İyunun 22-si Azərbaycan peşəkar vokal sənətinin banisi, opera müğənnisi, təsnif ifaçısı Bülbülün doğum günüdür.

Murtuza Məmmədov (Bülbül) 1897-ci ildə Şuşa yaxınlığında, Xanbağı adlanan yerdə anadan olub.

O, 1907-ci ildə Şuşa mollaxanasında musiqi təhsili almağa başlayıb, 1909-cu ildə isə Gəncəyə köçüb.

Bülbül səhnə fəaliyyətinə 1916-cı ildən başlayıb.

1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olub.

Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" ("İbn-Salam"), "Əsli və Kərəm" ("Kərəm"), Z.Hacıbəyovun "Aşıq Qərib" ("Qərib") operasında oynayıb.

1927-ci ildə Bakı Konservatoriyasını bitirib. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə gedən Bülbül 1931-ci ildə Milan Konservatoriyasını (Cüzeppe Anselmi, Delliponti və R.Qraninin sinfini) bitirib. Bundan sonra o, Vətənə qayıdaraq Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb.

1932-ci ildə məhz Bülbülün təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən Elmi-Tədqiqat Musiqi Kabineti yaradılıb. Bu Kabinet Azərbaycan musiqisinin toplanması, tədqiqi və işlənməsi ilə məşğul olub.

Sonralar məhz Elmi-Tədqiqat Musiqi Kabinetinin bazasında Azərbaycan Elmlər Akademiyasının İncəsənət və Memarlıq İnstitutu yaranıb və 1945-ci ildən etibarən Azərbaycan xalq musiqisinin tədqiqi ilə məhz İncəsənət İnstitutu məşğul olmağa başlayıb.

Bülbül aşıq yaradıcılığına dair şifahi materialların - xalq nağılları, əfsanələr, dastanlar, qəzəllərin, aşıq musiqi yaradıcılığının 250 çap vərəqi həcmində toplanması üçün briqadaların təşkil edilməsinin təşkilatçısı olub.

1957-ci ildə keçirilən VI Ümumittifaq Moskva festivalında Şərq xalqlarının klassik oxuma müsabiqəsinin münsiflər heyətinə sədrlik edib.

1961-ci ilin iyul ayında Şuşa şəhərində, keçmiş Şuşa Real məktəbinin zalında konsert verib. Bu konsert Bülbülün Şuşadakı axırıncı konserti olub.

O, 26 sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub.

.