
Ərəblərin mərhum İmam Xomeyninin tövsiyəsindən nəticə çıxararaq, birləşib özlərini müdafiə eləmələri üçün ABŞ-ın verdiyi yüksək dozalı yuxu həblərindən imtinalarına, qorxulu röyalardan silkələnib oyanmalarına, eyni zamanda yatmış vicdanlarını da oyatmalarına ciddi ehtiyac var. Artıq III minillikdir - XXI əsrin 15-ci ilidir. Qərbin humanizm maskası çoxdan yırtılıb; indi ABŞ-ın və digər "demokratiya carçıları”nın dünyaya sülh və insan haqlarına hörmət gətirəcəyi nağıllarına kimlərisə inandırmaq, ATƏT-in Minsk Qrupunun Qarabağı ermənilərdən alıb Azərbaycana qaytaracağı sərsəmliyini bizə sırımaq qədər çətindir. Lakin rəsmi Vaşinqtonun xeyir-duası ilə hərbi çevriliş nəticəsində hakimiyyətə yiyələnib 17 il Çili əhalisinə qan uddurmuş Avqusto Pinoçet, milyonlarla günahsız kambocalının qətlinə fərman vermiş Pol Pot, iyirmi il ərzində Filippində guya kommunist təhlükəsini önləmək adı altında ağlasığmaz cinayətlərə imza atmış Ferdinand Markos, 1971-ci ildə Haitini atası Fransua Duvalyedən miras kimi (!) qəbul etmiş Jan Klod Duvalye, Panamanın keçmiş hərbi diktatoru Manuel Norveqa, İndoneziya parlamentinin 7 dəfə dalbadal prezident seçdiyi, 33 il bu ölkədə xalqa divan tutmuş Suxarto və başqaları barədə qorxulu həqiqətlər tarixin yaddaşından silinə bilməz.
Müstəbidlik proqramlarını Mərkəzi Kəşfiyyat İdarəsinin göstərişlərinə əsasən quran, nəinki öz vətəndaşlarına, qonşuluqda yaşayan ölkələrə və xalqlara belə, zülm eləməkdən çəkinməyən Misirin müasir fironu Hüsnü Mübarək, İraqdakı şiələrin və kürdlərin cəlladı Səddam Hüseyn, "ərəb baharı”nın ilk soldurduğu Tunis gülü Zeynalabdin Ben Əli, Liviyanın təbii sərvətlərini mənimsəyərək əcnəbilərin seçki kampaniyalarını maliyyələşdirmiş Müəmmar Qəddafi də unudulacaq qədər keçmişdə qalmayıblar. Bu siyahını xeyli uzatmaq olar, tiranların demək olar hamısı Ağ Evin dəstək verdiyi hərbi çevrilişlə qan tökərək, qanuni idarəçiliyi devirərək, hakimiyyətdə kök salıblar. Onların az qala əsrin dörddə birinə çatan rejimlərinə son qoyulması da öz istəkləri ilə, könüllülük prinsipləri əsasında olmayıb, yenə həyatın dinc axarı pozulub, sakinlərin kütləvi qətliamı baş verib, yurd-yuvalar dağılıb, qan su yerinə axıb... İki aydan çoxdur ki, ABŞ-da hazırlanan dəhşətli plana əsasən Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya tərəfindən yağdırılan bombalarla xarabazara çevrilmiş Yəmənin sabiq prezidenti Əli Abdullah Saleh də belələrindəndir.
Qərbin onu himayə etməsi və azadlıq uğrunda mübarizəyə qalxmış husi hərəkatını boğmağa çalışması zəminində hər gün yüzlərlə günahsız sakin həlak olur, doğma ev-eşiyindən didərgin düşərək, qaçqın şəraitində yaşamaq məcburiyyətində qalır. Ölkə bütün dünyanın gözü qarşısında heç bir beynəlxalq hüquq normalarına və mənəvi dəyərlərə məhəl qoyulmadan dağıdılır, yerlə-yeksan edilir. Burada yaşanan insanlıq dramı artıq son həddə çatıb, beynəlxalq qurumların hələ təcavüzün ilk həftəsində yaydıqları hesabatlarda yəmənlilərə qarşı yasaq bombalardan istifadə olunduğu deyilir, həyəcan təbili çalınırdı.
Amma, nə faydası? Üzdəniraq koalisiya "bizimlə deyilsənsə, bizə qarşısan” eqoizmini rəhbər tutaraq, törədilən vəhşilikləri pisləyən, soyqırıma məruz qalanların fəryadına hay verən 1-2 ölkəni damğalamaqdan, onları başqasının daxili işlərinə qarışmaq kimi iyrənc suçlamadan çəkinmir. Sözügedən təcavüzün ilk günlərindən günahsız xalqın taleyinə biganə qalmayan, dinc kütlələrin bombalanmasına etiraz bəyanatı səsləndirən rəsmi Tehran guya şiə husiləri dəstəkləməklə öz idarəçiliyini qurmaq istəməsi ittihamı ilə üzləşdi. İran İslam Respublikasının göndərdiyi humanitar yardım gəmisi münaqişə bölgəsinə buraxılmadı, hansısa əlavə yoxlamadan keçməsi tələb olundu və sair. Bax elə burada da necə deyərlər, xoruzun quyruğu görünməyə başlayır: ərəb dünyasında qaynadılan qazanın daşıb qapağını tullamasının səbəbi heç də Salehiyə sevgi deyilmiş - uzun illər qulluq göstərmiş kadrlarını dar ayaqda taleyin ümidinə buraxmaq Amerika rəhbərliyi üçün suiçimi kimi bir şeydir, təki vurulanın yeri boş qalmasın, buyruq qulu vəzifəsinə daha şərəfsizi və amansızı tapılsın; - əks təqdirdə diktatorlar qorunur, yenidən krsloya əyləşdirilməsi fürsəti gözlənilir.
Məsələn, Hüsnü Mübarəkdən sonra seçicilərin mütləq əksəriyyətinin etimadı ilə Misirin başına gələn "Müsəlman qardaşları” ABŞ-ın və İsrailin yuxusunu qaçırmışdı. Sisinin hərbi xuntasını legitimləşdirdikdən sonra azacıq rahatlandılar və nəticədə məhkəmə ölkənin qanuni prezidenti Mursiyə ölüm, 32 illik diktatora isə bəraət (?) hökmü çıxardı. Səddamdan təzəcə İslam inqilabının qələbə çaldığı ölkəyə qarşı istifadə olundu – 8 il davam edən müharibə ölümdən, şikəstlikdən, talandan, xarabalıqdan başqa nəinki İranın inkişafını xeyli vaxt ləngitdi, bölgədə də çoxsaylı problemlərin əsasını qoydı. Lakin İraq diktatoru həddini aşıb Küveytə hücum edəndə, supergüclərin Fars körfəzindəki payına tamah salanda əvvəlki "ayı xidmətləri” yaddan çıxdı, təcili mühakimə olunub dara çəkildi və ilaxır. Uzaq-yaxın keçmişdə belə xəcalət doğuran, eyni zamanda ibrətamiz faktlar çoxdur, danışmaqka qurtarmaz. Həmin oxşar senariyə görə Ağ Ev Əli Abdullahın hələ 2011-ci ildə - "ərəb baharı”nın sürəkli dövrlərində xalqın davamlı etirazları fonunda istefa verməsini faciə təki qarşılamadı. Çünki onun yerinə müvəqqəti olaraq keçmiş vitse-prezident, general Mənsur Hadi təyinat almışdı. Növbəti seçkilərdə yeganə namizəd kimi rəqibsiz mübarizə aparan Hadi prezident kürsüsündə əyləşdi, ancaq iki il keçməsinə baxmayaraq, bütün tərəfləri təmin edən hökumət qura bilmədi, konstitusiya qəbul olunmadı, ən mühümü, Yəməndə təhlükəsizlik məsələləri həllini tapmadı. Belə bir qaynar ölkə üçünsə siyasi dialoq vüriantı çox zəruri idi. Tarixə qısa ekskurs Yəmənin ta qədimdən min cür bəlalarla üzləşməsindən, keçmişinin də qanlı-qadalı mənzərəsindən xəbər verir.
Ərəb yarımadasının aşağısında yerləşən ölkə bir tərəfdən Hind okeanı, Ədən körfəziylə əhatələnib, şimalda dağlıq ərazilərdən ibarətdir. Həmin dağlar onu Ərəbistandan ayırır. İslam dini Yəmənə hələ Məhəmməd Peyğəmbərin (s) sağlığında, Həzrət Əli (ə) və səhabə Salman Farsinin iştirakı ilə yayılıb. X əsrdən sonra Yəməndə zeydi İmamət dövləti fəaliyyət göstərib. Xeyli müddət Osmanlı imperiyasının tərkibində olub. Yaxın Şərqə girən ingilislərə görə XIX əsrin 70-ci illərindən 1918-ci ilə qədər bölgədə qalıb həm əcnəbi müdaxiləçilər, həm də yerli qəbilələrlə savaşan türk ordusunun itkilərinin sayı 300 min nəfərə yaxındır. 1962-ci ildə hərbi çevriliş vasitəsilə İmamət quruluşu devrilib və ölkədə respublika yaradılıb. Ərəb yarımadasında respublika quruluşuna malik yeganə ölkədir. 1990-cı ildə isə Cənubi və Şimali Yəmən vahid dövlətdə birləşiblər. Yüz illər ərzində burada qanlı savaşların ardı-arası kəsilməyib və kəskin qəbilə-tayfa münasibətlərinin mövcud olduğu torpaqlarda ağır müharibələr nəticəsində dözülməz sosial-iqtisadi vəziyyət yaranıb, işsizlik, yoxsulluq dərinləşib. 90-cı illərdən başlayaraq ölkənin cənubunda "əl-Qaidə” möhkəmlənib, şimal ərazilərdə isə zeydilərin husi hərəkatı formalaşaraq güclənib. Deyilənlərə görə, özü də zeydi olan Saleh əvvəl husilərə meydan versə də, onların Amerika və İsrail əleyhinə çağırışları, siyasi şüarları Qərbyönlü iqtidarın həmin tayfalara münasibətini dəyişib. Hətta 2004-2009-cu illərdə dövlət qoşunları husilərin qalası sayılan Səda şəhərinə 6 dəfə hücuma keçib. Yəmən prezidentinin 2009-10-cu illərdə reallaşdırdığı hərbi kampaniyalara Səudiyyə ordusu da dəstək verib.
...Və 2015-ci ilin əvvəlləri. Xalq elementar hüquq və azadlıqlarının bərpası tələbi ilə Sənadakı Prezident sarayı qarşısında toplaşır. Amerika strateqləri narahat olmağa başlayırlar. Axı onlar ancaq MKİ-nin şinelindən çıxan liderlərin rəhbərlik edəcəyi marionet hökumətləri iş başına gətirəcək inqilabların, çevrilişlərin, "milli-azadlıq hərəkatlarını” himayə etməyə öyrəşiblər. İndi isə meydanda xalqdır, aralarında İrana, İslam dövlətçiliyinə, haqqın müdafiəsinə meyllilər də deyəsən, gözə dəyir. Min illərlə cəhalət girdabında çırpınan yarımadada 15 əsr öncə İslam nuru parladı, Peyğəmbər seçildi, bütlər sındırıldı, Qurani-kərimin ali prinsiplərinə uyğun dövlət quruldu. İlahi vəhylərə, səmavi göstərişlərə arxa çevirib yenidən zəmanə bütləri yaradaraq təkrarən şər, zülmət, fitnə-fəsad yuvasına dönmüş ərazidə həqiqi İslam məmləkətinin formalaşmasına imkan verməkmi? Amerikanın əmrinə boyun əyməyən, İngiltərənin xoşuna gəlməyə çalışmayan, Fransanın müstəmləkə siyasətini bəyənməyən, İsraili rəsmən tanımayan daha bir dövlətin yaranmasına göz yummaqmı? Əsla yox! Beləcə, martın ortalarından Səudiyyənin müstəqil ölkəyə qarşı təcavüzü aşıq müstəviyə keçdi, geniş vüsət aldı; indi gün ərzində onlarla təyyarə guya terrorizmlə mübarizə bəhanəsi ilə Yəməni bombalayır, yaşayış məskənlərini yerlə yeksan edir, çadır düşərgələrinə sığınmış əliyalın insanları həyatdan, sağlamlıqdan məhrumlaşdırır.
Nano ixtiraları, sivil həyat tərzi, kamil ağlı, təkmil davranışı, gündəlik ibadəti, Yaradanı qarşısında borcunu ödəməsi ilə öyünən müasir dünya adamı isə yalnız və yalnız qlobal faciəyə seyrçi mövqedə qalır. Göründüyü kimi, Yəmənin dərdi çoxsaylı ərəb faciələrindən biridir; təkcə kütləvi dağıntı və insan tələfatı nöqteyi-nəzərindən yox, həm də iki qardaşı bir-birinə qırdırıb hiyləgər siyasətini həyata keçirən, regionun karbohidrogen ehtiyatlarına şəriksiz sahib çıxan Qərbin əlində alətə çevrildiklərinə görə. Yanlarında bir ovuc təcavüzkar sionist rejim Fələstin xalqının başına odlar ələyir, bir ərəb dövləti reaksiya vermir. İstər siyasi etiraz, istərsə də humanitar yardım baxımından məzlumlara dəstək yenə də İrandan və Türkiyədən gəlir. İslam Respublikasının memarı mərhum Seyid Ruhullah Xomeyni nahaqdan deməyib ki, hər ərəb bir qab su töksə, İsraili sel aparar!
Deməli, ərəblərin adıçəkilən böyük inqilabçı və mütəfəkkirin tövsiyəsindən nəticə çıxararaq o niyyətə düşmələri, həmin qaba əl uzadaraq götürmələri, su ilə doldurmaları, yəni birləşib özlərini müdafiə eləmələri üçün ABŞ-ın verdiyi yüksək dozalı yuxu həblərindən imtinalarına, qorxulu röyalardan silkələnib oyanmalarına, eyni zamanda yatmış vicdanlarını da oyatmalarına ciddi ehtiyac var. Yoxsa, uzun illər sonra da yalnız ərəblərin deyil, ümumiyyətlə müsəlmanların pərakəndəliyi və özlərinə qənim kəsilmələri üzündən rəsmi Ər-Riyad Səna üzərinə hücum çəkəcək, İordaniya Qüdsün işğalına biganəlik göstərəcək, Misir Qəzzaya gedən yeganə yardım tunelini bağlayacaq, İŞİD Suriyada və İraqda tarixi məkanları, müqəddəs ziyarətgahları partladacaq, qətliamlar törədəcək, Qarabağ, Kəşmir, Məzari-Şərif... alovlar içində yanacaq. Allah eləməsin!
(faktxeber.com)