Canıyevə ithaf etmişdim. O kitabda da bir bəndi yer alıb şeirin. Şeir özünə də təqdim olunmuşdu. Bu şeir sonra Bayıl türməsində əl-əl gəzdi.
- Populyar imiş...
- O vaxtı qol çəkib götürürdülər şeiri. Çox adam da o dünyaya getmək istəyir axı. "Vor-zakon” dünyasına... Hə, şeirdə bir bənd var:
Mən piyada, söz də atlı
Ömür ötən bir daş altı
Daşdı üzənginin altı
Uzaq səfərə çıxıram...
- Gözəldi...
- Sənə qəribə bir şey deyim: emosiya hopmuş mətn heç vaxt itmir. Ona doğrudan emosiya verilibsə, o nəsnə itmir heç vaxt. Cavan uşaqlar da yazı qurumamış tez çapa verirlər. Bu faciəyə gətirib çıxardacaq. O şeir heç kitablarımda da getməyib. Ancaq indi o şeirin kitaba salınması o deməkdir ki, həmin nəsnə üzə çıxır. Ümumiyyətlə, ithaf şeirləri ağır olur mənim üçün. Atana yazdığım şeir də elə olmuşdu. Eyvaz öləndən sonra (yazıçı Eyvaz Əlləzoğlunu nəzərdə tutur – red.) bəlkə şeir yazmazdım, amma sonra yoldaşının intiharı mənə o şeiri yazdırdı... Mən beyinlə yazılan şeiri o dəqiqə görürəm. Bir sözüm var idi: şeir gərək dalağa dəyə. Özün kitabxanaya get, xalq şairlərindən tutmuş indiyə qədər çap olunan şeir kitablarını al, qoy qabağına, oxu. Özü də altdan yuxarı oxu ha. Bəlkə də qəribə gələcək sənə. Amma altdan yuxarı oxuyanda görəcəksən ki, heç bir fərq olmadı. Bu şeir deyil... Şeir altdan yuxarı oxundusa o şeir deyil.
- Şeirin taleyi olmalıdır yəni...
- Bəli, elədi. Mənim şeirimi altdan yuxarı oxuya bilərsən? Heç vaxt. Ola bilər zəif şeirdir, ancaq altdan yuxarı oxuya bilməzsən.
- Əlisəmid əmi, Xəlil Rzadan danışdınız. Keçən dəfə bir şəkil çıxdı qabağıma. İrəlidə Xəlil Rzadır, arxasında izdiham. Siz də varsınız o şəkildə...
- Xəlil Rza ilə çox yaxın olmuşam. Onun mənə şeiri var: "Təbriz məni atsa, sən atmazsan, Əlisəmid”. Məşhur şeirdi. Təbrizin sağlığında yazıb. Bir poema da həsr edib mənə. Xəlil Rza məhkəmədən çıxandan sonra çəkilən şəkildi o şəkil. Qərar verildi ki, azad olundu, biz də Xəlil Rza ilə bir yerdə məhkəmədən çıxıb onun evinə gedirdik.
- Məşhur "Lağımla gedək” sözünü orda deyib?
- O, həmişə lağım deyirdi metroya. Çox olub. Ondan qabaq da. Lağımla gedək... Hə, bayaq dedim e, o yazının "Yol” qəzetində getməməyinə təəssüflənirəm indi. Zəlimxan Yaqub hörmət elədiyim şair idi. Mən həbs olunanda yanıma gəlmişdi. Bir-iki nəfərdən biri də o olmuşdu yanıma gələnlərdən. Gərək biz bir-birimizin uğuruna sevinək. Mən həmişə yaxşı bir şey oxuyanda müəllifinə deyirəm onu. Sevinirəm o yazıya görə. Məsələn, Aqşin Yenisey mənə şeir yazmışdı, oxudum, xəbər göndərdim ki, çox sağ olsun.
- Əlisəmid əmi, yadımdadır, bir dəfə demişdiniz ki, həbsxananın həyətində oğlumu görəndə pəncərədən ona əl eləmirəm ki, şux görünsün, toxtaq olsun. Siz həyatın bərkində, boşunda olmusunuz, çox şey görmüsünüz, çox şey yaşamısınız. Üzünüzdə də o yaşantıların izi var. Necədir bu taleyi yaşamaq?
- Bir dəfə müsahibədə soruşmuşdular ki, təzədən bu ömrü yaşayardınızmı. Dedim, nə yaşamışamsa həmin şeyi özüm yaşayaram, ancaq istəməzdim övladım bu taleni yaşasın. O çox ağır yol idi, məşəqqətli idi. Ordan çıxmaq hər adamın işi deyil. Bayaq Rövşən Canıyev dedim. Görürsən? Böyük adamlarla bir yerdə olmuşuq. Sənin dediyini Azər Qaraçənli ilə müsahibədə demişdim. Həbsxanada olanda müsahibə almışdı məndən. Həbsxana mehmanxana deyil. Fikrimi başa düşdün? Çətin yerdi ora. Mən demişdim ki, ekspertizada pəncərəmdən Nardaran piri görünür. Baxmışam ona çoxluca, dua eləmişəm ürəyim istəyən kimi. Orda demişdim onu. Pəncərədən oğluma əl eləmək istəmirdim ki, məni dəmir barmaqlıqlar arasında görməsin. Onun gözündə şux qalmaq istəyirdim. Belə...
- Həbsxanada silsilə şeirlər də yazmışdınız...
- Hə, yazmışam, çap da olunub. Həbsxanada çox şeir yazmışam. Orda olanda jurnalistlər məndən müsahibə almaq istəyirdilər. Hətta film də çəkmək istəmişdilər, razı olmamışdım. O vaxt Səbuhi Məmmədli məndən intervü götürmüşdü. Vaqif Bayatlı da gəlmişdi yanıma. 28 May günü gəlmişdi özü də. Mənim də hərəkatda xidmətlərim olub. Heç olmasa "Yol” qəzeti buraxmışam. Hərəkatdan sonra, Azərbaycanın müstəqilliyində qəzet çıxarmışam. Tarixdi də bu. Halal qəzet buraxmışıq.... Hə, nəysə, mənə dedilər, yanına bir şair gəlib. Soruşdum, təkdir. Dedilər, hə. Dedim, təkdirsə, Vaqif Bayatlı olacaq. "Yeni Müsavat” qəzetində yazısı getmişdi, böyük bir yazı. Bir səhifə də şeirlərimi vermişdi. O vaxt gündəmdə olan tək şair mən idim.
- Yəqin həbs olunan yeganə şair olduğunuz üçün...
- Allah heç kimə qismət eləməsin! Həyatdı da... Mən toyuq başı kəsməyən adamam. Hadisədir də, olmuşdu. Ömrün bir parçası idi, keçdik o yolu. Amma orda şeirlər üzə çıxdı. "Gözün aydın, Bayıl türməsi” adlı şeirim, məsələn. Bu şeir Bayılda əl-əl gəzmişdi.
- Həbsxana başqa dünyadır...
- Sənə bir hadisə danışım. Deməli, üç şair dostum gəlmişdi yanıma. İki ağ baş, bir qara baş. Gündəliyimdə belə yazmışdım. Səhəri ad günüm olacaqdı. Məni şux gördülər orda, üzüm təmiz, krasovkada. Mənə ayrıca otaq veriblər. Birdən biri qayıtdı ki, alə, otur burda yaz da, biz yaza bilmirik. Mən də dedim, a kişi, bura türmədi e, "qastinsiya” deyil, hər an bir hadisə ola bilər. Türmənin dəlisi var, anasının əmcəyini kəsəni var, min cür adamı var e... türmənin.
- Əlisəmid əmi, yaşadıqlarınıza görə peşman deyilsiniz?
- Yox! Yox! Yox! Mən peşman olmadığıma görə burdayam. 20 ildən sonra məni Afaq xanım (Afaq Məsud – red.) Tərcümə Mərkəzinə işə götürdü. Bu mənim iki il Tərcümə Mərkəzində halal işlədiyimə görə idi. Fikrimi başa düşdün? 20 ildən sonra həmin yerə təzədən işə qəbul olundum. İşsiz idim mən. Həyat da ədəbiyyatın içindədir, oğlum. Gözəl şairlərimiz var, ancaq öz taleyini yazan bir-iki nəfər varsa, onlardan biri Əlisəmid Kürdür.
- Şair taleyi sizin üzünüzə həkk olunub, Əlisəmid əmi...
- Hə... Murad Köhnəqala demişdi bunu mənə. İnsanın içində həmişə yaxşı mənada bir "kontrol” olmalıdır. Qorxu yox ha, kontrol. Mən şair, yazıçıları tanıyıram da. Tanıdıqlarımın 99 faizi mən çıxdığım yerdən çıxa bilməzlər. Məndən bir dostumuz soruşmuşdu ki, mən türməyə düşsəm necə olar. Dedim, üçüncü gün sənin ağzını cıracaqlar, çünki sən xəbərçisən. Orda hər kəsin öz yeri var.
- Gənc nəsil yaşlı nəsli həmişə tənqid edir. Ancaq qəribədir, sizi hamı çox istəyir... Nədəndir bu?
- Bayaq danışırdım, gördün mənim türmədəki yerimi? Haqqımda yazırdılar, gəlirdilər yanıma, film çəkmək istəyirdilər. Məsələn, dörd adam bir nəfəri döymək istəyir. O adam dördündən birini vuracaq. Bu xarakter məsələsidir. Fikrimi başa düşdün? Sekretin birini dedim sənə. Söhbət vurmaqdan getmir. O adam qabağından yeməyəcək. Mən türmədə adam görmüşəm ki, qolu yoxdu, amma o birilərini idarə edir. 12-15 nəfərdir, qolsuz başçıdır. Mən həm də göz önündə olmuşam axı. Redaktor da olmuşam həmin adam olmuşam, işsiz olanda da həmin adam olmuşam. Söhbət bundan gedir. İndi də həmin adamam. Xarakter heç vaxt dəyişmir. Bu da mənim taleyimdir də. Üzünə zorla qırış atmırsan ki?
- Rafiq Tağıya "Səni öldürəcəklər” demisiniz...
- Bunu Əjdər Ol yazdı, yaxşı ki də yazdı. Rafiq Tağı çox istədiyim adam idi. Hayıf ondan. Yaxşı yazıçı idi Rafiq Tağı. Rafiqlə çox vaxt bir gedirdik, yolumuz bir idi. O vaxt Rafiq Rəsul Quliyevin müdafiəsinə qoşulmuşdu. Mən də onu bu aralar yolda gördüm. Danışıram sənə 1996-cı ildən. Dedim, Rafiq, sən yazıçısan, belə şeylərə niyə qoşulursan, səni vurub öldürəcəklər. Allaha and olsun, 15 ildən sonra həmən yerdə vurdular Rafiqi, dəmiryolunda. Qəribə şeydir...
- Əlisəmid əmi, bu qədər ölüm görmüsünüz. Ölümdən qorxmursunuz ki?
- Yox! Mən ölümə adi bir şey kimi baxıram. Ölüm adi şeydi. Ölümü qarşılamağın özü maraqlıdı e... Bacım rəhmətə getmişdi bu yaxında. Mən onun gözlərindən ölümdən qorxduğunu hiss eləmişdim. Cənnətə qorxu ilə düşmürlər.
- Oğlunuz Qorqud aktyordur, seriallara çəkilir. Bir şeiriniz də var ona...
- Hə, var... Belədir:
Oğlum Xan Eyvaz yaşında.
Saçlarını sığallayıb
tellərini yana darayır.
Məndən xəbərsiz dram dərnəyinə gedir:
səhnədə özgə taleyini yaşayır,
Hamletin monoloqunu söyləyir,
Mefistofelə kəllə atır,
hərdən kefli İsgəndər olur.
Mənə qıydın, balama qıyma, Tanrı!
Sonu ölümlə bitən
rollar sevdası var başında.
Qoyma balamı Hamlet ömrü yaşaya,
Kefli İsgəndər ola
oğlum Xan Eyvaz yaşında.
O şeirin üstündə başqa şairin adını verə bilməzsən. Bu mənim şeirimdir. Mən onu Qorqud 12 yaşında olanda yazmışam, indi tanınmış aktyordur. Seriallarda oynayıb. Şeirin gücü qalxır. Fikrimi başa düşdün? Nazim Hikmətin şeirləri var e... Oğluna, sevdiyi qadına yazdığı şeirlər. O şeirlər Nazimə aiddir. Mənim şeirlərim imzasız çap olunacaq şeirlərdir. Şeirlərimi çap elə, adımı vermə, hamı biləcək ki, bunu Əlisəmid yazıb. Bunu Azərbaycanda qazanan az adam var. Biz ədəbiyyatı hamı üçün yazmırıq. Ədəbiyyatı yaxşı bilənlər üçün yazırıq. Mən o şairlərdənəm.
- Maraqlıdır, Əlisəmid əmi, poeziya sizin üçün nədir?
- Poeziya mənim üçün düşüncənin üstünə ürək çəkməkdir.
.