Postmodern epoxa və postliberal dünyada Qərbin liberal siyasi və iqtisadi sistemi dərin böhran keçirir və bu faktor öz növbəsində beynəlxalq münasibətlərin matrisasında qlobal xarakterli dəyişikliklərə yol açır. Gözlərimiz önündə yeni dünya düzəni və geopolitik tarazlıqlar transformasiya olur, hətta dövlətlərin sosial formasiyası paradoksal formada dəyişir. Kollektiv Qərb və onun geostrateji Avroatlantizm siyasəti üçün ən böyük şok isə təkqütblü dünyanın çoxqütblülüyə doğru dəyişməsi kimi geopolitik evolyusiyaya məruz qalmasıdır.
Bu mürəkkəb geopolitik paradiqmada kollektiv Qərbin başlıca vəzifəsi Avroatlantik siyasi sistemə iki fundamental sferada rəqiblərin meydana çıxmasının qarşısını almaqdır. İlk növbədə Qərbin maliyyə-iqtisadi hədəfi onun dominantlığından kənarda yeni bir cazibə mərkəzinin yaranmasını önləmək, digər məqsəd isə Avrasiyada yeni hərbi-siyasi alyansın formalaşmasına hər vəchlə mane olmaqdır. Belə rəqib rolunda isə heç şübhəsiz Çin, Rusiya və Türkiyə (bəzi hallarda Hindistan, İran) çıxış edir. Bu sivilizasiyalar arasında mübarizə forma və metodları dəyişməklə artıq neçə əsrdir ki, davam edir və müşahidələr göstərir ki, həlledici mərhələyə qədəm qoymaqdadır. XIX əsr strateqlərinin xüsusilə A.Mehenin Qərbin Avrasiya üzərindəki daimi üstünlüyü və nəzarətinə əsaslanan “kontinent uğrunda böyük savaş” nəzəriyyəsi həmişə qitənin isteblişmentinin geopolitik təsəvvüründə canlı və aktual olub. Müasir Atlantistlər dünyanın təbii resuslarını sonadək mənimsəyərək Avrasiyanın Hartlend adlandırdıqları mərkəzini, yəni bugünkü Türk dünyası coğrafiyasını (Turan) “yumşaq” və “sərt” gücdən başlamış, “hibrid müharibəyədək” bütün metodlarla nəzarət altında saxlamağı hədəfləyirlər.
Lakin onlara qalan dünya üzərində böyük üstünlük təmin edən texnoloji və innovativ cəhətdən yüksək inkişaf səviyyəsinə sahib olsalar da, kollektiv Qərb Avrasiyasının güclü regional dövlətləri ilə açıq konfrontasiyaya getmir. İlk növbədə praqmatist mülahizələrə görə. Çünki, Rusiya və Çinin nüvə silahına malik olması açıq münaqişənin mürəkkəb konstruksiyası və şübhəli perspektivləri Qərbin “Avrasiyanın fəthi” strategiyasını yenidən gözdən keçirməyə vadar edir. Digər tərəfdən tamamilə ideologiyasız və hətta ideyasızlaşdırılan, sekulyarlaşan və ateistləşən, fərdi və korporativ maraqları ictimai mənafedən üstün tutan bir ruhla yetişmiş Qərb cəmiyyəti ailə, kilsə, dövlətçiliyə sədaqət kimi ənənəvi dəyərlərini itirərək bir növ “qürub” çağını yaşamaqdadır. Habelə, Qərbin silahlı qüvvələri ciddi şəkildə struktur və funksional islahatlara məruz qalaraq sayca xeyli azaldılıb və istisnasız olaraq müqaviləli əsgərlərdən ibarətdir. Bu amil onların qlobal silahlı münaqişədə qarşılarına ciddi taktiki və strateji hədəflər qoymaq və onları uğurla həyata keçirmək imkanlarını xeyli məhdudlaşdırır.
Beləliklə, obyektiv və subyektiv faktorların təsiri altında geopolitik təlatümlərin yaratdığı yeni tarixi şəraitdə zəngin dövlətçilik ənənələrinə, milli-mənəvi dəyərlər sisteminə, inkişaf etmiş sosial kommunikasiya imkanları ilə Türkiyə -Azərbaycan tandemi yeni siyasi, iqtisadi, hərbi və mədəni cazibə mərkəzi kimi beynəlxalq münasibətlərin yeni reallığına Orta Asiya və geopolitiklərin Hartlend adlandırdığı Türk dünyası coğrafiyası üçün nümunəvi əməkdaşlıq platformasına çevrilir. Mövzumuza belə uzun giriş əslində iki ölkə arasındakı əməkdaşlığın nəinki strateji, hətta qloballaşmanın indiki təsir imkanları və dərinliyini nəzərə alsaq, xalqlarımız üçün ekzistensional əhəmiyyət daşıdığını anlatmaq baxımından vacib idi.
Bu baxımdan məmnunluq hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan-Türkiyə əlaqələri tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında daim möhkəmlənməkdədir. Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmış, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçmişdir. Hər iki dövlət arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyev məhz bu vizyonun gerçəkləşdirilməsi perspektivi ilə bağlı bildirmişdir: "Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır”. Beləliklə aydın olur ki, həm ikitərəfli formatda, həm regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli regional və qlobal bir amilə çevrilibdir.
Təsadüfü deyil ki, ötən ilin 44 gün davam edən və tarixi Zəfər Qələbəsi ilə başa çatan Vətən müharibəsinin ilk günündən Azərbaycanın yanında olması mesajı ilə xalqımıza və dövlətimizə qarşı təzyiq və təhdidlər göstərən ermənipərəst dövlətlərə və beynəlxalq təşkilatlara öz siyasi gücünü nümayiş etdirən Türkiyə Qələbənin qazanılmasında maneçilik törətmək, əngəlliklər yaratmaq istəyən qüvvələrin qarşısını qətiyyətlə aldı. İyunun 15-i Azərbaycan və Türkiyə prezidentlərinin imzaladıqları Şuşa Bəyannaməsi isə bütün türk dünyasında böyük coşğu ilə qarşılandı. Bu bəyannamə hər iki müstəqil dövlətin məramını və niyyətini önə çəkdi və Türk dünyasının gələcək hərtərəfli əməkdaşlığı üçün mühüm presedent yaradaraq özündə tərəfdaşlığın bir çox vacib aspektlərini birləşdirdi. Bir daha təstiq olundu ki, Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün də mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına da güclü təsir göstərir.
Məmnunluq hissi ilə qeyd etmək istərdik ki, Türk Şurası yarandığı gündən Azərbaycan bu təşkilatın türk coğrafiyasında inteqrasiya proseslərinin avanqardına çevrilməsi üçün davamlı addımlar atıb. Şuranın indiyədək keçirilmiş bütün Zirvə görüşlərində Azərbaycan yüksək səviyyədə təmsil olunub və türk dünyası tərəfindən böyük rəğbətlə qarşılanıb. Ölkəmiz türk dövlətləri arasında ticari-iqtisadi münasibətlərin dərinləşdirilməsi, eləcə də təhlükəsizlik məsələləri üzrə ortaq fəaliyyətin gücləndirilməsi və digər istiqamətlərdə mühüm təkliflər və təşəbbüslərlə çıxış edib. Bu gün faktiki olaraq Azərbaycan və Türkiyə türk dünyasında liderliyi həyata keçirən ölkələrdir və Türk Şurasının fəaliyyətində də bu iki ölkənin lokomotiv olduğu aydın şəkildə müşahidə olunmaqdadır. Türk Şurasının növbəti zirvə toplantısı sədrliyinin Azərbaycandan Türkiyəyə keçməsi də təsadüfü deyildir.
Müşahidələr göstərir ki, Türk gücünün əsas nüvəsini formalaşdıran Türkiyə - Azərbaycan birliyi yeni dövr etibariylə fərqli və daha güclü bir mərhələyə qədəm qoymaqda, regionda gedən proseslərin yönünü müəyyənləşdirməkdədir. İnamlı və müstəqil siyasəti nəticəsində Türkiyə dövləti qlobal güc mərkəzinə çevrilib. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə rəğmən səsləndirdiyi “dünya 5-dən böyükdür” fikri günümüzün realığını özündə əks etdirir. Türkiyə prezidenti BMT Təhlükəsizlik Şurasının qərarlarının 5 daimi üzvü tərəfindən müzakirəsinin və verilən qərarların bu əsasda qəbul edilməsinin əlehinə olduğunu açıq şəkildə bildirmiş və bu sahədə dünyanın yerdə qalan hissəsindən ciddi dəstək almışdır.
Öz torpaqlarının 30 illik işğalına son qoyan Azərbaycan son dövrlər bir çox meqa lahiyələr həyata keçirir. Özündə həm iqtisadi, həm də siyasi əhəmiyyət daşıyan Zəngəzur dəhlizi nəinki Azərbaycan və Türkiyə üçün, bütövlükdə Asiya regionu və türk dünyası üçün də olduqca vacib bir layihədir. Dəhliz sayəsində regionlararası yüklər daha qısa yolla və daha az müddətdə daşınacaq və Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunda infrastruktur erməni işğalçıları tərəfindən dağıdıldığından dənizlərə çıxış imkanları bərpa edilir. Zəngəzur dəhlizinin Naxçıvanın blokadadan çıxması, Azərbaycanın Avropaya daha qısa yolla çıxışı və Avropa-Asiya arasındakı əlaqələrə də təsiri olacaq.
Zəngəzur dəhlizinin Ermənistan Respublikasının ərazisindən keçən hissəsi cəmi 46 km olsada, onun Türk dünyası, region və qlobal miqyasda strateji əhəmiyyəti heç bir rəqəmlə ifadə edilməyəcək qədər böyükdür.Xüsusilə nəzərə alsaq ki, Çin Kommunist inqilabının 100-cü ildönümü əsrimizin 40-cı illərində qeyd etməyə hazırlaşarkən dünyanın super dövləti olmağı hədəfləyir. Bu məqsədlə onun həyata keçirmək istədiyi “tək yol, tək kəmər” layihəsi özünün əlverişli marşurutlarını axtarır. Bu istiqamətdə Azərbaycan Zəngəzur dəhlizini böyük lojistik xab kimi həmin strateji yolun inkişafı istiqamətində təqdim edə bilər. Gələcəkdə on milyonlarla ton yük dövriyyəsinə qovuşacaq bu dəhliz həm də
Rusiyanın qlobal maraqları baxımından strateji əhəmiyyət daşıyır. Məlumdur ki, ABŞ-dan tankerlərlə gətirilən şist qazı Avropanın təlabatını ödəmir. Belə ki, Avropaya yönələn rus qazının əsas potensial rəqibi mövqeyindəki İran qazının isə Ermənistan və Gürcüstan üzərindən Qara dəniz vastitəsi ilə qeyd etdiyimiz geoiqtisadi məkana çəkilməsi bu ölkənin maraqlarına daban-dabana ziddir. Avropa bazarını öz monopoliyasında saxlamaq üçün Rusiya öz sərhəd qoşunlarının qoruduğu Zəngəzur dəhlizinin İran nəzarətinə girməsinə qarşıdır və bu məqsədlə Türkiyə-Azərbaycan layihəsini dəstəkləyir. Bütün bu amillər Zəngəzur dəhlizinin sabahın reallığı olacağı yönündə heç bir şübhəyə yer qoymur.
Habelə, məlumdur ki, Vətən müharibəsinin başa çatdığı ilk günlərdən etibarən dövlətimizin başçısının müvafiq tapşırıqları əsasında erməni faşizminin xarabalığa çevirdiyi yaşayış sahələrimizdə zəruri infrastrukturun yaradılması işlərinə başlanılmışdır. Bərpa işlərinin arasında Füzuli Beynəlxalq Hava Limanının qısa bir zaman ərzində tikilməsi quruculuq missiyasının bariz nümunəsidir. Bu baxımdan Qarabağa 2-ci səfər zamanı qardaş Türkiyə Prezidentinin təyyarəsinin Füzuli hava limanına enməsi tarixi əhəmiyyət daşımaqla yanaşı beynəlxalq səviyyədə dünyaya verilən bir mesajdır. Füzuli Beynəlxalq Hava Limanı Qarabağ və Şərqi Zəngəzurun bərpası, inkişafı üçün mühüm önəm daşıyır. Aeroportun bu iqtisadi bölgələrdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarlarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxımından böyük əhəmiyyəti var.
İşğaldan azad olunmuş ərazilərin bərpasında dost ölkələrin şirkətləri yaxından iştirak edirlər və bu sırada qardaş Türkiyənin şirkətləri öndə gəlir. Bütün bunlar göstərir ki, Azərbayca Türkiyə qardaşlığı möhkəm təmələ əsaslanaraq, günbəgün möhkəmlənir, inkişaf edir. Azərbaycanla Türkiyənin münasibətlərində hansısa maraqlara söykənən tərəfdaşlıq meylləri olmayıb. Azərbaycan-Türkiyə əlaqələrinin, hərbi, müdafiə sənayesi, siyasi, iqtisadi və digər sahələr üzrə dinamik artımda davam etməsi digər regional və qlobal güclərdən fərqli olaraq qətiyyən imperialist mənafelər güdməyərək böyük bir coğrafi məkanda iqtisadi yüksəlişə təkan verməkdədir. Bütün bu nailiyyətlərin əldə olunmasında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın siyasi iradələri, dövlət başçılarımızın qardaşlıq münasibəti tarixi rol oynayır. Beləliklə, iki böyük liderin rəhbərlik etdiyi iki regional dövlət geopolitik Hartlend sayılan böyük Türk dünyasının tarixi yurdlarının birliyi və həmrəyliyi uğrunda qüdrətli aktor kimi mübarizəyə başlayıb

Tanrı Türkü qorusun!

.