“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda əlilliyi olan şəxslər üçün nəzərdə tutulan bütün hüquq və imtiyazların tətbiqi, həmçinin onların reabilitasiyası, pulsuz dərmanlarla təminatı, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, infrastrukturun əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması və digər istiqamətlərdə ölkəmizdə müvafiq işlər görülür.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əlilliyi olan şəxslər pensiya və ya aylıq sosial müavinət, eləcə də əlilliyi olan uşaqlar aylıq müavinətlə təmin olunur:
“Müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olan şəxslərə, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslərə pensiya və ya müavinətlə yanaşı, Prezidentin aylıq təqaüdü də ödənilir. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlər də Prezidentin aylıq təqaüdü ilə təmin edilirlər. Prezident İlham Əliyevin imzaladığı Fərman və Sərəncamlara əsasən son illər aparılan islahatlar əlilliyə görə sosial ödənişlərin (pensiya, müavinət, təqaüd) də ciddi artımına imkan verib”.
Məlumatda, həmçinin deyilib ki, 2018-2024-cü illərdə ölkəmizdə minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiyada 2,4 dəfə, müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib:
“Həmin dövrdə əlilliyə görə sosial ödənişlərə ayrılan illik vəsaitdə 2,1 dəfə və ya 1,3 mlrd. manat artım özünü göstərib. Qeyd olunan vəsait 2018-ci ildə 1,2 mlrd. manat təşkil edirdisə, hazırda 2,5 mlrd. manata yaxındır”.
Qeyd edilib ki, şəhid ailələri ilə yanaşı, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin də mənzillə təminatı həyata keçirilir:
“Ötən dövrdə 16 min, o cümlədən 44 günlük Vətən müharibəsindən sonra 6,3 min mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilib. Həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə ötən dövrdə 7770 avtomobil təqdim edilib. Eyni zamanda 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olan şəxslər, gözdən əlilliyi olan şəxslər dövlət tərəfindən mənzillə təmin edilir”.
Bildirilib ki, ötən dövrdə bu kateqoriyalardan olan minlərlə vətəndaş mənzillə təmin olunub:
“Məsələn, son illərdə onlar üçün Bakının Nərimanov rayonunda 132 mənzilli yaşayış binası tikilərək gözdən əlilliyi olan şəxslərin istifadəsinə verilib. Təkcə son iki ildə isə gözdən əlilliyi olan şəxslərə Bakı şəhəri və Abşeron rayonundakı yeni yaşayış komplekslərindən 500-dən çox mənzil təqdim edilib və proses davam etdirilir. Son illər ölkədə müasir reabilitasiya sisteminin qurulması təmin edilməklə, onun şəbəkəsi daha da genişləndirilib. Həmçinin reabilitasiya sahəsində biopsixososial modelə əsaslanan xidmət spektri yeni istiqamətlər üzrə xeyli genişlənib”.
“Beləliklə, qeyd olunan dövrdə aparılan işlər nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya mərkəzlərində reabilitasiya xidməti göstərilən əlilliyi olan şəxslərin illik sayı 7 dəfədən çox artıb. Təkcə bu ilin 11 ayında əlilliyi olan 114 min şəxs reabilitasiya xidmətləri ilə təmin olunub, bu kateqoriyadan olan şəxslərə 90 minə yaxın reabilitasiya vasitəsi verilib. 44 günlük Vətən müharibəsindən sonra müharibə ilə əlaqədar əlilliyi olan 490 şəxs 600 ədəd son nəsil müasir protezlə təmin olunub. 2020-ci ildə və cari ildə qanunvericilikdə müvafiq dəyişikliklər edilməklə, əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin sayı son 4 ildə 4 dəfəyə yaxın artırılaraq 34-dən 130-a çatdırılıb. Əlilliyi olan şəxslər dövlət müalicə-profilaktika müəssisələrində təşkil edilmiş aptek məntəqələri vasitəsilə müvafiq dərman preparatları ilə də təmin olunurlar”, - deyə məlumatda qeyd edilib.
Bildirilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan, 2021-ci ilin oktyabr ayında açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi əlilliyi olan şəxslərin və digər həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsinə xüsusi qayğının növbəti ifadəsidir:
“Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı olan bu Mərkəzdə və onun ötən il İsmayıllıda açılşı olan “DOST EVİ” filialında benefisiarlar müxtəlif yaradıcılıq istiqamətləri üzrə təlimlərə cəlb edilməklə, onlara sosial pedaqoji və psixoloji xidmətlər də göstərilir. Eləcə də Heydər Əliyev Fondunun sosial layihələrindən biri kimi ötən dövrdə ölkəmizin 3 bölgəsində əlilliyi olan şəxslərin İKT vasitəsilə məlumat əldə etmək və biliklərini artırmaq üçün Regional İnformasiya Mərkəzləri də yaradılıb”.
Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraitinin yaradıldığı sosial xidmət müəssisəsidir:
“Burada müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslər də stasionar şəraitdə sosial xidmətlərlə təmin olunur. Hazırda həmin sosial xidmət müəssisəsində 42 nəfər yaşayır ki, onlardan 5 nəfəri əlilliyi olanlardır. Həmçinin sosial xidmətçilər tərəfindən tənha şəxslər evlərində sosial xidmətlə təmin edilir ki, onlardan bir qismi də əlilliyi olan şəxslərdir. Qeyd olunanlarla yanaşı, hər il əlilliyi olan minlərlə şəxs sanator-kurort yollayışları ilə təmin olunur”.
Bildirilib ki, ölkəmizdə infrastrukturun əlilliyi olan şəxslərin xüsusiyyətlərinə uyğunluğu, yəni, onlar üçün müyəssər olması milli qanunvericilikdə də əksini tapır:
“Yeni infrastruktur layihələrinin icrasında, yeni tikililərdə bu amil mütləq şəkildə nəzərə alınır. Köhnə tikililərdə də artıq bu sahədə müəyyən uyğunlaşdırma işləri aparılır. Ümumilikdə, infrastrukturun əlilliyi olan şəxslərin xüsusiyyətlərinə müyəssərliyinin təmin olunması istiqamətində ardıcıl proses həyata keçirilir. Təkcə bu ilin 11 ayında əlilliyi olan 10,3 min şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən münasib işlərlə təmin edilib. Eyni zamanda, ötən dövrdə əlilliyi olan 8,1 min şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları yaradılıb”.
Qeyd edilib ki, nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan Şəxslər üçün Peşə-əmək Reabilitasiyası Mərkəzində ötən dövrdə əlilliyi olan 3500-dək şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub:
“Ümumilikdə məşğulluq proqramlarının icrasında bu kateqoriyadan olan şəxslərə üstünlük verilir, onlar üçün xüsusi layihələr də icra olunur. Məsələn, bu il dekabrın 2-də Dövlət Məşğulluq Agentliyinin gözdən əlilliyi olan şəxslərin məşğulluğuna dəstək məqsədilə icra etdiyi “Sosial notlar” layihəsi çərçivəsində 18 şəxsə layihə üzrə seçimlərinə uyğun olaraq sintezator, nağara, saz, gitara təqdim edilib. Əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək işəgötürənin əsas vəzifələrindən biri kimi milli qanunvericilikdə təsbit olunub. Əmək Məcəlləsinə əsasən əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir”.
“Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə (I və II dərəcə) əlilliyi olan işçilər üçün iş saatı həftəlik 36 saatdan artıq olmamalıdır. Əlilliyi olan işçilər gecə vaxtı görülən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə bilərlər. Əlilliyin dərəcəsindən, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan, o cümlədən sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir. Onlara özlərinin xahişi ilə bir təqvim ayınadək bir iş ilində ödənişsiz məzuniyyət verilir. Əlilliyi olan şəxslərə əmək məzuniyyəti onların arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər”, - deyə məlumatda bildirilib.