– Mirmehdi bəy, elə olubmu ki, yazmağın mənasız olduğunu düşünüb, öz istedadınızdan şübhəyə düşmüsünüz?

 

– Dünyadakı ədəbi proseslə bizdəki prosesi müqayisə edəndə, əlbəttə, xəyal qırıqlığına uğrayırsan. Əgər dünyanın normal ölkəsində, lap elə bizə ən yaxın Türkiyədə bir gənc yazıçı üçün əsas stimul kitablarının satılıb qazanc gətirəcəyidirsə, bizdə belə stimul yoxdur. Nə cür əsər yazırsan-yaz, kitab bazarı formalaşmadıqca, dünya ilə ədəbi inteqrasiya aparılmadıqca bizdə yazıçılar öz kitablarından qazanc əldə edə bilməyəcəklər, başqa sahələrin əlinə baxacaqlar. Belə olan halda da ədəbiyyat dönür olur sənin hobbin, əsas işin isə dolanmaq üçün bir tikə çörəkpulu qazanmaq. Bu halda, hansısa stimuldan, yazmaq həvəsindən danışmaq yersizdir.

 

Özümü Orhan Pamukla tay tutmuram, sadəcə, mənzərəni göstərmək üçün deyirəm: Pamuk "Qırmızı saçlı qadın” əsərini bir ilə yazdı, hətta doqquz aya. O cür peşəkar qələm adamı hər gün işləyib bir ilə iki yüz səhifə roman ortaya çıxardı. Halbuki belə götürəndə Pamukun digər əsərlərinə baxanda bir o qədər güclü deyildi. Yəni "Qırmızı saçlı qadın” belə doqquz aylıq sərasər zəhmət bahasına başa gəldi. Deməyim odur ki, Pamuk kimi peşəkar bir yazıçı hər gün yazır, zəhmət çəkir. İndi gəlin Azərbaycanda yaşayan bir yazıçının gün rejiminə baxaq. O, səhər tezdən durub işə gedir, bütün gün beyni tamam başqa bir sahə ilə məşğul olur, işdən sonra da ailə-məişət qayğıları bunun üstünə yüklənir. Allah üzünə baxsa, gecə ondan-on birdən sonra bir qədər rahatlıq tapıb əsərinə vaxt ayıracaq. Bu cür şəraitdə yaranan roman nə olacaq? Sonra da yazdıqlarımızı bəyənmirlər, daha bu romanların nə qədər fədakarlıq, zəhmət bahasına əmələ gəldiyini deyən yoxdur.

 

Belə şeyləri görəndə, əlbəttə, adam yazmaqdan soyuyur. Sualın ikinci hissəsinə gəldikdə isə deyim ki, hər əsəri yazıb bitirənə qədər içimdə qorxu olur. Əsərin bir yerində ilişəndə, arzuladığım kimi yaza bilməyəndə içimdə şübhə yaranır. Mən klaviaturanın arxasına tatamiyə çıxan güləşçi ədasıyla keçmirəm, qorxa-qorxa, həyəcanla, narahatlıqla keçirəm. Qorxuram ki, birdən ürəyimdən keçənləri, yazmaq istədiyimi yaza bilmərəm, kağıza tökə bilmərəm. Çünki başımızda lap "Hərb və sülh” də qursaq, yazanda heç də həmişə "Hərb və sülh” alınmır.

 

– Son dövrlər üzvü olduğunuz Azad Yazarlar Ocağının ətrafında baş verən qalmaqallara münasibətiniz necədir?

 

– Onsuz AYO bir təşklatı kimi özünün qürub dövrünü yaşayır. Nə əvvəlki gücü, nə də əvvəlki üzvləri qalıb. Belə şəraitdə AYO-nun ətrafında bu cür qalmaqalın yaşanması yaxşı hal deyil. Mən kənardan baxıb "Bu da sizin AYO” deyən adamların qəhqəhələrini eşidirəm. Dostlarımız belə bir təşkilatı ucuz qeybət mövzusuna çevirəndən sonra gəl indi kənardan baxanlara başa sal ki, AYO Azərbaycan ədəbiyyantının şanlı səhifəsi idi. 

 

– Həmid Herisçinin mərhum Rafiq Tağıyla bağlı fikirlərini necə qarşıladınız?

 

– Həmid Herisçi kimi bir adama bu cür ucuz söhbətləri yaraşdırmadım. Rafiq Tağının nə vaxtsa yazdığı fikirlərə görə Həmidin hələ də kin, nifrət püskürməsi adamı məyus edir. İlahi, insan kinlə, nifrətlə bu qədər dolu ola bilərmi? Özü də kimə-kimə, Rafiq Tağıya qarşı. Rafiq Tağı Azərbaycan ədəbiyyatının sağalmamış yarasıdır. Biz hələ də Rafiq Tağını ağrı ilə xatırlayırıq. Kimlərsə onu  məhv etməklə Azərbaycan ədəbiyyatını qorxutmaq istəyib Həmid Herisçi də buna üsyan etməkdənsə, həmin qaranlıq qüvvələrin yanında yer alır, hamısı da şəxsi ambisiyalarına görə.

 

– Sizcə, AYO bir təşkilat olaraq qarşısına qoyduğu məqsədlərə çata bildimi?

 

– AYO ədəbiyyatımıza yeni imzalar verdi, azad ruh gətirdi. Sevinirəm ki, bizim ədəbiyyatımzda belə bir təşkilat olub. AYO ədəbiyyatımızı bozluqdan xilas elədi. AYO-suz Azərbyacan ədəbiyyatı belə rəngarəng olmazdı. Gözümüz Sovetlərin yaratdığı kostyumlu-qalstuklu söz adamlarına öyrəşmişdi, AYO isə yazıçılığın, əslində, azad sənət olduğunu göstərdi. Bu baxımdan böyük işlər gördü. Amma məqsədinə nail oldumu, bundan əmin deyiləm. Əgər AYO-nun məqsədi ədəbiyyatı AYB-nin inhisarından xilas etmək idisə, elə bu yaxında nə qədər gənc yazıçı o quruma üzv oldu. Deməli, AYO öz işini yaxşı görə bilmədi.

 

– Yazıçılar çox vaxt şikayət edirlər ki, yazmağa, oxumağa vaxt olmur. Gündəlik qayğılar, çörəkpulu üçün məşğul olduqları jurnalistika mane olur. Siz necə bölürsünüz vaxtınızı, yazmağa, oxumağa necə zaman ayırırsınız. Hə, bir də dost məclisləri var...

 

– Açığı, son bir ildə qayğılar məni o qədər üzüb ki, əvvəlki nizamım pozulub. Qabaqkı kimi nə yazmağa, nə oxumağa vaxtım olur. Həmişə çalışmışam ki, məişət qayğılarından qaçıb uzaqlaşım, özümü tamamilə yaradıcılığıma həsr edim, amma mən qaçdıqca məişət qayğıları daha sürətlə dalımca çapır. Arada öz-özümə səhərlər durub axşama kimi yazacağım, qazanc qayğısı ilə yaşamayacağım günlərin xəyalını qursam da, bunların elə xəyal olaraq qalacağını da bilirəm. 

 

Bəzən elə bilirlər bizim dost məclislərimiz adi yeyib-içmək məclisləridir. Qəti! Bu məclislər də ədəbiyyat söhbətləri etmək üçün, bir neçə saatlıq həyat qayğılarından uzaqlaşıb dostlarla ədəbiyyat, sənət barədə danışmaq üçün kiçik fürsətdir. Gündəlik həyat qayğılarından boğulduğumuz bu günlərdə o məclislər hava yastığı kimidir, kimlərsə bunu da çox görürlərsə daha nə deyim. 

 

– Sizcə, bizim cəmiyyətdə ailə ədəbiyyat adamına mane olur, yoxsa kömək edir?

 

– Bu yaxınlarda dostumuz Ömər Xəyyam buna oxşar bir status yazmışdı ki, yazıçının gərək ailəsi olmasın. Mən də şərhdə Markesin şəklini paylaşdım. Markes xanımına sarılıb, oğlanları da pişik balaları kimi atılıblar üstünə. Çox xoşbəxt tablodur. Markesin necə yoxsul olduğunu xatirələrindən də bilirik. O, "Yüz ilin tənhalığı”nı yazdığı vaxt xanımı Mersedes evin əşylarını girov qoyub ailəyə yemək-içmək almaqla məşğul idi, borc yiyələri qapılarını kəsdirmişdilər. Deməli, problem ailədə deyil. Məsələ burasındadır ki, bizdə qadın o fədakarlığı etdikdə belə lap "Yüz ilin tənhalığı” səviyyəsində bir əsəri tamamlayandan sonra da onun hesabına məhrumiyyətlərdən xilas olmaq şansı yoxdur. Kitabların heç beş yüz tirajla satılmadığı ölkədə yazıçılıqla rifah qazanmaq mümkünsüzdür.

 

Xanımımla ailə həyatı quranda bilirdi ki, yazıçıyam, bankir deyiləm, biznesmen deyiləm və başqa cür çıxmasın "qəribə huylarım” var. Bunları qəbul edib ərə gəlmişdi. Mən beş il əvvəl özümü bütövlükdə ədəbiyyata həsr etmək üçün bankdan çıxmaq istəyəndə də qərarımı müsbət qarşıladı və bizi gözləyəcək maddi məhrumiyyətləri gözə aldı. Mən də yeri gələndə yoldaşımın, oğlumun bu fədakarlıqlarını layiqincə qiymətləndirməyə çalışıram; həyatımı yaradıcılığım və ailəm arasında bölmüşəm. Mən həmişə insan iradəsinə inanmışam, qəlbində istək olarsa hər cür çətinliyə sinə gərəcəyinə inanmışam. Ona görə də həyatımı hər zaman yay kimi gərmişəm, misal üçün, lazım gəlsə beş gün, beş gecə yatmaya bilərəm, ac qalaram. Yəni şərait nə qədər çətin olsa da, ona adaptasiya olmağa çalışıram, konformist deyiləm.

 

– Tez-tez müxtəlif müzakirələr gedir ki, estafeti kimdən götürək. Siz özünüzü hansı yazıçımızın davamçısı hesab edirsiniz, hansı yazıçımız özünüzün ustadı hesab edirsiniz?

 

– Açığı, bu barədə çox düşünsəm də, özümü konkret olaraq hansısa yazıçıya bağlaya bilmirəm. Özünü kiməsə zorla pərçimləməklə, ad çəkməklə deyil, gərək üslubun, yazdığın hansısa yazıçını xatırlatsın. Bizim bir çox yazıçılar özlərini Mirzə Cəlilin ideyalarının davamçısı adlandırırlar. O məntiqlə yanaşsaq gərək magik realizm olmasın, Bulqakov olmasın, Markes olmasın, Salman Rüşdi olmasın. XXI əsr romançılığına Mirzə Cəlil-Haqveriyev gözü ilə baxmaq geridəqalmışlıqdır. Salman Rüşdi "Kloun Şalimar” əsərində falçılığı tənqid etmək əvəzinə onu əsərin detalına çevirir, labüd şey kimi qəbul edir. Elə "Gecəyarı uşaqları” əsərində də qəhrəmanlar telepatiya yolu ilə bir-birləri ilə danışırlar. Bizsə pirlərə münasibətdə hələ də Haqverdiyevin "Pir” əsərində qalmışıq. Deyəsən, bu barədə Həmid Herisçi də nə vaxtsa yazmışdı, sadəcə, təəssüf ki, sonradan özü də xurafata yomalandı, mistikanı ədəbiyyata gətirməkdənsə özü xurafatın detalına çevrildi.

 

Ustadlığa gələndə isə özümdən əvvəl gələn bütün yazıçıları özümə ustad hesab edirəm, hər oxuğum mətndən nəsə öyrənməyə çalışıram. Ədəbiyyat Axilles duruşunu qəbul etmir. Necə ki, sufilər, dərvişlər özlərini aşağı görürlər, özlərinə qul, abdal deyirlər, ədəbiyyatda da bu cürdür.

 

– Hazırda nə yazırsınız, gələcəkdə sizdən hansı əsərləri gözləyək?..

 

– Bayaq dediyim kimi son bir ildə maddi  sıxıntılar yazmağa imkan vermir. On beşdən çox yarımçıq hekayəm var, rahatlıq tapıb tamamlaya bilmirəm. Yeni bir roman üçün də hazırlıqlar görmüşəm, belə deyim, eskizi hazırdır, cızma-qaralar etmişəm, nəyin necə olacağını planlamışam, bircə oturub sərasər yazmaq qalır. Yaradıcılıq intensivlik tələb edir, hər dəfə fasilə verəndə təzədən başlamalısan. Roman elə janrdır ki, gərək onu fasiləsiz, gündəlik işləyəsən. Roman yazmaq ağır işdir, zavodda işləməyə bənzəyir, elə bil hər səhər tezdən durub poladəritmə zavoduna işə gedirsən, axşam da yorğun-arğın ev qayıdırsan. Arada fasilə vermək olmaz. Təkcə şənbə-bazarı yaradıcılığa ayırmaqla roman yazmazlar. Bir il asudə vaxtım olsa, əla bir roman ortaya qoyaram. Sizə söz verirəm!

 

Sevinc Fədai

.