"İnanırsan, qəzetlərdən, saytlardan çox zəng vururlar, televiziyaya dəvət edirlər, özüm görünmək istəmirəm. Əvvəldən xasiyyətim belədi, yeri gəldi-gəlmədi harasa getməyi sevməmişəm. Ta bundan o yana yaraşmaz mənə...”. O, haqqında yazı hazırlamaq məqsədilə ilk dəfə zəng vuranda salam-kəlamın ardından belə dedi. Sonrasa sanki inciyəcəyimdən narahatmış kimi cavabımı gözləmədən "amma sən özgə deyilsən, gör neçə ildi bir-birimizi tanıyıyırıq, buyurub gələ bilərsən” söylədi. Üstündən beş-üç gün keçmiş nişan verdiyi ünvandayam. Blokun girişindən onun yaşadığı mənzilə piyada qalxmaq üçün bircə dəqiqə yetər. Amma səbri çatmayıb, həm də düşünüb ki, birdən mənzili dəyişik salaram. Ona görə də qapını açıb düz pilləkənlərin başında qonağını gözləyir. Gülümsər çöhrəsi dilindən qabaq salama gəlir.
Zərnigar Ağakişiyeva. Bu ad sənətsevərlərə yaxşı tanışdı. Uzun illər səhnə və ekranda bir-birindən maraqlı rollar yaradan aktrisa. Bənzərsiz biçimli xarakterlər ustası. Əslində Zərnigar xanım haqda deyiləcək söz çoxdu, sənətinin qısaca səciyyəsisə beləcədi..
-Yaxşısan? – məndən qabağa düşüb kefimi soruşur. Cavab verməyə macalım olmur. "Qoy sənə bir çay gətirim” deyib, iki-üç addım o yandakı mətbəxə sarı gedir. Yarı yoldaca:
-Çay istəyirsən, yoxsa kofe?
Az keçmiş qarşımdakı baldan dada-dada, çay içib söhbətləşirik.
-Şükür, günüm-güzəranım, dolanışığım yaxşıdı. Xalq artisti fəxri adım var, prezident təqaüdçüsüyəm, gördüyün bu mənzili veriblər, adama ta bundan artıq nə lazımdı ki?
Yasamaldakı evimi satdım, puluna buranı təmir elətdirdim. Bir neçə il əvvəl təzə köçəndə qaz, işıqdan korluq çəkdik. Bina təzə, istilik yox. İndi şükür Allaha, hər şey qaydasındadı. Buranın yerinə, adamlarına da söz ola bilməz. Xüsusi hörmətlə yanaşırlar, çox xoşdu mənə.
-Tamaşaçıya da Sizi yenə səhnədə, ekranda görmək eləcə xoş olardı...
-Daha bəsdi də, elədiyimi eləmişəm. Hər şeyin hörmətli vaxtında getmək yaxşıdı. Əlbəttə, sənətkar üçün yaş məhdudiyyəti yoxdu. Amma istəmədim...
-Enişli-yoxuşlu günlərin, illərin yorğunluğu, sənətdəki dedi-qodular – nəyidi qərarınızı verməyə səbəb?
-Səbəb çoxdu. Və təbii ki, sən dediyin böyük rol oynadı... Bilirsən, istəmədim kiminsə yerini dar eləyim, arxamca danışsınlar. Cavanlar var, bu gün meydan onlarındı. Şərait yaratmalıyıq, qayğı göstərməliyik onlara... Açığı, xəstəlik də məni tıncıxdırırdı. Şəkərim var axı, bilirsən.
- Bir ara inciyib teatrdan getmişdiz. Sonra dəvət elədilər, qayıtdız. Neçə il çalışdız, maraqlı rollar oynadız bu qayıdışdan sonra. Sanki ikinci nəfəs açılmışdı Sizdə.
- Elədi, həvəsliydim. Mən axı ordan tanınmışam, qəbul olunmuşam. Sevilmişəm yox ha, bu çox böyük sözdü, iddialı çıxır belə deyəndə. Tamaşaçı məni məhz qəbul eləyib. O vaxt teatrda ilk addımlarımı atanda qarşıma üç il ərzində özümü təsdiq etməyi məqsəd qoymuşdum. Başqa yolum yoxuydu, yubana bilməzdim (gülür). Sənətə onsuz da gec gəlmişdim. Bir az da ləngisəydim... Allahın qismətindən üç yox ey, bircə il çəkdi tanınmağım, bu aləmdə qəbul olunmağım.
-Qəribədi, ilk dəfə səhnəyə beş yaşında çıxmısız. Sonrasa sənətə yox, başqa sahəyə üz tutmusuz. Axırda, yenə səhnəyə sarı yol almısız.
-Hə, görünür, bu da qismət məsələsidi. Biz kimik axı, yazan belə yazıb... İlk dəfə kəndimizin klubunda tədbirdə Səməd Vurğunun "Dahi rəhbərə” şerini əzbər söylədim. Beş yaşım vardı o vədə. Balaca, əl boyda uşağıydım...
Zərnigar xanım xəyala dalaraq sanki həmin vaxta, yerə qayıdır. 1950-cil il, Qubanın Rustov kəndinin klubu. Adamlar sakitcə səhnədə dayanmış gəlinciyi xatırladan qıza baxır. Şerini söyləyib qurtaran qız nə səhnədən gedənə oxşayır, nə də pərdə arxasından onu çağıran bağça müəlliməsinə məhəl qoyana. Elə bil, adamlar birdən duyuq düşürlər ki, əl çalmaq lazımdı. Alqış qopur, uğultu salonu başına götürür. Qızcığaz himə bəndmiş kimi, baş əyir və razı halda səhnədən çıxır...
Aktrisa bu xatirənin işığında çox məmnun görünür. Və söhbətinə davam edir:
-Sonra rayon mərkəzinə köçdük. Orta təhsilimi rus məktəbində aldım. Təəccüblənmə, beş yaşından Lida adlı rus qızla dostluq edirdim. Müharibə illərində Qubaya köçüb gələn ailələrdən birinin uşağıydı. İki ilə rus dilini yaxşı öyrəndim və beləcə məktəbə getdim. Birinci yoldaşını erkən itirmiş, uşağı olmamış atam rəhmətliyin ikinci evliyiydi. Mən onun ilki və yeganə övladıyam. Anam da ikinci dəfəydi ailə qurmuşdu. Əri müharibədən qayıtmamışdı. Bir oğlu vardı əvvəlki ailədən. Heç qaynayıb-qarışa bilmədim qardaşlığıma. Soyuq, adamayoğuşmazıydı. O böyüdükcə evimizdə qanqaraldan vəziyyət çox olurdu. Avaraçılığı atamı bezdirirdi. Anamsa doğmasıydı deyə, tərəfini tuturdu. Özümü tək-tənha hiss etdiyimdən evimizdən, bu mühitdən qurtulmaq istəyirdim. Həm də işləmək, kasıb ailəmizə yük olmamaq üçün baş götürüb çıxdım ordan. Atam etiraz eləmədi. Sevirdi, əzizləyirdi məni, bircə yol xətrimə dəymədi ömrü boyu.
- Bəs ananınız nə dedi bu qərarınıza?
- Razı deyildi anam. Yeri gəlmişkən, rəhmətliyin çox gözəl səsi olub. Vaxtilə Üzeyir Hacıbəyli Qubaya gələndə Fatma Mehrəliyeva ilə bərabər onun ifasını da bəyənibmiş. Ailəsi Bakıya getməyinə imkan verməyib. Hər dəfə ruh şad olmuş Fatma xanım radioda oxuyanda anam kövrəlirdi. Görünür, o nisgilə görə mənim məsələmdə də dirəşmədi.
- Körpəlikdən ögeylik, yadlıq mühitində yaşamış Zərnigar irəlidə onu nə gözlədiyini kəsdirirdi?
- Gözümün altına almışdım çətinliyi. Belə də oldu. Ömrüm boyu təklik, yadlıq məni izlədi...
Müstəqil həyatım Kooperasiya texnikumunda tələbəliklə başladı. Texnikumda təhsilimi başa vurandan sonra Moskvaya, bir illik təkmilləşdirmə kursuna getdim. Qayıdıb gəldim və mərkəzi univermaqda işə düzəldim. Amma əmtəəşünas, dekorçu işləmək yox, ali təhsil almaq, yaxşı yerdə çalışmaq, həyatda mövqe tutmaq istəyirdim. Şərqşünas olmaq keçirdi könlümdən. Dedilər, qəbul yerləri dolub... Özümü təsdiq etmək üçün univermaqda işıəyə-işləyə 1968-ci ildə Teatr İnstitutunun musiqili teatr aktyorluğu ixtisası üzrə axşam şöbəsinə qəbul oldum. Kurs rəhbərimiz rəhmətlik Ağəli Dadaşov, assistentisə Mikayıl Mirzə idi. Cəfər Cabbarlının "Aydın” əsəri tamaşaya hazırlanırdı. Bu, sonuncu kursda oxuyan Mikayıl gilin diplom tamaşasıydı. Altdan-altdan göz qoyan Mikayıl Ağəli müəllimlə xeyli pıçhapıçı Susanna rolunu mənə təkliflə nəticələndi. İnstitutda necə deyərlər, sənət hadisəsinə çevrilən tamaşadan sonra rektor Rahib Hüseynov məni dram aktyorluğu ixtisasının əyani şöbəsinə keçirdi. "Aydın”ı Azdramada da oynadıq. Böyük səhnədə ilk çıxışım idi. İlk uğuru, alqışarı görəndən sonra taleyimi bu sənətə bağlamaqda haqlı olduğuma tam inandım.
- Əyani şöbədə oxuya-oxuya Tədris teatrına işə götürdülər Sizi. Təhsilinizi bitirəndən bir il sonrasa Azdramanın truppasına qəbul olunduz. Böyük kollektivin içində qısa müddətdə seçildiz, tanındız. Sonra teatrda, kinoda, televiziya tamaşarında oynadığınız baxımlı rolllar bioqrafiyanıza yazıldı. Neçə-neçə qadın obrazı yaratdız. Bəs öz qadın taleyinizi yaşamağın gərəkliyini barı bir yol düşündüz?
-(Gözləri yol çəkir) Sevmişəm, sevilmişəm, danmağın yeri yoxdu. Amma sənət aldı məndən hər şeyi. Cəmiyyətimizi, adətlərimizi özün yaxşı bilirsən. Başqa gözlə baxırlar aktrisalara. Ümumiyyətlə, sənət ailəyə çox mane olur. İllah da qadın xeylağı üçün. Açıq danışaq də, hər kişi razı olmaz axı, xanımı səhnəyə çıxsın, kamera qabağında dayansın, həftələrlə qastrola, çəkilişlərə getsin. Kişi evə gələndə yemək, qulluq istəyir. Bir də, seçim haqqı kişilərin əlindədi, bizlik nə var?
- Bununla belə, bildiyimə görə, on üç ilik ailə həyatı yaşamısız…
- Bu həyat haqqında heç zaman danışmaq, xatırlamaq istəməmişəm. Mədəni, savadlı adamıydı. Amma alınmadı bizimki. İstisinə qızlnmadığım ailəni fədakarlıqla saxlamağa ehtiyac duymadım. Ayrılıq qərarını da mən verdim. Sədaqətli olmuşdum ona, diqqətimi əsirgəməmişdim. Sarsılmışdı yamanca… Haqq dünyasındadı indi...
-Bəs sonra?
- Bəyəndiyim, qarşılıqlı olaraq sevdiyim bir kişi qarşıma çıxıb "gəl, evimin xanımı ol!” demədi. Beləsi olsaydı, sənətdən imtina edərdim… Həyatımı saf-çürük edəndə, təssüflənmirəm, nə olubsa, deməli qismətimmiş. Təskinliyə gəlincə, mənasız yaşamamışam, böyük çıxmasın, sənətimlə özümdən nişanə qoymuşam…
-Əsasən evdə olursuz. Və gərək ki, gedib-gələniniz də azdı. İllər uzunu yaşanmış gərgin rejimdən sonra bu dərəcədə asudəlik, yüksüzlük Sizi sıxmır, darıxmırsız? Bir yandan müəyyən maddi təminat, rahatlıq varsa da…
-Alışa bilmirəm doğrusu. Yəqin uşaqlıqdan yaşadığım həyatın təsirindəndi, hər adama da qaynayıb-qarışammıram. Ürəyimə yatmayan adamı bu evə buraxmıram. Səninlə rahat hiss edirəm özümü, yoxsa söhbətə razılaşmazdım. O qədər qohum-tanışım var ki, qapımı tanımır…
Ayrılırıq. Neçə-neçə işvəli-nazlı, hökmlü, təkəbbürlü, hikkəli, meşşan, hiyləgər qadın obrazlarını yaratmağına baxmayaraq, öz saf, təmiz, umacaqsız dünyasında qalan Zərnigar xanım mehribancasına arxamca boylanır.
Noyabrın 7-i təkrarsız ifasıyla seçilən, sevilən sənətkarın növbəti ad günü idi. Doğum tarixi inqilab gününə düşür. Görünür, həyatının da təbəddüllatlı keçməsində bu tarixin mistik bir izahı var…
Seymur Elsevər
.