Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovla müsahibəni təqdim edirik.
– Əflatun müəllim, vəzifəli şəxslərin otağının divarları adətən, şəkillərlə bəzədilir. Sizin otağınızda isə bir dənə də şəkil yoxdur. Sanki, divarlar yiyəsizdir. Bu divarlara yazığınız gəlmirmi?
– Bəli, iş otağımın divarını yalnız rəsm əsərləri bəzəyir. Yorğun vaxtlarımda onlara baxıb dincəlirəm. Məncə, rəsm əsərinə baxıb zövq almaq, hər nöqtəsində əhval-ruhiyyənə uyğun nəsə tapmaq mümkündür.
– Sizi rəsmi adam hesab etmək olar? Mətbuat Şurasının sədri, millət vəkili rəsmi statusdurmu?
– Mən Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm. Deməli, ən birinci jurnalistəm! Ali məktəbi bitirdikdən sonra AzərTAC-da işləmişəm. Orada baş direktorun birinci müavini olanadək müxtəlif vəzifələr tutmuşam. Söhbət 1990-cı illərdən gedir. O vaxt demək olar ki, ölkənin informasiya siyasətinə cavabdeh şəxslərdən biri idim...
– Deyəsən, rəsmi şəxs olub-olmadığınızı özününüz də bilmirsiniz...
– Xeyr, rəsmi şəxs deyiləm. Mətbuat Şurasının sədriyəm. Bu vəsifəyə ölkə jurnalistlərinin qurultayında seçilmişəm. Eyni zamanda, Milli Məclisin deputatıyam, seçicilərimin iradəsini təmsil edirəm.
Mənə elə gəlir ki, rəsmi şəxs olub-olmamağın elə də əhəmiyyəti yoxdur. Əsas odur ki, dövlət və xalq üçün faydan keçsin. Fərqi yoxdur, məmur, millət vəkili oldun, ya hansısa müstəqil təşkilatda çalışdın. Bacardığın qədər xalqına, dövlətinə xeyir verməlisən.
– Heç əlinizdə diktafon kimlərdənsə müsahibə almısınız?
– 33 yaşıma qədər demək olar ki, həm də sıravi jurnalist olaraq çalışmışam. O zaman diktafon ancaq AzərTAC-ın əməkdaşlarında ola bilərdi. Qurumun statusu tamamilə başqa idi. Əsasən nazirlərdən, nazir müavinlərindən, digər vəzifəli şəxslərdən müsahibələr götürürdü. Digər əməkdaşlar kimi rəsmi görüşlərdə, parlamentin fəaliyyətinin işıqlandırılmasında və regionlara təşkil olunan səfərlərdə gərgin çalışmışam.
Yadıma gəlir, Monqolustanda keçirilən Azərbaycan mədəniyyəti günlərindən on səkkiz gündə on dörd iri həcmli reportaj hazırlamışdım. Bakıya qayıdanda küçələrin xüsusi yerlərində divara vurulan əksər qəzetlərin birinci və ikinci səhifələri demək olar ki, mənim yazılarımdan ibarət idi. Bunu görəndə jurnalist kimi öz peşəndən ləzzət almaya bilmirsən.
– Bəs indi o yazılar hardadır? Bir kitaba toplamamısınızmı?
– Kitabım yoxdur. Ancaq jurnalistika ilə bağlı dərsliklər yazmışam.
– Yəni publisistik bir kitabınız yoxdur?
– Düzü, bir dəfə hazırladım. Amma çap etdirmədim.
– AzərTAC üçün aldığınız müsahibələrdən qonorar alırdınız?
– Əlbəttə, qonorar olurdu. Pis də deyildi. Sovet dövründə əmək haqqından əlavə 100-150 manat yaxşı pul sayılırdı.
– Onda ailəli idiniz?
– Mən o zaman sizin kimi cavan oğlan idim. Universitetin son kursunda evlənmişdim.
– Hansı prezidentin sərəncamı ilə AzərTAC-da vəzifəyə təyin olundunuz?
– O vaxtkı prezident Əbülfəz Elçibəyin sərəncamı ilə bu vəzifəyə təyin edildim.
– Əflatun müəllim, 1988-ci ildə – meydan hərəkatı vaxtı siz nə işlə məşğul idiniz?
– O zaman bu işlə "samizdat"lar məşğul olurdu. Rəsmi mətbuat vasitələri o hadisələri çox işıqlandırmırdı. Yaxşı xatırlayıram, "Molodyoj Azerbaydjana”da Nəcəf Nəcəfovun Qarabağda erməni-rus özbaşınalığı, meydan hərəkatı ilə bağlı məqalələri yer almışdı. Başqa rəsmi nəşrlərdə bunu görməzdiniz. AzərTAC isə o zamanlar baş verən hadisələrlə bağlı Moskva üçün informasiyalar yazırdı. O informasiyalar bizə məxsus idi.
AzərTAC-ın Dağlıq Qarabağda bir erməni əməkdaşı vardı. Gələrdi, hamıyla danışardı... Onda hələ ədavət başlamamışdı. Erməni əməkdaşımız bizə informasiyalar verərdi, kim nə edir, kimin evində toplandılar, nə qədər pul yığdılar və s. Biz də bu xəbərləri birbaşa Mərkəzi Komitəyə, eyni zamanda Moskvaya – indiki İTAR-TASS-a göndərirdik. AzərTAC həmin vaxt TASS-ın Azərbaycandakı nümayəndəliyi kimi başa düşülürdü. Təşkilatda başqa millətin nümayəndələri çoxluq təşkil edirdi. Ermənilər çox idi, hətta gizli şöbənin rəhbəri, onun müavini də erməni idi. Yəhudilərin sayı da ermənilərdən geri qalmırdı. Demək olar ki, əksər şöbələrin müdirləri yəhudilər idi. AzərTAC-da gürcülər, ruslar və s. millətlərin də təmsilçiləri çalışırdı. Agentlikdə azərbaycanlılar az idi. Bütün xəbərlər əvvəlcə rus dilində yazılırdı, sonra Azərbaycan dilinə tərcümə edilirdi.
Meydan hadisələri başlayanda düşündük ki, nə edək? Elə bir məqam idi ki, ölkənin vicdanlı məmuru da istəyirdi ki, xəbərlər milli mənafe naminə yayilsın. Tutaq ki, mitinqdə yüz min insan vardısa, biz yazırdıq ki, yarım milyon insan iştirak edib.
– Moskvaya yalan deyirdiniz?
– Demək olar. O zaman əhval-ruhiyyə başqa idi. Meydandakı insanlar milli maraqlar üçün orada idilər, meydanda olmayanlar, yəni bizlər isə onların maraqları naminə çalışırdıq.
– Bildiyimizə görə AzərTAC-da işlədiyiniz vaxtlar mərhum prezident Heydər Əliyev sizinlə tez-tez əlaqə saxlayırdı. Düzdürmü?
– Mən Bakı Dövlət Universitetində oxuyurdum, ancaq təhsilimi Moskvada davam elətdirmək istəyirdim. Əvvəlcə işlər düzəlmişdi. Sonra məlum oldu ki, universitet rəhbərliyi mənim adımı siyahıdan çıxardaraq, o zamankı mədəniyyət nazirinin müavininin qızını siyahıya daxil edib. Bundan sonra Mərkəzi Komitəyə, məhz Heydər Əliyevə məktublar yazmağa başladım. Şikayətim ulu öndərin diqqətinə çatdı. Baxdım ki, məni axtarırlar. Təcili rektorun yanına apardılar, ərizə yazdırdılar ki, artıq Moskvaya oxumağa gedirsən. Elə ordan qayıdan kimi dövlət sifarişi ilə AzərTAC-a işə götürüldüm. Heydər Əliyevin həyatımdakı ilk rolu bundan ibarətdir.
Heydər Əliyev Naxçıvan Ali Sovetinin sədri işləyəndə bizim orda muxbirimiz vardı. Mirzə Əsgərov. Onunla mütəmadi əlaqə saxlayırdıq. AzərTAC-ın baş direktorunun birinci müavini olanda mütəmadi Naxçıvan rəhbərliyi ilə əlaqə saxlayırdıq, məhz Heydər Əliyevlə danışırdıq. O da tez-tez bizimlə əlaqə yaradırdı. Naxçıvanda baş verən proseslər demək olar ki, AzərTAC-ın xətti ilə yayılırdı.
AzərTAC-ın direktoru həmişə məni yanına çağırıb məsləhətləşərdi. Deyərdi ki, mitinqlərlə bağlı xəbərləri mən işdən gedəndən, yəni saat 6-dan sonra verin.
– Niyə?
– Ona görə ki, kimsə zəng edib xəbəri çıxartdırmasın. Zəng edəndə də görsün ki, otağında yoxdur. Milli ruhlu xəbərləri çıxartdırmaq istəyirdilər.
– İndi də var o şeylər? Hansısa məmur sizə zəng edir ki, filan xəbəri çıxartdırın? Siz də telefonu qaldırmırsınız ki, guya otaqda yoxsunuz!
– Əmrlə yox, xahiş edənlər olur. (gülür)
– Əflatun müəllim, neçə övladınız var?
– Bir oğlum var.
– Hardadır, nə işlə məşğuldur?
– Bakı Dövlət Universitetində oxuyub. Beynəlxalq hüququ bitirib. Magistr təhsili də alıb. Eyni zamanda, Londonda iki tanınmış universitetin – UCL və LSE-nin də məzunudur.
– Münasibətiniz necədir?
– Mən oğlumla dostam. İmkan düşəndə birlikdə futbola baxmağı daha çox xoşlayırıq. Kifayət qədər mütaliəlidir. İngilis ədəbiyyatına xüsusi maraq göstərir. Müxtəlif əcnəbi dillərdə sərbəst danışır. Xaricdə yaşayır və işləyir.
– Oğlunuz xaricdə təhsil alıb, müxtəlif dillər bilir, istedadlıdır, qabiliyyətlidir və s. Bəs siz bir ata kimi ona dedinizmi qayıdıb öz həyatını vətənində qursun, burada işləsin, burada yaşasın?
– Bilmirəm Orxan nə qədər xaricdə yaşayacaq. Hələ ki, gəncdir, işləyir, təcrübə toplayır. Seçim onundur, Azərbaycana da qayıda bilər. Ölkəmizlə bağlı hansısa beynəlxalq təşkilatda da çalışması mümkündür. Mən bir ata kimi əminəm ki, o, doğru yoldadır.
– Hərbi xidmətdə olub?
– Bəli...
– Harda xidmət edib?
– Fövqalədə Hallar Nazirliyinin qoşunlarında.
– Maraqlıdır, Əflatun Amaşovun oğlu kimi xidmət elədi, yoxsa?
– Oğlum heç bir əziyyətdən qorxmur. Onun üçün hərbi xidmət çətin deyildi.
– Müəllim, Mətbuat Şurası neçənci ildə yaranıb?
– 2003-cü ildə.
– İlk sədri də sizsiniz, elə?
– Bəli...
– Sədr seçki yolu ilə olur?
– Bəli, Mətbuat Şurası seçkili orqandır. Dörd ildən bir sədr seçilir.
– Bir nəfər nə qədər istəsə sədr seçilə bilər, yoxsa hansısa bir məhdudiyyət var?
– Xeyr, məhdudiyyət yoxdur. Nə qədər istəsən, sədr seçilə bilərsən.
– Nizamnamədə belədir?
– Bəli...
– Sədri Mətbuat Şurasının üzvləri seçir?
– Xeyr, sədri qurultay seçir. Seçki də çox şəffaf olur. Çünki jurnalistikada nəyisə gizlətmək mümkün deyil. Qurultay keçirilir, əvvəlcə İdarə Heyyətinin üzvləri, sonra sədr seçilir.
– Seçkidə alternativ namizəd olur? Yoxsa alternativsiz keçirilir?
– Əlbəttə, alternativ olur. Ən güclü alternativim Azər Həsrət olub. (gülür)
– Növbəti seçki nə vaxt olacaq?
– Qabaqdakı aylarda.
– Yəqin sədr yenə siz olarsınız...
– Görək, baxarıq. İndidən nəsə demək tezdir.
– Bəs millət vəkili olmaq fikri haradan ağlınıza gəldi?
– Milli Məclisə ona görə namizədliyimi verdim və millət vəkili olmaq istədim ki, parlamentdə həm də jurnalistikanın, jurnalistlərimizin problemlərini qabardım. Mənim qaldırdığım və bundan sonra da qaldıracağım problemlərdən biri də onlayn jurnalistikanın dövlətdən maliyyələşməsidir. Qəzetlər maliyyələşir, amma onlayn jurnalistika maliyyələşmir. Reklam da yoxdur. Və bu zaman saytların inkişafına mane olan amillər ortaya çıxır.
– Hansı maneələrdən söhbət gedir?
– Məsələn, saytdır, pul yoxdur və istər-istəməz məmurlar o saytla ünsiyyət qurmağa başlayır, birgə işləyirlər. Bununla da, saytlar məmurların nöqsanını yazmır, müəyyən hadisələrə loyal yanaşır və s. Eyni zamanda, saytlar xarici təşkilatlarla işləməyə başlayır. Saytların maliyyələşməsi və reklam bazarının olmaması belə şeylərə gətirib çıxarır. Elə məmurlar var ki, bir neçə saytı var. Tutaq ki, bir məmur başqası ilə yola getmir, rəqibdir, öz saytlarında onun haqqında bilgilər yaydırır.
– Mətbuat Şurası belə şeylərlə mübarizə apara bilmirmi?
– Bu hallar üç dəfədən artıq təkrar olunarsa, bizdə "reket jurnalistika” ilə mübarizə komissiyası var, komissiyanın üzvləri toplanır, həmin saytın, yaxud qəzetin adını "qara siyahı”ya salınması ilə bağlı qərar qəbul edir.
– Maraqlıdır, hansısa məmurdan 200 manat pul almaq reketçilikdir? Bunu hədiyyə kimi qəbul etmək olmazmı?
– Olmazmı almasın?
– Bəs nəylə dolansın?
– Yaşamaq üçün rüşvətmi almalısan? Bu gün Azərbaycan mediasında maliyyəsizlik problemi var. Əsas da ona görə ki, reklamlar azdır. Bir neçə il əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaranıb. Ordan 30-dan çox redaksiya il ərzində yüz iyirmi min manata qədər pul alır. Bu ona görə edilir ki, qəzetlər, saytlar asılı vəziyyətə düşməsinlər və bu sayaq söz-söhbətə yekun vurulsun.
Xaricdə də belədir. Məsələn, Avstriyada mətbuata bizdə olduğundan da çox, məsələn, 20 milyon avroya qədər pul ayrılır. Norveçdə populyarlıqda hansı qəzet ikinci, üçüncü yerdədirsə, onlara maliyyə verirlər ki, fikir müxtəlifliyi qorunsun. Ümumən cəmiyyətin inkişafı üçün fikir müxtəlifliyi çox vacib şərtdir.
Bu fikirlərlə də razılaşa bilmirəm ki, jurnalist də insandır, neyləsin, baxır ki, uşaq evdə acdır, verəndə qəbul edir, yaxud da özü dili ilə istəyir. Unutmayaq ki, yetkin cəmiyyətlərdə rüşvət ən qəbuledilməz haldır. O sayaq insanlardan cəmiyyət özü imtina edir. Çünki rüşvətlə ən güclü dövlətin də fundamentini asanlıqla silkələmək mümkündür.
– Xırda rüşvəti hədiyyə sözü ilə əvəzləmək olmazmı?
– Jurnalistlərin birinci qurultayında müzakirə olunurdu ki, jurnalist neçə manatlıq hədiyyə ala bilər. Xeyli müzakirədən sonra qərara aldıq ki, 50 manatdan artıq olmaz. Qanunda da belə idi. Yenə də etirazlar oldu. Adı dəqiq yadımda deyil, kimsə yerindən qalxıb dedi ki, burada heç bir problem yoxdur, 50 manat olsun, siz də məmurun yanına iki dəfə girərsiniz. (gülür)
Kəramət, rüşvət bütün ölkələrdə yəqin ki, bu və ya digər formada var, digər ölkələrdə bunu elə edirlər ki, heç beynəlxalq məhkəmələr də sübut edə bilmir. Amma biz indi oturub üz-üzə bu mövzunu müzakirə edirik. Rüşvətin ölkənin inkişafı, dövlətcilik, təhlükəsizlik üçün nə qədər qorxulu olduğunu bayaq dedim.
Qəzetlərin sayına gəldikdə isə... Xaricdə, məsələn, ABŞ-da, İngiltərədə ümumi ölkə üzrə 5-6 qəzet fəaliyyət göstərir, onlar ölkənin hər yerində oxunur, güclü təsirə malikdirlər, hamısı da varlıdır, kifayət qədər maliyyələri də var. Bizdə isə bu sayaq gündəlik 40-a qədər qəzet var. Çox deyilmi? Bəlkə onlar ayrı-ayrı media qurumlarında birləşsinlər, daha güclü olsunlar, təsir dairələri də artıq olar, pulları da çox. Ümumən ən ciddi problemlərimizdən biri də odur ki, Azərbaycanda media marketinqi bu vaxtacan yetərincə öyrənilməyib.
– Əflatun müəllim, Napaleon hakimiyyətə gələndə Fransada 80-dən çox qəzet fəaliyyət göstərirdi. O, bu qəzetlərin hamısının fəaliyyətini dayandırdı, cəmi üç qəzet qaldı və o üç qəzeti bütün Fransa xalqı oxuyurdu. Heydər Əliyev hakimiyyətə gələndə isə bütün qəzetlərə sərbəst fəaliyyət imkanı verdi, kim istədi qəzet çıxardı. Ancaq qəzetə maraq azaldı...
– İstənilən müqayisə qüsurlu da ola bilər, doğru da. İnqilabdan sonra Fransada çoxlu nəzəriyyələr yarandı. Bir nəzəriyyəyə görə isə mətbuat hakimiyyət qapısının itidir, içəri girəndə də hürür, çölə çıxanda da. Yəni hakimiyyəti nəzarətdə saxlayır.
– Ona görə jurnalistikaya dördüncü hakimiyyət deyirlər?
– Bəli... Yəni rəsmi orqanlardan sonra cəmiyyətdə kiminsə haqqında fikir yaradır. Məsələn, siz hansısa müsahibinizə suallar verirsiniz, çünki haqqında müəyyən təsəvvürləriniz var. Bunlar hardandır? Mediadan! Və yaxud bizim ayrı-ayrı məmurlar haqqında təsəvvürümüz haradandır? Yenə mediadan! Deməli, media doğrudan da, dördüncü hakimiyyətdir.
Bir fakt da deyim. Napaleon parlamentdən çıxanda jurnalistlər ona sual verdi, o isə dedi ki, görün sizin başınıza nə oyun açacam. Eyni parlementdən başqa jurnalistlər də çıxdı, gedib öz müstəqil qəzetlərini yaratdılar. Çünki artıq hər şey azad idi.
Heydər Əliyev böyük şəxsiyyət idi. Görün, bu insan necə böyük siyasi iradəyə mailk idi ki, torpaqları işğal altında qalan, bir milyondan çox qaçqını olan ölkədə heç nədən çəkinmədən, 1998-ci il avqustun 6-da senzuranı aradan qaldırdı. Yalnız Xalq Cümhuriyyəti dövrünü çıxmaq şərti ilə mətbuatımız yaranandan həmin tarixə qədər onun üzərində həmişə senzura olub. Heydər Əliyevin bunu götürməsi ilə Azərbaycan mətbuatının inkişafında yeni mərhələ başlandı.
– Bəs qəzetlər niyə oxunmadı? İndi qəzet oxuyan var?
– Belə düşünürəm ki, Azərbaycanda jurnalistikanın siyasiləşməsi qəzetlərlə bağlı oxucu dünyagörüşündə müəyyən təzadlar yaratdı. Təsəvvür edin, o zaman elə aparıcı qəzetlər var idi ki, mitinq olanda yağış yağırdısa, hava soyuq keçirdisə, bunları hakimiyyətin əməli kimi qiymətləndirirdilər. Belə şeylər də qəzetlərə olan inama, onların oxunmasına ciddi şəkildə mane olurdu. Oxucu səmimiyyətin dərəcəsini görür, razı qalmayanda üz döndərir.
Kəramət Böyükçöl
.