Azərbaycanın səfalı və füsunkar guşələrindən olan Masallı çox qədim tarixə malikdir. Aparılan arxeoloji, elmi tədqiqatlar və yazılı mənbələr göstərir ki, Masallı ərazisində qədim insanlar 15-20 min il bundan əvvəl yaşayıb. Bu diyar antik dövrdə Manna, Atropatena dövlətlərinə, sonralar Qafqaz Albaniyasının Kaspiana vilayətinə daxil olub. XVI-XVIII əsrin ortalarına qədər Masallının indiki ərazisi Səfəvilər dövlətinin tərkibində olub. XVIII əsrin ortalarında yaranan Talış xanlığı bu ərazini də əhatə edib. XIX əsrin ortalarında Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının ərazisi Lənkəran qəzası adlanıb. Azərbaycanın cənubunda yerləşən Masallı rayonunda 10-dan artıq müxtəlif xalqların nümayəndəsi yaşayır.

Publika.az-ın "Haralısan” layihəsində Masallıdan olan tanınmışlar danışıb.

"Dərsdən qaçdım və…”

Elşən Rüstəmov, aktyor, Əməkdar artist:

- Masallı camaatı həmişə qonaqpəravərliyi və bir də gözəl təbiəti ilə seçilib. Bir sərt xüsusiyyətləri var, o da həddən artıq mühafizəkar olmalarıdır. Həyatımın ən gözəl dövrü olan uşaqlıq çağlarımı Masallıda keçirmişəm. Ondan sonra yaşadığım illər həyatımda sən deyən iz buraxmayıb. Bu da təsadüf edir 1970-ci illərə.

Atam təhsil aldığım dil-ədəbiyyat müəllimi idi, buna görə məsuliyyət daşıyırdım. Bir gün sinif yoldaşlarıma qoşulub dərsdən qaçdım, bu, mənə çox ağır başa gəldi. Bizim bölgədə çoxlu çay planitasiyaları olduğundan bizə çayçılıq adlı dərs saatı ayırmışdılar. Bir gün dərsdən qaçdıq və uzaqdan gördük ki, direktorumuz İsgəndər müəllim maşınla gəlir. Bizi görəndə gözləri necə bərəldisə, qorxudan tir-tir əsməyə başladıq. Amma geri qayıtmaq artıq gec idi. Səhəri gün hamımızı sıraya düzüb o ki, var danladı. Xəbər atama da gedib çatdı.

Bir xatirəmi də bölüşüm: Uşaqlıqdan musiqiyə böyük həvəs göstərirdim, qarmon çalırdım. Hər gün avtobusa minib rayon mərkəzinə musiqi məktəbinə gedib-gəlirdim. 4-cü sinifdə oxuyurdum onda. Sizin kimi bir jurnalist xanım gəldi və məndən müsahibə aldı. Səhəri gün Masallının "Çağırış” qəzetində şəklim və müsahibəm çıxdı. Bir günün içində 4-cü sinifdə oxuyan oğlan məşhur oldu. İndi də o hadisəni xatırlayanda içimi sevinc hissi doldurur.

"Deputat göstəriş verdi ki, hamı ayağa qalxsın”

Baloğlan Əşrəfov, müğənni, Əməkdar artist:

- Masallı mənim doğulduğum yer, xatirələrimin beşiyidir. İlk dəfə məni müğənni kimi alqışlayan da Masallı camaatı olub. İlk dəfə mahnılar oxuyanda cavan uşaq idim. Bir xatirəm yadıma düşdü, qoyun danışım. Sovetin vaxtlarında dedilər ki, SSRİ ali sovetinin deputatı Zəhra Salayeva Masallıya gəlir. Bu münasibətlə konsert təşkil elədilər, onda heç məşhur deyildim, elə toyda-məclisdə oxudurdular. Mən o konsertə çıxıb oxudum. Deputat ayağa qalxdı və başladı məni alqışlamağa. İfam o qədər xoşuna gəlmişdi ki, bütün zala göstəriş verdi ki, ayağa qalxıb, məni ayaqüstə alqışlasınlar. İkinci mahnını da hazırlamamışdım, amma bu alqışlardan sonra başladım yenə oxumağa. Heç vaxt yadımdan çıxmır bu hadisə.

Masallı dadlı mətbəxi, gözəl təbiəti, zəhmətkeş insanları ilə məşhurdur. Orda bişirilən ləvənginin dadını heç yerdə almaq mümkün deyil.

"Məni qol-qıç edib düz apardı məktəbə”

Cavanşir Yusifli, tənqidçi:

- Masallıda keçirdiyim uşaqlıqla bağlı xatirələrim çoxdur. Birini danışım. Düşünürəm ki, hər kəsdə belədir. Nədənsə, yalnız uşaqlıq adlanan guşə şəffaf qalır. Amma insan həyatında gərək nələrsə baş versin ki, oradakı olaylar canlansın. Yəni, sual verməklə deyil. Məncə, biri belədir. Birinci sinfə getmək yaşım çatmışdı. Ancaq nədənsə məktəbə getmək, düzü, oxumaq istəmirdim. İzaholunmaz qorxu vardı. Candərdi qardaşımla getdim məktəbə. Cəmi 24 günüm çatmırdı. Götürmədilər. Mən də sevindim. Sonrakı il təxminən bir il gecikməm vardı. Bu dəfə də məktəbə heç getmək istəmirdim. Bu məqsədlə, dərs ili, sentyabrın 1-i gələn kimi evdən qaçdım, ancaq çox uzağa gedə bilmədim. Evimizdən asfalt yola qədər bir az vardı, qəbiristanlığın yanına çatmışdım ki, əmioğlu məni yaxaladı, qol-qıç edib düz apardı məktəbə. Özü də yay paltarında (şortik-mayka), düz sinfin ortasına atdı. Bir neçə gündən sonra maraqlı gəldi və oxumalı oldum. Sonra oxumaqdan doymadım. Belə bir şey də olmuşdu. Bir gün hansı fəndənsə 2 almışdım, necə olmuşdusa. Qorxurdum evə getməyə. Gecəni banda keçirdim.

"Qız alanda göyçəyin al, ağlı qalıb baxtına”

Zahir Əmənov, jurnalist:

- Təbii ki, Azərbaycanımızın hər guşəsinin özünəməxsus bir gözəlliyi olduğu kimi Masallının da şair demişkən öz "türfə əlamətləri” var. Cənubla lap bir az tanışlığı olanlar bilir ki, təbiət Masallıda heç nəyi əsirgəməyib-uca dağlar, nadir ağaclar zəngin meşələr, hər nemət yetirən bərəkətli torpaq və sair. Özəlliklərə qalanda Masallı meşələri dəmirağac kimi nadir ağaclarla zəngin olan yerdir. Masallı İstisuyu cənubda digər İsti sularla müqayisədə daha qızmar, daha müalicə əhəmiyyətli sudur. İstisu ərazisində "Donuzütən” deyilən bir yer var. Hansı ki, 20-30 metr yüksəklikdən tökülən bu su o qədər qaynardır ki, keçmişdə ovlanmış donuzları burada ütərmişlər. Hələ "Yanar dağ” və digər təbiət möcüzələrini demirəm. Masallı adının haradan yaranması barədə çoxlu versiyalar var. Bunlardan da biri odur ki, Masallı məsəl çəkənlər məskənidir. Bunu Masallıya qədəm qoyan kimi hiss etmək mümkündür. Rəhmətlik Səriyyə nənəm və Mənsumə anam da tez-tez məsəl çəkərdilər. Bu məsəllərin çoxunu elə özləri yaradardı. Səriyyə nənəmin yarızarafat dediyi bir məsəl heç yadımdan çıxmır. O deyərdi ki, qız alanda göyçəyin al, ağlı qalıb baxtına. Mən qarışıq bir neçə qohumun buna əməl etdi və ikitərəfli udduq. Masallıların qonaqpərvərliyinə heç kimi şübhəsi ola bilməz. Hətta ev tikəndə əvvəl bir qonaq otağı inşa edir, sonra digər otaqlara başlayırlar. Bir zəif cəhətləri isə odur ki, ev tikəndə o qədər geniş tikirlər ki, ömürlərinin sonuna kimi inşaat işlərini baş çatdıra bilmirlər. Bunları eşitməkdənsə Masallıya gəlib öz gözlərinizlə görsəniz daha yaxşı olar. Həm ləvəngili mətbəximizlə tanış olar, həm də xoruz səsi eşitməyən məsəllər, rəvayətlər dinləyərsiniz.

… Nəzərə alarıq hörmətli həmkarımız. Masallıda bir neçə dəfə olmuşam. Yayda o yerləri gəzib-dolaşmağın ayrı ləzzəti var. Gözəl təbiətinə söz ola bilməz. Nə qədər tərifləsək də, Masallının gözəlliyi qarşısında zəif görünəcək. İnsanlarına gəlincə, zəhmətkeş, istiqanlı, amma həddən artıq mühafizəkar olurlar.

Cəvahir Səlimqızı

.