Yenizaman.az Kulis.Az-a istinadən şair Oqtay Rzanın Ayxan Ayvazla söhbətini təqdim edir.
- Oqtay müəllim, siz Salyan rayonunda anadan olmusunuz...
- Salyan rayonunun Qalalı kəndi. Qa-la-lı!
- Aha...
- İndi bu kənd Salyana bitişib. Kənd çevrilib olub küçə.
- Maraqlıdır...
- Küçə e...
- Oqtay müəllim, siz çox erkən yaşda çap olunmusunuz...
- Beşinci sinifdə Salyanda çıxan "Sosializm yolu” qəzetində "Bir may” adlı şeirim gedib. Şeirin altından yazmışdılar: "Arbatan kənd yeddiillik məktəbinin 5-ci sinif şagirdi Oqtay Rzayev”. Bu olub 1946-cı ildə.
- Çox erkən yaşda şeir yazmısınız, çap olunmusunuz, tanınmısınız, amma geologiyada oxumusunuz. İxtisasca geoloqsunuz...
- Geoloq deyəndə ki... Əslində bu mühəndis-geoloqdur. Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsini bitirmişəm. Hardasa bir məclisdə məni belə təqdim etmişdilər: "Alim, geoloq, şair”. Onda dedim, bilirsən nə var, şairliyi birinci de, çünki mən birinci şeirə gəlmişəm, sonra sübut eləmişəm ki, şeir yazandan mühəndis-geoloq çıxa bilər.
- Özü də fərqlənmə diplomu ilə bitirmisiniz.
- Hə, 3 il Stalin təqaüdü almışam.
- Nə qədər idi Stalin təqaüdü?
- 780 manat! Qalan tələbələr 430 manat alırdılar. 1000-ə yaxın tələbə içində iki nəfərə Stalin təqaüdünü verdilər, biri Əzizə adlı bir qıza, o biri də mənə. Mənə niyə? Şeir yazdığıma görə...
- Məşhuri-cahan imişsiniz...
- Bəs necə?! 9-cu sinifdə oxuyanda məni respublika yazıçılarının gənclər müşavirəsinə gətirmişdilər. Salyandan! Natəvan klubunda Səməd Vurğunun çıxışını dinləmişdim. Mənimlə bir yerdə gələnlər tənqidçi, ədəbiyyatçı, professor, alim oldular. Məsələn, rəhmətlik Şamil Salman filologiya elmləri doktoru oldu. Rəhmətlik Yaşar Qara...
- Yaşar Qarayev?
- Hə... Nizami İnstitutunun direktoru oldu. Onun bir misrası indiyə qədər yadımdadır: "Xəzərin altında Xəzər görünür”. Ancaq mən şeirlə başladım, şeirdə də qaldım. 5-ci sinifdə "Sosialist yolu”, 7-ci sinifdə "Azərbaycan pioneri”ndə, 8-9-cu siniflərdə "Azərbaycan gəncləri” qəzetində çap olundum. Sonra Salyanda ədəbiyyat dərnəyimiz vardı. Mərkəzi kitabxananın nəzdində. Orda çox tanınmış şairlər yetişdi. Əliağa Kürçaylı, Xəlil Rza Ulutürk, Ağacavad Əlizadə, bir də mən. İndi o dərnəyin üzvlərindən sağ qalan iki nəfərik: bir mən, bir də Altay Sultanlı. Zeynal Cabbarzadə gəlmişdi bir dəfə bizim dərnəyə, mənə kitab hədiyyə eləmişdi. Sonra şəklimi "Azərbaycan pioneri” qəzetinə vurmuşdu. İlin axırında mənə detektorlu radioqəbuledici hədiyyə etmişdilər. Şeirlərimə və tapmacaları tapdığıma görə. Məktəb direktoru uşaqları yığdı, dedi ki, xoş xəbər var Bakıdan, Oqtaya radioqəbuledici göndəriblər, alqışlar. Gurultulu alqışlar oldu, mən də durub çıxış elədim, təşəkkürümü bildirdim.
- Məktəbin Xalq şairi olmusunuz ki...
- (Gülür). Hə... 9-cu sinifdə oxuyurdum, günlərin bir günü raykom məni göndərdi Bakıya. Gənc yazıçıların müşavirəsinə. O qədər balaca görünürdüm ki, Mirzə İbrahim Əliağa Kürçaylıya dedi, bunu apar mehmanxanaya, səhər də gətir gəl. Əliağa məndən iki-üç yaş böyük idi. Müşavirədə şeirlərimizi oxuyurduq. Süleyman Rüstəm, Rəsul Rza, Məmməd Rahim, Osman Sarıvəlli qulaq asırdılar. Sonra hamımızı yığdılar Natəvan klubuna. Orda Səməd Vurğunun çıxışında dediyi bir cümlə indinin özündə də yadımdadır. Dedi, gəncliyin yaradıcılığında xəyalın qanadları zəif çırpınır. Mən həmin çıxışı 9-cu sinifdə olanda qulaq asmışam.
- Məktəb vaxtı məşhurlaşan Oqtay Rza, gələcəyin tanınmış şairi və geoloqu...
- Ola bilər, səni maraqlandırsın ki, mən niyə sənayeni seçdim. Qızlar və oğlanlar məktəbi vardı Salyanda. Aralarında futbol meydançası dururdu, qızlar ordan oğlanlara baxırdı, oğlanlar da qızlara. Sinfimizdə 22 oğlan vardı, qız yox idi. Sinfin beş əlaçısına hərdən sinif rəhbərimiz belə deyirdi, Valeh AZİ, Kamal AZİ, Altay AZİ, Ramiz AZİ, Oqtay da ki ədəbiyyat... Rişxəndlə e. Mən də ürəyimdə doluxsunurdum, öz-özümə deyirdim ki, sənin acığına Sənaye İnstitutunda oxuyacam, şeirimi də yazacam. Həmin o dörd nəfər də gəldi qəbul oldu, mən də. Mən Stalin təqaüdü ilə oxudum, onlar adi təqaüdlə.
- Oqtay müəllim, siz həm də Azərbaycan KP MK yanında ikiillik marksizm-leninizm universitetini fərqlənmə diplomu ilə bitirmisiniz...
- Kafedra müdirləri, dekanlar, dekan müavinləri yığılırdı bir yerə marksizm-leninizm universitetinin ikiillik müdavimi olduğumuzu elan edirdilər və gəlib dərs deyirdilər, mühazirə oxuyurdular. Orda daha çox yer ayrılırdı fəlsəfəyə, tarixi materializmə, dialektik materializmə. Lenindən, Stalindən də söhbət gedirdi də... Bu marksist-leninçi ideyanı beynimizə qazıyıblar. Mənim indi də təxminən başımda materialist düşüncə qalıb. Materializm deyir ki, maddə dərk olunmazdır. Zaman və məkan sonsuzdur. Bəs bu maddə hardan yaranıb? Materializm deyirdi, dərk olunmur. İlahiyyatçılar da deyir, Allah yaradıb. Onda düşünürəm, görən Allah nə vaxt olub? Tutaq ki, kainat yoxmuş, Yaradan varmış. Yaradan özü nə vaxt yaranıb bəs? Yaxud bu kainatı yaradana qədər nə ilə məşğul imiş? Bax belə şeylər düşünürəm, dindarlar da üstümə düşür (gülür).
- İnanırdınız Marksın, Leninin ideyalarına?
- Bu, bir az ziddiyyətlidir. Beynimizi doldurmuşdular. İnanmışdıq ki, bir ölkədə sosializm qurularsa, gün gələr dünyanın hər yerində qurular. Görürsünüz ki, düz çıxmadı, Sovet dağıldı. Bilirsiniz, düşünürəm kainatda hər şeyin əvvəli və sonu var. Hətta bir şeirimdə deyirəm:
Dünyaya gəlmək də, ölmək də haqdır
Gərək yaşayasan əməllərində.
Günəş də get-gedə soyuyacaqdır
Bir başqası yanacaqdır yerində.
- Oqtay müəllim, sizin maraqlı çap olunmaq əhvalatınız olub. "Azərbaycan” jurnalında Əli Kərimə şeirlərinizi vermisiniz, o da sizin şeirləri itirib...
- (Gülür). Onda mən aspirant idim. Əli Kərim "Azərbaycan” jurnalının şeir şöbəsinin müdiri işləyirdi. Əliağa Kürçaylı məsul katib, Qılman İlkin redaktor, Məmməd Rahim də məsləhətçi idi. Beş nəfər, dörd nəfər yığılırdılar, deyirdilər, oxu, görək, nə yazmısan. Mən xoruz haqqında bir şeirimi dedim. Kənddən gələn bir nəfər şəhərlinin evində qonaq qalır, hədiyyə kimi xoruz gətirir ona. Xoruz da gecə yarısı banlayır, adamları qoymur yatmağa (gülür). Ev yiyəsi durur, nə edək, necə edək, xoruzun başını kəsməyə qərar verirlər. Mən də xoruzun kəsilməyini böyük faciə kimi təsvir etmişdim. Qulaq asdılar, Məmməd Rahim dedi ki, bala, xoruz yaranıb kəsilmək üçün. Mən də dedim, Məmməd müəllim, paleontologiya deyilən bir elm var, orda deyir ki, quşlar 100 milyon il əvvəl meydana gəlib, insan isə dörd milyon il qabaq. Necə olur ki, bir quş 100 milyon il əvvəl kəsilmək üçün yaranır? Əsəbiləşdi, dedi, get bunu dərsində danış. Sonra şair dostum Ağacavad Əlizadə demişdi ki, bu xoruzu ola bilsin, Leninə oxşadıblar, siyasi şeir kimi qəbul ediblər (gülüşmə). Hə, onlar başqa şeirlərimi seçdilər. Bir ay təvazökarlıq eləyirəm, ağır gəlib batman gedirəm. Axı tez-tez gedib camaatı bezdirmək olmaz. Səbrim tükəndi, bir aydan sonra getdim şeirlərimin taleyi ilə maraqlanmağa. Əli Kərim siyirməni açdı, baxdı, dedi, yoxdu e, yəqin sənin şeirlərini qovluqda evə aparmışam, sən birigün gəl. Gəldim, dedi, Oqtay, tapa bilmədim, sən o şeirləri təzədən yaz gətir. Mən də əsəbiləşdim, dedim, Əli müəllim, hər şey bir ay əvvəldən hazırlanıb, şeirlər oxunub bəyənilib, niyə təzədən mənə əziyyət verirsiniz, belə olmaz axı. Əsəbi halda pillələri düşürdüm, Xəlil Rza ilə qabaqlaşdım. "Salam”. "Salam!” "Nolub qanın qaradır?” Dedim, Xəlil, bir ay keçib, şeirləri itirib, deyir get təzədən yaz gətir. Soruşdu, neçə şeirini itirib. Dedim, üç şeirimi. Xəlil ləzzətli bir qəhqəhə çəkdi. Dedi, şükür elə, üç şeir itirib, Əli Kərim roman itirir e, roman.
- Ondan sonra da Əli Kərim işdən çıxarıldı...
- Hə... Əsər itirməkdən başqa möhkəm içirdi. Ona görə çıxartdılar.
- Oqtay müəllim, siz həm də təqdimatların alovlu çıxışçısısınız...
- Mən tədbirlərin hamısında iştirak edirəm. Bildirişi oxuyub gedirəm. Elə şair, yazıçılar var ki, məni çağırmırlar, amma yenə də gedirəm. Bu bildiriş nədən ötrüdür bəs? Bildirişi verirlər ki, kim maraqlanır, gəlsin. Tanınmışın da, naməlumun da təqdimatına gedirəm. Fikirləşirəm ki, mən burdan xoş sözlər eşidə bilərəm. Yaxud da kiminsə adını eşitmişəm, orda tanış olacam. Ola bilsin, kimləsə tanış olacam, sonra möhkəm dostluq eləyəcəyik. Ümumiyyətlə, qaynayıb-qarışmaq üçün gedirəm o təqdimatlara. Bu ünsiyyətin bir təzahürüdür. Ancaq bildirişi oxuyub təqdimata getməyənlər lovğadırlar. Elə sənətkarlar müdrik ola bilməzlər.
- Təqdimatlar sizin həyatınızın bir parçasıdır....
- Əlbəttə, elədir. Mən təqdimatları insanlarla ünsiyyət qurmaq, qaynayıb-qarışmaq vasitəsi hesab edirəm. Bu şöhrətpərəstlik əlaməti deyil. Yazmağımızın mahiyyəti nədir? Millətlə, xalqla bir olmaq istəyirik. Biz xalqla mehriban, səmimi olmaq arzusundayıq.
- Bəzən yazarlar xalqdan şikayətlənir. Deyirlər, xalq şairin, yazıçının qiymətini bilmir. Siz necə düşünürsünüz? Razısınız bu xalqdan?
- Mən bu xalqdan çox razıyam. Bizim qanımızda xeyirxahlıq, əl tutmaq var. Mən nə dövlət, nə də Yazıçılar Birliyi xəttindən o qədər də böyük işlərə cəlb olunmuram. Haqqımda məlumatlar yayılıb, tanıyırlar, rayonlara filan çağırırlar. Bir dəfə Zəlimxan Məmmədli mənə "Sağlığında heykəlləşənlər” mükafatı təqdim etmişdi (gülür).
- Niyə ki?
- Məni Zəlimxan Məmmədli "Borçalı-1” tədbirlərinə çağırmışdı. Kərəm Həsən "Borçalı-2” də çağırmışdı bir dəfə. İkisi də bir-birinin əksidir. Kərəmgil məni mətbuat mərkəzində çox möhtəşəm bir tədbirə çağırmışdılar. Mən də Zəlimxanın tədbirlərində 4 il iştirak etdiyimə görə bunların tədbirində ağır oturub batman gəlirdim. Ancaq oturub qulaq asmağa qərar verdim. İnternetdə orda iştirak etdiyimlə bağlı xəbər yayılıb. Zəlimxan da bunu oxuyub acıqca mənə bu mükafatı verdi. Mən isə ona dedim, vallah, mən Borçalı-13” tədbirinə də gedərəm, "Borçalı-17”-yə də. Çünki burda Vətənin bölünmüş hissəsindən söhbət gedir.
- Oqtay müəllim, sizin bir maraqlı cəhətiniz də var. Alovlu çıxışlarınızda adını çəkdiyiniz imzaların soyadından "ov” hissəciyini çıxardırsınız...
- Mən hətta rusların da soyadından "ov” hissəciyini çıxardıram. Belə deyəndə gülürlər mənə. Zarafatla deyirlər ki, Oqtay Rza tədbirlərin birində belə bir söz işlədi: "Böyük yazıçı Anton Çex...”
- Oqtay müəllim, siz 1981-ci ildə AYB-yə üzv olmusunuz. Ədəbi nəsil olaraq Oqtay Rza hansı nəslin nümayəndəsidir? 60-cılar?
- Məni heç bir nəslə daxil eləmirlər. Özüm Anar, Elçin, Yusif Səmədoğlu, Vaqif Səmədoğlu yaşındayam. Mən bu imzaların dövrünün şairiyəm. Ancaq məni 60-cılara daxil eləmirlər. Mən zarafatla özümə "Səksənçi” deyirəm. Səksəninci illərə görə yox ha, yaşım səksəndir ona görə (gülüşmə). Adətən, yaradıcı adamlar 80 yaşlarında dünyadan köçürlər.
- Amma sizdə gənc şair həvəsi var...
- Mən 50 il N.Tusi adına ADPU-nun müəllimi işlədim. Noyabr ayından təqaüdə çıxmışam. Coğrafiya, kimya, biologiya fakültəsinin tələbələri ilə təcrübələrdə çox piyada gəzmişəm. Böyük Qafqaz, Kiçik Qafqaz, Talış silsiləsi... Dağları aşırdım... Bir də ki, mən həmişə gəncliyin içində olmuşam. 45 il mühazirə oxumuşam tələbələrə, onların adından tutmuş bütün həyatlarını öyrənmişəm.
- Sizi oxucular o qədər tanımasa da, bir xeyli kitabınız çıxıb... "Torpağı dinləyirəm”, "Ürəyimi oxuyun”, "Hara gedirəmsə” və s.
- 25 kitabım çap olunub.
- Yeni kitab var?
- Yenisi 2016-cı ildə çıxdı: "Adlı, ünvanlı misralar”. Beşinci hissəsi. Bu silsiləyə mən 1999-cu ildə başlamışam. Artıq olub Oqtay Rzanın "Xəmsə”si. Burda portret şeirlər yer alıb.
- Portretini işlədiyiniz tanınmışlardan kimlər var?
- Nizami Cəfər, Zeynəb Xanlar, general Əliağa Şıxlınski, torpaqşünas alim Qərib Məmmədli var. Heyf ki, çoxu yaddaşımda qalmayıb.
.