Mərhum xalq artisti Lütfəli Abdullayevin qızı Gülnarə Abdullayeva femida.az-a müsahibə verib.
Yenizaman.az həmin müsahibəni öz səhifəsində tirajlandırır:
- Gülnarə xanım, necə keçir günlər?
- ... Günlərim yaxşı keçir. İşimlə məşğulam. Artıq 30 ildir ki, AzTv-də musiqi rejissoru kimi çalışıram. Hər şey qaydasındadır.
- Neçə övladınız var?
- İki övladım var. Oğlum Zəki Xarici Dillər Universitetində II kursda oxuyur. Qızım Minanın da maraqlı təhsili var. O, əvvəlcə Aykido ilə məşğul olurdu. II dan qara kəmər sahibidir. Həmişə kinoya böyük marağı var idi. Düzü, mən onu bu sahədə görmək istəmirdim. Qadın üçün çətin sənətdir. Öz istəyi ilə İncəsənət Universitetinə qəbul olundu. Xoşbəxtlikdən Vaqif müəllimin emalatxanasına düşdü. Mən xoşbəxtəm ki, qızım belə böyük sənətkarın tələbəsidir. Vaqif müəllim çox maraqlı insandır.
İlk qadın hərbi təyyarəçi Züleyxa Seyidməmmədovanın gəlini olmuşam...
- Həyat yoldaşınız kimdir?
- Həyat yoldaşımla ayrılmışıq. Onun indi öz ailəsi var. Yoldaşım çox böyük bir ailənin övladıdır. Aydın özü ixtisasca həkimdir. Qaynanam ilk qadın hərbi təyyarəçi Züleyxa Seyidməmmədova olub. Özü də xasiyyətcə çox çətin insan idi. Müharibədən sonra 25 il nazir olmuşdu. Özü də kişi xasiyyətli bir qadın idi. Mən o ailəyə gələndə Züleyxa xanımın artıq gözləri görmürdü. Amma Aydın anasına çox gözəl baxırdı. Züleyxa xanım 1994-cü ildə rəhmətə getdi. Yoldaşımın ailəsi ziyalı idi. Ona görə də anam evliliyimizə razılıq vermişdi.
Həyat yoldaşım həkimlikdən dindarlığa keçdi...
- Sirr deyilsə, ayrılığa səbəb nə oldu?
- İnsan cavan olanda çox şeyi başa düşmür. Amma şəxsi səbəblər oldu. Aydın çox gözəl uşaq həkimi idi. O ayrı bir palata açıb, imkansız uşaqları müalicə edirdi. Amma günün birində öz ərizəsi ilə işdən çıxdı. Dedi ki, artıq yorulub. Düzü, bu hərəkət mənim narazılığıma səbəb oldu. Mənim aləmimdə həkim sona kimi işini davam etdirməlidir. O işdən çıxandan sonra bir qədər başqa yolu, dini seçdi. Dini kitablar oxuyurdu. Bu isə mənim üçün çox çətin oldu. Mən Aydına böyük bir şəxsiyyət kimi baxırdım. Bu gün də ona hörmətim böyükdür. Bizim ailəmiz alınmasa da, bir-birimizə hörmətimiz qalır.
- Məhkəməyə boşanma ərizəsini kim yazdı?
- Mən istədim ayrılmağı. Biz ayrılanda məhkəmədə mən yoldaşımdan heç nə istəmədim. Hətta alimenti də almadım. Hakim də buna görə çox təəccüblənmişdi.
- Bildiyimiz kimi Lütfəli müəllimin Turqut adlı oğlu var. Münasibətləriniz necədir?
- Bu, mənim üçün çox ağır mövzudur. Bu barədə çox danışmamışam. Düzdür, Turqut atamın oğludur. Amma onun anası heç vaxt atamın rəsmi nikahla yoldaşı olmayıb. Buna baxmayaraq atam hər zaman ona böyük diqqət yetirib. Hətta atama "Arşın mal alan” filmindən sonra ona verilən evi də Turquta verdik. Atam rəhmətə gedəndə Turqut hərbi xidmətdə idi. Anam dedi ki, o mütləq gəlməlidir. Atamızdan qalan hər şey bərabər bölünəcək. Anam həmin vaxt bizə bir şərt qoydu. Hamımız atamızın adını qoruyacağıq, onun adını pis mənada istifadə etməyəcəyik. Amma Turqut bunu bacarmadı. Bir neçə dəfə həbsə düşdü. Ona görə də münasibətlərimiz pozuldu. Bu mövzu mənə ağrılıdır. Çox istərdim ki, fəxr edə biləcəyim qardaşım olardı. Təəssüf...
Atama verilən evi qardaşlığım satdı...
- Belə başa düşdüm ki, bu gün münasibətiniz yoxdur...
- Bilirsiniz, həyatdır. O, bir neçə dəfə ailə həyatı qurdu. Birinci nikahdan onun qızı oldu. Sonra yenidən ailə həyatı qurdu. Bir dəfə sonuncu həyat yoldaşı ilə bizə gəldi. Anam da baxdı ki, qadın yaxşı insandır. İstədik ki, münasibətləri qoruyaq. Turqut həmin vaxt dedi ki, Moskvaya getmək istəyir. Onu ailəvi dostumuz Sərxan Sərxanın köməkliyi ilə Moskvada azərbaycanlıların restorananına işə düzəltdik. Amma bu da alınmadı... Onunla sonuncu söhbətimiz zamanı dedim ki, bizimki artıq qurtardı...
- Bayaq qeyd etdiniz ki, atanıza hədiyyə olunan evi ona vermişdiniz. Həmin evin aqibəti necə oldu?
- Turqut onu da satdı...
Babamı Mircəfər Bağırov otağında şəxsən özü öldürmüşdü...
- Gülnarə xanım, ananızın ailəsi niyə xalq düşməni idi?
- Anamın babası Həsən bəy Ağayev olub. Bildiyiniz kimi 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarananada o sədr müavini işləyib. 2 il müdətində Topçubaşov Fransada olduğu müddətdə bütün işləri Xanxoyski ilə Həsən bəy aparıb. Onların taleyi də bir-birinə bənzəyirdi. Xanxoyskini iyunun 20-də Tiflisdə öldürdükdən sonra, iyulun 20-də Həsən bəy Ağayevi də elə oradaca öldürüblər. Onların məzarı da Tiflisdə yanaşıdır. Anam Həsən bəyin qızı Xurşud xanımın övladıdır. O, çox istedadlı bir musiqiçi idi. Moskvada musiqi təhsili almışdı. Xurşud xanım Azərbaycanda ilk qadın musiqişünas olub. Onun həyat yoldaşı Əhməd bəy Pepinov idi. Xalq Cümhuriyyətində o əmək naziri işləyib. Özləri də Axısqa-türklərindən idi. Anamın atası Əhməd bəy 1932-ci ildə ilk dəfə nazir olduğu müddətdə həbs olunmuşdu. Həmin vaxt dostunun köməyi ilə Qazaxıstana göndərilmişdi. Qazaxıstanda babam "narkom” işləyib. Özü də 6 dil bilib. Çox istedadlı insan olub. Həmin dövrdə baş verən günahsız ölümlər ondan da yan keçməyib. Babamı Mircəfər Bağırov otağında şəxsən özü öldürmüşdü. Sonralar məhkəmə zamanı Bağırov özü də bunu etiraf etmişdi. O vaxtdan elə anamgilin ailəsi xalq düşməni elan edilmişdi.
Bəs, babanızı harada dəfn ediblər?
- Əhməd bəyin bir dənə dırnağı da qalmayıbmış. Ona dəhşətli işgəncələr veriblərmiş. Onun işini aparan rus polkovniki bizə gəlib, anamla görüşmüşdü. Həmin rus polkovnik deyib ki, Əhməd bəyin protokollarda bir dənə də olsun imzası olmayıb. Ona işgəncə veriblərmiş. Öldürüləndən sonra meyitini ailəsinə belə verməyiblər. Harada dəfn olunması da məlum deyil...
Atamı o vaxt KKB-yə çağırmışdılar...
- Belə bir ailə ilə Lütfəli müəllim necə ailə qurubmuş?
- Atamla anam 15 il bir-birlərini seviblər. Amma ailə həyatı qura bilmirlərmiş. Eşidəndə ki, Lütfəli Abdullayev Sevda xanımla ailə quracaq, o zaman onu KQB-yə çağırıblar. Orada ona deyiblər ki, Əhməd bəyin qızı Sevda xanım ilə ailə həyatı qursan, başın ağrıyacaq. Amma atam bundan qorxmamışdı. O illərdə Bakıda bir yeməkxana var imiş. Ora ancaq talonla giriş olurmuş. 1943-cü ildə atamla anam orada tanış olublar. Tanışlıqdan sonra atam anamın nənəsi Xədicə xanımın yanına gəlib. Anamı da nənəsi Xədicə xanım böyüdüb. Çünki babam həbs olunandan sonra nənəm Xurşud xanım ərə gedib. Onun həyat yoldaşı Eyvazov Bahadur özü də tanınmış adam idi. O nənəmlə ailə həyatı quranda anamı gətirməyə icazə verməyib. Elə o vaxtdan - 7 yaşından anam nənəsinin yanında qalıb. Atamla anamın toyu düz 15 il sonra 1957-ci ildə olub. Atam 47 yaşında evlənib. Hətta ailə həyatı qurandan sonra anam öz soyadını dəyişməyib. Atam deyib ki, qoy Pepinovlar soyadı yaşasın.
- Hər zaman səhnədə insanlara gülüş bəxş edən Lütfəli Abdullayevin evdə sizi ağlatdığı anları olubmu? Həyatda necə insan idi atanız?
- Hamı deyir ki, Lütfəli müəllim həyatda çox ciddi adam idi. Amma bizə qarşı elə deyildi. Bəlkə də biz gec doğulmuşduq. Atam bizə hər şeyə icazə vermişdi. Anamsa çox ciddi idi. Ondan bərk qorxurduq. Onun bir baxışı bizə bəs edirdi.
- Hansı uşaqlıq xatirənizi bu günə kimi unuda bilmirsiniz?
- Belə xatirələr çoxdur. Bir dəfə dizirteriyadan xəstəxanada yatırdım. Oradan çıxan gün atam məni oyuncaq dükanına apardı və xoşuma nə gəlirsə, götürə biləcəyimi dedi. Mən hər şeyi bəyəndiyimi bildirəndə atam mağazanın direktorunu çağırıb dedi ki, burada nə qədər oyuncaq varsa, hamısını alıram. Biz evə gedəndə arxamızda bir yük maşını oyuncaqları bizə aparırdı, evə sığmadı deyə oyuncaqları qohum-əqrəbaya payladıq.
- Atanız sizi kim görmək istəyirdi?
- Atam məni xarici dillər üzrə mütəxəssis kimi görmək istəyirdi. Özü də ərəb dili üzrə. O da ərəb dilini çox sevirdi. Bütün günü radioda ərəb dilində musiqiyə qulaq asırdı. Yazanda da ərəb əlifbası ilə yazırdı.
- Kimlər evinizin qonağı olurdu?
- Həmin illərdə sənət aləmində olan demək olar ki, hər kəs. Şəmsi Bədəlbəyli, Tofiq Quliyev, Vasif Adgözəlov, Bəxtiyar Vahabzadə, Maestro Niyazi, Şıxəli Qurbanov, Ramiz Mustafayev və başqaları.
- Bəs siyasətçilərdən?
- Vəli Axundov ailəmizin çox yaxın dostu idi. Hətta bizim bu evi Vəli müəllim atama bağışlamışdı. Ondan əlavə I Katib işləmiş İmam Mustafayev də ailəmizin çox yaxın adamı idi.
Anamın ad günündə atamı dəfn etdik...
- Bildiyimə görə, atanız ananınız ad günü ərəfəsində dünyasını dəyişib...
- Həmin vaxt belə bir qəribə hadisə baş verdi. Anam həmin ərəfədə disertasiyanı yazırdı. Atam da qonaq çağırmağı çox sevirdi. Anam bilirdi ki, atam yenə adamları evə yığacaq. Ona görə atama dedi ki, bu ad günündə ona imkan versin. Gələn il qonaqları dəvət edər. Atam həmin vaxt anama dedi: "Görərsən, ayın 11-də bütün Azərbaycan bizdə olacaq”. Həqiqətən də elə oldu. Bütün Azərbaycan həmin gün bizdə idi... Anamın ad günündə atamı dəfn etdilər. Sonralar da anam bizə özünü ad günü münasibətilə təbrik etməyə icazə vermədi. ( Red - Kövrəlir)
Atamın son danışığı Bəxtiyar Vahabzadə ilə oldu...
- Necə xatırlayırsınız həmin günü?
- 1973-cü il dekabrın 9-u idi. Həmin gün atam sanki öləcəyini bilirdi. Nəsibə xanımla birgə Politexnik Universitetinin tələbələri ilə görüşdən gəlirdi. Evə qayıdıb, yeməyini yedi, telefon dəftərini istədi, 2 saata yaxın bütün dostlarına zəng vurub hamı ilə danışdı. Ən sonda həmyerlisi və dostu Bəxtiyar Vahabzadə ilə danışdı. Yarı zarafat, yarı ciddi "ölürəm, gedirəm o dünyaya, dədənə sözün varsa, de” söylədi. Bəxtiyar müəllim də elə o tonda cavab verdi: "gedirsənsə, dədəmə de ki, mənə nə çatacaqsa, sənə versin”. Atam dedi: "yox e verməz, tanıyıram, sənin dədən simicin biridir. Elə bilər ki, mən sənə çatdırmayacağam”. Bəxtiyar müəllimə danışıb telefonu yerə qoyub, yataq otağına keçdi. Üstündən 5 dəqiqə keçmədən otaqdan səs gəldi. Sanki atam boğulurdu. Həkimi gəldi, elə bilmişdi ki, komaya düşüb. Atamı Rusiyaya aparmaq üçün xüsusi təyyarə də danışdılar. Həmin vaxt komada idi. Anamla son sözündə demişdi ki, əziyyət çəkməsin, onun həyatı artıq bitir. Səhər oldu. Anam Bəxtiyar Vahabzadəyə zəng vurub atamın öldüyünü dedi. O eşidəndə inanmamışdı.
- Lütfəli müəllimin dəfnindən sonra 40 gün iştirak edən yad bir oğlan kim idi?
- Bir dəfə başında bahalı papaq anamla küçədə gedirmiş. Qəfil tindən bir oğlan çıxır və onun başından papağını götürüb qaçır. Atamın tükü də tərpənmir - necə var, elə də yoluna davam edir. Oğlan baxır ki, kimsə onun dalınca qaçmır, arxasında gələnlərdən biri Lütfəli Abdullayevdir. Yaxınlaşıb papağı təzədən arxadan atamın başına qoymaq istəyəndə atam onun qolundan tutur və oğlanı evə gətirir, anama süfrə açmağı tapşırır, yeyib-içirlər, sonra da oğlana pul verib yola salır. Anam niyə belə etdiyini soruşanda deyir birincisi oğlan papağı qaytardı, ikincisi yəqin ona pul lazımdır deyə papağı oğurlamaq istəyirdi. Atam öləndə oğlan gəlib 40 gün yas mərasimində bizə kömək elədi.
Atamın küçədən tapdığı qız ölənə kimi bizdə qaldı...
- Çox olub, belə yad insanların sizin ailə üçün doğmalaşması?
- Atam humanist insan olduğu üçün hər kəsə can yandırırdı. Bizdə köməkçi kimi çalışan Dusya adlı qızın bizə gəlməsinin maraqlı tarixçəsi var. O vaxtlar Molokan bağında işsiz qızlar gəlib dayanırdı. İmkanlı adamlar oradan qızları götürüb evdə köməkçi kimi saxlayırdılar. Bir gün atam Molokan bağından keçəndə görüb ki, 14 yaşında bir qız tək oturub. Atam ondan burada niyə oturduğunu soruşanda cavab verib ki, iş axtarır. Elə o vaxtdan Dusyanı atam evə gətirdi. O qız evimizdə ailə üzvü kimi idi. Çox yaxşı insan idi. 14 yaşından ölənə kimi bizdə qaldı. O iyunun 13-də rəhmətə getdi. Anam özünü ağlayıb, öldürürdü. Dusyanı biz dəfn etdik. Onun ölümündən 6 ay sonra anam da rəhmətə getdi. Elə bilirdik ki, Dusya bizim bacımızdır. Atam ona çox hörmət edirdi.
Bir dəfə evimizdə təmir aparan ustalardan biri Dusyaya xoşagəlməz söz dedi. Atam onu eşidəndə ustaları evdən qovdu. Usta deyəndə ki, o qulluqçudur. Atam onun üstünə qışqırıb, " o qulluqçu deyil, mənim qızımdır”, demişdi.
- Dusyanın ailəsi bəs hardaydı?
- O, Şamaxı rayonun yanında yerləşən bir kənddən gələn molokan idi. Atam onların ailəsinə də baxırdı. Molokanlar o vaxtlar daha çox kələm satışı ilə məşğul olurdu. Atam kolxoz sədrinə demişdi ki, bazarda bir hissəni molokanlara versinlər. Şəhərdə deyirdilər ki, ora Lütfəli Abdullayevin yeridir. Atam oranı pulsuz molokanlar üçün tutmuşdu.
- Lütfəli Abdullayevin qızı olmağınız sizə çox qapılar açıb?
- Əlbəttə... Bu günə kimi. Bizim oturduğumuz bu ev tamamilə yanmışdı. Fikirləşdim ki, mənim təmirə imkanım çatmaz. Evdə bir dənə də o lsun əşya qalmamışdı. Atama görə hörmətli nazir evi təmir etdirdi.
Yanan evimi Kəmaləddin Heydərov təmir etdirdi...
- Hansı nazir?
- Kəmaləddin Heydərov. .. Evim yanan vaxt Kəmaləddin müəllim məni yanına çağırdı. Dedi ki, evimin yanması barədə niyə ona bir söz deməmişəm. Bu görüşdən sonra cənab nazirin tapşırığı ilə evim tamamilə təmir edildi. Mən həyatım boyu bu təmiri edə bilməzdim.
- Atanızın davamçısı kimi görürsünüz?
- Heç kimi... Oğlum Zəki tam başqa xarakterdə insandır. Bacım Xurşud da ciddi musiqi ilə məşğuldur. Bilirsiniz , Lütfəli Abdullayev heç vaxt gülməzdi. Onun bir hərəkəti, sözü insanları güldürüdü. Özü də bu gülüşdə bir düşündürücü hal olurdu. Ona görə də bu gün Lütfəli Abdullayevdən yoxdur.
Çingiz Mustafayevlə diskotekada tanış olduq...
- Gülnarə xanım, siz Milli Qəhrəman Çingiz Mustafayevin nişanlısı olmusunuz. Necə yaranmışdı bu münasibətlər?
- Çingiz Mustafayevlə tanışlığımız təsadüfən olub. Bacım Xurşud Konservatoriyanın komsomol katibi idi. Bakıda Abşeron adlı bir kafe var idi. Hər dəfə bir komsomol katibi həmin kafeni yoxlamağa gedirdi. Bacımın növbəsi olanda məni də özü ilə apardı. Ömrümdə birinci dəfə idi ki, diskotekaya gedirdim. Anam eşidəndə ki, diskotekaya gedirik, tərəddüd etdi. Amma bacım onu razı saldı. Çingiz Mustafayev həmin vaxt orada DJ işləyirdi. Səhnəyə çıxanda gözü mənə sataşdı. Elə bu baxışdan sonra bir məhəbbət başladı. Bu 1979-cu il idi. Oradan çıxandan sonra bizim arxamızca evimizə qədər gəlmişdi. Səhər mən dərsə gedəndə gördüm ki, Çingiz evimizin aşağısında məni gözləyir. Beləliklə münasibətlərimiz yarandı. Artıq dekabrda Naxış xanım bizə elçi gəldi. Anam da nişanlanmağımıza razı oldu.
Biz düz 4 il nişanlı qaldıq. Anam çox ciddi insan idi. Çingizin diskotekada işləməsi, xarici görünüşü anama xoş getmirdi. Bildiyimiz kimi Çingizin saçları uzun idi. Anam bir qədər fərqli düşünürdü. Çingizin anası Naxış xanım gözəl insan idi. Biz son günə kimi onunla əlaqəli idik. Çingizlə ayrılığımıza səbəb anam oldu. Onun sözündən çıxa bilməzdim. Çingizin ailəsi ilə bu gün də yaxşı münasibətlərimiz var.
- AzTv-də işləriniz necədir?
- Hər şey yaxşıdır. Mən musiqi şöbəsində rejissoram.
Aygün Kazımovanın ilk klipini mən çəkmişəm...
- Rejissor kimi yəqin klipləriniz də olub. İlk klipinizi kimə çəkmisiniz?
- İlk iş birliyim Aygün Kazımovayla olub. Bu həm də Aygün xanımın ilk klipi olmuşdu. O vaxt zəmanə başqa cür idi. Pul söhbəti olmurdu. İndiyə kimi yadımdadır ki, klipdə çəkilmək üçün bacımın böyük bir itini çəkiliş meydançasına gətirdik. Həmin vaxt Aygün xanımı və bizi çəkiliş məkanına Nurəddin bəy ( Red- Nurəddin Xocanı nəzərdə tutur) aparıb, gətiridi. Çəkilişdən sonra kiçik bir qəza oldu. Heç birimiz zədə almadıq. Bircə itin başı maşına dəyib zədələnmişdi. Bu bir az əhvalımızı pozmuşdu. Aygün xanımdan klip çəkilişi üçün pul da almadıq. Belə bir maraqlı məqam yadıma düşdü. Aygün Kazımova gözəl insandır. O xanımın xətrini çox istəyirəm. Bilirəm ki, onun da mənə münasibəti yaxşıdır.
- Böyük bir sənətkarın rejissor qızının cəmiyyətə sözü nədir?
- Bu xalqı və ölkəni sevək. Sevgi olmasa, hər şey dağılar. Hər evi, hər küçəni, hər oturacağı belə sevməliyik.