Bu günlərdə "Bizim yol” qəzetinin 3000-ci sayı çapdan çıxıb. 3 min az rəqəm deyil. Elə bu münasibətlə qəzetin baş redaktoru Bahəddin Həziyevlə söhbətləşməli olduq.

 

- Bahəddin bəy, "Azadlıq”, "Çağ”, "Bizim yol”. Fərqli nəşrlər. Artıq illərdir, sonuncu qəzetdəsiz, nələr oldu bu 3 minin içində?

 

- Hələ tələbə ikən "Molodyoj Azerbaydjana”, "Bakinskiy raboçiy”, "Odlar Yurdu”, qəzetləri ilə əməkdaşlıq etmişəm. 1990-cı il hadisələrindən sonra – fövqəladə vəziyyət rejimində "Yurd” adlı qəzet də çıxarırdıq dostlarla. Tələbə idik o zaman. Sonralar dediyiniz kimi, fərqli nəşrlərdə çalışdım. 1991-ci ildən "Azadlıq” qəzetinə gəldim. İlk nömrədən bu qəzetlə çalışmışam. "Çağ” həftəliyi mənim öz layihəm idi. Uğurlu da alınmışdı. Sonradan "Azadlıq Radiosu”na keçdim deyə, qəzetlə fəal işləyə bilmədim. "Bizim Yol” isə 2003-cü ildən çıxır və bu qəzetlə məsləhətçi kimi əməkdaşlıq etmişəm. 2005-ci ilin dekabrından isə təsisçiliyini və baş redaktorluğunu öz üzərimə götürdüm. Fərqli illər idi. Fərqli nəşrlər idi. Ancaq hamısını birləşdirən bir xətt həmişə olub. 

 

- "Bizim yol” kifayət qədər oxunan qəzetdir. Bəs oxucu niyə yaxınlaşmır köşklərə əvvəlki tək?

 

- Əvvəldə də dediyim kimi, çox səbəb var. Çap mediası üç hissədən ibarətdir: yaradıcılıq, istehsalat və kommersiya. Yaradıcılıq azadlığı sevir, istehsalata sərmayə və texnoloji yenilənmə lazımdır. Kommersiya isə azad rəqabət tələb edir. Bunlar olmayan və ya tam olmayan yerdə media inkişaf edə bilməz. Gərək azad yazasan, yazdığını keyfiyyətli çap edəsən və bazarda sata biləsən. Varmı bunlar? Mən də xarici ölkələrdə oluram. Normal ölkələrdə qəzet, kitab şəhər mədəniyyətinin bir atributudur. Hər yerdə qəzet, kitab, jurnal görərsiniz. Bizdə bunun əksini görürük. Xarici ölkələrdən misal gətiririksə, bir şeyi də demək lazımdır. Sivil ölkələrdə bizneslə media arasında qarşılıqlı asılılıq var. Media reklamdan böyük qazanc götürür. Hətta reklam hesabına maliyyələşərək qəzet nüsxələrini pulsuz paylayan media orqanları var. Elə Baltik ölkələrini götürək. Bizdə reklam bazarı çox məhduddur.

 

- Bizimyol.info-nun da uğurları göz qabağındadır...

 

- Bəli, bizimyol.info saytı Azərbaycanda ən çox izlənən elektron media orqanlarından biridir. Saytın feysbuk sosial şəbəkəsində qazandığı böyük uğur da, dediyiniz kimi, göz qabağındadır. Bu sosial şəbəkənin Azərbaycandakı istifadəçilərinin sayının üçdə biri Bizim Yol səhifəsinin üzvüdür. Səhifəni bəyənənlərin ümumi sayı 2 milyona yaxınlaşıb. Səhifəmizdə paylaşdığımız xəbərlərin oxunma sayı, saytın trafiki çox yüksəkdir. Bu, reklam əldə etmək üçün çox əlverişli imkanlardır. Biz səhifə üzərindən canlı yayım edən ilk sayt olmuşuq. Canlı yayımlarımız çox izlənir və əsasən çox bəyənilir. Ölkədə azad reklam bazarı olsa, biz reklam hesabına daha da inkişaf edərik. 

 

- Bəlkə də ölkədə jurnalist qıtlığı var?

 

- Məncə, yaxşı jurnalistlər kifayət qədərdir. Ancaq jurnalistikanın əmək bazarı aşağı səviyyədədir. Yaxşı jurnalistlərin çoxu bu sahədən uzaqlaşır. Bəziləri ölkəni tərk edib. Çünki bu sahədə dolanışıq imkanları azdır. Mən reketlik edənləri demirəm. Onlar zatən jurnalist deyillər.

 

- Analitik yazıları müəllifi kimi tanınan Bahəddin Həziyevin Gədəbəydən reportajlarını oxuduq yayda. Bu nə idi - həvəs, ya gənclər üçün master-klass?

 

- Reportyorluğu baş redaktorluqdan daha üstün tuturam. Belə yazılarım olur hərdən. Hətta gücüm çatsa, o üslubu davam etdirəcəm. Çünki buna ehtiyac var. Bizi yetişdiriblərsə, nəsə bir şeylər öyrənmişiksə, bunu bizdən sonra gələnlərlə bölüşmək lazımdır. Orda gənc məsləkdaşlarımızın öyrənə biləcəyi, öyrəndiyi bir şeylər varsa, çox sevinərəm.  

  

- İlk yazınız Füzuli rayonunun "Araz” qəzetində çıxıb. Jurnalist olmaq uşaqlıq arzunuz idi?

 

- 13-14 yaşlarımda ilk yazılarım o qəzetdə çıxıb. O yaşlardan, hətta bəlkə daha erkəndən arzum jurnalist olmaq idi. Ən böyük sevgim isə publisistika janrına olub. Sovet dövründə Vaksberqin, Çerniçenkonun, Otto Latsisin, Feofanovun, Şenderoviçin vurğunu idim. Ən çox da Qabriel Qarsia Markesin publisistikasına marağım vardı. Onu nəhəng yazıçı kimi də mütaliə etmişəm. Publisistikaya maraq və sevgimi rəhmətlik Nəcəf Nəcəfov daha da alovlandırıb. Bizim gəncliyimizin "Gənclik” jurnalı vardı. Böyük ustad Məmməd İsmayılın redaktorluğu ilə çıxırdı. Vaqif Bayatlının "Xəzər”, Arif Əliyevin "Xazar” (rusca) jurnalları vardı. Burda publisistik yazıları həvəslə oxuyurdum. Sonralar qəzetə keçərək siyasi publisistika və analitika janrlarında yazdım. 

 

- Yeri gəlmişkən, hardadı o "Araz” indi?

 

- "Araz” indi Araz çayının sahilində olmalıdır. Çünki Füzuli şəhəri işğal olunub. Rayonun mərkəzi Araz çayının sahilindəki Horadiz şəhəridir.

 

- Və nəhayət, "Bizim Yol” indi haradadır və harayadək gedəcəksiniz?

 

- "Bizim Yol” indi artıq sanballı media orqanı olaraq öz yerini tutub. 3000-ci sayımız çapdan çıxıb. Növbəti 3 minə doğru gedirik. Ən azı. Aydın hədəflərimiz var və o hədəflərə getməyə çalışacağıq. 

.