
BTC Co. şirkəti qəbul olunmuş spesifikasiyaya uyğun olmayan kimi dəyərləndirilmiş (üzvi xloridlərin mövcudluğu səbəbindən – red.) Ceyhan terminalında yerləşən çənlərdəki xam neftin idarə olunması üçün SOCAR-la sıx işləyir.
Bunu “APA-Economics”in sorğusuna cavab olaraq “BP-Azərbaycan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib.
“BTC Co. şirkəti məsələni tam aradan qaldırmaq üçün bütün zəruri tədbirləri görməyə davam edir”, - Tamam Bayatlı qeyd edib.
Onu sözlərinə görə, hazırda Ceyhan terminalında xam neftin tankerlərə yüklənməsi əməliyyatları və BTC boru kəməri vasitəsilə ixrac əməliyyatları davam edir.
“BTC Co. şirkəti hərtərəfli qiymətləndirmə işlərini də davam etdirir və bu işlər çərçivəsində Ceyhan terminalında hər bir yüklənmə əməliyyatından öncə xam neftin keyfiyyəti yoxlanılır”, - Tamam Bayatlı vurğulayıb.
Xatırladaq ki, cari ilin iyulunda BTC Co. şirkətinə Bakı-Tbilisi-Ceyhan (BTC) ilə nəql olunan xam neft yüklənmiş bəzi daşımalarda üzvi xloridlərlə bağlı potensial keyfiyyət məsələsi olduğu haqda məlumat daxil olub. BTC Co. dərhal boru kəməri boyunca yerləşən bütün obyektlərdə xam neftin keyfiyyətinin hərtərəfli qiymətləndirilməsi işlərini həyata keçirib.
Bu qiymətləndirmələrin nəticəsi göstərib ki, Ceyhan terminalınadək boru kəməri boyunca yerləşən bütün obyektlərdə xam neftin keyfiyyəti qəbul olunmuş spesifikasiyaya uyğundur. Əlavə olaraq, Ceyhan terminalındakı çənlərin içərisindəki xam neftin keyfiyyətinin qiymətləndirilməsi işləri də aparılıb. Nəticədə bəzi çənlərdə xam neftin tərkibində üzvi xloridlərin mövcudluğu müəyyən edilib. Dərhal müvafiq tədbirlər görülmüş və həmin çənlər təcrid edilib.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" blokunda hasil edilən neft və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.
BTC Co.-nun səhmdarları: bp (30.1%), SOCAR (32.97%), MOL (8.90%), TPAO (6.53%), Eni (5%), TotalEnergies (5%), ITOCHU (3.4%), ONGC Videsh (3.1%), ExxonMobil (2.5%) and INPEX (2.5%).
.