Yenizaman.az Teleqraf.com-a istinadla Azərbaycan muğam sənətinin korifeyi Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşirova-Verdiyeva ilə söhbəti təqdim edir:  

 

-Atam 1901-ci ildə Qarabağ xanlığının təməlini qoymuş Pənahəli xan Cavanşirin nəslindəndir. O Aslan ağanın ailəsində – gözəl Şuşa şəhərində dünyaya göz açıb. Adını İsfəndiyar qoyublar. Uşaqlıqdan fitri istedada malik imiş. Musiqiyə, şeirə-qəzələ böyük marağı olub. Babam Aslan ağa evində tez-tez dövrünün tanınmış ustad sənətkarlarının, musiqiçilərinin, şairlərinin yaxından iştirak etdiyi musiqi gecələri keçirib. Eyni zamanda, tək Azərbaycanın yox, bütün Şərqin tanınmış ustad sənətkarlarının ifalarını dinləyib. Atam öz xatirələrində yazırdı ki, səsim o qədər güclü idi, evdə oxuyanda rəflərdəki qablar cingildəyirdi. Ona görə evdən qaçıb, dağ başına çıxıb oxuyurdum ki, məni heç kəs eşitməsin. Atam uşaq yaşlarından tarda gözəl ifa edirmiş. Elə əmim Allahyar Cavanşirov da tar çalmağı ondan öyrənmişdi. Atamın belə gözəl istedadını, muğama, musiqiyə olan marağını görəndən sonra babam Aslan ağa o dövrün ustad sənətkarı olan İslam Abdullayevə müraciət edir. Atam İslam Abdullayevin yanında muğamın sirlərini, xalq mahnılarını öyrəndikdən sonra musiqi məclislərinə onunla birgə gedərmiş. Və belə gecələrin birində tanınmış iranlı müğənni Əbülhəsən xan İqbalın ifasında "Kürdü Şahnaz” muğamına qulaq asdıqdan sonra İslam Abdullayev üzünü atama tutaraq "İsfəndiyar, bəlkə sən də oxuyasan” deyir. Atam deyir ifaya bir dəfə də qulaq asım, oxuyaram. Qulaq asır və sonra "Kürdü Şahnaz”ı elə gözəl ifa edir ki, məclisdəkilər heyran qalırlar. Həmin məclisdə atama "Xan Şuşinski” deyə xitab edirlər. 

 

-Niyə məhz Xan Şuşinski?

 

-Yəni sənətin xanı. Deyirdilər Əbülhəsən xan İranın, sən də Azərbaycanın xanısan. Şuşinski soyadına gəlincə, o dövrdə Azərbaycanın tanınmış ustad sənətkarları vallarına səs yazdırmaq üçün Polşaya gedirdilər. Polşada bütün familiyaların sonunda "ski” birləşməsindən istifadə edirlər. 

 

"O mahnısını mənim üçün yazıb”

 

-Maraqlıdır, atanıza evdə necə səslənərdilər?

 

-Hamı ona "Xan əmi” deyə müraciət edirdi. Mən atama dədə deyirdim. Sizə maraqlı bir əhvalat danışım: 1959-cu ildə atam Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə iştirak edirdi. Mən o vaxt çox körpə idim, atamı televizorda görəndə ekrana yaxınlaşıb, barmaqla "Bax, dədə” demişəm. Moskvaya da xəbər göndərirlər ki, qızın Bəyimxanımın dili açıldı, sənə "dədə” dedi. Atam da ordan qayıtdıqdan sonra 1959-cu ildə mənə "Ay qəşəng ceyran” mahnısını yazır. 

 

"Başımı dizinin üstünə qoyub...”

 

-Onun böyük sənətkar olduğunu nə vaxt və necə hiss etdiniz? 

 

-Bizdə ata-övlad arasında o qədər məhəbbət olub ki, məni iştirak etdiyi bütün tədbirlərə, məclislərə aparıb. Demək olar Azərbaycan Dövlət Filarmoniyasında böyümüşəm. Çünki atam hər səhər filarmoniyaya işə gələndə məni də özüylə aparırdı. Atamla küçədə gedəndə insanlar, az qala, onun qarşısında baş əyirdilər. Çox böyük hörmətlə, sevgiylə görüşərdilər. Bu, bir uşaq kimi məni qürurlandırırdı. Bilirsiniz, mən çox xoşbəxt insanam. Əvvəla elə böyük bir nəslin nümayəndəsiyəm, ikincisi böyük bir ustad sənətkarın övladıyam, üçüncüsü təvazökarlıqdan uzaq olsa da deyəcəm: dahilərin əhatəsində böyümüşəm. Gözümü açıb, evimizdə o dövrün çox böyük ustad sənətkarlarını görmüşəm: Seyid Şuşinski, Münəvvər Kələntərli, Yavər Kələntərli, Həqiqət Rzayeva, Əbülfət Əliyev, Şövkət Ələkbərova, Sara Qədimova, Süleyman Ələsgərov, Bəhram Mansurov, Qurban Pirimov və daha kimlər...

 

Elə gün olmazdı bizim evimizdə musiqi gecəsi keçirilməsin. Hərdən məndən musiqi təhsilimin olub-olmadığını soruşurlar. Mənim musiqi təhsilim evimizdə olub. Təsəvvür edin, doğum günlərimin birində atam mənim üçün gözəl bir fortopiano almışdı, heç bir musiqi təhsili görməyən balaca bir uşaq kimi pianonun qapağını açıb, "Cücələrim” mahnısını ifa etmişdim. Hamı məəttəl qalmışdı. 

 

Çox uşaqlar ana laylası ilə böyüyüblər, mənsə ata laylasıyla... Atam hər axşam başımı dizinin üstünə qoyub, saçımı sığallaya-sığallaya qədim el havalarıyla məni yatırdardı. Elə türk mahnıları oxuyardı ki, mən hələ də onları eşitməmişəm. 

 

"O, heç vaxt xanımına xəyanət etməyib”

 

-Xan əminin ailə həyatının çox maraqlı tarixçəsi var. Bu tarixçəni qızı olaraq sizin dilinizdən eşitmək istərdik.

 

-Atam çox etibarlı həyat yoldaşı olub. Allah ona yaradıcılıq anlamında hər şeyi vermişdi: şan- şöhrət, var -dövlət, gözəllik, sağlamlıq. Amma o qədər etibarlı həyat yoldaşı idi ki, xanımının övladı olmaya-olmaya, ona heç vaxt xəyanət etməyib. Bir gün xanımı bərk xəstələnir və dərk edir ki, ona 35 ildən çox xəyanət etməyən kişini bu həyatda övladsız qoyub. Ona görə o Xana ikinci dəfə evlənməsi üçün təkid edir. Həmin insanın qohumlardan biri olmasını istəyir. O dövrdə hər bir xanım Xanla ailə qurmağı arzu edirdi. Çünki Xan xan idi: boyu-buxunu, gözəlliyi, sağlamlığı... Atam 79 yaşında rəhmətə getdi, üzündə bir qırış da yox idi. O qədər sağlam idi ki, 65 yaşında Kəlbəcər dağlarında at çapırdı. Hər adamın hünəri deyil ki, o yaşda dağların zirvəsinə çıxsın. 

 

"Hər xanım sənətkar xanımı ola bilməz, amma anam...”

 

-Ananız Xan Şuşinskinin qayğısına necə qalırdı? 

 

-Anam özünü ailəsinə fəda edən insan idi. Aralarında 30 yaş fərq olsa da, anam ailə quranda yaxşı bilirdi ki, sənətkarla ailə qurur. Hər xanım isə sənətkar xanımı ola bilməz. Sənətkarın gərək nazını çəkəsən, qayğısına qalasan. Ailədə elə şərait yaradasan ki, o özünü sənətinə həsr edə bilsin. Ona görə də ailənin bütün yükü anamın üzərində idi. O bizim nazımızı ayrı, atamın nazını ayrı çəkirdi. Zabitəli, qoçaq, savadlı xanım idi. Eyni zamanda, çox gözəl səsi vardı. O Xanın yoldaşı olmağı özünə şərəf bilirdi. 

 

Atam da anama böyük sevgi və hörmətlə yanaşardı. Hər yerə anamla gedərdi. Onu mahnı üstündə çağırardı. 

 

-Xan əminin neçə illik övlad həsrəti sizinlə sona çatmışdı. Yəqin ona görə sizi və digər övladlarını çox istəyirdi. 

 

-Elədir. Mən anadan olanda atamın 55 yaşı vardı. Həmişə deyərdi "Süsən sünbül bitirmişəm, ömrü başa yetirmişəm, balam hanı?” mahnısını oxuyanda sanki öz taleyimi oxuyurdum. Deyirdi o vaxtlar Allah mənə övladdan başqa hər şey verdi. Uzun illərdən sonra dörd övladının olması onu çox xoşbəxt eləmişdi. Mənə anasının, qardaşım Aslana atasının, bacılarıma xalalarının adını qoymuşdu. Deyirdi bütün qohumlarım əhatəmdədir. 

 

-Amma heç biriniz onun davamçısı olmadınız. Özü istəmirdi, yoxsa?..

 

-Sizə deyim dörd övladının hamısının səsi vardı. Atam ifalarımızı çox bəyənirdi. Bizi çox istədiyinə görə heç vaxt arzularımızın qarşısına sədd qoymazdı. Sadəcə, biz xanəndə olmaq istəmədik. Bizim üçün atamız sənətdə elə bir zirvədə idi ki, ya o zirvəni fəth etməli, ya da bu sevdadan əl çəkməli idik. Çünki ondan aşağı pillədə qərarlaşmaq bizə yaraşmazdı. Xanın övladı Xan səviyyəsində oxumalı idi. Biz belə fikirləşirdik.

 

"Atasına görə İtaliyaya getmək arzusunun üstündən xətt çəkir”

 

-Xan əmi "Şuşanın dağları” mahnısına görə çox təqiblərə məruz qalıb. Hətta mahnının sözlərinə dəyişiklik etməyə məcbur olub.

 

-Atam vətənə çox bağlı insan idi. 30-cu illərin əvvəllərində hiss edirdi ki, Şuşanın dağlarının başı dumanlıdır. Nəsillərindən çıxan tanınmış ziyalıların hamısı repressiya qurbanı olub. Bəlkə də, Xan Şuşinski adı altında özünü qorumuşdu. Çoxu bilmirdi ki, o hansı nəsildəndir. Babam Aslan ağanın o dövrdə səsi alınmışdı, heç yerdə işləyə bilməzdi. Halbuki vaxtilə Şuşanın ətrafında xeyli kəndləri vardı, çox varlı, nüfuzlu insan idi. Bütün var-dövləti əlindən çıxandan sonra babam Ağdamda məskunlaşmışdı.

 

Atam ailəni saxlamaq üçün uşaqlıqdan toylara gedərmiş. O dövrdə onu vokal sənətinin sirlərini öyrənmək üçün İtaliyaya dəvət edirlər. Amma babam atama deyir ki, əgər bu vəziyyətdə məni qoyub getsən, gəlib görəcəksən bu dünyadan köç etmişəm. Məhz atasına görə o İtaliyaya getmək arzusunun üstündən xətt çəkir. 
30-cu illərdə yazdığı bu mahnıda "Şuşanın dağları başı dumanlı, qırmızı koftalı, yaşıl tumanlı” ifadələrində bizim indiki bayrağımızı nəzərdə tutub. O mahnıda Şuşanın həqiqətən də başının bəlalı olduğunu göstərirdi. Buna görə də atamı Xalq Daxili İşlər Komissarlığı çağırıb, "heç Sovet Şuşasının da başı dumanlı olarmı?” deyiblər. "Siz mütləq orda düzəliş edib, "Şuşanın dağları deyil dumanlı” kimi oxumalısınız”. O ərəfələrdə atamı çox incidirlər. 37-ci ildə Hüseyn Cavidin qəzəlləri, şeirlərini muğam üstündə ifa etdiyi üçün bir il səsi alınır, efirlərə çıxa bilmir. 

 

Özü danışardı ki, Nəriman Nərimanovla yaxın dostluq edərmiş. Hər dəfə Nərimanov Azərbaycana gələndə məni yanına çağırıb, dönə-dönə ifamda "Yaşa-yaşa yüz yaşa, Mustafa Kamal paşa” mahnısına qulaq asırdı. 
Atam həm də gözəl mahnıların bəstəkarı idi. O xeyli mahnı yazıb ki, onlar hazırda xalq mahnıları adı altında oxunur. Bəzi muğamlara əlavələr edərək onları daha da mükəmməlləşdirib. Deyirdi muğam oxuyanda ah-nalə etmək lazım deyil. Muğamı yad nəfəslərdən qorumalı, onu kökünə toxunmadan gənc nəsillərə çatdırmalıyıq. Bu atamın əsas xidmətlərindən olub. Atamla həmkarları arasında 30-40 yaş fərq olub. Atam onlardan aldığı muğam dərsini dövrünün istedadlı gənclərinə çatdıran dərin özüllü körpü idi. Deyirdi aşıqların ifasında aşıq mahnılarını bəyənib və onları xalq mahnısı formasına salaraq ifa etmişəm. Məsələn, "Əlində sazın qurbanı”, "Apardı sellər Saranı”, "Ceyranbala” vaxtilə aşıq mahnıları olub. 

 

"Mir Cəfər Bağırova səhv məlumat çatdırıblar”

 

-Doğrudurmu ki, vaxtilə Xan əmi ilə Mir Cəfər Bağırovun arasını vurmaq istəyənlər çox olub? 

 

-1938-ci ildə Moskvada Azərbaycan mədəniyyəti və incəsənətinin ongünlüyündə çıxış etmək üçün tərtib olunan siyahıda atamın da adı olub. Amma atamı istəməyən insanlar Mir Cəfər Bağırova səhv məlumat çatdırıblar. Guya Xan tədbirdə iştirak etmək üçün qonorar istəyibmiş. Atam danışardı ki, Samur- Dəvəçi kanalının açılışı ilə bağlı keçirilən tədbirdə oxuyub. Elə vaxt olub ki, o yüksək dağların başında konsert verib. O yüksəkliyə kəl arabasıyla çıxıb, yük maşınlarının arxasında səhnə düzəldib, konsertlər verib. Hətta vaxt olub, qarda, yağışda, qolu gipsdə, dişi ağrıya-ağrıya kolxozçular, fəhlələr, əsgərlər qarşısında çıxış edib. Onu da deyim ki, atam o dövrdə Azərbaycanda hamilik konserti verən yeganə sənətkar idi. Hətta Dövlət Filarmoniyası uzun müddət Xan Şuşinskini ifa etdiyi konsertlərlə fəaliyyət göstərib. Necə ola bilərdi ki, bunları edən insan belə yüksək səviyyəli tədbirdə çıxışı üçün qonorar istəsin. Bir gün Üzeyir Hacıbəyov, Səməd Vurğun, Mirzə İbrahimov atamın yanına gəlib deyirlər ki, fəxri fərmanlarını da götür, gedək Mir Cəfər Bağırovun qəbuluna...

 

Bütün baş verənləri Mir Cəfər Bağırova danışandan sonra Bağırov əmr verir ki, Xan Şuşinksi qardaşı Allahyar Cavanşirovla  bərabər 24 saat ərzində Ağdamdan Bakı şəhərinə köçürülsün və hər ikisi mənzillə təmin olunub, eyni zamanda, Azərbaycan Dövlət Filarmoniyasına solist kimi işə qəbul olunsun. Atamı istəməyən o xain xislətli insan özü də bilmədən onun yollarını bir az da açır. 

 

1959-cu ildə Moskvada keçirilən dekadada bilmirəm səhvən, yoxsa qəsdənmi Seyid Rüstəmovun rəhbərlik etdiyi orkestrdə "Qarabağ şikəstəsi”nin notları dəyişdirilib. Bunu Tofiq Quliyev də, Vaqif Səmədoğlu da öz xatirələrində yazıb. Onlar deyirdilər biz səhnə arxasında idik, musiqi çalınmağa başlayanda gördük tonallıq ən yüksək səviyyədədir. Seyid Rüstəmovun rəngi ağardı, hamı bir-birinə baxdı. Xan səhnəyə çıxdı, "Qarabağ şikəstəsi”ni elə gözəl ifa etdi ki, bütün zal ayaqüstə alqışladı. Elə bildik o bundan əsəbiləşəcək, danlayacaq, amma Xan buna çox etinasız yanaşdı. Atamın sənəti o qədər yüksək idi ki, o zirvəyə aşağıdan nə qədər daş atsaydılar da ona xətər yetirə bilməzdilər. Əksinə, xain xislətli insanlar onu daha da ucaldırdılar. 

 

"Deyirdi Məşədi İbadın toyunu mən elədim”

 

-Bildiyimə görə, atanız Opera və Balet Teatrında işləmək təklifinə "yox” cavabı verib. Səbəbi nə idi?

 

-Üzeyir Hacıbəyov Xanın sənətini çox yüksək qiymətləndirirdi. 1926-cı ildə Üzeyir bəyin yazdığı "Qaragöz” mahnısının ilk ifaçısı məhz atam olub. Üzeyir bəy böyük vəchlə Xanı Opera və Balet Teatrına cəlb etmək istəyirdi. Atam da Üzeyir bəyə demişdi ki, mən üzümə qrim çəkib, səhnəyə çıxa bilmərəm. 

 

-Son illərə qədər də o cür düşünürdü?

 

-Demək olar ki, hə. Nədənsə istəmirdi. Amma bir dəfə dedi ürəyimdə qalmadı, Məşədi İbadın toyunu mən elədim. "O olmasın, bu olsun”da çəkildiyi epizodu nəzərdə tuturdu. Yaxşı ki, o çəkiliş baş tutub. Görün atam qısa zaman kəsiyində "Şahnaz” muğamını tam və mükəmməl şəkildə necə gözəl ifa edib. 

 

-Bayaq söhbətimizdə atanızın çox sağlam olduğunu dediniz, amma onun uzun sürən bir xəstəliyi olduğu da məlumdur.

 

-Atam çox sağlam insan idi, sadəcə, ömrünün son illərində şəkər xəstəliyindən əziyyət çəkirdi. Biz hər il ailəlikcə Şuşaya gedirdik. Sanki Şuşaya gedəndə atam ordan qüvvət, enerji alırdı, balaca uşaq kimi sevinirdi. Amma sonuncu il gedə bilmədi, elə həmin il – 1979-cu il mart ayının 18-də dünyasını dəyişdi.

 

-Nədənsə, kimdənsə küskünlüyü vardımı? 

 

-Atamın heç vaxt küskünlüyü olmayıb. Xan sənətinə hər dövrdə həm xalq, həm də dövlət tərəfindən yüksək qiymət verilib. Ulu öndərimiz hər zaman onun sənətini yüksək dəyərləndirib, Mərkəzi Komitədə işləyəndə demək olar ki, hər ay atamla telefonla danışar, hal-əhval tutardı, yeri gələndə zarafatlaşardı. 1976-cı ildəki növbəti telefon bağlantısında atama dedi: "Sənə Hökumət Evi ilə üzbəüz binada mənzil ayrılıb. Neçənci mərtəbədən istəyirsən?” Siz insanın böyüklüyünə baxın. Atam dedi ki, yoldaş Əliyev, mənim liflə aram yoxdur, aşağı mərtəbədən olsun. Həqiqətən də atama evi aşağı mərtəbələrdən verdilər. Allah onun ruhunu şad eləsin. Bizim əşyalarımız daşınanda gördüm qapıda iki nəfər dayanıb. Yaxınlaşıb soruşanda dedilər mənzilə təcili telefon çəkmək üçün yuxarıdan göndəriliblər. Çünki Heydər Əliyev atamla telefonla danışmaq istəyir. Evimizə təcili telefon çəkildi və həmin gün Heydər Əliyevin əzəmətli səsi otağı bürüdü. İndiki kimi yadımdadır: atamla danışıb, ona xoş arzularını bildirdi. 

 

Atam dünyasını dəyişəndən sonra da sənətinə olan hörmət qalır. Elə bir gün yoxdur ki, televiziya efirlərindən, radio dalğalarından onun səsi gəlməsin. Bu gün mən küçə ilə gedəndə bir nəfər yaxınlaşıb "Allah o gözəl atanıza rəhmət eləsin” deyir. Hara gedirəm hörmətlə qarşılayırlar,  xoş sözlər deyirlər. Atam dünyasını dəyişməsinə baxmayaraq, hər zaman qədirbilən dövlətimiz, xalqımız Xan sənətini uca tutaraq yaşadır.

 

-Siz hazırda atanızın adını daşıyan  "Xan Şuşinski” adına Fondun rəhbərisiniz. Fəaliyyətiniz hansı sahələri əhatə edir?

 

-2011-ci ildə atamın anadan olmasının 110 illiyi ərəfəsində ailə üzvləri olaraq biz "Xan Şuşinski” adına Fondu yaratdıq. Yeri gəlmişkən, qeyd edim ki, noyabr ayının 29-da Fondumuzun yaranmasının 5 ili tamam oldu. Fond yarandığı gündən dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub. Belə ki, Şuşinski Fondu Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənən layihələrlə fəaliyyət göstərir. Fond Şuranın maliyyə dəstəyi ilə beş ildə beş layihəni uğurla başa çatdırıb, fəxri fərmanlarla təltif edilib.

 

Layihələrimizə gəlincə, onlar müxtəlif mövzuları əhatə edib. Məsələn, "Azərbaycan musiqisinin dünəni, bu günü, sabahı”, "Məktəbli gənclər arasında milli musiqiyə marağı artırmaq” , "Milli musiqimizin qorunması” adlı layihələrimiz Azərbaycan musiqisinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində çox mühüm işlər görüb. "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə çatdırılması” adlı layihəmiz çərçivəsində İtaliyanın Milan şəhərində gözəl tədbirimiz keçirilib. Sonuncu tədbir "Xaricdə yaşayan azərbaycanlılar arasında vətənpərvərliklə bağlı tədbirin keçirilməsi” adlı layihəmiz çərçivəsində Macarıstanın Budapeşt şəhərində baş tutub.

 

Bundan əlavə, Fondumuz Mədəniyyət və Turizm Nazirliyi ilə birgə bir neçə sənətçinin xatirə gecələrini, yubiley mərasimlərini keçirib. Xan Şuşinski Fondu işini davam etdirir və gələcəkdə də maraqlı layihələr həyata keçirəcəyik. Sağ olsun sənətə, sənətkara qiymət verən və yaşadan dövlətimiz, qədirbilən xalqımız.

 

Nərmin Muradova

 

Foto: Elçin Murad


.