Bu günə qədər Azərbaycanda dövlət vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin məbləği 3,7 milyard manat təşkil edib.

Bu barədə İpoteka və Kredit Zəmanət Fondundan bildirilib.

Məlumata görə, bunun 1 milyard 16 milyon manatı güzəştli ipoteka kreditlərinin payına düşür.

Qeyd edilib ki, 2020-ci ildən başlayaraq ölkədə satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlara kirayə mənzillər təqdim olunur. Ötən dövrdə mexanizm çərçivəsində Bakı, Sumqayıt şəhərləri, habelə Abşeron rayonu üzrə 17 müxtəlif ünvanda kirayə mənzillər vətəndaşların seçiminə təqdim edilib.

İndiyə qədər Fondun həyata keçirdiyi ipoteka kreditləşməsi və satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi vasitəsilə 64 647 ailənin mənzil şəraiti yaxşılaşıb. Bu çərçivədə 56 190 ipoteka krediti verilib və 8 457 vətəndaşla satmaq öhdəliyi ilə kirayə müqaviləsi bağlanılıb. Fondun yaşayış maliyyəsi alətləri vasitəsilə mənzil şəraitini yaxşılaşdıranların 70 faizə yaxını gənclər və gənc ailələrdir.

.