“Ermənistan 2024-cü ildə KTMT-nin büdcəsinə vəsait köçürməyib, amma 2025-ci il üçün bu ölkənin ödəməli olacağı məbləğ hesablanaraq müvafiq sənədlər hökumətə göndəriləcək”.

Yenizaman RİA “Novosti”yə istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev səsləndirib.

KTMT-dən verilən açıqlamada Ermənistanın bu il üçün quruma 53,22 milyon rubl (təqribən 1 milyon manatdan çox) borcu olduğu və vəsaitin ödənilməsinin vacibliyi açıqlanıb.

Bildirilib ki, rəsmi İrəvanın pulu ödəməyəcəyi barədə qərar isə siyasi xarakterli olduğu üçün şərh edilməyəcək.

Təşkilatın nizamnaməsinə görə, illik büdcənin 50 faizini Rusiya ödəyir, qalan hissəsi isə digər üzv ölkələrin köçürmələri əsasında formalaşır.

Qeyd edək ki, bir qədər əvvəl Ermənistanın Xarici İşlər Nazirliyinin rəsmisi Ani Badalyan ölkəsinin 2024-cü il üçün KTMT-yə vəsait köçürməkdən imtina etdiyi barədə bəyanat verib. Bunun ardınca Rusiyanın Xarici İşlər Nazirliyi əvvəllər də Ermənistanın təşkilata borclarının yarandığını bəyan edib.

.