Rəsmi Moskva Ermənistanın rusiyalı hərbi jurnalist Dmitri Seleznyovu ölkəyə buraxmamasına münasibət bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə təmsil etdiyi qurumun Seleznyova Ermənistana girişə qadağa qoyulmasına diqqət yetirdiyini söyləyib.

“Hazırkı Ermənistan hakimiyyəti söz azadlığı, plüralizm, şəffaflıq, öz fikrini sərbəst ifadə etmə dalğası fonunda hakimiyyətə gəlmişdi. Baxın, bütün bunlar nəyə gətirib çıxardı. Seleznyova qarşı qadağanın müddəti, jurnalistin Ermənistan ərazisində hansısa cinayətdə ittiham olunması və onun bu qadağanın ləğv edilib-edilməməsinə necə ümid edə bilməsi barədə məlumatın olmaması faktı həyəcan doğurur. Yaxşı məlumdur ki, Dmitri Seleznyov 2020-ci ildə Qarabağ münaqişəsində reportyorluq edib. Amma onun orada nəyi düzgün etməməsi anlaşılan deyil. İrəvandakı səfirliyimiz xətti ilə Seleznyova qarşı qoyulan qadağanın səbəbini soruşmuşuq. Ümid edirik ki, bu, Seleznyovun jurnalist fəaliyyəti ilə bağlı deyil”, - o qeyd edib.

Rusiya XİN sözçüsü rəsmi İrəvanın bu addımının Ermənistan Respublikasının hüquqi-demokratik obrazı ilə uyğun gəlmədiyini vurğulayıb.

Qeyd edək ki, “Wargonzo” internet layihəsinin jurnalisti Dmitri Seleznyovun İrəvan hava limanına girişinə icazə verilməyib. Seleznyovun ailəsi ilə birlikdə Ermənistana istirahət üçün getdiyi qeyd olunub.
 

.