Yenizaman.az Kulis.Az-a istinadən Ayxan Ayvazla şair Ayaz Arabaçının söhbətini təqdim edir.

 

- Ayaz bəy, Gədəbəydə anadan olmusunuz...

 

- Hə, Gədəbəydə, Arabaçı kəndində anadan olmuşam. Orta məktəbi də orda oxumuşam.

 

- Təhsiliniz texniki fənn üzrə olub. Yəni filologiya deyil...

 

- Poeziyaya uyğun deyil (gülür). Fizika-informatika fakültəsini bitirmişəm. N.Tusi adına Pedaqoji Universitetdə. Keçmiş APİ.

 

- Tələbəlikdə şeirlər yazırdınız?

 

- Demək olar ki, şeir yazmağa 10-cu sinifdən başlamışam. Tələbəlikdə də bu davam edirdi. Həvəskar kimi yazırdım.

 

- Çap olunmuşdunuz onda?

 

- Rayon qəzetlərində yazılarım gedirdi. Publisistik yazılar. İnşa səviyyəsində (gülür). "Pioner” qəzetində çap olunmuşam. "Savalan baba” verilişi vardı onda, ora məktub yazmışam. Verilişdə də o məktubu oxumuşdular.

 

- Maraqlıdır, şeir, publisistik yazılar. Sonra isə fizika...

 

- Bu, birbaşa qandan gəlmədir. Təbii bir şeydir. Oxumaqla əxz olunası bir şey deyil ki?

 

- Orası düzdü...

 

- İçdən gəlir bu...

 

- Doğulduğunuz kəndin təbiəti də rol oynayır yəqin...

 

- Ola bilər, təbiətin təsiri var, ola bilər, babalarımızı yaxşı araşdırsaq, nəsildən gələn bir şey var.

 

- Genetik olduğunu düşünürsünüz...

 

- Bəli, genetik olduğunu düşünürəm. Çünki mənim ana babam özündən şeirlər quraşdırırmış. Musiqiyə, şeirə, poeziyaya bağlı adam idi. Qabaqlar döyüşçü olub, müharibədə iştirak edib. Sonra gəlib müəllim işləyib. Maraqlı adam idi, tez-tez yaxşı xatirələr danışırdı bizə. Bir neçə dəfə döyüşdə yaralanmışdı. O biri babam müharibədə itkin düşmüşdü. Onun haqqında heç nə bilmirəm. Gözümü açandan evdə tar görmüşəm, kitab görmüşəm. Atam ədəbiyyat müəllimi olub, anam kitabxanaçı. Bunların da təsiri ola bilər. Onlarla bərabər çoxlu bədii kitablar oxumuşam.

 

 

- Maraqlıdır, fizika maraq necə yarandı bəs?

 

- Qabaqlar seçim deyilən şey olmurdu. Sonralar müəyyənləşdirirdik ki, kim hara gedəcək, harda oxuyacaq. Mənim jurnalistikaya da marağım olub. Orta məktəbdə də yaxşı oxumuşam. Mənə qalsa, heç oxumazdım amma. İstedad, qavramaq qabiliyyətim yaxşı idi. Amma zor gücünə oxumuşam. Açığı, məktəbə heç həvəsim olmayıb. Atam məktəbdə müəllim işlədiyinə görə mən də məcbur getmişəm məktəbə. Anam da ki, məktəbin kitabxanaçısı idi.   

 

- Qaçış yoxdu...

 

- Hə... (gülür). Gəlib görüblər ki, kitabı qoymuşam qabağıma, oxuyuram. Amma heç nə beynimə girmir. Fikrim, xəyalım həmişə başqa yerlərdə olurdu. Nə bilim, gəzməkdə olub, futbolda... Evdən haralarasa qaçmaq istəyim olub. Yəni uşaq vaxtından xəyal qurmaq, uzaq yerlərə qanad çalmaq arzusunda olmuşam.

 

- Şairanə xəyallar...

 

- Elə ona görə də mən riyaziyyatı, yazılı inşaları yazandan sonra demək olar, dərs oxumurdum. İmtahana yaxın oxuyurdum bircə. Yaxşı yaddaşım olub. Amma açığı deyim, qorxudan oxumuşam. Fizikaya getməyim də necə oldu? O vaxt mən jurnalistikaya meylli idim. Amma bizim vaxtda qəbul olunmaq mümkün deyildi. İki il staj istənirdi. "Prestijni” sahələr var idi. O sahələrə meyllənirdim. Nə bilim, hüquq, prokurorluq, jurnalistika filan. Amma bunlara da iki il staj. Sən də iki il staj elə, sonra qəbul ol, dörd oxu, ondan sonra get əsgərliyə. Belə olanda da aldığın biliklərdən yayınırsan. Həm də açığı deyim, bu sahələrə qəbul olunmaq üçün çoxlu pul tələb olunurdu. Rüşvət istənilirdi. Bakıda repetitor yanına gedib, oxudum və qəbul olundum.

 

- Elə bil istəməyərək seçmisiniz fizikanı...

 

- Yox. Əksinə, istəyərək getdim. Sonra o sahədə maraqlı işlərim də oldu. Elmi iş də götürdüm.

 

 

- Neçənci ildə qəbul olunmuşdunuz?

 

- Mən 1985-ci ildə qəbul olundum, getdim əsgərliyə. 2 ildən sonra gəlib oxudum. 1992-ci ildə bitirdim.

 

- SSRİ dağılmışdı artıq...

 

- Mənim fikrim vardı ki, müdafiə eləyəm, aspiranturaya qəbul olam. Ancaq məndən sonra qardaşlarım gəlirdi, işləmək lazım idi. Onların üstündə durmaq lazım gəlirdi. Ən böyük mən idim. Elmi işim də yarımçıq qaldı.

 

 

- Ayaz müəllim, siz 80-ci illər nəsli hesab olunursunuz?

 

- Vallah, kim necə istəyir, elə hesab etsin. Mən özümü indi 2016-cı ildə hesab edirəm.

 

- O dövrdə çap olunmusunuz amma...

 

- Çap olunmuşam. "Ulduz”da, "Azərbaycan”da, o vaxt çap olunan dərgilərdə.

 

- 80-cilər nəsli həmişə bəxtsiz nəsil kimi təqdim olunub.

 

- Tanınmaq baxımından bəxtsiz... Bilirsiniz, bu nədən irəli gəldi? Artıq ictimai-siyasi həyat gərginləşdi, poeziya, sənət kənara qoyuldu. Meydan hərəkatı başladı. Hər tərəfdən ədəbiyyat basqı altına düşdü. Ədəbiyyata o qədər önəm verilmədi. Artıq cəsarət vaxtıydı, döyüş vaxtıydı. Ədəbiyyat onda kimin yadına düşürdü? Şeir kimə lazım idi? Sonrakı dönəmlərdə də ölkə iqtisadi çətinliyə düşdü. Məhrumiyyətlər, ac günlər, çörək növbələri... Bir çörəyə daha çox ehtiyac vardı, nəinki bir kitaba. Təbliğat zəiflədi beləcə. Sovetin vaxtında isə şairə, yazıçıya açılan qapılar çox idi. O hörmət, o nüfuz yoxa çıxmışdı. İndi də heç yoxdu.

 

- Dövrün çətinlikləri aydındır. Sizinlə razıyam. Amma indiki dövrdə, internetin at oynatdığı bir vaxtda 80-ci illər nəsli yenə də görünmür. Məsələn, elə siz Facebooka qoşulandan sonra tanındınız, şeirləriniz oxundu...

 

- Yazmağa enerjim var. O vaxt əlimizdən qaçırdığımız fürsəti mən indi dəyərləndirdim. Daha çox çap oluna bilərdim, daha çox tanına bilərdim.

 

- O vaxtın çap olunmamağının acığını indi Facebookda şeirlərinizi yayımlamaqla çıxırsınız...

 

- Mən illərin acığını birdən-birə çıxardım. O vaxt açığı, çap olunmaq çətin idi. Tanışlıqla, müəyyən razılıqlarla çap oluna bilirdik ancaq. Ədəbiyyatsevər, sənətsevər adamların sayəsində olurdu bu. Böyük şairlər, yazıçılar var idi o dövr. Hansı ki biz onlara zirvə kimi baxırdıq. Onların bəziləri kömək eləyirdi, çoxusu da eləmirdi. Qısqanclıq, paxıllıq hissi vardı. İstəyirdilər ki, ədəbiyyat elə bunlarla qurtarsın. Yeni nəfəsin gəlməyinə qarşıydılar.

 

- Facebooka gəlişiniz necə oldu bəs?

 

- Facebookun yaranışdan xeyli sonra gəldim mən. Heç anlayışım da yox idi. Mənim kitablarım vardı...

 

 

- Səhv eləmirəmsə, beş kitabınız var...

 

- Hə, beş kitabım var. Dostlarım deyirdi ki, sənin filan şeirin Facebookda olsa, maraqla oxunar. Mən də belə heyrətlə qulaq asırdım ki, Facebook nə olan şeydir (gülür). Təklif eləyirdilər ki, Facebooka gəlim. Təbii ki, mənə yad bir məkan heç bir informasiya vermirdi. Sonralar maraq oyandı məndə. Elə bil ilk dəfə nərdtaxta oynayanlara gözünü döyə-döyə baxırsan ha... (gülüşmə). Məndə də eləydi. Heç nə başa düşmürdüm. Ancaq yavaş-yavaş alışmağa başladım, vərdişə çevrildi. İndi şeirimi paylaşıram, anında oxuyurlar. Çox yaxşı təbliğat vasitəsidir.

 

- Sizə çox yaxşı reaksiyalar olur özü də. Məncə, Facebookda şair kimi məşhurlaşdınız.

                                                                                              

- Hə, demək olar. Yaxşı oxuyurlar. Çox sağ olsunlar. Mən 4 ay idi ki, Facebookdan getmişdim. Bir az yorulmuşdum, bir az problemlər vardı. 5000 dostum var Facebookda. Arada yeniləyirəm. Bəzən olur da, qəbul edirsən, bilmirsən kimdir, sonra baxıb görürsən ki, təbiətinə zidd biridir, paylaşımları əxlaqdan kənardır. Belə adamları süzgəcdən keçirirəm. Həyat kimi bir yerdir Facebook da. Dost olmusan burda, bir az keçəndən sonra görürsən ki, aldanmısan, bunun sədaqəti, vəfası yoxmuş. Həyatda da, virtual aləmdə də belədir. Ona görə də daim yeniləməliyəm. Eləsi olur, tay-tuş kimi rəftar edir, eləsi var pul istəyir.

 

- Pul? Maraqlıdır...

 

- Bir dəfə bir xanım yazmışdı ki, salam, necəsiniz, şeirlərinizi oxuyuram, çox bəyənirəm. Belə-belə bir neçə dəfə yazdı, mən də təşəkkürümü bildirdim. Sonra yazmışdı ki, mənə təcili 3000 manat pul lazımdı, mən onu hardan gəlim götürüm (gülüşmə). Çox əminliklə yazmışdı e. Mən də yazdım ki, xanım siz deyəsən biznesmenlə şairi səhv salmısınız. Özüm cəmi-cümlətanı 300 manat aylıq maaş almışam həmişə, dost-tanış da kömək eləməsə batıb gedərəm. Gördüm ki, dostluğumdan çıxdı getdi.

 

- Şairlərə çox inanırlar yəqin. Görürlər, aktivdir...

 

- Onu da qınamıram. Görür, çox dostu var, düşünür ki, dostlarının arasında pullu adam da olar.

 

- Bəlkə həm də düşünür ki, şairlər yaxşı dolanır...

 

- İnanırsan, mən o düşüncəni sındırmamaq üçün borc-xərc tapdığım 5 manatı da kafedə oturanda hamıdan qabaq hesabı verirəm ki, heç olmasa şairin o imici zədələnməsin (gülür). Biz həmişə belə düşünmüşük ki, şairdirsə, o filan işi həll eləyər, onun sözü keçər.

 

 

- Bir imic də var: içən şair obrazı.

 

- Hə, mən heç o imicin əleyhinə deyiləm. Şairdir, içsin də. Kimə nə ziyanı var ki? Ancaq şair gərək elə şeylər var ki, onu qorumağı bacarsın. İçmək də olar. Problem deyil. Ancaq hər şey ifrata varanda çox pis olur. İçki də onun kimi... Həm orqanizmə ziyandı, həm hörmətdən salır, həm də ələbaxımlılıq yaradır. Şair də işləməlidir. Başqa bir peşədən pul qazanmalıdır. İndi bazar iqtisadiyyatında yaşayırıq. Mən dəyərlərin satılmasına razı olmamışam. Heç vaxt kitablarımı satışa çıxarmamışam.

 

- Sovet vaxtı çıxıb kitabınız?

 

- Bir kitabım plana düşmüşdü, amma çıxmadı. Sovet dağıldı, o da elə qaldı. Balaca, nazik bir kitab çıxa bilərdi, olmadı o da. Qismət olmadı.

 

- Yeni kitab çıxartmaq fikriniz var?

 

- Mənim artıq hazır 3 kitabım var. Biri xatirələr kitabıdır. Azərbaycanın tanınmış şair-yazıçıları ilə bağlı xatirələrim. Məmməd Araz, Bəxtiyar Vahabzadə, Əlibala Hacızadə, Şahmar Ələkbərzadə və s. Bu şəxsiyyətlər haqqında xatirələr yazmışam. İki ildir hazırlamışam, maddi çətinliklərə görə qalıb. Qalan iki kitab da şeirlərdir.

 

- Xatirələr maraqlı olardı...

 

- Çox, çox. Məmməd Arazın yubiley ərəfəsində onunla bağlı xatirəmi İradə Tuncaya göndərmişdim. O, istədi çap eləsin, razı olmadım. "Aydın yol” qəzeti də çap eləmək istəmişdi, razılaşmadım. Mən bu xatirələri ancaq kitab halında görmək istəyirəm.

 

- Əzab verir o xatirələr sizə?

 

- Hə, həm də çox. Mən yazanda həmişə əzab çəkmişəm. Xatirələri də, şeirləri də yazanda. Yaradıcılıq ağırdır, çətin işdir. Yazdığın əmələ gələnə qədər havalanırsan elə bil. Narkomaniya kimi bir şeydir. Mən bu cür yanaşıram, başqalarını bilmirəm. Sözü diri təqdim eləmək istəyirəm oxucuya. O sözü elə təqdim edim ki, heç bir yeri yaralanmasın, əzilməsin, sarsılmasın. Elə bil evə yemək üçün yumşaq bir şey gətirirsən e... Onu əzilməkdən qoruyursan. Bax, şeiri də o cür qoruyuram. Amma görürsən Facebookda elələri var ki, sözlə necə istəyir davranır, sözə kəllə atır...

 

- Facebook şairləri...

 

- Nə deyim vallah. Hərdən adamın əli üzündə qalır. Eləsi olur ki, yazdığını göndərir ki, bunu bir şey yaz, təriflə. İstedad başqa şeydir axı. İstedadlı adam heç vaxt bunu eləməz. Kiməsə göndərib deməz ki, bunu təriflə, mənim haqqımda nəsə yaz. Onlar təbliğata, reklama hesablanmış adamlardır. Mən heç kimə deməmişəm ki, gəl məndən müsahibə al. Utanmışam, açığı. Nə böyük şey olub ki? Şeirdi də, yazırıq.

 

- Gözəl şeirlər yazırsınız...

 

- Əlimdən gələn budur. Nəsə təqdim eləyiriksə, gözəl olmalıdır. Bunun üçün yaxşı oxumaq, mütaliə vacibdir. Savadsız şairi mən şair kimi görmürəm. Eldən gələn də ola bilər. Ancaq sözü diri tutmaq üçün mütləq sənin bazan olmalıdır.

 

- Siz AYB-nin üzvüsünüz?

 

- Hə. 1999-cu ildən. Onda zəmanət verirdilər. Qabil mənim şeirlərimi hardasa oxumuşdu. Bir-iki yerdə məni tərifləmişdi. Bir də Nahid Hacızadə zəmanət vermişdi. O vaxt "Diplomat” nəşriyyatında Nahidlə bir işləmişdik. Bir tədbirdə Nahid Hacızadə məni təriflədi, dedi ki, dilimizin saflığı filan var şeirlərində. Dedi, istəyirəm sən Yazıçılar Birliyinin üzvü olasan. Mən də daha doğrusu bunun heç dalına düşmədim. Bircə iş telefonumu vermişdim. Bir dəfə Yazıçılar Birliyindən zəng vurmuşdular ki, Qabil sizi axtarır. Getdim, Qabil dedi, zəmanət yazmışam Yazıçılar Birliyinə üzv olunmağın üçün. Mən də Nahid Hacızadədən zəmanət aldım. Bir də şəkil verdim Yazıçılar Birliyinə. Sən demə, o ərəfələr üzvlüyə qəbul başlayıbmış. Mən də bir dəfə hansısa tədbir üçün Yazıçılar Birliyinə getmişdim, Arifə xanım dedi ki, niyə üzvlük vəsiqəsini götürmürsən. Sən demə, üzv olmuşammış. (gülür.) Mənim üçün maraqlı olmamışdı da.

 

- Bu yazarlar arasındakı qovğalara necə baxırsınız?

 

- Mən qovğalardan uzağam. Marağım da yoxdur. Heç bir tərəfdə də deyiləm. Yazıçılar Birliyinin üzvü olmağı da özümə nə həqarət bilirəm, nə də buna görə fəxr eləyirəm. Elə-belə üzv olmuşam da. Ordan pul almıram. Tədbir olanda gedirəm, olmayanda getmirəm. Yazıçılar Birliyi haqqında da elə acıqlı münasibətim yoxdur.

 

- Hiss eləyirəm, gənc, enerjilisiniz.

 

- Hə, elədir. Özümü 18-20 yaşlarında hiss edirəm.

.