Xalq artisti Brilyant Dadaşova "Buro 24/7 Azerbaijan" saytına müsahibəsində öz müəllimləri, oğlunun tərbiyəsi və müasir Azərbaycan estradası haqqında danışıb. Yenizaman.az müsahibəni öz səhifəsində tirajlandırır:
- Brilyant xanım, işləriniz necədir?
- Çalışıram ki, yaxşı olsun. Həmişə pozitivə yüklənmək lazımdır.
- Taleyinizi nə vaxt musiqi ilə bağlamaq qərarı verdiniz?
- Mənim üçün musiqi həmişə həyata bərabər olub və ailəmizdə də musiqi həmişə birinci yerdə olub. Mən musiqili ailədə, yaradıcı insanların əhatəsində böyümüşəm. Atamın musiqidən yaxşı başı çıxırdı. O, konservatoriyada təhsil alıb, daha sonra üçüncü kursda təhsili atıb və memarlıq fakültəsinə keçib. Məşğuliyyət sahəsindən asılı olmayaraq, demək olar ki, ailəmizdə hamı hansısa musiqi alətində ifa edə bilib. Yadımdadır, bayramlarda evimizdə qonaqlar toplaşanda həmişə onların qarşısında çıxış edirdim. Onların arasında əmilərim Məlik Dadaşov, ilk simfonik orkestrin solisti Tofiq Əhmədov, Salman Dadaşov, Mirzə Babayev, Şövkət Ələkbərova var idi. Onlar mənim ilk auditoriyam idi.
Uşaqlığımla bağlı daha bir xatirəm yadımdadır. Mən 8-ci sinifdə oxuyanda biz Qubaya getmişdik. Belə alındı ki, toyda oxumalı olan müğənni xəstələndi. Bacım mənim əsas ifaçı olaraq çıxış etməyim üçün məni dilə tutmağa başladı. Qadın toyu idi, mənim 13 yaşım var idi, qadınların hamısı uşağın toya oxumağa gəlməyindən şokda idilər. Mən özümü itirmədim və Zeynəb Xanlarovanın, İlhamə Quliyevanın bütün repertuarını oxumağa başladım. Toyda iştirak edən hər kəs təsvir olunmayacaq dərəcədə heyran olmuşdular. O zaman telefon, videoçəkiliş yox idi, amma hamı mənimlə foto çəkdirdi. Bu əlbəttə ki, mənim daha sonra peşə seçimimə də təsir etdi.
- Böyük səhnəyə necə çıxdınız?
- Karyeramda əsas insanlardan biri böyük musiqiçi Akif İslamzadədir. Mən fortepianoda ifa edirdim, əsasən Şövkət Ələkbərovanın repertuarından mahnılar oxuyurdum və bunları maqnitafona yazırdım. Evimizin böyükləri bu kasetləri götürüb qulaq asırdılar. Bir dəfə Akif İslamzadənin xalası, Sara Qədimovanın bacısı da mənim kasetimi götürdü. Sonralar o danışırdı ki, bütün ev işlərini mənim oxuduğum mahnılarla görür. Bir dəfə Akif ifamı kasetdən eşidib məni konservatoriyaya çağırdı, orada məni bəstəkarlar Cavanşir Quliyev və Eldar Mansurovla tanış etdi. Daha sonra məni Rafiq Babayevin yanında apardı. Rafiq Babayev "Getmə, getmə gəl", "Qubanın ağ alması" mahnılarını ifa edirdi, mənsə oxuyurdum. Onun anası demişdi ki, "Bu, Rafiq, "Qubanın ağ alması"nın yeni versiyasıdır, eşidirsən?". Rafiq Babayev də onunla razılaşmışdı.
Bundan sonra onların hamısı mənim səhnədə oxumalı olduğumu deməyə başladılar. Ona qədər bunu mənə heç kim deməmişdi, halbuki mənim ifamı atamın xalası Hökümə Nəcəfova və başqaları eşitmişdilər. Məhz Rafiq Babayev mənim əsl müəllimim, bələdçim oldu. O, mənim üçün yeni musiqi dünyasını açdı, məndə xüsusi olan bir şey gördü və məni böyük səhnədə oxumalı olduğuma razı saldı. Bilmirəm, indi dünyada Rafiq Babayev kimi adamlar varmı?!
- Sizin ifanızda ən sevimli mahnım "Hər şey gözəldir həyatda" mahnısıdır. Mənim üçün sizin Akif İslamzadə ilə bu duetiniz ustalıqdan yüksəkdə olan tamamilə fərqli səviyyədir. Başqa kimləsə duet ifa etmək istəyiniz olub?
- Bu barədə hələ ki, düşünmürəm. Akif İslamzadə, Mirzə Babayev kimi böyük ifaçılarla duet oxumuşam. 1995-ci ildə Vaxtanq Kikabidze prodüser İosif Priqojin vasitəsilə mənə duet oxumaq təklifi etdi. Ancaq 90-cı illərin ortalarında biz müharibə çətinliklərindən təzə-təzə aralanırdıq. Ölkənin həyatında yeni mərhələ başlayırdı, mədəni yüksəliş müşahidə edilirdi, ölkəyə qonaqlar gəlirdi və biz çoxlu sayda konsert və tədbirlərdə çıxış edirdik. Əlbəttə ki, Vaxtanq Kikabidze ilə duetin alınmamağına görə təəssüflənirəm. Mən Adriano Çelentanonun səsini çox sevirəm, bu səsdən ağlaya da bilərəm. Vaxtanq Kikabidzeyə də qulaq asanda eyni şey baş verir.
- Nə vaxtsa səhnə qarşısında qorxu hiss etmisinizmi?
- Səhnədə olmaq və oxumaq imkanından böyük həzz alırdım. Buna görə də qorxu yox idi. 1989-cu ildə biz Seneqalda keçirilən böyük qala-konsertdə iştirak edirdik. Auditoriya kifayət qədər fərqli idi. Nömrə xoşlarına gəlməyəndə stadion susurdu, çıxışı bəyənəndə isə alqışlarların ard-arası kəsilmirdi. Bizim çıxışdan əvvəl Rafiq Babayev qərar verdi ki, bir neçə caz kompozisiyası ilə məhdudlaşmaq və proqramdan artistlərin solo çıxışlarını çıxartmaq lazımdır. O ehtiyat edirdi ki, bizim musiqini başa düşməsinlər. Etiraz etdim ki, hazırlaşmışam axı! Biz 8 mahnını məşq etdiyimiz halda, o, mənim bir mahnı oxumağıma razılıq verdi. Səhnəyə çıxıb Fikrət Əmirovun "Göy göl" mahnısını ifa etdim. Stadion musiqini bəyəndi, insanlar qışqırırdı, rəqs edirdi. O zaman Rafiq müəllim musiqiçilərə ikinci mahnını başlamaq əmrini verdi. Planlaşdırıldığı kimi elə 8 mahnı oxudum. Bilirsiniz, səhnə qarşısında qorxu həmişə məndə həmişə təəccüb doğurub: "Oxumaqdan necə qorxmaq olar?"
Mən Hindistan, Almaniya, ABŞ, Norveç, Çexiya, Macarıstan və bir çox başqa ölkələrdə konsertlərlə çıxış etmişəm. Həmişə də səhnəyə qorxu və ya əminsizlik olmadan məmnuniyyətlə çıxmışam.
- Necə alındı ki, Skruk Norveç xoru ilə çıxış etdiniz?
- Bu, Azərbaycanla Norveçin birgə layihəsi idi. Norveçlilər yeni səs axtarışı ilə rayonları gəzirdilər. Kürdəmirdə olanda təsadüfən televizorda mənim ifamda "Sarı gəlin"i eşidiblər. Onlar bəstəkar Qalib Məmmədova bu layihəni mənimlə etmək istədiklərini bildirdilər. O isə "Brilyant xanımın çox sıx iş qrafiki var və böyük ehtimalla o, razılaşmayacaq" cavabını verib. Ancaq onlar görüşmək üçün təkid etmişdilər və Qalib Məmmədov onları studiyaya gətirmişdi. Bunun "Qırmızı Xaç"ın xeyriyyə layihəsi olduğunu eşidən kimi mən dərhal razılaşdım.
Norveç xoru ilə əməkdaşlıqdan sonra mən Nobel sülh mükafatı laureatlarına, o cümlədən Dalay-lama, Tereza Ana, Kofi Anan və başqalarına həsr olunmuş layihədə iştirak etdim. Azərbaycanlı müğənninin belə tədbirdə iştirakı çox fəxri və hətta rəmzi bir hadisə idi. Bu o demək idi ki, Azərbaycan sülhün tərəfindədir.
- Necə hesab edirsiniz, genlər şəxsiyyətin formalaşmasında hansısa rol oynayırmı?
- Şübhəsiz ki, genlər şəxsiyyətin formalaşmasında böyük rol oynayır. Bir də uşağın qarşısında gördüyü nümunə çox vacibdir. Uşaq vaxtı mən kağızdan kiçik borucuq düzəldirdim və özümü siqaret çəkirəmmiş kimi göstərirdim. Doğmalarım qonşumuzun siqaret çəkməkdən öldüyünü və başqa qorxulu hekayələr danışırdılar. Görünür, o hekayələr mənim beynimə oturdu. Mən sağlam həyat tərzi saxlayıram. Siqaret və alkoqoldan istifadə etmirəm.
- Çoxları sizin fiziki formanıza heyrandır. Hansı həyat tərzini əsas tutursunuz?
- Bəzən bütün adamlar kimi geri çəkilirəm. Ümumiyyətlə, azərbaycanlıların yemək mədəniyyəti çox inkişaf edib, dadlı yemək bizim qanımızdadır. Mütəmadi olaraq idmanla məşğul olmağa çalışıram. Məsələn, bir həftə idmanla məşğul olmağı hansısa səbəblərdən dolayı buraxıramsa, özümü çox pis hiss edirəm. Gücümü bərpa etmək üçün bir saat, saat yarım idmanla məşğul olmalıyam, bundan sonra özümü dərhal yaxşı hiss edirəm.
- İnsanların qarşısına çıxanda daxili enerjinizi paylaşırsınız, auditoriyanı hərəkətə gətirirsiniz. Bundan sonra öz gücünüzü necə bərpa edirsiniz?
- Səhnədə mən bütün enerjimi qoyuram. Musiqi terapiyası anlayışı var, musiqi həqiqətən də sağaldır. Mən izləyicilərə maksimum müsbət enerji ötürürəm. Bizim dinimiz də bunu deyir. İnsanlara müsbət şeylər arzulamaq lazımdır ki, onlar da sənə eyni şeyi arzulasınlar. Əlbəttə ki, həyat çox çətindir, ancaq yenə də həyatın müsbət tərəfini görmək lazımdır.
- Yaxın insanlara münasibətdə ciddi və sərtsiniz?
- Deməzdim ki, sərt adamam. Həmişə hamı ilə səmimi olmağa çalışıram, hər bir normal insan bu keyfiyyətə sahib olmalıdır.
- Kim sizin üçün mütləq avtoritetdir? Kimin tənqidinə qulaq asırsınız?
- Şübhəsiz ki, fikrinə qulaq asdığım adam var. Bu mənim özüməm. Mən özüm özümün tənqidçisiyəm və daim öz mənfi tərəflərimi axtarıram. Rafiq Babayevin vaxtlarında studiyada növbəti mahnını yazdırdığımız zaman o mənə deyirdi: "Brilyant, sabah gəlib yenidən oxuyarsan". Səhəri gün studiyaya qayıdanda gördüm ki, mahnı artıq yazılıb. Məndən başqa hamı ətrafda razı qalırdı. İndiyə qədər də bu davam edir. Bəzi şeylər var ki, onlardan həqiqətən razıyam. Məsələn, Elza Seyidcahanın mənim üçün yazdığı "Toy Adamları" və "Vokaliz". Deməzdim ki, "Vokaliz"ə etdiyim ifadan tamamilə razıyam, ancaq bu ifada çox bəyəndiyim məqamlar var.
- Həyatda elə bir məsləhət almısınız ki, indiyə qədər ona əməl edirsiniz?
- Səhnə haqqında danışsaq, mən Rafiq Babayevdən çox yaxşı məsləhət almışam. Doğrudur, bu məsləhət mənə bəzən mane olub. O, mənə sadə olmağı tövsiyə etmişdi. İndiyə qədər səhnəyə baş əyməyə çıxanda həmişə səhnənin qırağında dayanıram.
- Oğlunuzun tərbiyədə hansı qaydaları əsas tutursunuz?
- Oğlumun tərbiyəsində tənqidçi rolu həmişə mənim üzərimə düşüb. Atası həmişə onun dəcəlliklərinə gülürdü. Oğlumu həmişə danlayırdım deyə, məni "sarı göbələk" adlandırırdı. Bu, ən zəhərli göbələk növüdür.
- Ancaq bununla belə oğlunuzla aranızda güclü bir əlaqə var...
- Əvvəllər o, hər şeyi mənimlə bölüşəndə danışdıqlarına təəccüblənirdim. Ancaq həmişə susurdum, çünki bilirdim ki, bir dəfə də olsun təəccüblənsəm, daha ondan belə açıqlıq görməyəcəm. Belə də olurdu ki, onun danışdıqlarından içimdə hər şey sıxılırdı, ancaq bununla belə mən gülürdüm. İndi isə özümün hansı səhvlər etdiyimi görürəm. Məsələn, peşmanam ki, onu Azərbaycan deyil, ingilis məktəbinə qoymuşduq. 6 yaşa qədər müəllimlə ingilis dili dərsləri alırdı, ona görə də mən onu ingilis məktəbinə qoymaq qərarı verdim. Nəticədə onda qərbli düşüncəsi formalaşdı. İstəyərdim ki, o, bizim mədəni irsimizlə - Nizami, Füzuli, Səməd Vurğun və başqaları ilə tanış olsun. Bir çox ailələr tanıyıram ki, uşaqları Azərbaycan bölməsində oxuyub, ancaq bununla belə onlar ingilis, fransız və alman dillərini mükəmməl səviyyədə bilirlər, Azərbaycan musiqisini sevir, yazıçılarımızı tanıyırlar. Mənim oğlum isə təəssüf ki, belə deyil.
- Zamanı geri çevirmək imkanı olsaydı, siz yenə də bu yolu seçərdinizmi?
- İndi estradamızda nə baş verdiyini görəndə peşə seçimində doğru addım atdığıma şübhə etməyə başlayıram. Mən oxumağa başlayanda böyük səhnədə artıq Rəşid Behbudov, Şövkət Ələkbərova, Akif İslamzadə, Elmira Rəhimova oxuyurdu. Buna görə də mənim üçün müğənni olmaq bir növ şərəf idi. İndi isə vəziyyət dəyişib. Deyə bilmərəm ki, estrada janrı tamamilə yox olub, ancaq musiqidən baş çıxaran çox az sayda insan qalıb.
Bir ziyalımız demişdi ki, bizdə muğamdan başqa musiqi yoxdur. Mən özümə xas şəkildə ona cavab vermişdim: "O zaman gəlin Cahangir Cahangirov, Tofiq Quliyev, Səid Rüstəmov, Afir Məlikov, Fikrət Əmirov kimi adları tarixdən silək. Musiqi tarixi və mədəni irsin dahilərinin adları sadəcə aradan götürək". Bunu deyəndən sonra mən işlərimin olduğunu deyərək, cavab gözləmədən getdim. İnanmaq istəyirəm ki, muğam sənətinin dahiləri ilə görüşdən ilhamlanaraq, bu adam həmin axşam müəyyən eyforiyada idi. Ancaq yenə də mən belə çıxışları yolverilməz hesab edirəm. Mən özüm muğamı çox sevirəm və böyük dəyər verirəm. Yadımdadır ki, uşaq olarkən, səbirsizliklə televizorda cizgi filmlərinin nümayişini gözləyirdim. Bir dəfə muğam ifası eşitdim və sanki tilsimlənmiş kimi 40 dəqiqə televizorun qarşısında qaldım. Axşam bu haqda atama danışdım və o dedi ki, mən yəqin ki, Hacıbaba Hüseynovun ifasına qulaq asırdım. Mənim üçün muğam tarix, akademiya, klassikadır. Ancaq digər janrları rədd etmək doğru olmazdı.
- Türkiyəyə köçməyinizə bu səbəb oldumu?
- Mən Türkiyəyə köçməmişəm. Sadəcə oğlum orada magistr təhsili alır və onunla daha çox vaxt keçirməyə çalışıram. O, balaca olanda mən yaradıcılığıma çox zaman ayırırdım, indi isə hər boş dəqiqəmi onunla keçirməyə çalışıram. Təəssüf ki, Bakıda məmnuniyyətlə çıxış edə biləcəyim televerilişlər qalmayıb. Yüksək reytinqə baxmayaraq, özümü orada görmürəm.
- Gələcəyə hansı layihələriniz planlaşdırılıb?
- Layihələr çoxdur, ancaq hamısının arxasında vəsait dayanır. Sonuncu dəfə biz 4 il öncə Türkiyədə klip çəkilişi etmişik. Siz də başa düşürsünüz ki, bu, çox azdır. Əslində tamamilə əksinə olmalıdır.
- Вəs hansısa albom üzərində çalışırsınızmı?
- Əlbəttə. Mümkün olduğu qədər öz üzərimdə çalışıram. Ancaq, düzünü desəm, əvvəllər narahat idim ki, çoxlu vəsait lazımdır, indi isə artıq sakit olmuşam. Digər tərəfdən belə sakitlik yaxşı bir şeyə gətirib çıxarmayacaq. Biz başqa zamanda anadan olmuşuq, indi isə çox şey dəyişib. Məni səhnəyə soyudan əsas şey estrada janrının eniş yaşaması deyil, musiqi dünyası üzrə "həmkarlarımın" bir-birinə təhqirlər yağdırması, daha sonra isə mehriban şəkildə söhbət etməsidir. Riyakarlıq mənim dözmədiyim və insanlarda qəbul etmədiyim bir şeydir.
- Нazırda Azərbaycanda səhnəyə auditoriya qarşısında bütün gücünü qoymaq üçün çıxan, öz işinin peşəkarı olan çox az sayda sənətçi qalıb. Bu gün biz zövqsüzlüyün estrada və televiziyada hökmran olduğu mənzərəni müşahidə edirik.
- Gənclərin müəyyən hissəsi var ki, pis geyinmir və lazımi şəkildə görünməyə çalışır. Həmkarlarımın arasında həqiqətən də qürur duyulmalı şəxslər var. Ancaq, təəssüf ki, onların sayı azdır. Mən "Akademiya" layihəsinə başlayanda yeni adlar kəşf etməyə çalışırdım. Gənclərin arasında çoxlu sayda istedadlı insanlar var, ancaq onlar maliyyə vəsaitinin çatışmazlığından studiyada mahnı yazdıra, klip çəkdirə bilmirlər. Problem də məhz bundan ibarətdir.
- Danışmaq istədiyiniz başqa bir mövzu varmı?
- Suallar çox yaxşı idi. Ümumiyyətlə, mən çox açıq sözlü adamam. Həyat yoldaşım tez-tez deyir ki, sən həmişə hər şeyi üzə deyirsən. Hər şeyi səmimi şəkildə və heç nə gizlətmədən deyirəm. Tanrıya, qiyamətə, ədalətə çox inanıram. Azacıq vicdandan imtina etsəm, yalan danışsam, gecələr yata bilməyəcəm. Mən isə düşündüyüm hər şeyi açıq şəkildə deyirəm. İnsanlardan yaxşı baş çıxardığıma görə elə onların özünə minnətdaram. Onların iç üzünü görə bilirəm. Bu, həqiqətən də taleyin hədiyyəsidir.
Mənbə: http://www.buro247.az/culture/ekspert/brilyant-dada-ova-i-nsanlar-n-i-z-n-bilir-m.html