Mənim də jurnalistlik qismətimdə Zəngilansız Zəngilandan yazmaq, Zəngilansız zəngilanlıları utandırmaq varmış. Çünki bu yazını yazmaq o qədər də asan olmadı. Hansına üz tutdum, hamısı bir ağızdan "danışmağa utanırıq, o torpağa ki, ayaq basa bilmirik, o torpağın ki, suyundan içib, havasından udub, qucağına sığınıb, başına sığal çəkə bilmirik, hansı üzlə danışaq”, - dedilər. Amma ürəklərinə daş bağlayıb danışdılar…

Картинки по запросу zəngilan şəhəri

1993-cü il oktyabrın 29-da işğal edilən, Qarabağ savaşında 188 şəhid verən, Bakı və Sumqayıt da daxil olmaqla 47 rayonda pərən-pərən düşən zəngilanlılar qulağınız bizdə olsun. Yaranızın qaysağını qopardığım üçün siz Allah, məni bağışlayın.

"Deyirdi ki, gəlin kəndə Babaliyə gedək”

Qulu Məhərrəmli, tanınmış jurnalist, professor:

- Mən kəndimizi xarakterizə eləyəndə həmişə gözümün qabağına insanların sadəliyi, doğmalığı, istiqanlılığı gəlir. Qaçqın həyatı yaşayırlar, amma yenə də o adamlarla görüşəndə ilk təmasdan həmin istiliyi hiss edirsən. Düzdür, soluxublar, bir az gözlərinin işığı azalıb, yaşlanıblar, saçları ağarıb, ancaq yenə o doğmalığı saxlayıblar.

Ömrünün sonuna yaxın anam yaddaşını itirmişdi, yalnız torpaq yaddaşı qalmışdı. Qəfildən dururdu ayağa, deyirdi ki, gəlin kəndə Babaliyə gedək. Bu, bizə həddən artıq pis təsir edirdi. İnsan hətta ən ağır vaxtında belə yaddaşının çox hissələri qapansa belə, torpaq, uşaqlıq yaddaşı, üstündə doğulduğu, böyüdüyü torpağa aid olan yaddaş hissi çox təmiz, toxunulmamış, təravətli qalır.

"Ən son evimizdən çıxarkən divarlarını öpmüşdüm”

Filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürova :

- Yadımda müharibənin törətdiyi fəsadlar qalıb. Ermənilərin rayonu atəşə tutduğu zaman zirzəmilərdə səhərə qədər gecələməyimiz yadımdan çıxmaz. Zəngilan işğalın son günündə çox itki verdi. Elə şəhidlərimiz oldu ki, onları aparıb məzarlıqda dəfn etməyə düşmən macal vermədi. Şəhidlər var idi ki, yaşadıqları evin həyətində sonuncu gün dəfn olundu. Ən son evimizdən çıxarkən divarlarını öpmüşdüm.

Zəngilan mətbəxindən də danışım: Zəngilanlılar ən çox ətdən hazırlanan yeməkləri xoşlayırlar. Özəl yeməklərindən plovun növlərini deyə bilərəm. Göyərtilə hazırlanan plova "Çilav” deyirlər. Qatıqla yeyirdilər bunu. Çay maşı (balaca lobya – C.) ilə bişirilən aşa "Maşlı aş” deyirdilər. Plovun dibinə də toyuq döşəyirdilər, çox dadlı olurdu. Həmin bu balaca maşdan ətsiz dolma da bişirənlər olurdu ki, bu xörəyin adı "Yalançı dolma” adlanırdı.

"Deyirdi, məni Zəngilana - qəzaya düşdüyüm yerə aparın”

Ceyhun Musaoğlu, jurnalist:

- Bakıda hərbi xidmətdə idim. Radiodan eşitdim ki, düşmən Zəngilanı da işğal etdi. Evimizlə əlaqə saxladım, hamı bizim Mehdiabaddakı ikiotaqlı evimizə sığınmışdı. Əmim yaralanmışdı. Bibim qaçqın düşərkən qəzaya uğrayıb onurğasını sındırmışdı, 20 il yataq xəstəsi oldu, sonra öldü. Öləndə 45 yaşı vardı. Dünyanın bütün həkimlərinə göstərdilər. Deyirdi, məni Zəngilana - qəzaya düşdüyüm yerə aparın, orada sağalacam, ayağa duracam. Apara bilmədik, özü getdi - cismi Mehdiabaddakı torpağın altına, ruhu Zəngilana.

Uşaqlığımın hissələri arasında Zəngilanın xüsusi yeri var. Oxçu çayında çimmək hər günümüzün arzusu idi. Çaydan qayıdanda çubuqla döyüləcəyimizi bildiyimiz halda yenə gedirdik. Nənəm barmağı ilə qolumuzda cız açırdı, bununla çayda çimib-çimmədiyimiz yoxlayırdı. Çimmişdiksə, qolumuza lilin xətti düşürdü. Vəssalam, bir-iki çubuq yeyəndən sonra yatmağa yollanırdıq. Qəribədir, bu gündən baxanda o günlərdə nə qədər xoşbəxt olduğumuzu görürəm. Ən böyük arzumuz "somakat” düzəltmək, bilyard oynamaq, çayda çimmək idi. Hamısını da həyata keçirirdik. Üç arzunun üçünə də çatırdıq. İndi min arzumuz var, biri də həyata keçmir.

Babamgilin evi iki mərtəbəliydi. Zəngilanda iki mərtəbəli ev az idi. Deyirdilər ki, üç mərtəbə tikmək ümumiyyətlə düzgün deyil, torpaq yumuşaqdı, ev uça bilər. Ancaq işğala bir neçə il qalmış əmim 3 mərtəbəli ev tikdirdi. Və qaldı ermənilərə. Babamgilin evini nənəmlə babam tikmişdi. Çay daşlarından. Babam daş verib, nənəm hörüb. Gopa bənzəyir, eləmi? Amma həqiqətdir. Daşları çaydan əmilərim, bibilərim daşıyıb. 4 bibim və 3 əmim hamısı ali savad aldı. Atam iki universiteti qırmızı diplomla bitirdi. Kasıb yaşayırdılar. Babam Böyük Vətən Müharibəsi əlili idi. Əl və ayaq barmaqlarını don vurmuşdu. Zəngilandan danışanda daha çox bir süfrə arxasında çörək yediyimizi xatırlayıram. Hamı yerdə bardaş qurub oturardı, babamdan başqa. O, stolun başında tək otururdu. Əvvəl-əvvəl məni də stolda oturmağa icazə verdilər, qonaq idim ona görə, sonra gördüm qara qarğaya oxşayıram, düşdüm yerə”.

Bilirəm ki, nə vaxtsa Zəngilanı qaytaracaqlar. 7 rayon onsuz da qaytarılmaq üçün alınıb. İlk getdiyim yer Oxçu çayı olacaq. Gecəni də orada qalacam. Xoşbəxt onda olaram ki, gecəni də orada ölüm. Hərə bir yerdə mütləq öləcək. Kaş bütün zəngilanlılar, Oxçu çayının kənarındakı daşların üstündə ölsün. Eləcə uzansın, başını daşa qoyub ömrünü sona çatdırsın. Əlbəttə Allahın verdiyi ömrü tam və ləyaqətlə yaşayandan sonra.

"Hamımız Araza girdik, ölən öldü, qalan da…”

Zəminə Əliyeva, jurnalist:

- Onda mənim 12 yaşım var idi… Müxtəlif istiqamətlərdə döyüşlər getsə də, könüllülərin bu fədakarlığı bizim torpaqları işğal zəncirinin halqasına çevirməkdən xilas edə bilmədi. Oktyabrın 26-ını heç unuda bilmirəm. Zəngilan artıq mühasirədə, əhali çaşqın vəziyyətdə idi. 6 aydır qaranlıqda yaşayan əhali üstəlik mühasirədə də qalmışdı. İranla danışıqlar nəticəsində sərhədlər açıldı və Arazı keçməklə bizi müşayiət edən güllə yağışından uzaqlaşa bildik. Arazın o tayı, bu tayı anlayışı da öz təsirini itirmişdi o zaman. Hamımız Araza girdik, ölən öldü, qalan da…

Top mərmiləri altında əhalinin götürə biləcəyi yük ancaq canı idi. Amma maşının yük yerində olanların da neçəsi suya düşüb boğuldu. Camaat Zəngilanı tərk etmək istəməsə də, buna məcbur idi. Oktyabrın 28-də yağan yağışlardan sonra isə Araz daşmışdı. Tanklar Arazı keçəndə və Araz boyu yanan torpaqları gördükcə ağlayırdım.

Mənim yaddaşıma mismarlanan isə bir toy mənzərəsidir. O toyda ki, bir sinfin oğlanları qol açıb oynayırdı. Və çox keçmədən onların hamısı vəhşiliklə qətlə yetirildilər. Bir yerdə şənləndik, amma ayrı-ayrı faciəli xəbərləri gəldi. Bu barədə xatirələrimi "Sarı torpaq qoxusu” adlı yazımda ifadə etməyə çalışmışam.

Xaricdə yaşayan qohumlarımız vasitəsilə kəndimizin dağılmış təsvirlərini əldə etmişdik və mən 2004-cü il 8 mart günündə bu kadrlar əsasında material hazırlamışdım. Nə kənddən, nə də qəbiristanlıqdan əsər-əlamət var idi. Ölülərimizin ruhunu, xatirəsini mərmər daşlarla birgə satışa çıxarmışdılar. Anamın qəbrini təsvirlərdə axtarsam da tapa bilmədim. Birdən, gözüm təsadüfən yerdə sınıb qalmış daşa və onun üzərinə yazılmış sözlərə sataşır. Acgözlüklə oxudum:

Acgözlüklə oxumağa çalışıram.

Apardı yaman qəm kədər məni

Apardı Günəş bu səhər məni

Mənim də ömrümü sən yaşa qızım.

Yad edib bu qədər ağlama məni.

Beləcə daşlaşmış sözlərlə anamın dağılmış məzarını tapdım.

O yerlərdə çəkdirdiyim şəkillər olub, amma qeyri-adi bir vəziyyətdə oradan çıxanda heç bir şəkil götürə bilməmişəm.

"Bağışla məni ata!”

Afət Telmanqızı, jurnalist:

- Üşüyürəm. Sənsiz çox darıxıram. Nə səsim yetir, nə əlim çatır. 23 ildir yolları, izləri itirmişəm. Ziyarətinə gelə bilmirəm sənin. 23 ildir görmürəm səni. Bağışla məni, əgər bağışlamaq mümkündürsə. Bakıda dünyaya gəlsəm də, burada boya-başa çatsam da, qəlbimdə hər zaman Zəngilan sevgisi, beynimdə "tətil başlasaydı, Zəngilana gedərdim” fikri oldu. Beləcə, 14 il yay ayları valideynlərimlə Zəngilana yol aldım. Bu yolun isə 14-ündə bitəcəyini heç ağlıma da gətirmədim. Bu soyuq payız günü, onu itirəcəyimizi haradan bilərdim. O gün heç yadımdan çıxmayacaq. Qardaşımın Türkiyə universitetərindən birinə, mənim isə Bakı Dövlət Universitetinə qəbul olunma xəbərimin sevincini gözdolusu yaşamaq həvəsimiz bir anda yarıda qaldı. O acı xəbər gəldi. Anamın hönkürtüsü, otaqda var-gəl etməsi, bu gün də gözlərimdə donub qalıb. Axı hər kəsimiz o tayda qalmışdı. Torpağımıza düşmən ayağı dəymişdi. Zəngilan mühasirədə idi. Hamı əlin üzmüşdü ondan. Zəngilan tək qalmışdı. Araz çayı yeganə çıxış yoluydu. İran tərəfi ilə aparılan danışıqlar nəticəsində çay üzərindəki bənddə suyun bağlanması 30 mindən çox insanın qurtuluşu oldu. Zəngilan son anadək savaşdı. 188 şəhid verdi. Zəngilan sonuncu işğal edilən rayon oldu. Mən o gün tək ata-ana yurdumu itirmədim, orada məzarını qoyub gəldiyim əzizlərimi ziyarət haqqını itirdim. Atamın, nənəmin, babamın əmimin məzarlarını ziyarət etmək haqqını itirdim. Atamla dərdləşmək istəyirəm, amma bunu edə bilmirəm. Qəlbim sızlayır, nə vaxtadək yuxuda atamın qəbrinin uçurulduğunu görüb hıçqırtı ilə yuxudan ayılacam. 23 il çox oldu axı. Bağışla məni ata, bağışla məni Ata yurdum!

Картинки по запросу zəngilan

… Zəngilanlılar danışdıqcı nə vaxtsa o gözəl bölgədə olmamağıma görə təəssüflənirəm. Amma ümidim daha çoxdur. Bilirəm ki, o yerlər alınacaq və jurnalist həmkarlarımla bərabər Zəngilana yol alacağıq. İnşallah!

Cəvahir Səlimqızı

.